SON XƏBƏRLƏR
Hakim Cəmilə Musayevadan şikayət nəzarətə götürüldü

Yazının dərc olunma Tarixi: 15/6/2019

Qarabağ müharibəsi veteranı şikayətinə qısa müddət ərzində reaksiya verildiyinə görə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib
Hakim Cəmilə Musayevadan şikayət nəzarətə götürüldü
Nəsimi Rayon Məhkəməsinin hakimi Cəmilə Musayevanın çıxardığı ədalətsiz qətnamədən Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, ev 106, mənzil 33 ünvanında müvəqqəti məskunlaşan, Ağdam rayonundan məcburi köçkün, Qarabağ müharibəsi veteranı Qasımov Akif Yusif oğlu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya şikayəti nəzarətə götürülüb.

Bu barədə “Təzadlar”a Akif Qasımov özü məlumat verib. O, bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanladığı şikayət ərizəsi xüsusi nəzarətə götürülərək aidiyyəti qurumlara məsələnin araşdırılması və müvafiq tədbir görülməsi tapşırığı verilib. A.Qasımovun sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsindən ona zəng edərək bildiriblər ki, Nəsimi Rayon Məhkəməsinin hakimi Cəmilə Musayevanın çıxardığı qətnamədən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya etdiyi şikayətlə bağlı Prezident Administrasiyasından məsələnin obyektiv araşdırılması və müvafiq tədbir görülməsi barədə məktub daxil olub. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsində ümumi şöbənin müdiri Əliəkbər Həsənovun imzası ilə Birinci vitse-prezidentə etdiyi şikayətin tədbir görülməsi məqsədilə nəzarətə götürülməsi barədə şikayətçi A.Qasımova rəsmi məktub göndərilib.

Qarabağ müharibəsi veteranı A.Qasımov şikayətinə belə qısa müddətdə reaksiya verildiyinə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib.

A.Qasımov yaxın günlərdə Nəsimi Rayon Məhkəməsinin hakimi Cəmilə Musayevanın çıxardığı qətnamədən apellyasiya şikayəti verəcəyini söyləyib.
Xatırladaq ki, A.Qasımov Nəsimi Rayon Məhkəməsinin hakimi Cəmilə Musayevanın çıxardığı qətnamədən Birinci vitse-prezident Mehriban Əliyevaya şikayət ərizəsi ilə müraciət edib. Müraciətdə Nəsimi Rayon Məhkəməsinin hakimi Cəmilə Musayeva haqqında tədbir görülməsinə göstəriş verilməsi xahiş olunub.

Müraciətdə daha sonra bildirilir:

Hörmətli Mehriban xanım!

Bildirirəm ki, 2018-ci il noyabr ayının əvvəllərində Bakı şəhəri ərazisində əlverişli qiymətə mənzil almaq niyyətimi dost-tanışa söylədim. Həmin ərəfədə tanışım Firudin Bağırov mənə Elvin Binyətov adlı şəxsin özünə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 60 ünvanında yerləşən 4 saylı mənzilini 250.000 manata satmaq istədiyini bildirdi. Bundan sonra Firudin Bağırovun vasitəsilə Elvin Binyətovla görüşdüm. Görüş zamanı E.Binyətov dedi ki, satdığı mənzil anası Sahilə Binyətovanın mülkiyyətindədir və mənzilin satılması barədə anası razılıq verməlidir. Ona görə də Elvin Binyətov bir neçə gündən sonra bizi yaşadığı evə dəvət etdi. Həmin vaxt mən tanışım Firudin Bağırov və qardaşım oğlu Rövşən Qasımovla birlikdə E.Binyətovun evinə getdik. Orada Elvin Binyətovun anası Sahilə Binyətova ilə tanış olduq, satdıqları evin qiyməti və alqı-satqısının nə vaxt olacağı barədə söhbət etdik. Söhbət zamanı Sahilə Binyətova alqı-satqıdan sonra mənzili tərk etmək üçün ona 1 ay vaxt verməyimi xahiş etdi. Mən də onun yaşlı və ağbirçək xanım olduğunu nəzərə alaraq təkliflə razılaşdım.

Biz mənzilə baxandan sonra Elvin və anası Sahilə Binyətovlara mənzilin dəyərinin onların dediyi qiymətdən aşağı olduğunu, bu səbəbdən də mənzili almağa görə 200.000 manat verə biləcəyimi söylədim. Onlar mənim təklif etdiyim qiymətlə razılaşdılar.

23 noyabr 2018-ci il tarixdə mən, qardaşım oğlu Rövşən Qasımov, Elvin Binyətov və Sahilə Binyətova Bakı şəhər 9 saylı Notariat Kontorunda görüşdük. Orada Elvin və anası Sahilə Binyətovlar mənzilin satılmasına razı olduqlarını bir daha bildirdilər. Bundan sonra Notariat Kontorunda alqı-satqı müqaviləsi bağlandı. Beləliklə, mən - Akif Qasımov Sahilə Binyətovaya rəsmi qaydada 200.000 manat ödəyərək sözügedən mənzili aldım. 27.11.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən (Seriya RX № 1422911) Çıxarışla Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 60, mənzil 4-ü qanuni olaraq adıma rəsmiləşdirdim.

Aradan bir ay keçsə də, Elvin Binyətov və anası mənə satdığı mənzili tərk etmədilər. Bununla bağlı mən dəfələrlə Elvin Binyətovla telefon vasitəsi ilə əlaqə saxlayaraq vədlərinə əməl etməsini xahiş etdim. E.Binyətov isə hər dəfə müxtəlif bəhanələrlə vaxtı uzadırdı.

Nəticədə, mən məcburiyyət qarşısında qalaraq Sahilə Binyətovanın ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması iddiası ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etdim. Belə olan halda, iddiam üzrə cavabdeh Binyətova Sahilə Xasay qızı da oğlu Binyətov Elvin Səxavət oğluna və mənə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət İdarəsini 3-cü şəxs qismində cəlb edilməklə) “bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mənim adıma verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, 1422911 nömrəli Çıxarışın ləğv olunması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etdi. Eyni zamanda, Binyətova Sahilə Xasay qızı məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 60, mənzil 4-ün üzərinə həbs qoyulması barədə qərardad çıxırılmasını xahiş etmişdir.

İşə baxan Nəsimi Rayon Məhkəməsinin hakimi Cəmilə Musayeva iddiam üzrə cavabdeh Binyətova Sahilə Xasay qızının ərizəsini təmin edərək, 18.03.2019-cu il tarixli Qərardadı ilə işə mahiyyəti üzrə baxılıb qurtaranadək Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 60, mənzil 4 üzərinə həbs qoydu. Daha sonra hakim Cəmilə Musayeva 22.05.2019-cu il tarixli Qətnamə ilə cavabdeh Binyətova Sahilə Xasay qızına və ailə üzvlərinə qarşı “İstifadə hüququnun itirilməsi, mənzildən çıxarılma və pul” tələbinə dair iddiamı ədalətsiz olaraq rədd etdi.

Sözügedən qətnaməyə əsasən, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Binyətova Sahilə Xasay qızının qarşı qarşılıqlı iddiası təmin edildi.

Beləliklə, hakimi Cəmilə Musayeva Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 60, mənzil 4-ə dair Bakı şəhər 9 saylı Notariat Kontorunda Binyətova Sahilə Xasay qızı ilə mənim aramda bağlanmış 24 noyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edildi və həmin mənzilə dair mənim adıma verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, 1422911 nömrəli Çıxarış ləğv edildi.

Hörmətli Mehriban xanım!

Hesab edirəm ki, Nəsimi Rayon Məhkəməsinin hakimi Cəmilə Musayeva belə ədalətsiz, qərəzli qətnamə və qərardad çıxarmaqla məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirir.

Bu gün mən məcburi köçkün və Qarabağ müharibəsi veteran kimi hakim Cəmilə Musayevanın ədalətsizliyinin qurbanına çevrilmişəm. Çünki iddiamı qərəzli olaraq rədd edən hakim C.Musayevanın cavabdehin əməllərində sırf dələduzluq olmasının ətraflı şəkildə sübut edilməsinə rəğmən, onun qarşılıqlı iddiasını kimlərdənsə aldığı göstərişlər əsasında təmin etməsini açıq şəkildə hiss etdim.

Çünki Elvin Binyətov dəfələrlə mənə “AF holdinq” və “Uğur 97”-nin sahibi olan sahibkar Azay Möhnətovun onun dayısı olduğunu və hara şikayət etsəm də, faydası olmayacağını demişdi. Belə çıxır ki, Elvin Binyətov doğru deyirmiş, elə ona görə də hakim Cəmilə Musayeva mənə qarşı haqsızlıq hərəkəti edən şəxsin qarşılıqlı iddiasını təmin etmək üçün əlindən gələni etdi. Nəticədə, o, heç bir əsas olmadan iddiam üzrə cavabdeh Binyətova Sahilə Xasay qızına himayədarlıq etdi. Görünür, “AF holdinq” və “Uğur 97”-nin sahibi olan Azay Möhnətovun C.Musayevanın işə qeyri-obyektiv baxmasında əhəmiyyətli rolu olub.

Hətta hakim C.Musayeva qanunsuz olaraq daşınmaz əmlakın alqı-satqı müqaviləsini və sözügedən mənzilə dair mənim adıma verilmiş çıxarışı ləğv etdiyi halda, nə Bakı şəhər 9 saylı Notariat Kontorunu, nə də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrini şahid qismində məhkəməyə cəlb etmədi.

Məhkəmənin ədalətsiz və qərəzli çıxardığı qətnaməni aldığım gün apellyasiya şikayəti verəcəyəm. Amma bu gedişlə, deyəsən, hakimlərin qanunsuz qərarlarının qurbanı olacağam.

Çox hörmətli Mehriban xanım!

Sizdən xahiş edəm ki, Nəsimi Rayon Məhkəməsinin hakimi Cəmilə Musayeva haqqında tədbir görülsün. Onun çıxardığı ədalətsiz qərarlardan mənim kimi digər zərərçəkmiş şəxslər də ziyan çəkməsin.

Çünki bu cür hakimlərə “Dur!” deyilməyənə qədər onların qurbanlarının sayı hər gün çoxalacaq. Hələ çox günahsız insanlar onların toruna düşərək qurban gedəcək. Ona görə də bir daha xahiş edirəm ki, mənim bu şikayətimi nəzarətə götürəsiniz.

Çox hörmətli Mehriban xanım!

Əminəm ki, bir məcburi köçkün ail əsini və Qarabağ müharibəsi veteranını öz nəcib qəlbinizlə hər zaman olduğu kimi sevindirəcəksiniz, sizin köməyinizlə haqq öz yerini tutacaq.

Ailəm adından sizə sonsuz hörmət və məhəbbətimi bildirirəm”.

Mövzunu diqqətdə saxlayacağıq.

(tezadlar.az)



Fikrini bildir