SON XƏBƏRLƏR
Təhsil Nazirliyindən həyəcan təbili (VİDEO)

Yazının dərc olunma Tarixi: 23/9/2020

Təhsil Nazirliyindən həyəcan təbili (VİDEO)
Dərs ili başlayandan 21 sentyabradək 95 şagird və 26 işçi heyəti olmaqla 121 nəfərdə koronavirus aşkarlanıb. Həmin şagirdlərin əksəriyyəti yuxarı siniflərdə təhsil aldıqları üçün ümumi təhsil müəssisələrinə gəlməyiblər. Bu şəxslər ümumilikdə 346 nəfərlə təmasda olub.

Tədris ilinin bir həftədir, başlamasına baxmayaraq yaranan vəziyyət təhsil ictimaiyyəti arasında narahatlığa səbəb olub.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov bir həftə ərzində olan yoluxma hallarını ümumi təhsilalanlara nisbətdə qorxulu hesab etmir:

“Bizdə təhsil alanların sayı 1 milyon 600 min nəfərdir və onların arasında 121 nəfərdə koronavirus aşkarlanıbsa, bu, ciddi problem deyil. Ənənəvi tədris daha da genişlənməlidir. Çünki 121 nəfər 1 milyon 600 min şagirdin 1 faizini belə təşkil etmir. Bu onun 1000-də 1 faizini təşkil edir.

Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov isə məktəblilər arasında yoluxmanı təhlükəli hal hesab edir amma bununla yanaşı, təhsil alanların təhsildən geri qalmasını da yolverilməz hal adlandırır.

Dünya təcrübəsinə nəzər salsaq görərik ki, bir sıra ölkələrdə artıq ənənəvi təhsil bərpa olunub.

Böyük Britaniyanın Baş həkimi, professor Kris Uitti deyib ki, Uşaqların məktəblərə qayıtmamağı, onlara koronavirusdan daha çox zərər verə bilər. Pandemiyanın davam etməsinə baxmayaraq İngiltərə, Uels, Şimali İrlandiya, Şotlandiyada məktəblər açılıb və şagirdlərə verilən ənənəvi təhsil bərpa edilib. Fransa, Litva, Macarıstanda da şagirdlər yeni tədris ilindən təhsillərini əyani formada davam etdirirlər.

Avstriya müəyyən sosial məsafə gözləməklə buraxılış sinifləri üçün dərsləri siniflərdə təşkil edib. Bəzi məktəblər sinifləri idman zallarına köçürərək, bəziləri isə sinifləri iki yerə bölünərək sosial məsafəni təmin ediblər.

Belçikada ibtidai və orta məktəblərin buraxılış sinifləri sosial məsafə qaydalarına əməl etməklə dərsləri siniflərdə keçirlər. Siniflərdə şagird sayı 10 nəfər olmalı, 12 yaşdan yuxarılar isə maska taxmalıdırlar.




Fikrini bildir