SON XƏBƏRLƏR
"Azərbaycan" qəzetinə "Rəsmi Dövlət qəzeti" statusunu kim verib? - ŞƏRH

Yazının dərc olunma Tarixi: 2/9/2019

Yaxud, Bəxtiyar Sadıqovun "Rəsmi Dövlət qəzeti" hədəsi ilə "Korrupsiyaya qarşı mübarizə qəzeti" kimi şüarlardan istifadə edənlərin hədəsi arasında hansı paralellik var?!

Azərbaycan Mətbuat Şurası uzun illərdir özündə "Reket jurnalistikaya qarşı mübarizə komissiyası" yaradaraq «reket qəzet»lərə qarşı mübarizə aparır. Bu başqa mövzudur ki, belə mübarizə aparılandan bəri ölkəmizdə reketçiliyə və dələduzluğa görə tutulan "jurnalist"lərin də sayı artıb.

"Azərbaycan" qəzetinə "Rəsmi Dövlət qəzeti" statusunu kim verib? - ŞƏRH

Məsələ ondadır ki, AMŞ-dakı məlum komissiyanın ən fəal üzvlərindən biri də "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqovdur. Onun indiyədək yaddaqalan yazıları da elə reketçiliklə məşğul olan KİV-lərə qarşı mübarizə barədə olub.

Dünən isə Millət vəkili, YAP İcra katibinin müavini Siyavuş Novruzov Bəxtiyar Sadıqovun hansı reketçiliklə məşğul olduğunu açıb tökdü. Guya işçilərini başsağlıqlarının çapından topladığı vəsaitlə dolandırdığını daim dilə gətirən baş redaktora S.Novruzovun cavabı kəsə oldu: ""Bəxtiyar Sadıqov deyir ki, "Azərbaycan" qəzeti Milli Məclisin orqanı olmasına baxmayaraq, bizə heç kəs kömək eləmir… Birinci növbədə dövlət onların kağız pulunu, çap pulunu da, icarə haqqını da – “Azərbaycan” nəşriyyatından bunu öyrənə bilərsiniz – hamısını ödəyir. Yəni qəzet havayı çap olunur. Əlavə yazılar-filanlar da öz yerində. Qəzet işçiləri bilirlər ki, əlavə gəlirlər də olur. İkinci növbədə bütün respublikada hər bir dövlət və hökumət orqanı, dövlət müəssisəsi bu qəzetə abunədir, pul köçürür. Bu vəsait hesabına da jurnalistlərin əmək haqqını tam şəkildə ödəmək mümkündür. Sən bu yükü jurnalistin boynuna niyə atırsan ki, jurnalistə əmək haqqını hardan verim? Mənbəni mən göstərirəm, get, o mənbədən ver! Üçüncü tərəfdən, başsağlığı ilə camaata maaş vermək olmaz! O, Allah tərəfindən də halal qəbul olunmur. Birinin şərinin hesabına digəri xeyir qazana bilməz! Dində də, Peyğəmbərimizdə də, Həzrəti Əlidə də o məsələ tamamilə qeyri-qanuni hesab olunur, şəriətə uyğun sayılmır. Ona görə də əgər jurnalistin əməkhaqqını başsağlığı ilə verirsənsə, onda vay o jurnalistin halına!"

Hörmətli S.Novruzovun məhz "…Əlavə yazılar-filanlar da öz yerində. Qəzet işçiləri bilirlər ki, əlavə gəlirlər də olur…" deməsi isə B.Sadıqovun hansı səviyyədə təmiz reketçi olmasına açıq işarədir.

Bəxtiyar Sadıqovun unikal açıq reketçilik üslubu…

Ən maraqlısı, Bəxtiyar Sadıqov AMŞ-da keçirilən iclaslarda daim bir məsələni vurğulayır ki, reketçiliklə məşğul olan KİV-lər başlığında hədə gəlici şüarlardan istifadə edirlər. Məsələn, başlıqda "Korrupsiyaya qarşı mübarizə", yaxud "Qanunçuluğun müdafiəsi", "Vergi yoxlamalarına nəzarət" və s. Amma B.Sadıqov unudur ki, elə özü Milli Məclisin orqanı olan "Azərbaycan" qəzetinin başlığında, dövlət gerbinin yanında «Rəsmi Dövlət qəzeti» sözlərini yazır, bununla da rəhbəri olduğu qəzetin guya dövlətin bir nömrəli qəzeti olduğuna işarə vurur, məmurlara isə çağırış edir ki… O məsələ! Bəs bu nə dərəcədə hüquqi əsaslıdır?

"Təzadlar" qəzetinin baş redaktoru, tənqidi jurnalistikamızın tanınmış simalarından olan Asif Mərzili bu barədə İctimainezaret.com-un suallarını cavablandırdı:

- Hakim elitanın tanınmış simalarından olan Siyavuş Novruzovun Bəxtiyar Sadıqov barədə söylədiklərindən xəbərdaram və düşünürəm ki, artıq o, əməllərinə görə layiqli yerini tapdı… O ki qaldı «Azərbaycan» qəzetinin Bəxtiyar Sadıqov tərəfindən Dövlət qəzeti kimi təqdim edilməsinə, onun əməlləri barədə mətbuatda çox yazılıb, ifşa olunub. Məsələnin məğzi isə ondadır ki, uzun illərdir “Azərbaycan” qəzeti “Rəsmi Dövlət Qəzeti” devizi altında “dədəm mənə kor deyib...” - əzmi ilə çalışmaqdadır. Çünki hamı düşünür: bir halda ki, orda “Rəsmi Dövlət Qəzeti” sözü yazılıb, demək ona Dövlətimiz və dövlətimizin başçısı səviyyəsində səlahiyyətlər verilib. Yəni, Bəxtiyar Sadıqov nə əmr eləsə, o da olmalıdır. Ancaq “Azərbaycan” qəzetinə “Rəsmi Dövlət Qəzeti” statusunun haçan, harda, kim və ya hansı qurum tərəfindən verilməsi barədə heç bir rəsmi sənəd mövcud deyil. Varsa, qoy Bəxtiyar Sadıqov qoysun ortaya. Vaxtilə Fatma Abdullazadənin təhriki ilə X.Məmmədovun oğlunu AzTV-yə çıxarıb dünya şöhrətli alimin «Təzadlar»dakı fotoşəklinin çıxartdırılmasını daim dilə gətirən Bəxtiyar indii bu sözə nə deyə bilər? Sənin nə ixtiyarın var ki, MM-nin orqanı olan bir qəzetə savadsızcasına «Rəsmi Dövlət qəzeti» yarlığı yapışdırıb məmurlara sənə lazım olan mesajı verirsən?

- Bu barədə harasa rəsmi sorğu göndərmisinizmi?
- Göndərilib… Konfidensial sorğu zamanı hamı (o cümlədən, təsisçi tərəf də) dedi ki, biz belə sənəd görməmişik. Təbii, Milli Məclis təsisçiliyi hələ “Dövlət orqanı” demək deyildir. Bu barədə konkret status verən rəsmi sənəd yoxdursa, demək, bəzi reket qəzetlər camaata xox gəlmək üçün öz başlıqlarına yekə-yekə “Hüquqi-qançuluq qəzeti”, “Korrupsiya ilə mübarizə qəzeti”, “İnzibati-istintaq-araşdırma qəzeti”, “Aşkarlıq uğrunda cinayətkarlara qarşı mübarizə qəzeti” və s. bu sayaq cəfəng devizlər yazıb respublikanın canına daraşdıqları kimi, eynən “Azərbaycan” qəzetinin rəhbərliyi də heç bir sənədə əsaslanmadan şəxsi təşəbbüsü ilə “Rəsmi Dövlət Qəzeti” devizini başlığa yazıb illərdir at oynadır. Ölkədəki reallıq zəminində psixoloji baxımdan kimsə də bu məsələyə toxunmağa cürət etmir... Halbuki, əslində, görkəmli Dövlət xadimi Heydər Əliyev Azərbaycanda senzuranı və Mətbuat Nazirliyini ona görə ləğv etmişdi ki, müasir demokratik cəmiyyətlərdə Dövlətin Mətbuat üzərində heç bir nəzarətedici funksiyası olmamalıdır və Mətbuat Dövlətin deyil, Azad Sözün meydanı kimi fəaliyyət göstərməlidir. Bu, demokratik düzənin başlıca prinsiplərindəndir. Məqsəd də Dövlətin strukturlarına ictimai nəzarəti təmin etməkdir. Heydər Əliyev beynəlxalq hüquqla, Avropa dəyərləri ilə, ictimai rəylə ölkənin inkişafını uzlaşdıra bilən siyasət qrossmeysteri idi – çox geniş, əhatəli, hərtərəfli düşünən Dövlət başçısı idi. Mətbuata qarşı da çox həssas idi. Elə Mətbuat Şurası məhz demokratik özünüidarə institutu kimi Avropa Birliyinin ötkəm nümayəndələrinə görk olaraq yaradılmışdı (ancaq təəssüf ki, Heydər Əliyevin yoxluğunda bir çox dəyərlər transformasiyaya uğradığı kimi, AMŞ da “qapaz altına” salındı). Uzaqbaşı Hökumətin rəsmi sənədlərini yaymaq üçün mətbu orqan mövcud ola bilər (Məsələn, Rusiyada «Pravitelğstvennaə qazeta» var, Türkiyədə “Resmi Qazeta” var ki, onlar Dövlətin deyil, Hökumətin yanında yalnız Qərar və Sərəncamlar çap edən bülletenlərdir. İctimai-siyasi həyata müdaxilə etmir və “Azərbaycan” qəzeti kimi meydan sulamır).

- Bəs necə olmalıdır?

- Bizdə də rəsmən Dövlətin heç bir qəzeti olmamalı idi və hüquqi baxımdan da yoxdur. “Prezident Administrasiyasının İşlər İdarəsinin və redaksiya kollektivinin” müştərək orqanı kimi iqtidaryönlü – “Xalq qəzeti”, “Bakinskiy Raboçiy» statusu da Dövlət orqanı deyil. Çünki İşlər idarəsi İcra Aparatından – Administrasiyadan fərqli, sırf təsərrüfat işlərilə məşğul olan bölmədir və Dövlətin siyasətini nəinki yürütmür, ümumiyyətlə siyasətə, Dövlət işlərinə qarışmır. O, binaya baxır, qaraja baxır, yeməkxanaya baxır, mebellərə baxır, dəftər-qələm alır və s. O cümlədən, redaksiyanın ancaq texniki təchizatına kömək edir. Həmin qəzetlər rəsmən Dövlət qəzeti sayılmır. Yaxud hansısa nazirliyin mətbu orqanı varsa, bu da sadəcə sahə qəzetidir, dar çərçivədə öz sahəsinə aid məlumatları yayır. Məs., Gömrük Komitəsinin, Qaçqınkomun və s. Həmin mülahizələrə görə AzTV-ni də əvvəlki DövlətTeleRadio Komitəsindən “Səhmdar Cəmiyyətə” çevirdilər və s. Beləliklə, mətbuatın tam azad sayıldığı müstəqil, demokratik Azərbaycan Respublikasında “Rəsmi Dövlət Qəzetinin” olması təzadlı haldır. Ancaq görünür Dövlətlə Hökuməti ayıra bilməyən cavabdeh şəxslərin, elə Bəxtiyar Sadıqovun siyasi savadı çatmadığı üçün, MM-in təsis etdiyi Parlament xəbərləri funksiyalı sahə qəzetinin mənimsədiyi təzadlı “statusa” da fikir verməyiblər və illərdir beləcə qalıb. Heç maraqlanmayıblar da ki, bu statusu təsdiq edən bir rəsmi sənəd varmı-yoxmu?! Qəzetin başındakı bu deviz hardan gəlir axı?! Bəlkə də, əlaqəli şəxslərin qəzetlə ortaq maraqları olduğu üçün səsə salmırlar. Hər iki halda və bütün hallarda, “Azərbaycan” qəzetinə “Rəsmi Dövlət Qəzeti” statusunun verildiyi barədə heç bir rəsmi sənəd olmayıb. Və sənəd olmadığı halda özbaşına bu devizi qəzetə yazmaqda bir məqsəd ola bilər – Dövlət adından sui-istifadə etməklə örtülü reket niyyəti... Əlavə olaraq, münbit şərait daxilində, bu hal Azərbaycan CM-nin Dövlət səlahiyyətlərini mənimsəmə faktı kimi də tövsif oluna bilər... Odur ki, KİV sahəsində çalışan həmkarlarımı, eləcə də hüquqşünasları bu mövzu ətrafında müzakirələrə dəvət edirəm… Və inanıram ki, ölkə rəhbərliyi, eləcə də Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyev bu məsələyə müdaxilə edərək problemin həllinə tapşırıq verəcək. Məsələ ilə bağlı məhkəmədə iddia da qaldırmaq niyyətindəyik. Məqsəd rəsmi sorğu verilərək B.Sadıqovun rəhbəri olduğu qəzetin statusunun necə olmasına aydınlıq gətirməkdir...

- Maraqlı açıqlamaya görə minnətdarıq.

Aytən Həsənli,
İctimainezaret.com



Fikrini bildir