SON XƏBƏRLƏR
«TƏZADLAR»IN APELLYASİYA ŞİKAYƏTİNƏ SENTYABRIN 25-DƏ BAXILACAQ

Yazının dərc olunma Tarixi: 18/9/2019

«TƏZADLAR»IN APELLYASİYA ŞİKAYƏTİNƏ SENTYABRIN 25-DƏ BAXILACAQ
Bakı Apelyasiya Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə keçiriləcək məhkəmə prosesi sentyabrın 25-də, saat 10-15-ə təyin edilib və prosesdə Azərbaycanın tanınmış müstəqil media ekspertlərinin və hüquqşünasların, ictimai xadimlərin iştirakı təmin ediləcək…
Xəbər verildiyi kimi, Səbail rayon Məhkəməsində "Təzadlar" qəzeti redaksiyasının Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradova qarşı mülki iddiası üzrə məhkəmə prosesi keçirilmişdir və məhkəmə cavabdehin yalan məlumatlarına istinad edərək informasiya sorğusuna cavab verildiyini əsas tutaraq iddianı təmin etməmişdir. Redaksiya həmin qanunsuz və əsassız qərardan apellyasiya şikayəti vermişdir.
Xatırladırıq ki, məhkəmə iddiasına səbəb «Təzadlar» qəzetinin informasiya sorğusunun ADİU rektoru Ədalət Muradov tərəfindən cavablandırılmamasıdır. Belə ki, redaksiya 22 fevral 2019-cu il tarixdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ə.Muradova 4 sualdan ibarət informasiya sorğusu göndərib. Lakin qarşı tərəf qanunvericiliyin tələblərini kobud surətdə pozaraq sorğunu cavablandırmayıb. Hansı ki, «KİV haqqında» Qanunun 8-ci maddəsində (Maddə 8. Kütləvi informasiya vasitələrinin məlumat almaq hüququ) yazılır: «Kütləvi informasiya vasitələri cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər. Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz… Məlumatın əldə edilməsi barədə yazılı sorğuya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Qanunda göstərilən müddətdə həmin məlumat öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir”.
Qanunun 59-cu maddəsində isə («Maddə 59. Kütləvi informasiya azadlığının və jurnalist hüquqlarının pozulmasına görə məsuliyyət») yazılır ki, «…jurnalistə informasiya verilməsi üzərinə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan məlumatlar istisna olmaqla, məhdudiyyətlər qoymaq və ya informasiya verməkdək imtina etmək; jurnalist sorğusuna Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş müddətdə cavab verməmək; habelə jurnalistin bu Qanunla müəyyənləşdirilmiş digər hüquqlarını pozmaq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə mülki, inzibati, cinayət və digər məsuliyyətə səbəb ola bilər».
Xatırladırıq ki, Bakı Apelyasiya Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə keçiriləcək məhkəmə prosesi sentyabrın 25-də, saat 10-15-ə təyin edilib.



Fikrini bildir