«VENESİYA KOMİSSİYASI AZƏRBAYCANA HƏM DƏ AZƏRBAYCANIN GÖZÜ İLƏ BAXMALIDIR Kİ…»

Yazının dərc olunma Tarixi: 21/6/2022

«VENESİYA KOMİSSİYASI AZƏRBAYCANA HƏM DƏ AZƏRBAYCANIN GÖZÜ İLƏ BAXMALIDIR Kİ…»
Dünən iyunun 20-də Avropa Şurasının Venesiya Komissiyası “Media haqqında” Azərbaycan Respublikası Qanununa dair rəyini öz rəsmi veb-saytında yerləşdirib. Medianın İnkişafı Agentliyi tərəfindən rəydə qeyd olunan məsələlərlə bağlı rəsmi mövqe yazılı şəkildə Venesiya Komissiyasına təqdim edilİB, bu arqumentlərin bir qismi bu və ya digər formada yekun rəydə öz əksini tapıb. Eləcə də Agentliyin yaydığı məlumatda bildirilir ki qanun layihəsi heç də rəydə qeyd olunduğu kimi, “seçilmiş qruplarla” yox, cəmiyyətin müxtəlif seqmentlərindən olan media nümayəndələri və ekspertlərin iştirakı ilə dəfələrlə müzakirə olunub. Sitat: "Keçmiş müvafiq qanundan fərqli olaraq “Media haqqında” Qanun “jurnalist” anlayışı ilə bağlı beynəlxalq təcrübəyə istinad edərək bu fəaliyyətə
daha geniş prizmadan yanaşmış, yalnız ölkə daxilində deyil, həm də ölkə xaricində Azərbaycan jurnalistlərinin peşəkar fəaliyyətinin məhdudiyyətlərdən qorunmasına yönəlib. Qanunun fəaliyyəti Azərbaycan Respublikasının ərazisinə və əhalisinə istiqamətlənmiş media subyektlərinin müdafiə mexanizmlərindən istifadəsinə şərait yaradır, həmçinin fövqəladə vəziyyətlərdə jurnalistlərin təhlükəsiz şəraitdə peşə borclarını yerinə yetirməsini təmin edir. Rəydə “zorakılıq” elementi olmadığı təqdirdə dövlətin ərazi bütövlüyünün pozulmasına yönəlmiş çağırışların dəstəklənməsi tərəfimizdən heç bir halda qəbul edilə bilməz. Uzun illər işğalçı siyasətin və terrorun qurbanı olan, ərazi bütövlüyü pozulmuş bir ölkəyə qarşı belə yanaşma hüququn aliliyi, jurnalist peşəkarlığı və xalqımızın milli maraqları ilə bir araya sığmır. Rəydə iddia edildiyi kimi Qanunun media subyektinə dair tələblərinin (Maddə 26) başa düşülməsində hər hansı çətinlik mövcud deyildir. 26-cı maddə hər hansı mədəniyyət abidəsinə zərər vurduğuna görə cinayət məsuliyyətinə cəlb edilmiş şəxsləri deyil, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkum olunmuş şəxsləri əhatə edir və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində bu kateqoriya cinayətlər (cinsi zorakılıq, irqi ayrı-seçkilik, seksual xarakterli zorakılıq hərəkətləri və s.) konkret olaraq təsbit edilib" və s.

«Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzili Venesiya Komissiyasının məlum rəyinə dair fikirlərini Trtajans.az-la bizimlə bölüşdü:


-Şəxsən mənim qənaətim belədir ki, əvvəlki dövrləri müqayisə edəndə bu qanunda və onun praktik istiqamətlərində mütərəqqi məqamlar kifayət qədər çoxdur, medianı hörmətə mindirən dövlət Aktdır... Qanunun layihəsinin Milli Məclisdəki son müzakirələrində mən də iştirak etmişəm. Həmin müzakirələrdə həm hüquqşünaslar, həm də yerli və beynəlxalq media nümayəndələri, müstəqil yazılı və çap KİV rəhbərləri, millət vəkilləri iştirak edirdilər. Təkliflər də verildi, bir sıra suallara yetərincə aydınlıq gətirildi. Bu təkliflər nəzərə alınaraq təkmil qanun paketi hazırlandı. Kaş Venetsiya Komissiyasının nümayəndələri həmin müzakirələrdə iştirak edəydilər və görərdilər ki, indi rəylərində qeyd etdikləri subyektiv və birtərəfli məqamlara həmin müzakirələrin gedişində tamamilə aydınlıq gətirilmişdir… Onu da deyim ki, şəxsən biz «Təzadlar» olaraq keçmişi unuda bilmərik... Və bütün hallarda biz Azərbaycanın qanunlarının gözü ilə dünyaya baxmalıyıq, dünyanın gözü ilə 30 il Azərbaycana baxıldı, yetər... Venetsiya Komissiyası Azərbaycana həm də Azərbaycanın gözü ilə baxmalıdır… Sonda onu da deyim ki, jurnalistin müstəqilliyi və azadlığı içində varsa, yetər ki, qanun da bu azadlığı təsbit etsin. Əgər jurnalist azad deyilsə, onun ixtiyarına ən ideal dediyimiz qanunu versək, o yenə də heç bir peşə tətbiqini yerinə yetirə bilməyəcək.
Dinlədi: Elçin Məmmədli



Fikrini bildir