SON XƏBƏRLƏR
"Səni deyirlər, məni demirlər…" - Masazır gölü Urmiya gölünə səsləndi

Yazının dərc olunma Tarixi: 13/9/2018

Ekologiya və Təbii Sərvətlər Nazirliyində də bu səsin eşidilməsinə ehtiyac var
"Səni deyirlər, məni demirlər…" - Masazır gölü Urmiya gölünə səsləndi
Son günlər Güney və Quzey Azərbaycanda məşhurlaşan, hamının dinlədiyi, rəqs etdiyi "Səni deyirlər" mahnısı əslində insanlarda xoş ovqat, şənlik yaratmaq olmayıb. Məqsəd Urmiya gölünün qurumaq təhlükəsi ilə üz-üzə qalması haqda mesaj verməkdən ibarət olub.

Ancaq Güney Azərbaycan yaşayan Azərbaycan türkləri evlərində, küçədə, məktəbdə, iş yerlərində “Səni deyirlər” mahnısının sədaları altında böyük coşğu ilə rəqs etdikləri videoları kütləvi şəkildə sosial şəbəkələrdə paylaşırlar.

Bu rəqs kampaniyasına artıq bizimkilər də, yəni Şimali Azərbaycan vətəndaşları da qoşulublar. Mahnının sədaları altında evdə, toy məclislərində, küçədə, avtomobil yolunda rəqs edirlər.

Söhbət İranın və Qərbi Asiyanın ən böyük gölü sayılan Urmiya gölündən gedir. O göldən ki, duzluluq dərəcəsinə görə dünyada üçüncü yeri tutur. Məlum olduğu kimi, son 15-20 ildə Urmiya gölü böyük fəlakətlə üzləşmişdir. Göldə müxtəlif amillərin təsiri altında suyun səviyyəsinin azalması və nəticədə, göldə quruma prosesinin çoxalması ictimaiyyəti, xüsusən gölün sahil ərazisində yaşayanları ciddi şəkildə narahat etməyə başlamışdır. Bu narahatlığı əhalinin etiraz mitinqlərindən tutmuş, informasiya vasitələrindəki çıxışlarından, azərbaycanlı millət vəkillərinin İran İslam Şura Məclisinin kürsüsündən səsləndirdikləri bəyanatlardan da görmək olurdu…

Nə vaxtdır ki, fəryadına, harayına səs verilməyən Abşeron rayonunun Masazır qəsəbəsinin yaxınlığında yerləşən Masazır gölü («Duzlu göl») isə bütün bunları qısqanclıqla qarşılayaraq, belə bir diqqətin onun da üzərinə yönəlməsini istəyir.

Xatarlayırsınızsa, bu yaxınlarda kanalizasiya sularının Masazır gölünə axıdılması barədə Abşeron rayonunun Masazır qəsəbəsində qaçqın və məcburi köçkünlər üçün salınmış "Zəngilan şəhərciyi"nin sakinlərinin şikayətini dərc etmişdik. Şikayətçilər yazırdı ki, havaların kəskin isti keçməsi ilə əlaqədar əziyyət çəkdikləri azmış kimi, bir tərəfdən də şəhərciyin yaxınlığındakı Masazır gölündən gələn üfunət iyindən nəfəs ala bilmirlər.

Sakinlər üzləşdikləri faktın araşdırılması və məsələyə aydınlıq gətirilməsi üçün əməkdaşımızı qəsəbəyə dəvət edərək, problemin həllində köməklik göstərməyimizi xahiş etmişdilər. Şikayətçilərin xahişi ilə ərazidə olarkən üzləşdiyimiz mənzərə bizi şoka salmışdı. Nədən ki, Masazır qəsəbəsinin ətrafındakı bütün yaşayış məntəqələrinin kanalizasiya suları açıq arx vasitəsilə birbaşa Masazır gölünə axıdılır. Bu, hər şeydən öncə ətraf mühitin və ərazidə yaşayan insanların həyatını ciddi təhlükə ilə üz-üzə qoymaqdır. Bir də fikirləşəndə ki, Masazır gölünün digər tərəfində Azərbaycan Duz İstehsalat Birliyi xörək duzu istehsal edir, adamı dəhşət bürüyür.

Rəsmi vikipediyada da qeyd edilir ki, Masazır gölünə əsasən Masazır və Novxanı kəndlərinin məişət-kommunal suları axıdılır. Daha sonra bildirilir ki, Masazır gölündə suyun ion tərkibində xloridlər və sulfatlar üstünlük təşkil edir. Kalsium və maqneziumun konsentrasiyaları nisbətən az olsa da, onların göstəriciləri sanitar normadan yüksək qeydə alınıb. Çirkləndirici maddələrdən misin və kadmiumun konsentrasiyaları YVQH-dən dəfələrlə coxdur. Detergentlərin və neft məhsullarının nisbətən az olmasına baxmayaraq, onların da konsentrasiyaları YVQH-dən bir necə dəfə yüksək qeydə alınıb. Masazır gölünün suları kifayət qədər yüksək çirklənməyə məruz qalmışdır.

Belə olan halda, necə ola bilər ki, Masazır gölündə duz istehsal edən şirkətin bu biabırçılıqdan xəbəri olmasın?! Halbuki fakt göz qarşısındadır. Masazır və Novxanı kəndlərinin məişət-kommunal sularından əlavə, "Qurtuluş-93", "Yeni Bakı", "Bağçalı Evlər" Yaşayış Komplekslərinin də kanalizasiya suları açıq və ya gizli yolla Masazır gölünə axıdılır.

O zaman ortaya belə bir sual çıxır: dövlətin səlahiyyətli qurumları ərazinin ətraf mühitinə dəyən ziyana niyə səssiz qalır, bu istiqamətdə hər hansı tədbir görmürlər? Ona görə də Azərbaycanın müvafiq dövlət qurumları bu biabırçılığı araşdırmalı, xüsusilə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Masazır gölünün fəryadına, harayına səs verməli, dərdinə çarə axtarmalıdır.

Pravdainfo.org



Fikrini bildir