SON XƏBƏRLƏR
Hamilə qadınlara diaqnoz gec qoyulanda...

Yazının dərc olunma Tarixi: 28/10/2019

Səhiyyə Nazirliyinin akademik C.M Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunda “Peripartum kardiomiopatiya”- hamilə qadınlarda və doğuşdan sonrakı erkən mərhələlərdə ürək çatışmazlığına dair” tədbir keçirilib.

Hamilə qadınlara diaqnoz gec qoyulanda... Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildiriblər ki, elmi konfransda hamilə qadınların kardioloji müayinədən keçirilməsinin vacibliyindən danışılıb. Bildirilib ki, hamilə qadınların müayinəsində kardioloq müayinəsi birinci sırada olmadığına görə, onlar üçün ən təhlükəli xəstəlik hesab olunan “peripartum kardiomiopatiya” diaqnozu 80 faiz hallarda doğuşdan sonrakı 1-ci ay müddətində, hətta daha gec - 4 yaxud 5-ci aylarda qoyulur. “Peripartum kardiomiopatiya” hamiləliyin son 4 həftəsində və hamiləlikdən sonraki 5-ci aylar arasında inkişaf edən, ana ölümü ilə nəticələnə bilən ürək problemidir. “Bu, hamiləlik zamanı çox tez-tez rast gəlinən patologiyalardandır. Ürək xəstələrində olan bir sıra şikayətlər - başgicəllənmə, təngnəfəslik, hava çatışmazlığı hissi, uzandıqda boğulma, öskürək, topuqlarda ödem, tez yorulma hamilələrdə adi halda görülən simptomlar olduğu üçün onlara diqqət yetirilmir. Buna görə də əksər hallarda hamilə qadınlardakı mövcud ürək problemləri erkən mərhələdə aşkarlanmır. Diaqnoz qoyularkən isə artıq xəstəlik inkişaf edərək son mərhələyə çatır”, - məlumatda deyilir.

Qeyd edək ki, seminarın keçirilməsində məqsəd bu halların profilaktikası və xəstəliyin erkən diaqnostikası üçün yuxarıda göstərilən şikayətləri olduqda (Peripartum kardiomiopatiya nöqteyi nəzərindən şübhəli görünən) hamiləliyin son aylarında və hamiləlikdən sonra kardioloqun baxışı və exokardioqrafik müayinənin aparılmasının zəruri olduğunu hər kəsin nəzərinə çatdırmaq olub.



Fikrini bildir