SON XƏBƏRLƏR
ll Əbdülhəmidin sarayda vəzifə verdiyi azərbaycanlının nəticəsi: "Maddi imkanım zəif olduğundan Şəkiyə gedə bilmirəm" - VİDEO

Yazının dərc olunma Tarixi: 10/8/2019

İstanbulun ən böyük məzarlıqlarından olan Qaraca Əhməd məzarlığında dəfn edilən Azərbaycanın önəmli şəxsiyyətlərindən biri də, ömrünün çoxunu Osmanlı saraylarında keçirən Məhəmmədəmin Darğazadədir. Məhəmmədəmin Darğazadənin ailəsinin dəfn olunduğu məzarlıqda onun 60 yaşlı nəticəsi şair Murad Darğa ilə görüşdük.

Murad Darğanın "Report"un Türkiyə bürosuna müsahibəsini təqdim edirik:

- Murad bəy, bizə biraz babanızın həyatından danışın. Azərbaycanın Şəki şəhərindən İstanbula qədər uzanan tarix dolu ömür yolu hər kəsə maraqlıdır. Ailədə bu irsi ən çox araşdıranlardan biri kimi nə deyə bilərsiniz?
- Babamın ailəsi Şəkidə çox adlı-sanlı bir ailə olub. Atası Hacı Əbdürrəhim bəy Hindistan və Fransa arasında ipək ticarəti ilə məşğul olurmuş. Bildiyim qədəri ilə üç övladı - bir qızı, iki oğlu olub. Hindistandan aldığı ipəkləri İstanbul boğazından keçirərək Fransanın Marsel şəhərinə aparıb və orada bunun satışı ilə məşğul olurmuş. Məhəmmədəmin Darğazadə 1854-cü ildə Şəki şəhərində dünyaya göz açıb. Ailəsinin ona qoyduğu ad Məhəmmədəli olub, onun adı Osmanlı sarayında dəyişib. Belə ki, 30 il yanında işlədiyi Sultan ll Əbdülhəmid onun özündən əmin, mərd biri olduğunu görüb və onun adına "əmin" adını əlavə edib. Sultan onu bəzən Məhəmmədəmin bəy, bəzən də sadəcə Emin bəy deyə çağırırmış. Dədəm soyadını dəyişdirməyib. Atası Hacı Əbdürrəhim bəy 1863-cü ildə onu Fransanın Marsel şəhərinə aparıb, orada əmisi oğlu Səlim bəyə və onun həyat yoldaşı Madam Andreeyə əmanət edib və fransız liseylərindən birinə qoyaraq Şəkiyə dönüb. O zamanlar onun 9 yaşı olub. Yalnız 6 ildən sonra Fransaya qayıdan atası 15 yaşlı Məhəmmədəmini İstanbula gətirir. Daha sonra o, dərslərin fransızca keçirildiyi Məktəbi-Sultaniyyədə təhsilini davam etdirib. O məktəbdə bir müddət haqsızlıqlarla üzləşdiyi üçün məktəbini dəyişib.

- Hacı Əbdürrəhim bəy oğlu Məhəmmədəmin bəyə sevdiyi xanımla ailə qurmağa icazə verməyib, deyəsən...
- Əbdürrəhim bəyin həyat yoldaşı xəstə olur və gənc yaşda vəfat edib. Əbdürrəhim əfəndi İstanbulu çox sevirmiş və ticarət yolunun üstü olduğu üçün burada çox zaman keçirirmiş. O, oğlunu İstanbula gəldikdən sonra burada dəniz kənarında böyük bir ev alır. Düzdür, Məhəmmədəmin bəy internat məktəbində oxuyurdu, yəni oxuduğu məktəblərdə qalırdı, ancaq İstanbulda gözəl bir evləri vardı. Əbdürrəhim bəy ara-sıra oğlunu ziyarət üçün İstanbula gəlib gedirdi. Ömrünün son illərini də İstanbulda keçirib. Onun məzarı da elə buradadır, bir qədər aşağıda dəfn olunub.
Məhəmmədəmin bəy 19 yaşında İstanbulda evlərində qulluqçu işləyən ailənin qızına aşiq olur. Onların arasında böyük sevgi yaranır, Əbdürrəhim bəy oğlunun həmin qızla münasibətinə razı olmur. O, həmin ailəni özünə və oğluna yaraşdırmır. Deyir ki, ancaq sən təhsilli və ziyalı bir ailənin qızı ilə evlənə bilərsən. Məhəmmədəmin bəy psixoloji sarsıntı keçirir. Həkimlər onun bir müddət İstanbuldan uzaqlaşmasını tövsiyə edirlər. Beləliklə, Məhəmmədəmin bəy 1877-ci ilin aprelində səyahətə çıxır.

- Hansı ölkələrə səyahət edir və kitabında nələr yazır?
- Məhəmmədəmin bəy uzun bir yola çıxır. Sonra da qələmə aldığı "Səyahətnamə"sində, “İstanbuldan Asyayi-Vüstaya (Orta Asiyaya) səyahət” kitabını da, elə həmin səyyahət zamanı yazır. 1877-ci ilin aprelində o, İstanbuldan Şəkiyə gedir, ailəsini ziyarət edir, oradan Bakıya dönür. Yoluna davam etmək üçün minəcəyi bərəyə gecikir, on beş gün Bakıda qalır və orada görüklərini qələmə alır. Bakıdan bərə ilə indiki Türkmənistan və Özbəkistana, oradan da Xivə, Daşkənd, Xocənd, Kaşğar, Əfqanıstan və Hindistana gedir. O vaxt atası Əbdürrəhim bəy də, Hindistanda olur. O, ən sonda Hindistanda ticarətlə məşğul olan atasının yana gedib, orada bir müddət qalıb. Sonra yenidən İstanbula dönərək Hüquqi-Şahanə Məktəbində oxumağa davam edib.

O illərdə həm dərsləri ilə məşğul olur, həm də səyahəti zamanı gəzdiyi yerləri və gördüklərini misilsiz bir kitaba çevirir və "İstanbuldan Asyayi-Vüstaya (Orta Asiyaya) səyahət" əsərini yazır. Sözügedən əsərini dostu, azərbaycanlı Əhməd Cövdət Paşanın "Tərcümani-həqiqət" qəzetində parça-parça dərc etdirir. Yazı üslubu və maraqla bir-birini izləyən macəra dolu səyahət o dövrün Osmanlı sultanı olan Sultan II Əbdülhəmidin diqqətini çəkir və sultan onu sarayına çağırır. İlk olaraq səhvə yol verdiyini və sultanın qəzəbinə tuş gəldiyini düşünür, ancaq sarayda Sultan II Əbdülhəmid onu çox gözəl qarşılayır. 1880-ci ilin martın 2-də Sultan ll Əbdülhəmid Məhəmmədəmin əfəndini “Yıldız sarayı”na dəvət edərək sarayın kitabxanasında ona vəzifə verir. Məhəmmədəmin sarayda işlədikdən bir müddət sonra sultanın ən etibar etdiyi adamlarından birinə çevrilir. Məhəmmədəmin bəy tam otuz il sarayda çalışır.

Belə ki, İttihadçılar ll Əbdülhəmidi taxtdan endirdikdən sonra 1909-cu ilin aprelin 27-də Məhəmmədəmin bəy də vəzifəsindən uzaqlaşdırılır. 11 il sonra Məhəmmədəmin bəy yenidən saraya dəvət olunur və Sultan Vəhidəddin onu özəl padşahlıq xəzinəsinin rəhbəri kimi yüksək vəzifəyə təyin edir. Ancaq Məhəmmədəmin bəy Sultan Vəhidəddinin iş prinsiplərini bəyənmir. Belə ki, sultan xəzinədən tez-tez vəsait götürərək bərxərclik edir və saray büdcəsinin altını üstünə çevirirmiş. Ona görə də, Məhəmmədəmin bəy xəstə olduğunu bəhanə edərək həkimdən kağız alır və işindən istefa verir.

- Nənənizin Məhəmmədəmin bəy haqqında danışdığı xatirələrindən yadınızda olanlardan nə danışa bilərsiniz?
- Məhəmmədəmin bəy türk dilindən başqa ərəb, fars, latın, osmanlıca və fransız dillərini çox yaxşı, ingilis, alman və italyan dillərini isə orta dərəcədə bilirdi. Sarayda da, onun bu keyfiyyətləri Sultan ll Əbdülhəmidin diqqətindən yayınmayıb və sultan Məhəmmədəmin bəyə çox böyük dəyər verirmiş. O, fransız dilini güclü bildiyindən Sultan ll Əbdülhəmidə romanlar tərcümə etmişdi. O, ll Əbdülhəmidin sevdiyi məşhur fransız yazıçısı Jül Vernin “Mərkəzi-Ərzə səyahət” və “Beş həftə balon ilə səyahət” əsərlərini Osmanlı dilinə tərcümə edərək sultana hədiyyə edib.

Gecələr Sultan ll Əbdülhəmid yatmadan öncə Məhəmmədəmin bəy ona kitablar oxuyarmış. Xüsusilə də, Jül Vernin fransız dilində olan kitablarını Məhəmmədəmin bəy bir başa türkcəyə çevirərək sultana oxuyurmuş. O, vaxtının çoxunu kitabxanada keçirirmiş. Həm kitab yazır, həm tərcümələr edir, həm də sultanın yazı işləriylə məşğul olurmuş. Məhəmmədəmin bəyin bizə qədər gəlib çatan 6 kitabı var. O, “İpək böcəyi bəsləmək üsulu” kitabında ipəkçiliyin bütün xırdalıqlarını qələmə alıb. “Sığır bəsləmək üsulu” və “Müsəvvər tərifi-heyvanat” kitabında isə heyvanlar aləmindən danışılır, heyvan növləri tanıdılır. Bundan başqa Məhəmmədəmin bəyin qələmə aldığı “Müəllimi-lisanı-farsi” əsəri fars dilini türklərə öyrətmək üçün yazılıb və sonralar bu kitab dərslik olaraq istifadə olunurdu. Məhəmmədəmin bəyin qələmə aldığı “Müsəvvər tərifi-üməm” kitabında isə o dünya millətlərinin tarixindən, insan irqlərindən söz açır . Məhəmmədəmin bəyin farsca və fransızca şeir kitablarının da olduğunu deyirlər, ancaq mən onları görməmişəm. Onun kitablarından bəziləri yanıb və ya yoxa çıxıb. Hətta "Səyyahətnamə"sinin son parçası yanmışdı.

Məhəmmədəmin bəy, o dövürdə həm də, sarayın politoloqu idi. Belə ki, Sultanın qonağı olan bir çox hökmdarları da Məhəmmədəmin bəy qarşılayıb, onlara mehmandarlıq edirmiş. Sultanın göstərişi ilə Almaniya kansleri II Vilhelmi qarşıladığı və ona mehmandarlıq etdiyi haqda yazılarda qeyd olunub. O, həm də sarayın politoloqu idi. Onu sarayda “Mabeynçi Əmin bəy” kimi tanıyırmışlar.

Sultan ll Əbdülhəmid Məhəməddəmin bəyə İstanbulun ən gözəl mənzərəsində, Marmara dənizinin sahilində çox böyük ərazidə torpaq və böyük bir imarətgah hədiyyə edib. Elə bundan istifadə edən Məhəmmədəmin bəy Şəkidə yaşayan qardaşını və yaxın qohumlarını İstanbula yanına gətirir. Onun qardaşı Həsən Behcet Paşa Osmanlı ordusunun ən öndəgedən general-mayoru vəzifəsinə yüksəlir. Onun qohumlarından ibarət, təxminən, qırx ailə Məhəmmədəmin bəyin sayəsində Osmanlıda çox əhəmiyyətli işlərdə çalışırlar.

Nənəm danışırdı ki, Məhəmmədəmin bəy sultan Əbdülhəmidin çox ağıllı və müdrik olduğundan tez-tez bəhs edərmiş. Hətta bir gecə Məhəmmədəmin bəy sultana Jül Vernin “Aya səyahət” kitabını oxuyurmuş və Sultan ll Əbdülhəmid “Emin bəy, sizcə bir gün insanlar aya səyahət edə biləcəkmi?” deyə, Məhəmmədəmin bəydən soruşur. Məhəmmədəmin bəy isə cavabında "siz bilirsiniz, sultanım" deyib. Sultan “əlbəttə gediləcək, Emin, əlbəttə gediləcək” deyə cavab verib və bu, Məhəmmədəmin bəyi çox təəccübləndiribmiş. Görürsüz, indi insanlar aya səyahət edir. O vaxt belə onun bunu düşünməsi nə qədər dərin zəkaya sahib olmasından xəbər verir.

- Murad bəy, Məhəmmədəmin bəy saraydan ayrıldıqdan sonrakı vaxtlar həyatını harada davam etdi?
- Məhəmmədəmin Darğazadə saraydan ayrıldıqdan sonra Acıbadəmdə köşkünə çəkilir və orada yaşıyır. Ailəsi və yaxınları Sultan ll Əbdülhəmidlə bağlı yaşadığı maraqlı xatirələrini yazmasını çox istəyirlər, ancaq o yazmır. Deyir ki, yazdığım bəzi şeylər xoşlarına gəlməyə bilər və arxamdan söz edilməsini və ya narazılıq olmasını istəmirəm. İndi düşünürəm ki, kaş yazaydı. Çünki mənim də unutduğum və nənəmin mənə danışdığı o sarayda elə maraqlı hekayələr var ki. Onu da deyim ki, Məhəmmədəmin Darğazdə üç dəfə ailə həyatı qurub. Bir həyat yoldaşından, ümumiyyətlə, uşağı olmur. Nənəmdən isə babam doktor Əhməd Səid Darğa dünyaya gəlir. Üçüncü həyat yoldaşından isə Xeyriyyə xalam dünyaya gəlir. Xeyriyyə xalamın da iki övladı olur, Zərifə və Emin Kərimzadə. Emin Kərimzadənin qızı Ayşə Darğazadə Türkiyənin ən məşhur arxeoloqlarından idi. Təzəlikcə vəfat etdi. Məhəmmədəmin bəy 1925-ci ilin sentyabrın 16-da 71 yaşında İstanbulda dünyasını dəyişib.

- Şəki şəhərində qohumlarınız varmı? Darğazadə nəsli orda davam edirmi?
- Mənim bildiyim qədəri ilə Şəkidə indi Darğazadələrdən heç kim qalmayıb. Məhəmmədəmin bəyin ailəsinin yaşadığı ev son illərə qədər dururdu. 3 mərtəbəli, ağaclardan istifadə edilərək tikilən çox gözəl ev idi. Qohumlarımızdan biri Şəkidə həmin evi ziyarət etmiş və videolar çəkmişdi. İndi o evin dururmunu bilmirəm. Şəki şəhəri mənə maraqlı gəlir, bəlkə də, ailəmin bir parçası olduğu üçün elə düşünürəm. Mən çox istəyərdim ki, oraları görüm. Ancaq təəssüf ki, buna maddi imkanım çatmır. Mənim atam babasından qalan bütün mirası satıb, yox edib. Hətta dədəmin şəkilləri və arxivinin çox qiymətli parçaları belə ucuz qiymətə satılıb. Uşaqlığımın keçdiyi Acıbadəmdəki köşkümüzdə satılıb. İndi binanın ən alt zirzəmisində olan evdə yaşayıram. Məhəmmədəmin bəydən bizə indi heç bir şey qalmayıb, nə dəniz kənarında saraylarımız, nə də var-dövlətimiz var. İstəyərdim ki, Azərbaycanda tarixçilər onun həyatını və kitablarını araşdırıb yazılar yazsınlar. İstanbulda doktorantura təhsili alan, gənc tədqiqatçı Dilqəm Əhməd Məhəmmədəmin Darğazadə ilə bağlı çox araşdırmalar aparır və hətta mətbuata da çıxıb, dədəmin həyat və yaradıcılığı üçün apardığım araşdırmalarda mənə ən çox o dəstək olur. İnanıram ki, Məhəmmədəmin Darğazadə haqqında bilinməyənlərin ortaya çıxarılması üçün Azərbaycanın gənc tədqiqatçıları və tarixçiləri araşdırmalar aparacaqlar.




Fikrini bildir