SON XƏBƏRLƏR
SƏRHƏD XİDMƏTİNİN RƏİSİ HELİKOPTERİN QƏTTƏZƏ OLDUĞUNU DEYİR, AMMA...

Yazının dərc olunma Tarixi: 30/11/2021

SƏRHƏD XİDMƏTİNİN RƏİSİ HELİKOPTERİN QƏTTƏZƏ OLDUĞUNU DEYİR, AMMA...
“Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli 20136 bort nömrəli helikopteri təlim məqsədilə Səngəçal aerodromundan saat 10:16-da havaya qalxaraq “Qaraheybət” təlim meydanı istiqamətinə uçuş edib. Helikopter saat 10:36-da təlim meydanında təyin olunmuş meydançaya eniş edərkən qəzaya uğrayıb”.
Bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev helikopterin qəzaya uğraması ilə əlaqədar noyabrın 30-da təşkil olunan brifinqdə deyib. Qəza nəticəsində 14 hərbi qulluqçumuzun həlak olduğunu, 2 hərbi qulluqçumuzun yaralandığını xatırladan DSX rəisi bildirib:
“Həlak olmuş şəhidlərimizin valideynlərinə, yaxınlarına, qohumlarına, əzizlərinə, övladlarına dərin hüznlə başsağlığı verirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralıların hər ikisi Dövlət Sərhəd Xidmətinin hərbi hospitalındadırlar. Hər ikisi ilə telefon əlaqəm olub. Səhhətləri normaldır. Onların sağlamlığının bərpası üçün həkimlərimiz tərəfindən zəruri tədbirlər görülməkdədir”.
Xidmət rəisinin sözlərinə görə, helikopter, demək olar ki, yeni helikopterdir, onun üzərində qısa müddət öncə təmir işləri aparılmışdı:
“Hadisə ilə əlaqədar ilkin müayinə işləri aparılmışdır. “Qara qutu”lar tapılmışdır. Hazırda “qara qutu”nun müvafiq hissələri Baş Prokurorluqdadır. Yəqin ki, onlar tərəfindən də dərin təhlil işləri aparılacaq və hadisənin baş vermə səbəbi daha da dəqiqləşdiriləcəkdir”, - Elçin Quliyev qeyd edib.
DSX rəisi həmçinin prezident tərəfindən hadisənin təfərrüatının daha da dəqiqləşdirilməsi, həlak olan şəhidlərimizin dəfn edilməsi, yaralanan hərbi qulluqçularımızın müalicəsi ilə əlaqədar müvafiq tapşırıqlar verildiyini də vurğulayıb.
“Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva müvafiq tapşırıqlar verib. Dəfn tədbirləri sabahkı gün ərzində valideynlərlə məsləhətləşərək həyata keçiriləcək. Bu haqda müvafiq tapşırıqlar var”, - o qeyd edib.
Elçin Quliyev şəhid pilotdan da danışdı: “Helikopterin pilotu – polkovnik Füzuli Cavadov ağır şəraitdə uçuşlara yüksək hazırlıqlı, uçuş imkanı və icazəsi olan pilotlarımızdan biridir. O, hələ Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib”.
***
Sual yaranır: helikopter təptəzə və onu təcrübəli polkovnik idarə edirsə, deməli, bir versiya qalır: təxribat!!! Baş Prokurorluq isə bəyan etdi ki, helikopterə kənar müdaxilə mümkünsüzdür, istisna olunur... Di gəl qaranlıq suallara cavab axtar...
A.Məmmədli



Fikrini bildir