SON XƏBƏRLƏR
Baş prokurorluqdakı kollegiya iclasında Kamran Əliyev nələri açıqladı...

Yazının dərc olunma Tarixi: 24/1/2022

Baş prokurorluqdakı kollegiya iclasında Kamran Əliyev nələri açıqladı...
Baş Prokurorluqda 2021-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası başlayıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, iclasda Baş prokuror Kamran Əliyev çıxış edir. Həmçinin rayon və şəhər prokurorlarının da çıxışları nəzərdə tutulub.
Kamran Əliyev çıxışında ötən ildə baş vermiş cinayətlər və cinayətlərin açılması statistikasını açıqlayıb. Bildirib ki, ötən il Baş Prokurorluğun İstintaq idarəsində 328 cinayət işinin ibtidai istintaqı aparılıb və 120 şəxs barəsində 96 cinayət işinin istintaqı yekunlaşdırılıb. Bunlardan 24 şəxs barəsində 17 iş qəsdən adamöldürmə faktları ilə bağlı olub. İstintaq idarəsində ibtidai istintaqı tamamlanan cinayət işləri üzrə 67 milyon 165 min manat məbləğində maddi ziyanın ödənilməsi təmin edilib.
Habelə ötən il Azərbaycanda mənimsəmə və israf etməklə bağlı 219, oğurluqla bağlı 6 207, dələduzluqla bağlı 3 414, soyğunçuluqla bağlı 200, zorlama və zorlamağa cəhdlə bağlı 26, quldurluqla bağlı 100, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 8 571 cinayət faktı qeydə alınıb.
Kamran Əliyev bildirib ki, ötən il Azərbaycanda 612 intihar və intihara cəhd hadisəsi qeydə alınıb. Baş Prokuror qeyd edib ki, bu faktlarla bağlı cinayət işləri başlanıb: "Ümumilikdə 6 nəfər təqsirləndirilən şəxs kimi istintaqa cəlb edilib, 5-nin işi isə məhkəməyə göndərilib, 1 nəfər barəsində olan cinayət işi istintaqdadır".
Baş prokuror məlumat verib ki, ötən il qəsdən adam öldürməyə cəhdlə bağlı 156 cinayət hadisəsi baş verib. Həmin cinayətlərin 155-i açılıb, yalnız bir iş açılmamış olaraq qalıb.
O cümlədən ötən il respublika üzrə məhkəmələr tərəfindən 158 iş üzrə 214 nəfər barəsində bəraət hökmü çıxarılıb.
Kamran Əliyev çıxışında onu da deyib ki, əvvəlki illərdən bağlı qalan cinayət işlərinin açılması məqsədi ilə Baş Prokurorluğun İstintaq idarəsində prokurorluq, daxili işlər orqanları və dövlət təhlükəsizliyi xidmətinin əməkdaşlarından ibarət xüsusi istintaq qrupu yaradılıb və birgə fəaliyyət nəticəsində 2000-2021-ci illərdə qeydə alınmaqla bağlı qalan 8 cinayət işinin açılması təmin olunub.



Fikrini bildir