SON XƏBƏRLƏR
VİDADİ İSGƏNDƏRLİNİN ÇIXIŞLARI HAQQINDA BİR NEÇƏ KƏLMƏ

Yazının dərc olunma Tarixi: 9/3/2018

VİDADİ İSGƏNDƏRLİNİN ÇIXIŞLARI HAQQINDA BİR NEÇƏ KƏLMƏ
Nadir Quliyev
...Dünən Siyavuş Novruzovun müraciətini oxuyanda, doğrusu, bir az anlamadım. Hətta iki cümləlik münasibət də yazmışdım, sonra sildim.
Mən Vidadi İsgəndərlinin atasının qəbrinin təhqir olunduğu haqda eşitmiş, müxtəlif yorumları oxumuşdum. Ancaq nə həmin videonu görmüş, nə də Vidadi İsgəndərlinin çıxışlarını dinləmişdim.
Bu gün vaxt edib həmin videolara baxdım və dəhşətə gəldim. Millətimizin nümayəndələri arasında bu boyda düşmənçiliyin, kin və ədavətin, nifrətin mövcudluğu məni qorxutdu.
Vidadi İsgəndərli vaxtilə çoxlu təhqirlərə məruz qaldığını, bu təhqirlərlə bağlı hüquq-mühafizə orqanlarına dəfələrlə müraciət etdiyini, ancaq tədbir görülmədiyini deyir. Sonra da bunu onunla əsaslandırır ki, ona qarşı təhqirlər ən yüksək səviyyədə - İlham Əliyev tərəfindən sifariş verilir.
Vidadi İsgəndərli, məgər təhqir olunan təkcə sizsiniz? Sosial şəbəkələrdə fəal olan hər kəs təhqir olunmurmu? Sizin addımbaşı adını çəkib, tərbiyəli gənc adlandırdığınız Natiq Ədilov burada məni dəfələrlə təhqir edib. Dəfələrlə başqa müxalifət və iqtidar təəssübkeşləri tərəfindən təhqir olunmuş, amma dərinə getməmək üçün dayanmışam. Siz məgər bütün günahları üzərinə atdığınız İlham Əliyevin özünün, ailə üzvlərinin feysbukda ən tərbiyəsiz formada hər gün təhqir olduğunu görmürsünüz? Amma mən görürəm. Bununla bağlı, yazılarım, müraciətlərim də olub. Buna görə, mənə iqtidar yaltağı deyənlər də tapılıb. Belə olmadığını isbatlamaq zorunda buraxılmışam. Belə adamları dostluğumdan uzaqlaşdırmış, blok eləmişəm. Elə adını çəkdiyiniz Siyavuş Novruzovun özü. Mən sosial şəbəkələrdə Siyavuş Novruzovdan çox təhqir olunan, təhqiramiz formalarda müxtəlif şəkilləri paylaşılan ikinci bir adama rast gəlməmişəm. Nə çox axmaq adam. İndi biz duraq hər bir axmağın, tərbiyəsizin, yaltağın arxasında siyasi sifariş axtaraq?
Etiraf edim ki, prezidentin də, ailəsinin də, digər iqtidar mənsublarının da əllərindəki geniş imkanlara rəğmən, bu təhqirlərə reaksiya verməmələrinə, tədbir görməmələrinə təəccüb etmişəm. Düzdür, bu təhqirləri yazanların çoxu xaricdə yaşayır, ancaq hakimiyyət üçün, zənnimcə, onları xarici ölkələrdə də tapıb, cəzalandırmaq çətin olmaz. Bununla belə, onlar bunu etmirlər.
Vidadi İsgəndərli, hər şeyə görə İlham Əliyevi suçlayır. Ancaq bu son dərəcə yanlış yanaşmadır. Ölkəmizdə mövcud olan bu söyüş-təhqir, yaltaqlıq mühitini səbəbi müllətimizin mədəni-intellektual səviyyəsinin göstəricidir. Mən dəfələrlə yazmışam: intellektdən, bilikdən, ağıldan, mədəniyyətdən məhrum beyinlər ancaq söyüş, təhqir və tərif ifraz edə bilirlər. Bizim sadəcə maariflənməyə, mədəniləşməyə ehtiyacım var. Sizi də, məni də, Siyavuş Novruzovu da, İlham Əliyevi də, başqalarını da təhqir edən adamlar eyni qəbildən olan eyni tərbiyə daşıyıcıları, eyni mədəni səviyyəyə malik adamlardır. Çıxışlarınızdan görünür ki, siz özünüz də onlardan çox fərqli deyilsiniz.
Feysbukda ən çox təhqir olunan insanlardan biri Güntay Gəncalpdır. Şah İsmayıla və səfəviliyə münasibətinə görə, burada ona elə söyüşlər yazırlar, adam utandığından gözlərini tutur. Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri Akif Əli, məşhur alim Lütfi-Zadə haqqında bircə kəlmə "fındıqbaş kişi" demişdi deyə, ona burada nələr yazmadılar. ...ədəbsiz söyüşlərlə təhqir etdilər. Mən o söyüşlərin surətini çəkib paylaşdım və insanları bundan çəkinməyə çağırdım. İndi sizə sual verirəm, Vidadi İsgəndərli, o adamlara sifarişləri kim verir? İlham Əliyev, Kəmaləddin Heydərov, yoxsa Mədət Quliyev?
Mən həmişə deyirəm. Tənqidə qalsa, bu hakimiyyəti illər uzunu mən də kifayət qədər tənqid etmişəm. Ancaq buna görə, bircə dəfə də nə polisə çağırılmışam, nə də telefonda hədələnmişəm. 2013-cü il seçkiləri ərəfəsində İlham Əliyevi tənqid elədiyimə görə, feysbukda bir dəstə trol üstümə töküldü, məni hər cür təhqir elədilər, hədələdilər. İndi mən durub deyim ki, onları İlham Əliyev öyrədib? Axı bunu hansı əsasla deyə bilərəm? Bəlkə, elə onlar İlham Əliyevi nüfuzdan salmaq istəyən hansısa təxribat qruplarıdır? Eyni şəkildə, Əli Kərimlini tənqid edərkən, trollar üstümə tökülüb və onlardan biri də sizin "tərbiyəli uşaq" adlandırdığınız Natiq Ədilov olub.
Bir tanınmış jurnalist, sayt redaktoru var, mənə ən pis söyüşlər yazdı, hələ də saxlayıram, tarix üçün. Adam yaltaqdır də, bununla xoşa gələcəyini düşünür. O sayt redaktorunun nəinki İlham ƏIiyevlə, heç onun 77-ci adamı ilə də əlaqəsi yoxdur.
Vidadi İsgəndərlini prezidentin ailəsi ilə bağlı səsləndirdiyi təhqirləri dərhal dayandırmağa, siyasi mübarizədə bu metodlardan imtina etməyə çağırıram. Mən başa düşürəm, mitinq qabağı insanları coşdurmaq lazımdır, ancaq belə üsullar yaramaz. Hər şey bumeranq effektlidir.
Qəbir təhqir olunubsa, o adamlar tapılıb cəzalanmalı, söyüş və təhqirlər dərhal dayandırılmalı, ümumiyyətlə, bu mühitin bütövlükdə aradan qaldırılması üçün hamılıqla (istər hakimiyyət, istər müxalifət, istərsə də ziyalılar) addımlar atılmalıdır.
Bu üsulla meydanlara milyonlarla adam toplayıb, hakimiyyəti devirsəniz belə, müsbət heç bir şeyə nail olunmayacaq. Hətta durum daha da pisləşə bilər. Bu ölkədə elə bir çaxnaşma yaranar ki, söyüşlər və təhqirlər reallaşar. Bax onda, hamımız peşman olar və İlahm Əliyev dövrünü xatırlayarıq.
Ölkədəki problemlər, yenə də, deyirəm, xalqımızın ictimai-siyasi, mədəni səviyyəsinə adekvatdır. Bunu zamanla, təmkinlə, səbrlə, ağılla həll etməliyik və görünən odur ki, hələ ki, xalqımız hazırkı hakimiyyətə qarşı normal alternativ qoya bilmir.
Avropa ölkələrinə dağılıb, oradakı müəyyən qüvvələrin əliylə burada hakimiyyət çevrilişi etmək, Azərbaycan xalqına heç nə verməyəcək.



Fikrini bildir
TƏQVİM
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30