SON XƏBƏRLƏR
Tanınmışlar "TƏZADLAR"ın müdafiəsinə qalxdı

Yazının dərc olunma Tarixi: 8/3/2019

Xəbər verdiyimiz kimi, Azərbaycan Mətbuat Şurası İqtisad Universitetinin rektoru Ədalət Muradovun şikayəti əsasında “Təzadlar” qəzetinə qarşı cəza sanksiyaları tətbiq etmək məqsədi ilə 1 mart tarixli iclasında qəzetin adının “qara siyahı”ya salınması barədə məsələ müzakirə edib. Lakin maraqlıdır ki, sonradan bu qərarın ətrafında tələskən rəylər toplamağa və dərc etməyə cəhd edən maraqlı qüvvələr peyda olub.
Tanınmışlar "TƏZADLAR"ın müdafiəsinə qalxdı
Belə ki, həm MŞ-ın özünün, həm də rektora yaxınlığı ilə seçilən bir neçə saytın məlumatlarında şikayətin mahiyyəti, eləcə də şikayətin əsaslı olub-olmadığı qeyd edilməməklə, şikayətçinin kimliyi də açıqlanmır, adı gizli saxlanılır. Bu azmış kimi, martın 5-də modern.az saytı millət vəkili Fazil Mustafadan, dünən isə “Report” xəbər agentliyi deputat Hikmət Babaoğludan məlum “qara siyahı” qalmaqalı ilə bağlı rəylər almışdır. Həmişə balans gözləməyi tövsiyyə edənlər nədənsə hər iki halda məqsədli şəkildə balansı pozaraq barəsində əks informasiya və rəy topladıqları qarşı tərəfin, yəni “Təzadlar” qəzeti rəhbərliyinin mövqeyini soruşmayıblar. Və sonradan hörmətli millət vəkillərimizin ikisi də “Təzadlar” qəzeti barədə hansısa mənfi fikir söyləmədiklərini bildirmişlər. Hətta deputat Hikmət Babaoğlu redaksiyaya özünün obyektiv mövqeyini yazıb göndərib, bu gün saytda yayımlamışıq. Belə çıxır ki, hansısa maraqlı qüvvələr qəsdən kimlərəsə müraciət edir, umumən MŞ-ın məlum “qara siyahı”sı barədə rəy soruşurlar, amma sonradan həmin mətnə “Təzadlar” qəzetinin adını daxil etməklə oxucular arasında qərəzli şəkildə çaşqınlıq yaradırlar. Təəssüf edirik. Budur, “Report” millət vəkili Hikmət Babaoğlunun “Dövlət qurumları, müxtəlif təşkilatlar adı “qara siyahı”da olan çap mediası ilə əməkdaşlıq etməkdən çəkinməlidir” kimi fikrini xüsusi başlıqla yaymışdır. Hansı ki, hüquqi müstəvidə yanaşsaq, ictimai təşkilat olan MŞ-ın subyektiv qənaət əsasında tərtib etdiyi bu siyahı əsasında KİV-in informasiya almaq azadlığını təsbit edən Konstitusiyanın 50-ci maddəsinin tələblərinin pozmaq, bu mənalı çağırışlar etmək yolverilməzdir. Minnətdarıq ki, millət vəkili Hikmət Babaoğlu dərhal “Report”un həmin yazısına dair mövqeyini açıqlamışdır, həmin mətn olduğu kimi saytımızda yayımlanmışdır: ““Dövlət qurumları, müxtəlif təşkilatlar adı “qara siyahı”da olan çap mediası ilə əməkdaşlıq etməkdən çəkinməlidir”. Doğrudur, mən bu fikri demişəm, ancaq bunu konkret hansısa qəzetin ünvanına deyil, ümumiyyətlə ,,qara siyahı,,da adı olan mətbuat orqanlarının ünvanına demişəm. Əgər söhbət ,,qara siyahı,,dan gedirsə, deməli, bu, Konstitusiyamızın 50-ci maddəsi ilə əlaqələndirilə bilməz. Mən “Təzadlar” qəzetinin adını çəkməmişəm, bu qəzetin kimlərlə hansı münasibətdə olduğu haqqında məlumatlı deyiləm. Məndən ümumiyyətlə, reket jurnalistikaya qarşı Mətbuat Şurasının apardığı mübarizə tədbirləri haqqında soruşublar və mən bu mübarizə üsulunun ictimai qınaq vasitəsilə həyata keçirildiyini təqdir etdiyimi bildirmişəm. Konkret olaraq “Təzadlar” qəzeti haqqında məndən heç nə soruşulmayıb və mən bu qəzet və onun fəliyyəti haqqında heç bir fikir bildirməmişəm. Hikmət Babaoğu”.
Qeyd edək ki, bu məlumatı “Report”un Baş redaktoru Murad Əliyevin elektron poçtuna da göndərdik, inanırıq ki, bu xəbəri də yayımlayacaqlar. Çünki biz “Report”u obyektiv informasiya yayıcısı kimi tanıyırıq.

Professor Qulu Məhərrəmli: “Mətbuat Şurası qanuna və öz nizamnaməsinə zidd olaraq hansısa qəzeti çökdürmək və ya bağlanmağa məcbur etmək istəyirsə...”

BDU-nun professoru, tanınmış media eksperti Qulu Məhərrəmli ictimai təşkilat olan Mətbuat Şurasının sanksiyalaşma mahiyyətli “qara siyahı”sına belə münasibət bildirdi:

- Adı "qara siyahı"ya düşən mətbuat orqanları ilə əməkdaşlıqdan çəkinməyə çağırışla bağlı məlum yazını (oxu: “Report”da. Red.) oxudum. Bəribaşdan deyim ki, həmin materialda rəyləri verilmiş Mətbuat Şurası üzvlərinin belə bir fikri ilə tam razıyam ki, heç bir mətbuat orqanı heç kimə qarşı qərəzli olmamalı, yalan və böhtan yazmamalı, kimsəni təhqir etməməli, etik qaydaları pozmamalıdır. Lakin həmin yazıda adı “qara siyahı”ya salınmış media qurumlarına məlumat verməməklə, yəni əməkdaşlıq etməməklə bağlı “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, hörmətli deputat Hikmət Babaoğlunun fikirləri ilə razılaşmaq çətindir. Əvvəla, ona görə ki, belə çağırış dövlət qurumlarına birbaşa təzyiqdir, ikincisi isə bu cür yanaşma adı hansı siyahıda olmasından asılı olmayaraq media qurumunun məlumat almaq hüququnu məhdudlaşdırır. Halbuki nə “KİV haqqında” Qanunda, nə də məhkəmə təcrübəsində belə məhdudlaşdırmalar yoxdur. Yox əgər Mətbuat Şurası qanuna və öz nizamnaməsinə zidd olaraq elliklə hansısa qəzetin və ya saytın üzərinə yeriyirsə, onu çökdürmək və ya bağlanmağa məcbur etmək istəyirsə, bu, başqa məsələdir...

Mirvari Qəhrəmanlı: “Mətbut Şurasının nə ixtiyarı var ki, mətbuatın informasiya almaq və sosial hüquqlarını məhdudlaşdırsın”

Tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari xanım Qəhrəmanlı ictimai təşkilat olan Mətbuat Şurasının mətbuatın deyil, daim məmurların hüquqlarını müdafiə etməsindən ciddi narahat olduğunu bildirdi:

- Mətbuat Şurasında, hesab edirəm ağıllı, dünya görüşlü insanlar da var. Amma real hərəkətlər biz hüquq müdafiəçilərini çox məyyus edir. Əvvəla, belə düşünürəm ki, MŞ İdarə Heyəyinin həmin üzvlərinə təcili olaraq seminarlar keçirilməlidir. Təcrübəli təlimçilər tərəfindən. Ona görə ki, mətbuat azadlığı, eləcə də KİV haqqında qanunvericiliyindən, informasiya əldə etmək haqqında qanundan, Konstitusiyanın 50-ci maddəsindəki məlumat azadlığı maddəsinin mahiyyətindən xəbərsiz olanların Mətbuat Şurasının İdarə Heyətinin üzvü olması yolverilməzdir. İkincisi, MŞ-ın özü qanunları kobud surətdə pozur və ciddi deyirəm, onların belə qanunsuz hərəkətlərindən məhkəməyə müraciət etmək lazımdır. Özü də həmin məhkəmə prosesinə Beynəlxalq qurumların nümayəndələrini, diplomatik korpus nümayəndələrini, Azərbaycanın tanınmış media ekspert və mütəxəssislərini, vəkilləri cəlb etmək lazımdır. Bunun üçün nə kömək lazımdırsa, bizim təşkilat buna hazırdır. O boyda deputatlar, o boyda MŞ rəsmiləri “qara siyahı” sözünün mənasını və mahiyyətini bilmirsə, bu biabırçılıqdır. Biz beynəlxalq təşkilatlarla işləyirik. Hər il Avropa Məhkəməsi Azərbaycan əleyhinə qərarlar çıxarır, Azərbaycan dövləti, eləcə də hakimiyyət sanksiyalarla üz-üzə qalır. Səbəb odur ki, hansısa hakim qanunsuz qərar qəbul edib. Həmin hakimlər məlumdur. Niyə Azərbaycan dövlətini sanksiyalarla üz-üzə qoyan həmin hakimlərin adı “qara siyahı”ya salınmır, nə bilim “reket” elan olunmur??? Beynəlxalq aləmdə, xüsusən də mətbuat sahəsində elə bir termin yoxdur. Onlar hələ bir bu siyahıya adı düşənlərə vaxtilə “reket jurnalist” adı da verirdilər. Bax belə naşı hərəkətlərlə Azərbaycanın adını batırırlar. Əgər mətbuatın saflaşmasını istəyirsənsə, birincisi özün şəffaf fəaliyyət göstərməlisən. Cəmiyyət hər şeyi görür axı... Mətbuat azaddır, hansısa ictimai təşkilat belə sanksiyalaşma hərəkətindən çəkinməlidir. Mən “Təzadlar” qəzeti ilə bağlı həmin o məlumatları oxumuşam. Niyə barəsində o cür yazılar yazılan İqtisad Universitetinin rektoru Muradov mövqeyini ortaya qoymur, yaxud ona böhtan atılıbsa, niyə məhkəməyə vermir? Tənqid edilən məmur MŞ-a şikayət verirsə, həmin şikayətin əsaslılığı yoxlanılmadan, araşdırılmadan, qəzetin arqumentləri nəzərə alınmadan belə basqıların edilməsi yolverilməzdir. Şübhəli məqam isə budur ki, MŞ şikayətçinin kimliyini gizli saxlayır. Belə olan halda şəffaflıqdan necə danışa bilərlər? Ümumiyyətlə, Mətbuat Şurasına ehtiyac varmı? Beynəlxalq təcrübədə belə şuralar yoxdur. Belə şuralar yaranıb monopoliya yaratmaq üçün. Prezident mətbuatı özünə dost seçir, MŞ isə KİV-ləri düşmən elan edir, hələ bir sanksiya tətbiq edir ki, bu qəzetə məlumat verməyin. Bu biabırçılıqdır. Əgər kimsə cinayət törədibsə, o artıq cinayətkardır, qoy onu hüquq mühafizə orqanları necə bilir cəzalandırsın. Bir də mənim üçün maraqlıdır: nə oldu on illərdir bu qəzetdən bir dənə şikayət olmadı, birdən hansısa rektorun diplomundan, fəaliyyətindəki nöqsanlardan tənqid yazılan kimi şikayətçilər göbələk kimi baş qaldırdı. Axı sizin qəzet Prezidentin siyasətini, yaxşı işləri də daim işıqlandırır. Bu günlərdə SOCAR-ın N.Nərimanov adına NQÇİ-də işçilərin şəraiti ilə bağlı mənim açıqlamamı vermiş, ordakı vəziyyəti tənqid etmişdiniz. İdarənin rəhbərliyi bu tənqidə görə rəsmən minnətdarlıq məktubu yazdı ki, sağ olun ki, nöqsanları açıb söyləmisiniz, tədbir görülür. Mətbuat belə olar və əslində, bunu SOCAR-ın maliyyələşdirdiyi “2 sahil” qəzeti yazmalı idi, siz yox. Gör vəziyyət nə yerdədir ki, deputat mənə deyir ki, sən adı “qara siyahı”da olan o qəzetə müsahibə, məlumat vermə? Onun nə ixtiyarı var mənə, yəni ətrafa belə göstəriş verir, çağırış edir? Onlar, bu mənada, bizim informasiya vermək azadlığımızı da pozur, təzyiq edir. Bu qədər özbaşınalıq olarmı? Qanunda belə şey var? Kimdir onlar ki, mənə belə göstəriş verələr?! Mən bir məsələ də deyim, onlar hətta Prezident yanında KİVDF vasitəsilə ağır sanksiya tətbiq edirlər. Bu günlərdə oxudum ki, MŞ-ın bu siyahısında olan qəzetlərin jurnalistləri Konstitusiyada nəzərdə tutulmuş hüquqlarından məhrum edilirlər. Onlar mənzil ala bilməz, mükafatlandırıla bilməz, müsabiqələrə buraxılmırlar. Siz bu məsələri, yəni ictimai qurum olan MŞ-ın və KİVDF-nin Konstitusiyanın maddələrini pozmasından Konstitusiya Məhkəməsi qarşısında məsələ qaldırtdırın. Belə qanunsuzluq olmaz. Dünyada belədir ki, mətbuta qiyməti Mətbuat Şurası yox, oxucular, ictimaiyyət verir. Qoy monitorinq aparsınlar oxucular arasında, rəy necə olacaq? Mən yüz faiz əminəm ki, əgər “Təzadlar” qəzeti haqqında neftçilər arasında sorğu aparılsa, maksimum rəy toplayacaq. Dünən mənə neftçilər dedilər, minnətdarlıq etdilər, sizi dəstəkləyirlər, sizin qəzetə çox inanırlar. İctimai rəy sizin xeyrinizədir, onlar sizə inanırlar. MŞ öz üzvləri ilə hansısa qəzetə xarakteristika verə bilməz. Onların bu hərəkəti tam qanundan kənardır, Beynəlxalq təcrübəyə, standartlara tamamilə ziddir...

Şahbaz Muradov, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, “Şöhrət” ordenli:

- Xuruşşovun bir sözü var idi: “Kimisə məhv etmək istəyirsənsə, onu təriflə. Kiminlə sadiq dostsansa, onu tənqid et ki, nöqsanlarını düzəltsin”. Cənab Prezidentimiz İlham Əliyevin çıxışlarını izləyirəm, həmişə deyir ki, nöqsanları, problemləri qaldırın, araşdıraq, tədbir görək, aradan qaldıraq. Təbiidir ki, problemi yaradan məmurlardır, onlar isə özlərinin pisini deməz. Deməli, yük düşür sizin kimi obyektiv qəzetlərin çiyninə. Mətbuat Şurası isə tənqid etdiyinizə görə sizi sıxır. Bu yolverilməzdir... Mən bu məsələnin içindəyəm. Yazılarınızı oxumuşam. Hamısı doğrudur. Əsil dost tənqid etməlidir. Mən tənqid etməyi bəyənirəm, yüksək qiymətləndirirəm. Tənqid edilənin tərbiyəsi olsa, ondan nəticə çıxartmalıdır. Şəxsən mən “Təzadlar”ı həmişə oxuyuram, bəyənirəm, ciddi araşdırma aparırsınız. O deputatın söylədiyini dəqiq bilmirəm, əgər deyibsə ki, “Dövlət qurumları adı "qara siyahı"ya düşən mətbuat orqanları ilə əməkdaşlıqdan çəkinməlidir” , bu doğru fikir deyil. Tənqid insanları düz yola gətirmək üçündür. Mən belə düşünürəm. Sizin qəzetin mövqeyini bəyənirəm, sizə qarşı təzyiqləri pisləyirəm. Deputat obyektiv tənqid edənin tərəfində olmalıdır, verdiyi şikayəti araşdırılıb dəqiqləşdirilməmiş hansısa məmurun yox...

Təqdim etdi: Seymur Abbas
(tezadlar.az)



Fikrini bildir