SON XƏBƏRLƏR
ERMƏNİSTAN OMBUDSMANININ "YARALANMIŞ JURNALİSTLƏR" YALANI

Yazının dərc olunma Tarixi: 25/12/2020

ERMƏNİSTAN OMBUDSMANININ "YARALANMIŞ JURNALİSTLƏR" YALANI
Əflatun Amaşov
Azərbaycan Mətbuat Şurasının sədri

...Ermənistan Ombudsmanı özünün növbədənkənar hesabatında Qarabağ müharibəsində Azərbaycan tərəfindən guya jurnalistlərə təzyiq göstərilməsi məsələsini qabardıb. Hesabatda iddia olunub ki, media təmsilçilərinin avtomobilləri atəşə tutulub, nəticədə 5-i xarici, 2-i erməni olmaqla 7 jurnalist ciddi yaralanıb. Sənəddə zərər çəkənlərin fərqləndirici formalarda olduqları deyilib və bu, əsas götürülməklə onlara hücumun qəsdən törədildiyi fikri irəli sürülüb.
Ermənistan Ombudsmanının hesabatında göstərilən fikirlər tam qərəzli mahiyyət daşıyır.
Burada məqsəd əsl həqiqətlərdən uzaqlaşmaq, beynəlxalq hüquq normalarına məhəl qoymamaqla təməl insan hüquq və azadlıqları, o cümlədən söz və ifadə azadlığı üzərində manipulyasiyadır.
Birincisi, Azərbaycan Ordusu heç bir halda mülki vətəndaşlara, o cümlədən peşə vəzifəsini yerinə yetirən jurnalistlərə atəş açmayıb. Bu, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müharibə dövründəki erməni iddialarına cavab olaraq dəfələrlə bəyan edilib.
Erməni tərəfinin mülkülərin atəşə tutulduğunu isbatlamaq üçün fakt kimi göstərdikləri məqamlarda real zərərçəkənlər gözə dəyməyib, yalnız sözlü iddialar qabardılıb. Ancaq Ermənistan silahlı qüvvələrinin Gəncəyə, Bərdəyə, Tərtərə və Ağcabədiyə raket zərbələri nəticəsində 100-dən artıq sıravi şəxs həlak olub. Yalnız Gəncə və Bərdədə yaşanmış faciəni yada salmaq kifayətdir ki, Ermənistanın vandal mahiyyəti isbatlansın. Müharibə müddətində mülkülərin hədəfə alınması bilavasitə Ermənistan dövləti tərəfindən, ölkənin, habelə Qarabağdakı separatçı xunta rəhbərliyinin göstərişi ilə reallaşdırılıb.
Məsələnin ikinci tərəfi budur ki, Ermənistan hakimiyyəti hər bir halda Qarabağda baş verənlərə, habelə Ermənistandan və xarici ölkələrdən bölgəyə jurnalistlərin cəlb edilməsinə görə günahkardır. Çünki Dağlıq Qarabağ və işğala məruz qalmış başqa rayonlar Azərbaycan əraziləridir. Ora həm Ermənistanın, həm də digər ölkələrinin media təmsilçilərinin gəlmələri Azərbaycanla razılaşdırılmalı idi. Ermənistan hakimiyyəti illərlə Azərbaycan torpaqlarını işğal altında saxlayaraq beynəlxalq hüququn norma və prinsiplərinə etinasız yanaşdığı kimi, jurnalistlərin də bölgəyə gəlməsinin hüquqi prosedurlarına məhəl qoymayıb.
İstər müharibə dövründə, istərsə də müharibəyə qədər təhlükəsizliyə heç bir təminat vermədən jurnalistlərin münaqişə bölgəsinə gətirilməsi halları dəfələrlə qeydə alınıb. Bunun özü onu deməyə əsas verir ki, Ermənistan Ombudsmanının hazırladığı hesabat ən azı problemə yanaşma baxımından yanlışdır.
Müharibə müddətində Ermənistanın beynəlxalq hüquqla tanınmış ərazilərində mülkü vətəndaşlar kimi, jurnalistlər də zərər görməyiblər. Ermənistan hakimiyyəti isə əcnəbi jurnalistləri Azərbaycan əraziləri olan qaynar nöqtələrə aparmaqla onların təzyiqlə üzləşmələrinə çalışıb. Bilərəkdən jurnalistləri hədəfə çevirib ki, mümkün təhlükələrdən divident qazansın. Ermənistan Ombudsmanının hesabatı eyni yolun davamıdır.
Digər tərəfdən, müharibə müddətində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın cəbhə xəttinə yaxın rayonlarında, eləcə də işğaldan azad edilmiş yerlərdə peşə vəzifəsini yerinə yetirən jurnalistlərə çoxsaylı hücum faktları qeydə alınıb. Azərbaycan telekanallarının – AZTV-nin, İTV-nin çəkiliş qruplarını daşıyan avtomobillər dəfələrlə atəşə tutulublar, zərər görüblər.
29 sentyabr 2020-ci il tarixdə Azərbaycanın İctimai Televiziyasının (İTV) əməkdaşları Tərtər rayonu ərazisində Ermənistan silahlı birləşmələrinin hücumuna məruz qalıblar. Nəticədə şirkətə məxsus avtomobil yararsız hala düşüb, TV əməkdaşları yalnız möcüzə nəticəsində sağ qalıblar. Oktyabrın 19-da isə AZTV-nin əmədaşı Anar Həsənov (Anar Şuşalı) Ağdam rayonunun Bənövşələr qəsəbəsində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində yaralanıb.
Eyni zamanda bildirilməlidir ki, oktyabrın 25-də “Euronews” telekanalının çəkiliş qrupu Azərbaycanın işğaldan azad edilmiş Talış və Suqovuşan kəndlərində peşə faəliyyətini yerinə yetirərkən, Ermənistan silahlı qüvvələri tərəfindən kornet tipli tank əleyhinə raketlə atəşə tutulub.
O da vurğulanmalıdır ki, müharibə dövründə Dağlıq Qarabağ münaqişəsi, hərbi əməliyyatlarla, insanlara dəymiş ziyanla bağlı obyektiv, tərəfsiz reportajlar hazırlayan İtaliyanın “La Repubblica” qəzetinin, Fransanın “TF1” telekanalının və ABŞ-ın “Nyu York Tayms” qəzetinin əməkdaşları öz vətənlərində erməni lobbi və diaspor təşkilatlarının təmsilçiləri tərəfindən hədə-qorxulara, təzyiqlərə, təhqirlərə məruz qalıb, hətta ölümlə təhdid etmə halları ilə üzləşiblər. Azərbaycan tərəfi sadalanan faktlarla bağlı beynəlxalq ictimaiyyəti – xarici media birliklərini, insan hüquqları təşkilatlarını məlumatlandırıb.
Bir daha bildirirəm ki, Ermənistan Ombudsmanın yaydığı hesabatda müharibə zamanı Azərbaycan tərəfindən jurnalistlərə təzyiqlə bağlı iddia olunan fikirlər söz və ifadə azadlığı ilə manipulyasiyadır, reallıqlara kölgə salmaq cəhdidir. Hesabat 44 günlük müharibədə acınacaqlı məğlubiyyətə uğramış Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə aşkar etinasızlıq göstərməyə və bu zaman jurnalistikanı da alətə çevirməyə davam etməsinin bariz nümunəsidir.



Fikrini bildir