SON XƏBƏRLƏR
Alışanov məhkəməyə teleqram vurdu: "İştirak edə bilmirəm"

Yazının dərc olunma Tarixi: 4/7/2018

Alışanov məhkəməyə teleqram vurdu: "İştirak edə bilmirəm"
Alışanov məhkəməyə teleqram vurdu: "İştirak edə bilmirəm" -İstintaq ifadəsi elan edildi
AZTV sədri Arif Alışanov və onun ailə üzvlərinə qarşı sui-qəsddə təqsirləndirilən Şücaət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynov barələrində cinayət işi üzrə məhkəmə davam edib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, Alışanovun teleqramı məhkəməyə daxil olub.

Alışanov teleqramda müəyyən səbəblərdən məhkəmədə iştirak edə bilmədiyini və istintaqa verdiyi ifadəsini təsdiqlədiyini qeyd edib.

Təqsirləndirilən şəxslər buna etiraz ediblər. Onlar bildiriblər ki, Arif Alışanov məhkəmədə dindirilməlidir.

Məhkəmədə ilkin olaraq Alışanovun qızı Nigar Alışanovanın istintaqa verdiyi ifadəsi elan edilib.

N. Alışanova ifadəsində qeyd edib ki, istintaq dövründə atası Alışanova qarşı sui-qəsdə cəhd olduğunu bilib: "Bizim heç nədən xəbəriniz olmayıb. İstintaq dövründə bildik ki, Şücaət atamın külli miqdarda pulunu mənimsəyib və ona sui-qəsdə cəhd edib".

Daha sonra Arif Alışanovun istintaqa verdiyi ifadə elan edilib.

O istintaqdakı ifadəsində bildirib ki, 2012-ci ildə özü, qardaşı Habil, yeznəsi Vidadi Cəfərov, qayınları Etibar, Natiq Bağırovlar Şamaxı rayonunun ərazisində vətəndaşlardan pay torpaq sahələrini almaq istəyiblər. " Şücaət Əkbərovdan torpaqların yerli sakinlərdən satın alınmasında mənə köməklik etməsini xahiş etdim. Şücaət yerli sakin kimi kənd camaatı ilə tez dil tapıb həmin sahələri ala bilirdi. Həmin vaxtlardan çox saylı torpaq sahələri mənə göstərilmiş və müxtəlif vaxtlarda, müxtəlif şəxslərin yanında Şücaət Əkbərova göstərdiyi torpaqların yerli sakinlərdən alınması üçün külli miqdarda pul vəsaitləri vermişdim. 2016-cı ilin dekabr -2017-ci ilin yanvar aylarında mən təxminən 4-5 dəfə Şamaxı rayonuna getmişəm".

AZTV sədri qeyd edib ki, 2016-cı ilin dekabr ayının 13-də qızı Nigarla birlikdə Şamaxıya yollanıb: "Təxminən saat 16 radələrində Şamaxıya çatmağa az qalmış biz Şücaətə zəng edərək artıq yolda olduğumuzu bildirdikdə o dedi ki, "Siz gedin Mədrəsədəki evə, mən türklərlə torpaq alqı-satqısı üzrə görüşdəyəm, birazdan gəlirəm". Adətən Şücaət bizi yolda qarşılayıb evə gətirirdi, lakin mən fikirləşdim ki, ola bilsin, işi var. Biz Şamaxı şəhərini keçib Mədrəsə qəsəbəsinə qalxdıq. Şücaətin evinə çatanda biz maşınla açıq qaraja daxil olduq. Birinci qızım maşından düşüb ikinci mərtəbədə yerləşən evə qalxdı. Bundan sonra mən maşından çıxıb qarajdan həyətyanı sahəyə çıxanda oradakı pilləkənin yanında iki nəfər tanımadığım şəxsin durmasını gördüm və salamlaşaraq pilləkənlərlə evin ikinci mərtəbəsinə qalxdım. Həmin tanımadığım iki nəfər kişi yan-yana qarajın içinə baxan pəncərənin ağzındakı qırmızı rəngli qaz balonunun yanında durmuşdular. Onların hər ikisini mən ilk dəfə idi ki, Şücaət Əkbərovun həyətində görürdüm. Adətən biz gələndə bizə qəsəbədə məskunlaşmış və qonşuluqda yaşayan, milliyətcə türk Əhməd və onun ailə üzvləri və ya Şücaətin sürücüsü, başı aşağı olan Aqşın adlı şəxs xidmət edirdilər. Elə bu vaxt Şücaət gəlib bizimlə görüşəndə sürücüm Hacı ondan həmin şəxslərin kim olmasını soruşduqda sonuncu dəqiqləşdirməyərək onların usta olmalarını bildirdi. Bir qədər sonra sürücüm Hacı ilə Şücaət Şamaxı şəhərində fəaliyyət göstərən notariat kontoruna Mədrəsə qəsəbəsində guya türklərdən aldığı torpaqları Hacı Babayevin adına rəsmiləşdirmək üçün gedəndə Hacı Şücaətin avtomaşınında getmək istədi, lakin sonuncu Hacıya öz avtomaşını ilə notariat kontoruna getməsini deyərək ustaları yolda düşürtdükdən sonra notariusa gələcəyini bildirdi. Bundan sonra Hacı və Şücaət hərəsi öz idarə etdikləri avtomaşınlarına əyləşdirib çıxıb getdilər. Mən bunu Hacıdan sonradan eşidib bilmişəm. Bir müddətdən sonra Şücaətin sürücüsü Aqşin gəlib bizə çay verdi. Təxminən bir saatdan sonra sürücüm Hacı ilə Şücaət qayıtdılar və sonuncu növbəti dəfə torpaq sahəsi sahibinin Şamaxıda olmamasını bəhanə gətirərək sənədləşmənin həyata keçirilməsinin bu gün də mümkünsüz olduğunu, gələn dəfə mütləq bu işi bitirəcəyini bildirdi".

Arif Alışanov qeyd edib ki, bu hadisədən bir neçə gün sonra o, Şücaətlə danışıb yenidən Şamaxı rayonu Çuxuryurd kəndində görüşəcəyini deyib:

"Biz Şamaxıya çatanda orada Şücaətin idarə etdiyi «NİVA» markalı avtomaşını ilə durduğunu gördük. Biz maşından düşüb Şücaətlə görüşdükdən sonra mən hiss etdim ki, Şücaət mənim tək olmamağıma əsəbiləşir və hesab etdim ki, sonuncu məni qohumlarıma qısqandığı üçün Dəyanətin mənimlə olmağıma belə reaksiya verir. Ona görə də mən Şücaət Əkbərov idarə etdiyi VAZ 2121 "NİVA" markalı avtomaşının qabaq sərnişin yerinə əyləşdim və biz Şamaxı şəhəri istiqamətində maşınla düşməyə başladıq. Həmin vaxt sürücüm Hacı Babayev idarə etdiyi avtomaşınla bacım oğlu Dəyanətlə birlikdə bizim arxamızca hərəkət edirdi. Şücaət idarə etdiyi «NİVA» markalı avtomaşını aşağı surətlə sürürdü. Birdən mən arxadan maşınların biri-birinə dəyməsi səsini eşitdim və arxaya çönüb gördüm ki, ağ rəngli, nömrə nişanlarını xatırlamadığım «NİVA» markalı avtomaşın sürücüm Hacı idarə etdiyi «Toyota Land Cruiser» markalı avtomaşınla toqquşub yolun kənarına aşıb, Hacı isə idarə etdiyi avtomaşını yolun kənarına verib saxlayıb. Şücaət maşını saxladı və biz çönüb yol nəqliyyat hadisəsi baş verdiyi yerə qayıtdıq. Mən gördüm ki, Hacının idarə etdiyi «Toyota Land Cruiser» markalı avtomaşının sağ tərəfinin qapılarının ikisi və arxa bamperi əzilib, "NİVA" avtomaşınının isə qabaq sağ qanadı, damı, qabaq buferi əzilib. Biz köməkləşib aşaraq əzilmiş "NİVA" markalı avtomaşından onu idarə edən şəxsi çıxardıq. Dəyanət qəzaya düşmüş şəxsdən sərxoş olub-olmamasını, nə üçün qəza törətdiyini soruşdu. Həmin aşmış «NİVA» avtomaşınının sürücüsü, sonradan adını bildiyim Zöhrab Şirinov başını aşağı saldı. Həmin vaxt Şücaət ona baxaraq dedi ki, "Mən səni haradansa tanıyıram. Sən usta işləmirsən ki?» Həmin şəxs usta işləməsini təsdiq etdi və idarəetməni itirdiyi üçün "Toyota Land Cruiser" markalı avtomaşınımıza dəydiyini, ayağı əzildiyini bildirdi. Həmin vaxt mən aşmış avtomaşının sürücüsü Zöhrab Şirinovdan şübhələnmədim və biz Şücaətlə sonuncunun idarə etdiyi avtomaşınında həmin qəzaya düşmüş şəxsi Şamaxı xəstəxanasına gətirib düşürdükdən sonra çıxıb Mədrəsə qəsəbəsinə getdik. Yolda Şücaət mənə deyirdi ki, həmin şəxs usta işləyir, yəqin işdən sonra hansısa müştərini ünvanına apardığı üçün yuxusuz qalıb qəza törədib. Həmin vaxt mən heç şübhələnmədim ki, Şücaət Əkbərovla Zöhrab Şirinov belə yaxından tanışdırlar və sonuncuya bizi öldürmək sifarişini məhz Şücaət Əkbərov verib. Həmin gün, yəni 28 dekabr 2016-cı il tarixdə biz Bakı şəhərinə qayıdanda yolda bacım oğlu Dəyanət Cəfərov mənə dedi ki, bizim maşını həmin «Niva» markalı avtomaşın qəsdən vurub, lakin mən Dəyanətin bu sözlərinə həmin vaxt əhəmiyyət vermədim.


Qeyd olunanlarla yanaşı, Şücaət Əkbərov mənə son vaxtlar, yəni 2016-cı ilin dekabr ayından başlayaraq deyirdi ki, Şamaxı rayonu Mədrəsə qəsəbəsində SSRİ vaxtında tikilmiş hansısa hovuzu mənə göstərmək istəyir və təsvir etdiyinə görə həmin su hovuzuna gedib baxıb onu almalıyıq ki, suvarma işlərimizdə gələcəkdə problem olmasın.

Həmin vaxt mən Şücaətin bu təklifini normal və təbii qarşılayırdım. İndi mən fikirləşirəm ki, Şücaət məni həmin çölün düzündə olan sahəyə aparmaq istəyib ki, qətlə yetirilməyimi rahat həyata keçirə bilsin.


Sonradan mənə məlum oldu ki, Şücaət Əkbərov məni və mənimlə olan şəxsləri - qızımı və bacım oğlu Dəyanət Cəfərovu bir neçə dəfə qətlə yetirmək istəyib. Şücaət Əkbərovun kimlərləsə əlaqəyə girib məni öldürmək istəyinin məqsədi onun məndən götürdüyü külli miqdarda pulları mənimsəmək niyyətinin olması idi".

Təqsirləndirilən Şücaət Əkbərov Arif Alışanovun dediklərinin hamısının yalan olduğunu deyib.

Proses iyulun 6-da davam edəcək.


İttihama görə, Ş. Əkbərov 2013-cü ilin iyul ayından 2017-ci ilin yanvarınadək Şamaxı rayonunda və Bakı şəhərində külli miqdarda özgə əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək mütəşəkkil dəstə yaradıb, qanunsuz olaraq silah, döyüş sursatı əldə edib, sifarişlə iki və daha çox şəxsi qəsdən öldürməyə cəhd edib. O, A. Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını ələ keçirmək istəyib.


S. Əkbərov yaxın münasibətlərdə olduğu Musabi Namazov, Qoçəli Cəbiyev, onun vasitəsi ilə isə Zöhrab Şirinov ilə A. Alışanovu öldürmək barədə razılığa gəlib, cinayət planını hazırlayıb və mütəşəkkil dəstəyə rəhbərlik edib. Bunun müqabilində dəstə üzvləri Q. Cəbiyevlə M. Namazova 600 min manat pul verəcəyini vəd edib.

2016-cı ilin dekabr ayının 13-də Şamaxı rayonunun Mədrəsə qəsəbəsindəki evinə gələcəyini qabaqcadan bildiyi A. Alışanovu, onun qızı Nigar Alışanovanı və sürücüsü Hacı Babayevi öldürməsini sifariş verib.
Lakin sonradan dəstə üzvü M. Namazov bu cinayətdən könüllü olaraq imtina edib.
Ş. Əkbərov 2016-cı ilin dekabr ayında A. Alışanovu qəsdən öldürmək məqsədilə başqa şəxs tapmaq barədə dəstə üzvü Q. Cəbiyevə yenidən tapşırıq verib. Q. Cəbiyev əvvəllər məhkum olunmuş tanışı Z. Şirinovla cinayəti törətmək məqsədi ilə 100 min manat qarşılığında razılığa gəlib. Bir qədər sonra A. Alışanovun, onun bacısı oğlu Dəyanət Cəfərovun içərisində olduğu “Toyota land Cruiser” markalı 99-AA- 400 dövlət nömrə nişanlı avtomaşını Çuxuryurd- Şamaxı şosesi yolunda hərəkətdə olarkən yüksək sürətdə vuraraq hündürlükdən dərəyə salmaq barədə plan hazırlanıb.
Q. Cəbiyev telefonla Z. Şirinova zəng edib, cinayətin törədilmə vaxtı A. Alışanovun içərisində olacağı avtomaşının markası, rəngi, dövlət nömrə nişanı barədə məlumatlandırıb.
Lakin A. Alışanov gözlənilmədən öz avtomaşınına deyil, VAZ 21214 “NİVA” markalı, 10-LR-099 dövlət nömrə nişanlı avtomaşına əyləşib və Ş. Əkbərov bu barədə dəstə üzvləri Q. Cəbiyev və Z. Şirinovu xəbərdar etməyə imkan tapmayıb.
Plana əsasən, Q. Cəbiyev Çuxuryurd kəndindən keçib Şamaxı şəhərinə doğru hərəkət edən “Toyota Land Cruiser” markalı avtomaşını özünün idarə etdiyi VAZ 21214 “NİVA” markalı avtomaşınla bir neçə dəfə arxa sol və orta hissəsindən vuraraq yüksəklikdən dərəyə salmağa çalışsa da, buna nail ola bilməyərək idarəetməni itirib.
Ş. Əkbərov qəsdən adam öldürmə cinayətinin icrası üçün qrup üzvlərinə vəd etdiyi 100 min manat pulun bir hissəsini Z. Şirinova verib. Təqsirləndirilən şəxs 2017-ci ilin yanvar ayının 11-də növbəti dəfə A. Alışanovu Şamaxı rayonunda odlu silahdan istifadə etməklə qəsdən öldürmək qərarına gəlib.
Lakin yenə planları baş tutmayıb. Ş. Əkbərov sürücüsü Aqşin Hüseynov və mütəşəkkil dəstənin üzvü Q. Cəbiyev vasitəsilə avtomat silahı Z. Şirinovdan geri alaraq, yenidən A. Alışanovla Şamaxı rayonunun ərazisində görüşəcəkləri barədə razılığa gəlib. Həmin gün Şamaxı rayonunun Mədrəsə qəsəbəsində yerləşən su hovuzuna baxmağa apararkən odlu silahlardan atəş açmaqla qəsdən öldürmək barədə dəstə üzvləri Q. Cəbiyev, M. Namazov və Z. Şirinovu təlimatlandırıb.
M. Namazov dəstə üzvləri tərəfindən törədiləcək qəsdən adam öldürmə və qanunsuz silah əldə etmə, daşıma, gəzdirməklə saxlama əməlləri barədə polis orqanlarına vaxtında məlumat verib. Polis əməkdaşları Ş. Əkbərovu, Q. Cəbiyevi, A. Hüseynovu və Z. Şirinovu saxlayıb.
Məhkəmənin qərarı ilə Ş.Əkbərov, Q.Cəbiyev, A.Hüseynov və Z.Şirinovun barəsində həbs qətimkan tədbiri seçilib.



Fikrini bildir