SON XƏBƏRLƏR
ASİF MƏRZİLİDƏN MƏTBUAT ŞURASININ ADINDAN YAYILAN MƏLUMATA SƏRT MÜNASİBƏT

Yazının dərc olunma Tarixi: 15/5/2019

"Vüqar Rəhimzadədən və Bəxtiyar Sadıqovdan bir şeyə görə razıyam ki, onlar bizi həqiqəti söyləməyə məcbur edirlər..."
ASİF MƏRZİLİDƏN MƏTBUAT ŞURASININ ADINDAN YAYILAN MƏLUMATA SƏRT MÜNASİBƏT
Dünən İctimai təşkilat olan Mətbuat Şurasının adından “Təzadlar” qəzeti ilə bağlı bir məlumat yayılıb. Məlumatda konkret fakt göstərilməsə də, qəzetə qarşı ciddi ittihamlar səsləndirilib. Qeyd olunan məlumata münasibət bildirən “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili ictimainezaret.com saytına bunları bildirdi:

- Bilirsiniz ki, bu gün-14 may 2019-cu il tarixdə, saat 10.00-da Bakı şəhərində Qara dəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyası təşkilatçılığı ilə “Məhkəmə - hüquq islahatları: Ədalət mühakiməsinin həyata keçirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda beynəlxalq konfrans öz işinə başlamışdır. Hüquq elmləri doktoru, Azərbaycanın Əməkdar hüquqşünası, professor İlham Rəhimovun rəhbərliyi ilə öz işinə başlayan Beynəlxalq konfransda Azərbaycanın dövlət qurumlarının təmsilçiləri, respublikanın tanınmış hüquqşünasları, eləcə də MDB dövlətləri, Türkiyə və Avropanın nüfuzlu hüquqşünasları iştirak edirdilər. Mən də bu konfransa dəvətli idim, konfransın işində fəal iştirak edirdim. Beynəlxalq konfransın bu gün müzakirə edilən əsas mövzusu isə Azərbaycan cəmiyyəti üçün olduqca vacib bir məsələ-cəzanın müəyyən edilməsində kompüter proqramlarının tətbiqi layihəsinin təqdimatı barədə idi. Konfransa sədrlik edən professor İlham Rəhimov təqdimat çıxışında ölkəmizin məhkəmə-hüquq sistemindəki bir sıra problemlərin həlli ilə bağlı cənab Prezident İlham Əliyevin bu ilin aprelində imzaladığı fərmanının əhəmiyyətindən danışdı, qeyd etdi ki, bu fərman ilə Azərbaycanın məhkəmə-hüquq sahəsində artıq köklü dəyişikliklərin anonsu verilib, bu istiqamətdə yeni fəaliyyət istiqamətləri müəyyənləşdirilib, əsaslı işlərə başlanılıb və s. Bunları xatırlatmaqla demək istəyirəm ki, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətində olan şəxslər şuranın sədri, dəyərli dostumuz, millət vəkili Əflatun Amaşovun başı üzərindən zaman-zaman bizə qarşı böhtan və kirli fəaliyyət kampaniyası aparıblar. Paxıllıq və qısqanclıq hissi ilə mayalanmış bu çirkli kampaniyanın müəllifləri isə 27 ildir nəşr olunan, manşet şüarı məhz 27 ildir “Qarabağı xilas etməyən xalqı Allah da xilas etməyəcək!” olan, digər KİV-lərdən fərqli olaraq, Dövlət büdcəsindən bir manat da olsun pul almadan dövlətimizin, Prezidentimizin siyasətini təbliğ edən, insanların Qarabağ yaddaşını itiləməklə məşğul olan bir qəzetə qarşı bu cür yaraşmaz addımlar atırlar. Heç onların rəhbərlik etdikləri KİV-lərin səhifələrində Qarabağı işğal edən ermənilərə qarşı bu cür yazılara rast gəlməzsiniz... Bəli, həmin şəxslər, dəfələrlə demişəm, bu gün profesor və doktorluq diplomu saxta olan, mayın 7-də görkəmli dövlət xadimi Heydər Əliyevin ad günü konfransına 15 manatdan pul yığan Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun, Prezident yanında AAK-ın sabiq sədr əvəzi, oxşar qanunsuz əməllərə sahib Vəli Hüseynovun var gücü ilə müdafiəsinə qalxıblar. Şəxsən mən bu adamların yerinə xəcalət çəkirəm ki, ölkə Prezidentinin, Azərbaycan cəmiyyətinin güvəndiyi, inanmaq istədiyi bir ictimai qurumu-Mətbuat Şurasını bu vəziyyətə salıblar. Sual edirəm: bu gün Mətbuat Şurasının adından yalan və böhtan xarakterli, qeyri-peşəkar... məlumatları yayanlar 2009-cu ildə də eyni qaraqışqırıqla keçmiş ABU rektoru Elşad Abdullayevi müdafiə edirdilər. Bir il sonra həmin Elşad Abdullayev Azərbaycanı tərk edib cənab Prezident İlham Əliyevə və dövlət başçısının komandasına qarşı hansı çirkin böhtan kampaniyası, təhqir və söyüş... əməlləri ilə məşğul oldu, bunu bütün aləm bilir. Niyə MŞ-dakı həmin o “hüquq müdafiəçiləri” rektor Ədalət Muradovun, Vəli Hüseynovun, deputat Bəxtiyar Əliyevin... müdafiəsinə var qüvvə ilə qoşulduqları kimi, bir dəfə də olsun xaricdə oturub Azərbaycan Prezidentinin komandasını söyən, böhtan atan o bəlli insanlara qarşı da “Təzadlar”a dair başladıqları kampaniyalardan istifadə etmədilər??? Nə vaxt “Təzadlar” hansısa bir uğura imza atır, dərhal onlarda paxıllıq və nifrət hissi baş qaldırır. Axı bizim nə günahımız ki, bizim yazdıqlarımızı onlar yaza bilmirlər. Məsələn, martın 1-də mən H.Əliyev Fondunun vitse-Prezidenti Leyla xanım Əliyevanın “Xocalıya azadlıq” Beynəlxalq kampaniyasına dəstək verərək öz şəxsi vəsaitimlə ötən ilin oktyabrında Kayseridə, bu ilin fevralın 12-də isə Kahramanmaraş şəhərində Xocalı parkının və Xocalı abidəsinin açılış mərasimlərində iştirak etmişəm. Dövlət səviyyəli bu mühüm tədbirdə Prezidentin köməkçisi, professor Əli Həsənov da olmuşdur, bu möhtəşəm tədbiri birgə qarşılamışıq... Soruşuram: Mətbuat Şurasından bizə qarşı çirkin təbliğat kampaniyası aparan bu insanların hansı biri orada olmuşdur??? Yaxşı, günahımızdırmı ki, bizi o cürə mötəbər, tarixi hadisənin reallaşdığı tədbirə dəvət edirlər, onları yox??? Onlar Bakıda rahatca oturub dövlət büdcəsindən hər il 120-150 min manat alıb kolxoz bazarları üçün maklatura qəzeti buraxanda, biz də Leyla xanım Əliyevanın təşəbbüslərinə dəstək verən layihələrdə iştirak etmişik, Türkiyədə Azərbaycanın adını və bayrağını ucaltmışıq... Dəhşətlisi budur ki, mən Türkiyədə olanda heç bir şikayət ərizəsi olmadığı halda, həmin dəstə təcili olaraq yoxluğumdan istifadə edərək “ölü can”ların adından “daxil olan” absurd şikayət əsasında “Təzadlar”ın adının qara siyahıya salınmasına cəhd etdilər. Bundan xəbər tutub qarşısını almışıq, əvəzində həmin adamların təzyiqi sayəsində qəzetin bir sayının çapı dayandırılıb. Hansı ki, həmin sayda onların müdafiəsini qurduqları Ədalət Muradovla bağlı universitet professorlarından birinin Prezident İlham Əliyevə müraciəti dərc edilməliydi. Məhkəmə qərarı olmadan KİV-in yayımının qarşısının təzyiq vasitəsilə alınması Azərbaycan CM-nin 163-cü maddəsinə görə cinayət əməlidir. Mən Türkiyədən qayıtdıqdan sonra dəfələrlə MŞ-ın komissiya sədri Vüqar Rəhimzadənin diqqətinə çatdırmışam ki, necə olur, 10 ildən çoxdur barəsində bir dənə də olsun şikayət olmayan “Təzadlar” qəzetindən Vəli Hüseynov və Ədalət Muradov barədə etdiyiniz xahişiniz yerə düşəndən sonra birdən-birə şikayətlər axmağa başladı??? Bunu da qoyuram bir kənara: niyə Mətbuat Şurası nə iclaslarında, nə də sonralar bizdən şikayət edənlərin adlarını çəkmir? Var idisə, niyə MŞ-ın həmin iclasında həmin şikayətçi iştirak etmirdi? Sadəcə, Ədalət Muradovun İctimai Şurasından (onların isə Ədalət Muradovun saxla professor və doktorluq diplomuna heç bir aidiyyəti yoxdur), MŞ-a daxil olan müraciətində yalandan yazıblar ki, “...qəzet son iki ayda universitetdən 200-dən çox məqalə yazıb”. Mən şuranın xəbər tutub iştirak etdiyim həmin iclasında iştirakçılara dedim ki, məqalə ya saytda olur, ya da qəzetdə. Bu mənim planşetim, axtarış verin görün, ümumiyyətlə, son 10 ildə Ədalət Muradovdan, ya da universitetdən neçə məqalə çap olunub? Axı bu saxta rəqəmi MŞ-ın məlumatlarında təkrar yaymaq bizə qarşı yalan məlumat yaymadır və bu isə Az. CM-nin 147-ci maddəsinə tövsif olunan cinayət əməlidir.
-MŞ-ın bu günkü məlumatında yazılır ki, “Təəssüflər olsun ki, Asif Mərzili “Təzadlar” qəzetinin “qara siyahı”ya daxil edilməsini şərtləndirən nöqsanları aradan qaldırmaq, fəaliyyətində dönüş etmək əvəzinə fərqli yol seçib. O, Azərbaycan Mətbuat Şurasına və Şuranın İdarə Heyətinin ayrı-ayrı üzvlərinə qarşı şər, böhtan atmaqla məşğuldur. Asif Mərzili Mətbuat Şurası İdarə Heyətinin bəzi üzvlərini sərt tənqidə məruz qoyduğu halda, qurumun digər üzvlərinə belə demək mümkünsə, “separat danışıqlar” təklif edir, bir növ, ikitirəlik yaratmağa köklənir””. Bunlar nəyi ehtiva edir?

"Vüqar Rəhimzadədən və Bəxtiyar Sadıqovdan bir şeyə görə razıyam ki, onlar bizi həqiqəti söyləməyə məcbur edirlər..."

-Əvvəla, nöqsan olanda onu düzəltməyə çalışırsan... Bizim “nöqsan”ımız bu olub ki, Vüqar Rəhimzadənin Vəli Hüseynov və Ədalət Muradovla bağlı yazıların saytdan silinməsi barədə sonuncu xahişini eşitməmişik... Bunu deyirlərsə, bəli, bu bizim ən böyük “günahımızdır” ki, onun Az. CM-nin 163-cü maddəsinə tövsif olunan əməlinə baş əyməmişik. Çünki o, bundan əvvəl dəfələrlə ayrı-ayrı məmurlar barədə tənqidi yazıları saytdan sildirib, qəzetdə dərcini qanunsuz olaraq, təzyiq edərək dayandırıb... O ki qaldı “...Azərbaycan Mətbuat Şurasına və Şuranın İdarə Heyətinin ayrı-ayrı üzvlərinə qarşı şər, böhtan atmaqla məşğul...” olmağımıza, inanmıram ki, bu cümlələrdən millət vəkili Ə.Amaşovun xəbəri olsun. Vüqar Rəhimzadədən və Bəxtiyar Sadıqovdan bir şeyə görə razıyam ki, onlar bizi həqiqəti söyləməyə məcbur edirlər... Biz onların belə süni, qərəzli və təzyiqli münasibətindən sonra məcbur olub V.Rəhimzadənin qanunsuz hərəkətindən Baş Prokurorluğa, eləcə də YAP rəhbərliyinə, şəxsən Baş nazir Əli Əhmədova şikayət vermişik. Bu şikayətin ardından onların dəsti-xətti aydın görünən belə bir yalan məlumatlar yayılır. Düşünürəm ki, biz bu dəfə məcbur olub Prezident İlham Əliyevə bir daha həqiqətləri söyləməli olacağıq. Azərbaycanın Birinci-Vitse Prezidenti Mehriban xanım Əliyevaya müraciətimiz də olacaq... Bir daha deyirəm, şəxsən biz heç vaxt MŞ-a qarşı bu düşüncədə olmamışıq. Şər və böhtanın adı olur, fakt deyilir... Nədir o şər və böhtan və konkret olaraq kimlərə qarşıdır? Qoy desinlər, biz həmin şər və böhtana görə o şəxslərdən üzr istəyək. Amma yalan və şər danışmağı hər il dövlət büdcəsindən 120-150 min manat, mükafat, mənzil alan, xidməti maşında gəzən bəzi İH üzvlərinə rəva görmürəm...
-Bəs “separat danışıq” məsələsi nədir?
-Yenə də yalan ifadələr yığnağı... Əgər MŞ-ın bizim xəbərimiz və iştirakımız olmadan keçirilmiş iclasından söhbət gedirsə (dünyanın harasında olur ki, barəsində şikayət edilənin iştirakı olmadan məsələ müzakirə edilir və qərar verilir), MŞ-ın İH-nin son iclası barədə MŞ İH-nin üzvlərinin özündən xəbər tutdum ki, belə bir təcili iclas çağrılıb... Gözlədim ki, məni də çağırarlar. Çağırmadılar. Məlum oldu ki, deputat Bəxtiyar Sadıqov iclasdan əvvəl MŞ-a gəlib, bəzi adamlara “göstərişlərini verib” və gedib... İH-nin böyük əksəriyyətinin iştirak etmədiyi iclasda əleyhimizə qərar verilir... Mən gizli iclasdan xəbər tutanda MŞ-ın ləyaqətli və ədalətli olduğuna inandığım bir neçə nüfuzlu İH üzvlərinə axşamdan zəng edib soruşdum ki, deyilənə görə sabah belə bir iclas var. Gördüm ki, onların da bundan xəbəri yoxdur. Bundan sonra onlardan xahiş etdim ki, bizim iştirakımız təmin edilsin, ya da ədalətli qərara səs verin... Hətta zəng etdiklərimə demişəm ki, bizdən şikayətçilərin kimliyini müzakirədə tələb edin, çünki belə bir yazılı şikayət yoxdur. Onlar da buna təəccübləniblər. Buna, yəni ədalətli olmağı tövsiyyə edən zəngə “separat danışıq” deyirlərsə, daha sözüm yoxdur. Görünür, bəzi adamlar separat danışığın nə olduğunu hələ yaxşı öyrənməyiblər...
-Məlumatda daha bir maraqlı məlumat var: “Yanlış, yalan yazmaq, marağı tələb edəndə məsələləri şişirdib əndazədən çıxarmaq, şər və böhtan atmaq, istənilən vasitə ilə şəxsi maraqlarını təmin etməyə çalışmaq qəzetin ənənəvi iş üslubudur. Belə yanaşma AJPDQ-ya, ümumilikdə jurnalistika prinsiplərinə ziddir”.
-Təkrar edirəm, bu deyilənlər kimin və ya kimlərin barəsindədir? Rektor Ədalət Muradovun, bəlkə deputat Bəxtiyar Əliyevin, yoxsa Vəli Hüseynovun? MŞ-ın bu məlumatını yazıb hazırlayan və sonra da MŞ-ın Katibliyinin adından yaydıran, adı bizə bəlli adam niyə konkret fakt göstərmir? Biz isə hər bir yazımızdan əvvəl həmin o vəzifəli şəxslərə konkret sorğu göndərmişik, mövqelərini soruşmuşuq, hətta sorğunu cavablandırmayanda onları məhkəməyə vermişik, sonra məqalələri dərc etmişik. Əgər yazılarımız yalan və böhtan idisə, niyə Ədalət Muradov, yaxud Vəli Hüseynov... məhkəməyə müraciət etmirdi??? Və niyə onlar Vüqar Rəhimzadəyə xahişli müraciət edirdilər??? Bəlkə bunlar Jurnalistlərin Peşə Davranışı Kodeksinə yaraşır??? Niyə Ədalət Muradovu, Vəli Hüseynovu var gücü ilə müdafiə edən MŞ fəalları Jurnalistin sorğusunu cavablandırmayan məmurlara qarşı susurdular? Onların, özlərinin bizə ünvanladıqları ifadələri ilə desək, maraqları nə idi??? Və niyə MŞ yalnız məmurların hüquqlarını müdafiə etməklə məşğuldur? Millət vəkili Bəxtiyar Sadıqov, Vüqar Rəhimzadə və digərləri, bircə misal göstərsinlər ki, MŞ nə vaxtsa, məhkəmədə sorğusu məmur tərəfindən cavablandırılmayan qəzetin, yaxud saytın hüquqlarını müdafiə ediblər. Məsələn, biz sorğumuzu cavablandırmayan rektor Ədalət Muradovu məhkəməyə vermişik, bu yaxınlarda məhkəmə prosesinə start veriləcək. Vüqar Rəhimzadə və Bəxtiyar Sadıqov başda olmaqla, MŞ İH-nin bütün üzvlərini məhkəmədə bizim, daha doğrusu, “İnformasiya əldə etmək haqqında” Qanunu müdafiə etməyə çağırıram... Axı məmurları müdafiə etməkdə məqsəd və maraq nədir?
-MŞ-ın məlum məlumatını yazıb-hazırlayanlar qeyd edirlər ki, “...bir neçə il öncə qəzetin adı “qara siyahı”ya daxil edilib, lakin 5 illik fasilədən sonra Mətbuat Şurası A. Mərzilinin xahişini nəzərə alaraq “Təzadlar”ın adını “qara siyahı”dan çıxardıb. Həmin andan baş redaktor yenidən öz neqativ əməllərinə qayıdıb...”.
-Əvvəl dedim, MŞ İH-nin bəzi məlum üzvləri eyni cümlələri olduğu kimi 2009-cu ildə Elşad Abdullayevi müdafiə edərkən də deyirdilər, arxivimizdə durur... Tarix bir il sonra kimin kim olduğunu ortaya qoydu... Aradan 10 il keçib. Əgər bu müddətdə MŞ-da “Təzadlar”la bağlı hansısa bir şikayət müzakirə edilməyibsə, bu adamlar hardan bilirlər ki, biz 2009-cu ildəki əməllərimizi indi təkrar etməyə başlamışıq? Bu cür şər və böhtanın ömrü, E.Abdullayevin nümunəsində heç bir il çəkmədi...
-Deyirlər ki, ““Təzadlar” qəzeti ilə əlaqədar şikayətlər o qədər çoxalıb ki, onları araşdırmaq, təhlil etmək, səhvləri qruplaşdırmaq xeyli vaxt aparır...”.
-Tənqidi jurnalistikaya Sovet senzurası eynəyindən baxan bəzi adamlara, sadəcə, yazığım gəlir... Cənab Prezident İlham Əliyev KİV-lərə səslənir ki, cəmiyyətdəki problemləri, onların müəlliflərini tənqid edin, MŞ-nin Şikayətlər üzrə Komissiyası isə deyir ki, yox, “Təzadlar” onların rəhbərlik etdikləri KİV-lər kimi lal və kar, kor olmalıdır... Təkrar edirəm, Mətbuat Şurasında, bir neçə nəfəri çıxmaq şərtilə, vicdanlı və obyektiv şəxslər yetərincədir, onlarla az qala hər gün zəngləşirik, məsləhətləşirik, görüşürük. Onlar mənə bu məsələdə səbrli olmağı deyirlər. Mən isə deyirəm ki, axı bəzən yalanlara və böhtanlara susmaq da cəmiyyətdə doğru anlaşılmır... Amma sonda bircə məsələni o qərəzli insanlara xatırladıram: biz “Təzadlar” olaraq 27 illik mübarizəli, çətin illərdən keçib gəlmişik, əməkdaşlarımızın demək olar hamısı torpaq, yurd itirmiş insanlardır... Özünüzə başqa peşə axtarıb tapın, bizimlə işiniz olmasın. Kimin şikayəti varsa, qoy məhkəməyə versin, verə bilirsə... Büdcədən aldığınıza şərik deyilik, jurnalistlərə verilən binadan aldığınız mənzillərdə, gəzdiyiniz xidməti maşınlarda... da gözümüz yoxdur... Ölkə Prezidenti cənab İlham Əliyevə və dövlətimizə qarşı xaricdəki bəzi nankorların böhtan və şər kampaniyası olanda, 2014-cü ildə hamı susdu. Eləcə də YAP-ın Siyasi Şurasının üzvü olan Vüqar Rəhimzadə də, deputat Bəxtiyar Sadıqov da, digər bəziləri də... Amma mən rəsmi məktublarımla MTN-ə, Baş Prokurorluğa, DİN-ə müraciət etdim, sözümü dedim... Bu yazışmaları və atdığım nəticəli addımlar barədə rəsmi sənədləri Prezidentin köməkçisi, hörmətli cənab Əli Həsənova da şəxsən təqdim etmişəm. Qoy, vaxtilə saxta diplom satan rektoru, bu gün isə özünün diplomları saxta olan rektoru müdafiə edənlər, bəzi maraqlarına görə bizə böhtan atanlar bir suala cavab versinlər: cənablar, siz 2014-cü ildə harada idiniz, indi haradasınız, kimin yanındasınız? Biz həmişə bir mövqedə olmuşuq və həmişə də başda Prezident İlham Əliyev olmaqla, bu dövlətin saf adamlarının yanında olmuşuq...
Dinlədi: Zaur



Fikrini bildir