SON XƏBƏRLƏR
“Xəstəxanalarımız artıq yeni xəstələr qəbul etməyə qadir deyil...”

Yazının dərc olunma Tarixi: 5/6/2020

Ermənistanda koronavirusla bağlı vəziyyət həyəcan doğurmağa başlayır, ölkədə təsdiqlənmiş virusa yoluxma hallarının ümumi sayı 12 minə yaxınlaşır.

“Xəstəxanalarımız artıq yeni xəstələr qəbul etməyə qadir deyil...”Cümə axşamı günü öz Facebook vasitəsilə müraciətində Baş nazir Nikol Paşinyan keçirilən testlərin son nəticələrini "bəd xəbər" kimi təqdim edib.

"Dünənki testlər nəticəsində yeni 697 yoluxma halı aşkar edilib. Bu, o deməkdir ki, elə bir vəziyyət yaranıb ki, bizim tibb müəssisələrimiz müalicəyə ehtiyacı olan pasientləri qəbul etməyə qadir deyil", - Paşinyan deyib.

Ermənistan Səhiyyə Nazirliyinin 5 iyunun səhərə olan məlumatına görə, bu günədək keçirilən 65161 test nəticəsində Covid-19-a yoluxma hallarının təsdiqlənmiş ümumi sayı 11817-yə çatıb. Gün ərzində daha 547 yoluxma halı aşkar edilib.

Son gün ərzində 7 xəstə (2 kişi və 4 qadın) vəfat edib. Koronavirus 183 pacientin ölümünə səbəb olub, həmin xəstəlikdən müalicə olunan daha 69 pasientin başqa səbəblərdən vəfat etdiyi bildirilir. İyunun 4-nə olan məlumata görə 45 xəstənin sağaldığı qeydə alınıb, sağalanların ümumi sayı 3513-dür, lakin bundan iki dəfədən də çox - 8052 xəstə müalicə olunmaqdadır.

"Müalicə olunanlar arasında 418 xəstənin vəziyyəti ağır, 81 - son dərəcə ağır kimi qiymətləndirilir, 15 xəstə süni nəfəs cihazlarına qoşulub", - cümə axşamı günü Hökumət iclasında səhiyyə naziri Arsen Torosyan deyib.

Onun sözlərinə görə, qızdırması olmayan və digər koronavirusa xas olan əlamətləri büruzə verməyən xəstələr öz evlərində təcrid edilib müalicə olunurlar.Paşinyan hazırda ölkədə koronavirusa yoluxmuş, lakin xəstəliyi simptomsuz keçirən və özlərinin də bundan xəbəri olmayan ən azı 20 min adam olduğunu ehtimal etdiyini bildirib. "Bu adamlarla nəqliyyatda, küçədə, kafedə, işdə rstlaşa bilərsiniz; virus məhz bu insanların vasitəsilə yayılır. Odur ki, qorunmaq üçün ehtiyatlı olmalı hamımız bir-birimizə potensial virus daşıyıcısı kimi yanaşmalıyıq", - deyə Paşinyan özünün də bu kimi virus daşıyıcısı olaraq, ailə üzvlərini yoluxdurduğunu deyib.

Baş nazir Paşinyan özü də iyunun 1-dən ailə üzvləri ilə təcrid olunub, ev şəraitində müalicə olunur.Buna baxmayaraq, o, internet vasitəsilə öz vəzifəsini icra edir: Hökumət iclaslarını keçirir, Koronavirusla mübarizə üzrə komendaturanın yığıncaqlarında və mətbuat üçün brifinqlərdə virtual iştirak edir.

Problem "qaydaya əməl etməməkdədir"

Koronavirus pandemiyası ilə bağlı Ermənistanda martın 16-da elan edilmiş fövqəladə vəziyyətin müddəti aprelin 13-dən sonra iki dəfə 30 gün uzadılıb. Lakin martın 24-dən sonra azad hərəkət etmək və müəyyən iqtisadi fəaliyyət qadağaları ləğv edilib, mayın 18-dən sonra isə, infeksiya təhlükəsizliyi qaydalarına əməl etmək şərtləri ilə, ictimai nəqliyyat, uşaq bağçaları, idman və gözəllik salonları, kafe və restoranların fəaliyyətinə icazə verilib.

Baş nazir hesab edir ki, məhdudiyyətlər aradan qaldırıldıqdan sonra vətəndaşlar "həddən çox arxayınlaşıb", karantin qaydalarına riayət etməyib, əksinə "məsuliyyətsiz hərəkətləri ilə" virusun daha intensiv yayılmasına şərait yaradıb."Hazırda Ermənistanda səhiyyə ilə bağlı problem yoxdur, asayiş qaydalarına əməl etmə problemi mövcuddur," - Paşinyan Facebook canlı yayımında deyib.

Paşinyan əhalinin cəmləşdiyi yerlərdə - ticarət və yeyinti obyektləri, ictimai nəqliyyat, poçt, bank və s. yerlərdə epidemioloji təhlükəsizlik şəraiti yaradılmadığını qeyd edib."Mən xalqın mübarizəsi və istəyi ilə inqilab nəticəsində bu vəzifəyə [Ermənistan baş naziri] gəlmişəm. Məgər mən qayda-qanun yaratmaq üçün xüsusi təyinatlıları çıxarıb əhalini dəyənəklərlə döydürməliyəm? Mən bunu edə bilmərəm," - o deyib.

Paşinyan öz Facebook səhifəsində epidemiya ilə mübarizə qaydalarına əməl edilmədiyini əks etdirən fotoşəkillər yerləşdirməyə başlayıb. Bu şəkillərdə qadağan olunmuş kütləvi tədbirlər, tibbi maska və əlcək taxmamış ticarət işçiləri, sərnişinlə dolu avtobuslar əks olunub. Epidemiya xəbərdarlıqlarına baxmayaraq, bəzi valideyn və məktəblər gizli şəraitdə buraxılış sinif şagirdləri üçün şənlik tədbirləri təşkil edirlər.

Sosial şəbəkələrdə bəzi istifadəçilər Baş nazir Paşinyana onun Şuşada Arayik Harutyunyanın andiçmə mərasimindən sonra ziyafət zamanı epidemioloji təhlükəsizlik qaydalarına riayət edilmədiyini irad tuturlar. Şəbəkədə yayılmış şəkildə görünür ki, masa arxasında toplaşanların əksəriyyəti nə maska taxıb, nə də sosial məsafə saxlayır.

Koronavirus epidemiyası ilə bağlı yaradılmış komendatura karantin şəraitlərini dəyişmədən, sadəcə, tələblərin yerinə yetirilməsi üzərində nəzarəti gücləndirmək qərarındadır. Komendant, baş nazir müavini Tiqran Avinyan Yerevan, Gümri, Vanadzor və Ermənistanın başqa rayonlarında epidemioloji təhlükəsizlik qaydalarını pozan onlarla müəssisələrdə cəza tədbirləri tətbiq olunduğunu bəyan edib.

Paşinyanın sözlərinə görə, ümumilikdə 1600-ə qədər müəssisənin fəaliyyəti dayandırılıb.Vanadzorda böyük tikiş kombinatı, Armavirdə böyük ticarət mərkəzi 2-3 gün müddətinə bağlanıb, icazə veriləndən artıq sərnişin aparan sürücülər, sərnişinləri maska və əlcək taxmayan nəqliyyat sahibləri cərimələnir.

Bu gündən artıq tək qapalı deyil, həm də açıq ərazilərdə hamının tibbi maska taxması tələb olunur."Bayırda olan 6 yaşından böyük, idmanla məşğul olan və ya velosiped sürənlərdən başqa bütün vətəndaşlar mütləq maska taxmalıdırlar," - çərşənbə günü brifinq zamanı Tiqran Avinyan deyib.

Küçələrdə polis işçilərinin sayı artıb, onlar hətta binaların həyətinə və uşaq meydançalarına daxil olurlar.Komendant yenidən daha sərt karantin şərtlərinin, iqtisadi fəaliyyət üzrə qadağaların və komendant saatının tətbiqi ehtimalını da istisna etməyib. (BBC)



Fikrini bildir