SON XƏBƏRLƏR
Qubadlı əməliyyatı- QƏLƏBƏMİZİN BİR PARÇASI

Yazının dərc olunma Tarixi: 18/10/2021

Qubadlı əməliyyatı- QƏLƏBƏMİZİN BİR PARÇASI
...Qubadlı rayonu Azərbaycan Respublikasının cənub qərbində - Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsi arasında yerləşmişdir. Qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, şimaldan Laçın rayonu, Hadrut rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir.
Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan ordu hissələrinin genişmiqyaslı hücumu nəticəsində işğal edilib. Qubadlı şəhəri və rayonun 93 kəndi erməni qüvvələrinin nəzarətinə keçib, rayonun 31 mindən çox əhalisi yurd-yuvasından didərgin düşüb.
Ötən əsrdə Qubadlı dəfələrlə Erməni işğalçı qüvvələrinin hücumlarına məruz qalmışdır. (1915, 1918, 1920). Bu dövrdə bütövlükdə Zəngəzurla birlikdə Qubadlının kəndləri yandırılmış, dinc əhaliyə divan tutulmuşdur. Bununla belə bütün çətinliklərə və əzab-əziyyətlərə baxmayaraq hər dəfə işğalçı erməni qoşunları torpaqlarımızdan qovulmuşdur.
1988-ci ildən başlayaraq Ermənistanla (120 km) və Dağlıq Qarabağla (45 km) sərhəddə yerləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlanmış, dinc əhaliyə qarşı terror törədilməsi sistemli şəkildə davam etdirilmişdir.
1993-cü il avqust ayının sonunadək davam edən 5 illik müharibə zamanı Qubadlı rayonundan 238 nəfər şəhid olmuşdur. Onlardan 9 nəfəri ölümündən sonra Azərbaycan Respublikasının Milli Qərrəmanı adına layiq görülmüşdür.
Laçın, Ağdam, Füzuli, Cəbrayıl rayonları işğal olunduqdan sonra faktiki yarımmühasirə vəziyyətinə düşən Qubadlı rayonu 1993-cü il avqust ayının 30-31-də erməni təcavüzkarı qüvvələrinin işğalına məruz qalmışdır. Erməni işğalı nəticəsində 30 min nəfərdən artıq Qubadlı sakini yurd-yuvalarından didərgin düşmüş, respublikanın 2 şəhər və rayonunda məcburi köçkün kimi məskunlaşmışdır.
Rayonun 1,2 milyard ABŞ dollar dəyərində (1993-cü ilin qiymətləri ilə) şəxsi və ictimai mülkiyyəti erməni işğalçıları tərəfindən talan və məhv edilmişdir.
Ermənilər Qubadlıda 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni yandırıb və talan ediblər. İşğala qədər 33 800 əhalisi olan Qubadlıda 21 orta, 15 səkkizillik, 15 ibtidai məktəb, 7 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib, bu təlim-tərbiyə və təhsil müəssisələrində 1280 nəfər müəllim çalışıb. Rayonda 111 mədəni-maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi və 28 klub, 6 avtoklub olub.
27 ildir ki,Azərbaycan tarixi qan ağlayırdı.Xalqımızın ürəyi acıyla döyünür , torpaq həsrəti ilə sızıldayırdı. Çünki 20 faiz torpaqlarımız düşmən və oğru Ermənistanın tapdağı altında idi. Xalqımız Xankəndi, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan kimi cənnət guşələrimizin işğaldan azad olunacağı günü səbirsizliklə gözləyirdi. Nəhayət illərdir arzusunda olduğumuz o günlər gəldi! Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti ,cənab İlham Əliyevin məqsədyönlü siyasəti , qardaş ölkələr olan Türkiyə və Pakistanın dəstəyi və ən əsas Şanlı Ordumuzun şücaəti sayəsində həsrətində olduğumuz doğma torpaqlarımızda bayrağımız dalğalandı. Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizləyiblər.
2020-ci il noyabrın 26-da “ Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15189 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Torpaqlarımız uğrunda döyüşən igidlərimiz dinc sakinlərə , qadınlara ,körpə uşaqlara qarşı terror aktı törədən erməni cəlladlarından fərqli olaraq, öz canı, qanı hesabına müharibə qanunların uyğun olaraq vuruşdu, torpaqlarını erməni qəsbkarlarından təmizləyib, qorxmadan , çəkinmədən Vətən uğrunda şəhid oldular. Çünki “ Uğrunda ölən varsa, vətən var!” stimulu onlara cəsarət, güc və inam verirdi. Bəli, cənnət guşələrimiz, doğma torpaqlarımız şəhidlərimizin müqəddəs qanı ilə yoğrulub. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı, xalqımıza səbr diləyirik. Təqvimdəki “Qanlı yaddaşımız” “Şanlı Qələbəmiz” sözləri ilə əvəz olundu! Qarabağ Azərbaycandır! Qələbə bizimdir!
A.Məmmədli



Fikrini bildir