SON XƏBƏRLƏR
Şantajın anatomiyası

Yazının dərc olunma Tarixi: 13/3/2018

Yaxud, Prezident yanında Ali Attestasiya Komissiyasının şöbə müdiri, professor Arif Ələkbərovun barəsində anonim məktub yazanlara bir neçə söz…
…Ötən şənbə günü Azərbaycan jurnalistlərinin 7-ci qurultayında çıxış edən Prezident Administrasiyasının şöbə müdiri, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov üzünü media nümayəndələrinə tutaraq dedi: «…Nə qədər ki, cəmiyyət var, insanlıq var, həyat var, həmişə opponentlər də olacaq, sadəcə olaraq, onlara opponent kimi baxın, çalışın onların sizə hansı formada öz fikirlərini, nifrətlərini ifadə etməsindən asılı olmayaraq, siz öz xarakterinizdən çıxış edərək Azərbaycan xalqına, jurnalistinə uyğun bir formada cavab verin… Hamı bilməlidir ki, insanları şantaj etməyin axırı yoxdur…”.
Cənab Ə.Həsənov, əslində, jurnalistlərin nümunəsində bu müraciəti Azərbaycan cəmiyyətinə edirdi…
Bunları söyləməkdə məqsədimiz var: artıq neçə dəfədir ki, Prezident yanında Ali Attestasiya Komissiyasının şöbə müdiri, professor Arif Ələkbərova qarşı anonim şikayətlər yazıb «Təzadlar»a göndərirlər. Oxucular bilir ki, redaksiyaya daxil olmuş istənilən şikayətə diqqət ayırırıq və ciddi mahiyyət kəsb edirsə, araşdırır, qarşı tərəfin mövqeyini öyrənməklə ictimailəşdiririk.
Biz də professor Arif Ələkbərovla bağlı daxil olan bu şikayətlərin və əlavə olunmuş məlumatların ciddiliyini nəzərə alaraq xeyli müddətdir araşdırma aparmaqda idik. O dərəcədə ki, aidiyyəti Dövlət qurumlarına rəsmi sorğu da göndərmişdik. Sonda elektron məktubu göndərən şəxsə elektron məktubla da müraciət etdik ki, bu materialda elə məqamlar var ki, onun özü ilə, yəni göndərənlə əlaqə saxlayıb dəqiqləşdirməli, məsləhət almalıyıq. Lakin elektron məktub göndərən şəxsdən xəbər çıxmadı… Və bu yaxınlarda oxşar şikayət yenidən daxil oldu. Yenə də həmin şəxsə elektron məktubla müraciət etdik. Yenə də susqunluq! Artıq başa düşdük ki, bu məktub qisas almaq, A.Ələkbərovu şantaj etmək məqsədlidir, hansısa ədalətsiz mübarizə üsuludur. Sadəcə, belə demək mümkünsə, həmin qisasçı «ilanı seyid Əhməd əli ilə…» tutmaq istəyir və redaksiyanın imkanlarından bəhrələnmək arzusundadır.
Hörmətli elektron məktub müəllifi! Biz həm də bu müddətdə müasir texnikanın imkanlarından istifadə etməklə sizin kimliyinizi də araşdırdıq. Bizə hər şey məlumdur… Lakin biz heç vaxt mənbəni qarşı tərəfə ötürmürük. Bunu qanun nə dərəcədə qadağan edirsə, jurnalist vicdanımız və peşə etikamız bundan onqat artıq məsuliyyət yükünü çiynimizə qoyub.
Amma yetər ki, Azərbaycanın tanınmış aliminə, görkəmli dövlət xadimi Heydər Əliyevin tövsiyyəsi ilə bir vaxtlar Minskdə təhsil almağa göndərilən seçilmişlərdən olmuş Arif Ələkbərova qarşı şantaj və böhtan, nüfuzunu ləkələməyə hesablanmış materiallardan istifadəyə son verilsin.
Biz göndərdiyiniz həmin materialları yoxlamaq üçün prof. A.Ələkbərov barədə əlavə məlumatlar da topladıq. Bu məlumatları müxtəlif mənbələrdən (ziyalılardan, tanınmış ictimai-siyasi xadimlərdən, nüfuzlu elm adamlarından aldıq. Lazım gələrsə onların adlarını və A.Ələkbərovun barəsində söylədikləri çıxışlarını olduğu kimi təqdim edərik) aldıq. O nəticəyə gəldik ki, prof. A.Ələkbərov dövlətçiliyə, ölkə Prezidentinə, millətimizə xidmət edən bir ziyalıdır. Onun, xüsusilə də, Belorusiyada yaşadığı dövrdə Azərbaycan diasporunun formalaşması üçün göstərdiyi fəaliyyətini bizə danışdılar. Məlum oldu ki, A.Ələkbərov iki dəfədir ardıcıl olaraq Dünya Azərbaycanlılarının qurultayının nümayəndəsi olub. İki dəfədir Yeni Azərbaycan Partiyasının qurultay nümayəndəsidir və s. Bunlar seçilmişlərə aid edilən faktorlardır.

Bizə onu da dedilər ki, A.Ələkbərovun diaspor quruculuğu sahəsindəki xidmətləri əksər azərbaycanlılar üçün örnəkdir. Onun Minsk şəhərində oxuduğu tələbəlik illərində isə SSRİ dövründə tələbələr üçün təyin olunmuş ən yüksək təqaüdə –«Lenin adına təqaüd»ə layiq görülməsi hər bir azərbaycanlı üçün qürurverici hadisədir. Namzədlik dissertasiya işinin nəticələrinin isə keçmiş SSRİ-nin ən nüfuzlu konfranslarında müzakirə olunması A.Ələkbərovun yüksək elmi potensialından xəbər verir.
«…Arif Ələkbərovun YAP-ın son 2 qurultayının və Dünya Azərbaycanlılarının qurultayına nümayəndə seçilməsi onun dövlətçiliyimizə hansı səviyyədə qulluq etməsinin, hansı ictimai nüfuza malik olmasının bariz nümunəsidir». Bunu isə qocaman akademiklərdən biri söylədi bizə.
Şantajın anatomiyası
Deməli, sizin belə bir vətənpərvər ziyalıya qarşı sərgilədiyiniz mövqe birmənalı olaraq pislənilməlidir. Biz həmişə Vətəninə, torpağına, millətinə canla-başla qulluq edən azərbaycanlını müdafiə etmişik və edəcəyik də. Apardığımız araşdırma da göstərdi ki, prof .A.Ələkbərov da belə şəxslədəndir. Təəssüflər olsun ki, sizlər çox çirkin bir oyuna girmisiniz və məğlubiyyətə düçarsınız. Yuxarıda PA rəsmisi cənab Əli Həsənovun «İnsanlar bilməlidir ki, şantajın axırı yoxdur!» çağırışı burada yerinə düşür. Biz bunu əminliklə deyirik. Siz anonim elektron ünvandan belə məktublar göndərməklə, birincisi Allahın qəzəbinə tuş gəlirsiniz… Bir daha sizə tövsiyyə edirik: əgər belə hallar bir də təkrarlanarsa, biz artıq məcburuq sizin kimliyinizi ölkə ictimaiyyətinə özümüz bəyan edək, barənizdə aidiyyəti hüquq mühafizə, digər dövlət qurumlarına müraciət göndərək.
Çünki sizlərin hərəkətləri heç bir məntiqə, insanlığa və mübarizə formasına sığışmır. Sizin dəsti-xəttinizdən 37-ci illərin ab-havasının iyi gəlir, amma biz hadisələrə və proseslərə peşəkar formada yanaşıb bunun təkrar olunmasına yol verə bilmərik. Əksinə, dövlətinə onun və siyasi rəhbərinə- Prezidentə kömək edənə dəstək olunmalıdır ki, xalqımızın mərd, savadlı ziyalıları ləkələnməsin.
Sizə elə gəlməsin ki, biz prof. A.Ələkbərovu müdafiə edirik, əksinə, biz ədaləti, vicdanı müdafiə edirik və şər-böhtana qarşıyıq. Çünki sizin məktubunuzda neçə dəfədir imza yoxdur, biz vaxtımızı bu anonim məktubunuzun araşdırılmasına sərf edirik, nə yaxşı ki, nəticə də pis deyil: ən azı, bizə sizin kimliyiniz və kim olduğunuz bəlli olub. Lakin ürəyinizi buz kimi saxlayın ki, bu barədə göydə Allah, yerdə isə biz biləsiyik.
Bir də, sizin o anonim məktuba minnətdarıq ki, məcburi qaydada jurnalist araşdırması apararaq, nəhayət, professor Arif Ələkbərovun kimliyini öyrəndik, qiyabi tanıdığımız bir şəxsin barəsində öyrəndik ki, sən demə o, ölkəmizdə obyektiv, prinsipial mövqeyi ilə iqtisad və hüquq elminin formalaşmasında danılmaz töhfəsi olanlardan biridir. Və A.Ələkbərov Prezidentə və onun siyasətinə sadiq olması ilə seçilir, onun təhsil sahəsində və akademiya sistemində çalışan insanlara daim köməklik göstərməsini öyrəndik. A.Ələkbərovun kimliyi barədə söhbət etdiklərimiz isə qürur hissi ilə dedilər ki, «Azərbaycan xalqı fəxr etməlidir ki, Arif Ələkbərov kimi oğlu və ziyalısı var». Belə ziyalını qaralamaq yox, müdafiə etmək lazımdır. Özümüzü bu müdafiədə birincilərdən görməkdə haqlı deyilikmi?!
Bizcə, əlavə şərhə ehtiyac belə yoxdur. Çünki yuxarıda deyilənlər anonim məktub müəllifinə verilən ən tutarlı cavabdır…
«Təzadlar»ın Araşdırma Qrupu



Fikrini bildir
TƏQVİM
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30