SON XƏBƏRLƏR
“AF HOLDİNQ"DƏ GÖRÜNMƏMİŞ MƏNZİL QALMAQALI - VİDEO

Yazının dərc olunma Tarixi: 8/6/2019

Nəsimi rayon Məhkəməsinin hakimi Cəmilə Musayeva fırıldaqçılarla birləşərək Prezident təqaüdçüsü olan Qarabağ qazisinin 200 min manat ödəyib özəlləşdirdiyi mənzilini əlindən aldırmaq istəyir…
“AF HOLDİNQ"DƏ GÖRÜNMƏMİŞ MƏNZİL QALMAQALI - VİDEO
Necə ola bilər ki, vətəndaş mənzilin əvvəlki sahibinin mənzildən çıxarılması barədə məhkəməyə müraciət edir, hakim isə fırıldaqçının tərəfini tutur?

Ağdam rayonundan məcburi köçkün, Qarabağ müharibəsi veteranı, Prezident təqaüdçüsü Qasımov Akif Yusif oğlu redaksiyamıza şikayətə gəlmişdi…

Onun təqdim etdiyi sənədlərə baxanda gerçəkdən təəssüf hissi keçirdik və təəccüb qaldıq. Təsəvvür edin ki, A.Qasımov bütün əmlakını sataraq «AF Holdinq» adlanan şirkətin tikdiyi binadan 200 min manata mənzil alır, həmin mənzili notarial qaydada sənədləşdirir, pulu bank vasitəsilə satıcıya ödəyir, sonra özəlləşdirir, tələb olunan rəsmi sənədləri əldə etdikdən sonra mənzilinə köçmək istəyəndə satan fırıldaqçı tərəf mənzildən çıxmır. Akif Qasımov mənzildən çıxarılma tələbi ilə Nəsimi rayon Məhkəməsində iddia qaldırır. Ağlına belə gəlmir ki, hakim Cəmilə Musayeva haqqın, qanunun deyil, fırıldaqçıların yanında olacaq. Və hakim həyacan içində heç bir sübut tələb etmədən, işin hallarını araşdırmadan mənzilini özəlləşdirərərək «kupça» almış vətəndaşın ziyanına qərar verir. Sonra da deyirlər ki, Azərbaycan niyə Avropa Məhkəməsində çıxarılmış qərarlardan daha çox cərimə ödəyən ölkədir.

Ən maraqlısı budur ki, hakim məhkəmə iclasında Akif Qasımovun vəkili (sabiq hakim) Saqi Məmmədovun təqdim etdiyi sübutları, söylədiklərini belə qətnaməsində yazmayıb, gizlədib, protokolu saxtalaşdırıb.

Nə isə, detallarına varmadan Prezident təqaüdçüsü Akif Qasımovun Prezident İlham Əliyevə ünvanlı müraciətini (həm də video müraciəti var) təqdim edirik:

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə!

Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, ev 106, mənzil 33 ünvanında müvəqqəti məskunlaşan Qasımov Akif Yusif oğlu tərəfindən müraciət.

Hörmətli cənab Prezident!

Bildirəm ki, 2018-ci il noyabr ayının əvvəllərində Bakı şəhəri ərazisində əlverişli qiymətə mənzil almaq niyyətimi dost-tanışa söylədim. Həmin ərəfədə tanışım Firudin Bağırov mənə Elvin Binyətov adlı şəxsin özünə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 60 ünvanında yerləşən 4 saylı mənzilini 250.000 manata satdığını bildirdi. Bundan sonra Firudin Bağırovun vasitəsilə Elvin Binyətovla görüşdüm.

Görüş zamanı E.Binyətov dedi ki, satdığı mənzilin anası Sahilə Binyətovanın mülkiyyətindədir və mənzilin satılması barədə anası razılıq verməlidir. Ona görə də Elvin Binyətov bir neçə gündən sonra bizi yaşadığı evə dəvət etdi. Həmin vaxt mən tanışım Firudin Bağırov və qardaşım oğlu Rövşən Qasımovla birlikdə E.Binyətovun evinə getdik. Orada Elvin Binyətovun anası Sahilə Binyətova ilə tanış olduq, satdıqları evin qiyməti və alqı-satdısının nə vaxt olacağı barədə söhbət etdik. Söhbət zamanı Sahilə Binyətova məni arxayın etmək üçün bildirdi ki, o, “AF holdinq” və “Uğur 97”-nin sahibi olan Azay Möhnətovun bacısıdır, Elvin Binyətov Azay Möhnətovun bacısı oğludur, mənzil təmizdir, sənədləri qaydasındadır və s. Biz mənzilə baxandan sonra Elvin və anası Sahilə Binyətovlara mənzilin dəyərinin onların dediyi qiymətdən aşağı olduğunu, bu səbəbdən də mənzili almağa görə 200.000 manat verə biləcəyimi söylədim. Onlar mənim təklif etdiyim qiymətlə razılaşdılar. 23 noyabr 2018-ci il tarixdə mən, qardaşım oğlu Rövşən Qasımov, Elvin Binyətov və Sahilə Binyətova Bakı şəhər 9 saylı Notariat Kontorunda görüşdük. Orada Elvin və anası Sahilə Binyətovlar mənzilin satılmasına razı olduqlarını bir daha bildirdilər. Bundan sonra Notariat Kontorunda alqı-satqı müqaviləsi bağlandı. Beləliklə, mən Akif Qasımov Sahilə Binyətovaya rəsmi qaydada 200.000 manat ödəyərək sözügedən mənzili aldım. 27.11.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən (Seriya RX № 1422911) Çıxarışla Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 60, mənzil 4-ü qanuni olaraq adıma rəsmiləşdirdim.

“AF HOLDİNQ"DƏ GÖRÜNMƏMİŞ MƏNZİL QALMAQALI - VİDEO Bu hadisədən təxminən bir həftə sonra Elvin Binyətov qardaşım oğlu Rövşən Qasımova müraciət edərək, məşğul olduğu bizneslə bağlı 1 ay müddətinə 30.000 manat pula ehtiyacı olduğunu bildirdi. Qardaşım oğlu R.Qasımov bu barədə mənə dedi və mən də E.Binyətovun xahişini nəzərə alıb onunla rəsmi olaraq borc müqaviləsi bağlayıb ona 30.000 manat əlavə pul verdim. Düşündüm ki, arada səmimiyyət var, mən də ona dəstək verim.

Aradan bir ay keçəndən sonra Elvin Binyətov nə mənə satdığı mənzili tərk etdi, nə də məndən borc aldığı 30.000 manat pulu qaytardı. Bununla bağlı mən və qardaşım oğlu Rövşən Qasımov dəfələrlə Elvin Binyətovla telefon vasitəsi ilə əlaqə saxlayaraq vədlərinə əməl etməsini xahiş etdik. E.Binyətov isə hər dəfə müxtəlif bəhanələrlə vaxtı uzadırdı. Nəticədə, mən məcburiyyət qarşısında qalaraq Elvin Binyətovun ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması iddiası ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etdim. Belə olan halda, iddiam üzrə cavabdeh Binyətova Sahilə Xasay qızı da oğlu Binyətov Elvin Səxavət oğluna və mənə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət İdarəsini 3-cü şəxs qismində cəlb edilməklə) «Bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mənim adıma verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, 1422911 nömrəli Çıxarışın ləğv olunması» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etdilər. Mən insanların bu qədər saxta, yalançı, fırıldaqçı olduğunu təsəvvür edə bilməzdim.

Bu fırıldaqçılar, hətta barəmdə Nəsimi rayon Polis İdarəsinə şikayət də verdilər ki, guya mən onları aldatmışam və barəmdə cinayət işi başlanılsın. İşi araşdıran müstəntiq isə cinayət işi başlanılmasına heç bir halda əsas olmadığını əsas tutub rədd qərarı çıxardı.

Bundan sonra əli boşa çıxan Binyətova Sahilə Xasay qızı məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 60, mənzil 4-ün üzərinə həbs qoyulması barədə qərardad çıxırılmasını xahiş etmişdir. İşə baxan Nəsimi Rayon Məhkəməsinin hakimi Cəmilə Musayeva iddiam üzrə cavabdeh Binyətova Sahilə Xasay qızının ərizəsini təmin edərək, 18.03.2019-cu il tarixli Qərardadı ilə işə mahiyyəti üzrə baxılıb qurtaranadək Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 60, mənzil 4 üzərinə əsassız olaraq həbs qoydu. Yenə də hakim araşdırmadı ki, axı bu mənzilin pulu ödənilib, rəsmiləşdirilib, adıma özəlləşdirilib. Bu necə mümkün ola bilər? Hakimlərin belə hərəkəti görün nə qədər ümidsizlik, məhkəməyə inamsızlıq mühiti yaradır. Axı nəyə görə, nəyin müqabilində?

Bu azmış kimi, hakim Cəmilə Musayeva 15.05.2019-cu il tarixli Qətnamə ilə ilkin iddia üzrə iddiaçı olan (qarşılıqlı iddia üzrə cavabdeh) mənim ilkin iddia üzrə cavabdeh olan (qarşılıqlı iddia üzrə iddiaçı) Binyətova Sahilə Xasay qızı, eləcə də ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə cavabdeh) Binyətov Elvin Səxavət oğlu və ilkin iddia üzrə cavabdeh Binyətov Elgün Səxavət oğluna qarşı «İstifadə hüququnun itirilməsi, mənzildən çıxarılma və pul» tələbinə dair iddiamı rədd etdi.

Sözügedən qətnaməyə əsasən, ilkin iddia üzrə cavabdeh Binyətova Sahilə Xasay qızının ilkin iddia üzrə iddiaçı kimi mənə və ilkin iddia üzrə cavabdeh Binyətov Elvin Səxavət oğluna qarşı qarşılıqlı iddiası təmin edildi.

Beləliklə, hakimi Cəmilə Musayeva Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 60, mənzil 4-ə dair Bakı şəhər 9 saylı Notariat Kontorunda Binyətova Sahilə Xasay qızı ilə mənim aramda bağlanmış 24 noyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edildi və həmin mənzilə dair mənim adıma verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, 1422911 nömrəli Çıxarış ləğv edildi.

Hörmətli cənab Prezident!

Hesab edirəm ki, Nəsimi Rayon Məhkəməsinin hakimi Cəmilə Musayeva belə ədalətsiz, qərəzli qətnamə və qərardad çıxarmaqla məhkəmə hakimiyyətinin nüfuzuna ciddi zərbə vurmuşdur.

Bu gün mən məcburi köçkün və Qarabağ müharibəsi veteranı kimi hakim Cəmilə Musayevanın ədalətsizliyinin qurbanına çevrilmişəm. Çünki iddamı qanunsuz olaraq rədd edən hakim C.Musayevanın cavabdehin əməllərində sırf dələduzluq olmasının ətraflı şəkildə sübut edilməsinə rəğmən, onun qarşlıqlı iddiasını kimlərdənsə aldığı göstərişlər əsasında təmin etməsini açıq şəkildə hiss etdim. Nədən ki, Elvin Binyətov dəfələrlə mənə “AF holdinq” və “Uğur 97”-nin sahibi olan sahibkar Azay Möhnətovun onun dayısı olduğunu və hara şikayət etsəm də faydası olmayacağını demişdi. Belə çıxır ki, Elvin Binyətov doğru deyirmiş, elə ona görə də hakim Cəmilə Musayeva mənə qarşı dələduzluq hərəkəti edən şəxsin qarşılıqlı iddiasını təmin etmək üçün əlindən gələni etdi. Nəticədə, heç bir əsas olmadan iddiam üzrə cavabdeh Binyətova Sahilə Xasay qızına himayədarlıq etdi. Görünür, “AF holdinq” və “Uğur 97”-nin sahibi olan Azay Möhnətovun C.Musayevanın işə qeyri-obyektiv baxmasında əhəmiyyətli rolu olub. Çünki hətta hakim C.Musayeva qanunsuz olaraq daşınmaz əmlakın alqı-satqı müqaviləsini və sözügedən mənzilə dair mənim adıma verilmiş çıxarışı ləğv etdiyi halda, nə Bakı şəhər 9 saylı Notariat Kontorunu, nə də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri şahid qismində məhkəməyə cəlb etmədi. Ümümiyyətlə, hakim heç bir mötəbər sübutu tələb etmədən, işin hallarını araşdırmadan bircə iclasında belə bir tələm-tələsik qərar verdi.

Cənab Prezident! Təbii ki, məhkəmənin ədalətsiz və qanunsuz çıxardığı qətnaməni aldığım gün apellyasiya şikayəti verəcəyəm. Amma hiss edirəm ki, bu gedişlə, hakimlərin qanunsuz qərarlarının qurbanı olacağam. Sizdən xahiş edəm ki, Nəsimi Rayon Məhkəməsinin hakimi Cəmilə Musayeva haqqında tədbir görülsün. Onun çıxardığı ədalətsiz qərarlardan mənim kimi digər zərərçəkmiş şəxslər də ziyan çəkməsin. Çünki bu cür hakimlərə “Dur!” deyilməyənə qədər onların qurbanlarının sayı hər gün çoxalacaq. Hələ çox günahsız insanlar onların toruna düşərək qurban gedəcək. Ona görə də bir daha xahiş edirəm ki, mənim bu şikayətimi nəzarətə götürəsiniz".

Redaksiyadan: Hakimin Cəmilə Musayevanın qanunsuz və əsassız qərarlarından özünü öldürmə həddinə çatmış zərərçəkmiş Akif Qasımov hələki qanunun bütün gücündən istifadə edərək hakimin cəzalandırılmasına, eləcə də hakimin qəbul etdiyi saxta qərarların ləğvinə çalışır, buna ümid edir. Bizə gəldikdə, işi hakimlərə düşən vətəndaşlardan xahiş edirik, belə hallarla qarşılaşanda mütləq peşəkar jurnalistlərin iştirakından istifadə etsinlər. Əgər onlar məhkəmənin iclas zalında prosesin mərkəzləşdirilmiş qaydada video-lentə alınmasını tələb etsələr, hakim istəsə də belə qanunsuz qərar qəbul edə bilməz, protokolu saxtalaşdıra bilməz…

Şikayət nəzarətimizdədir və mövzuya qayıdılacaq.

Yazıda adı çəkilən «AF Holdinq»in rəhbərliyinin də mövqeyini dinləməyə hazırıq.

(tezadlar.az)




Fikrini bildir