SON XƏBƏRLƏR
Paxıllıq, gözügötürməzlik, yoxsa rəzalət? - ASİF MƏRZİLİ

Yazının dərc olunma Tarixi: 9/10/2018

Paxıllıq, gözügötürməzlik, yoxsa rəzalət? - ASİF MƏRZİLİ
Yaxud, niyə Qara dəniz və Xəzər dənizi Regionu ölkələri Hüquqşunasları Assosiasiyasının Bakıda keçirilən möhtəşəm konfransını lentə alan AzTV, CBC, «Lider» və ATV kanaları bu kadrları kimdən gizlədir?
…Elektron və çap mediada verilən məlumatlardan bəllidir ki, dünən-8 oktyabr 2018-ci il tarixdə Bakıda Qara dəniz və Xəzər dənizi Regionu ölkələri Hüquqşunasları Assosiasiyasının və AMEA-nın İnsan Hüquqları Institutunun birgə təşkilatçılığı ilə “Beynəlxalq terrorizm və müasir şəraitdə ona qarşı mübarizə” mövzusunda beynəlxalq konfrans keçirildi. Dünyanın 10-dan çox ölkəsindən gəlmiş 200-ə yaxın tanınmış hüquqşünaslar, ekspertlər, ictimai xadimlər Bakıda beynəlxalq terrorizmi müzakirə etdilər. Bu müzakirələr fonunda Ermənistan tərəfindən Azərbaycanın da başına zaman-zaman gətirilən terrorlardan danışıldı, bu terror təhlükəsinin hələ də qalması, bu ökənin işğal niyyəti və əməli həmin o 20 ölkədən gəlmiş mötəbər qonaqların diqqətinə çatdırıldı.
Beynəlxalq konfransda mən də iştirak edirdim və böyük rəğbət hissi ilə deyirəm ki, Bakıda belə bir möhtəşəm beynəlxalq konfransın keçirilməsinə görə təşkilatçılara və təşəbbüskarlara böyük minnətdarlıq düşür. Türkiyədən, Rusiyadan, Ukraynadan, İngiltərədən, Bolqarıstandan, Qazaxıstandan, Serbiya və İtaliyadan, Moldova və Belarusdan, Yunanıstan və Avropanın bir çox ölkələrindən gəlmiş çoxsaylı tanınmış hüquqşünasların diqqətinə Bakının möhtəşəmliyinin, ölkənin inkişafının, xüsusən də Azərbaycanın ərazi bütövlüyünə təcavüz fonunda Ermənistan tərəfindən edilən terror hadisələrinin… çatdırılması xırda məsələ deyildi. Və mən canlı şahidəm ki, konfransda Prezidentin köməkçisi, Prezident Administasiyasının şöbə müdiri Şahin Əliyevin və digərlərinin müzakirələrdə necə fəal iştirak etməsini qonaqlar böyük diqqətlə izləyirdilər, qeydlər götürürdülər.
Bu tədbirin təşkilatçılarından olan Azərbaycanın Əməkdar hüquqşünası, Qara dəniz və Xəzər dənizi Regionu ölkələri Hüquqşunasları Assosiasiyasının Prezidenti İlham Rəhimovun belə bir möhtəşəm konfransa necə ustalıqla, peşəkarlıqla sədrlik və hətta moderatorluq etməsi qürurverici idi… Bilənlər onsuz da bilirdi ki, bu cür möhtəşəm tədbirin keçirilməsi adətən dövlət büdcəsindən nə qədər vəsaitin silinməsi ilə başa gəlir. Amma Professor İlham Rəhimov bütün məsrəfləri də öz üzərinə götürmüşdü. Çünki ortada yalnız və yalnız Azərbaycanın adı vardı…
Bəs niyə İlham Rəhimovun rəhbərliyi altında Bakıda keçirilən möhtəşəm konfransı lentəə alan AzTV, CBC, «Lider» və ATV kanalları cəfakeşin əməyini «unutdu»???
Müdrikldərdən birinin sözüdür ki, paxıl və xəbis insanların əməllərini nəzərə alıb həvəsdən düşmə. Çünki xəbislik onların vəzifəsidirsə, sənin də vəzifən iş görmək, kimliyini sübut etməkdir.
Sözümün mənası var: Azərbaycanın adına və dövlətimizin şərəfinə hesablanmış belə bir məsuliyyətli yükün altına çiyin vermiş professor İlham Rəhimov onsuz da heç nəyə və heç kimlərə, o kimlərin rəzilliyinə və paxıllığına, gözgötürməzliyinə… fikir vermədən halal fəaliyyəti ilə məşğuldur. Necə ki, bu fəaliyyətini dünənki möhtəşəm konfransın yekun işi ilə də sübut etdi.
Beləliklə, dünən tədbirə göndərilmiş AzTV, CBC, «Lider» və ATV kanalları konfransın işini əvvəldən sona kimi çəkirdi. Amma içinə paxıllıq və rəzillik çəkilmiş bəzi insanlar bu kadrların efirə verilməsini qadağaladı, gün ərzində efirə verilməsini izləsək də görmədik. Habuki konfransın gedişində həmin TV-lərin göndərilmiş əməkdaşları professor İlham Rəhimovu konfrans zalından foyeyə dəvət edərək müsahibə verməsini xahiş etdilər. Bu an diqqətimdən yayınmadı və dərhal mən də professorun müsahibə vermə anını fotolaşdırdım.
Dünən FB səhifəmdə və «Təzadlar»ın saytında, bu gün qəzetin özündə çap edərək həmin fotonu sübut kimi təqdim etmişik. Amma nə fayda, gizli və paxıl, rəzil əl tapşırıqla nəinki müsahibənin efirə getməsini əngəllədi, həmçinin bu möhtəşəm konfransın təşkilatçısının görüntüsünün evirdə görsənməsinə belə imkan vermədi. Bu kar, kor və lal məqsədliyin əməli konfransa bir gün qalmış ortada idi. Belə ki, haqqın.az saytı vasitəsilə şaiyə yaydılar ki, guya İlham Rəhimov Bakıya separatçıları dəvət edib. Özü də onlara bu məlumatı Gürcüstandakı mənbələr məlumat verib… Hətta bu tədbirdə Azərbaycanın Serbiya Respublikasındakı fövqəladə və Səlahiyyətli səfiri Eldar Həsənov da gəlib çıxış edəcəyi ilə bağlı yalanı tirajlamışdılar… Guya, bununla daha bir aravuranlıq nümayiş etdirirdilər. Anlamaq olmur, kiminlə kimin arasını vururdular? Professor İlham Rəhimov bu ölkənin faktiki yiyəsi olan Prezident İlham Əliyevlə hansı yüksək səviyyəli münasibətdədir, bunu ki bilirsiniz…
Amma sonradan məlum oldu ki, rəzilliyin məhsulu olan həmin yalan məlumat boşuna imiş. Belə ki, Eldar Həsənov konfransa gəlmədi, çünki onun Bakıda olacağı bilinmirdi deyə, səfir fəaliyyəti onun Serbiyadan Bakıya dəvətini mümkünsüz edirdi, deməli, təbii olaraq o, rəsmən dəvət olunmamışdı. Amma əksinə, Prezidentin köməkçisi, Prezident Administrasiyasının şöbə müdiri Şahin Əliyev konfransda iştirak etdi, müzakirələrə qoşuldu, Avropalılarla da ingilis dilində danışıb çıxış etdi.
* * *
… Haqqın.az-ın bəlli təxribatına isə unikal facebook istifadəçisi, tanınmış jurnalist Aydın Canıyev vermişdi: «…Bir var havaya oynayasan, bir var havayı oynayasan, bir də var utanmazlığa oynayasan! Eynulla Fətulyayevdə "üçü birində"di. Adamın informasiyasına baxın: "Gürcüstanda hakimiyyətə yaxın mənbələr"... guya ki, bunamı, saytınamı zəng ediblər, gileylərini bildiriblər ki, sizdə orda tədbir olacaq, bizimkilər ajıx edif gəlməjəh, sən xalqa çatdır bizim etirazı.
Hökümətə yaxın mənbələr məlumatı buna ötürür, "kriminal dünya" buna ötürür, xarici mənbələr buna ötürür - "bezrazmer"di də, kim hardan nəyi qədər istəyir ötürür bunun... saytına! Adam buraxa işini-gücünü, başlaya analitikliyə, "sübutalnı-dokumentalnı" bir şey qoya ortaya, biri təsbehlə, biri notayla, biri də məhkəmə hökmüylə bunu göndərə də lazım olan yerə!».

* * *
Sonda: «Təzadlar»ın otağında üç meymunun yanaşı oturduğu yerdə düzəldilmiş heykəlciyi var. Hansısa məhbus hazırlayıb, redaksiyamıza göndərib. Meymunların biri ikiəlli ağzını tutub, digəri gözünü, o birisi isə qulaqlarını.
Bu, əslində, karlar, korlar və lallar üçün bir meymun dərsidir. Amma ən böyük dərs odur ki, professor İlham Rəhimov bütün belə rəzilliyə və paxıllıqla dolu görməzliyə, eşitməzliyə baxmayaraq özünün Azərbaycan yolunda xeyirxah əməllərində dönməzdir!!!



Fikrini bildir
TƏQVİM
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30