SON XƏBƏRLƏR
“Nümayəndəlik institutu bərpa edilməlidir”

Yazının dərc olunma Tarixi: 7/3/2019

“Nümayəndəlik institutu bərpa edilməlidir”
Fazil Mustafa: ”Vətəndaşın nümayəndəsi ilə 50 manata həll etdiyi problemə vəkillər 500 manat istəyir”
“Azərbaycanda vəkillik xidməti çox bahadır. Buna görə də, insanlar hüquqlarının müdafiəsindən imtina edirlər”.
"Təzadlar" bildirir ki, bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa deyib. O, problemdən çıxış yolu kimi, nümayəndəlik institutunun bərpasını təklif edib: “Nümayəndəlik institutu olan zaman 50 manata həll edilən problem üçün bu gün vəkillər 500 manat tələb edir. Vətəndaşlar isə bu məbləği ödəmək imkanında olmadığına görə, bir çox halda hüquqlarının müdafiəsindən imtina etmək məcburiyyətində qalırlar. Azərbaycan prezidentinin məhkəmə-hüquq sistemində apardığı müsbət islahatları nəzərə alaraq, nümayəndəlik institutunu bərpa etmək lazımdır”.
2017-ci ildə qanunvericiliyə edilən dəyişikliyə əsasən, məhkəmələrdə vətəndaşları yalnız Vəkillər Kollegiyasının üzvü olan vəkillər təmsil edə bilər. Buna qədər isə vətəndaşlar kollegiya üzvü olmayan hüquqşünasları və digərlərini etibarnamə yolu ilə özlərinə təmsilçi seçə bilərdilər.
Fazil Mustafa kredit borcuna görə ölkədən çıxışına qadağa qoyulmuş şəxslərin probleminin həllinin də vacibliyini bildirib. O vurğulayıb ki, problemli kreditlərlə bağlı Fərmanından sonra kredit borcları silinir. Ona görə də sözügedən məsələlər operativ şəkildə öz həllini tapmalıdır.
Fazil Mustafanın digər təklifi bir çox vacib xidmət sektorunun bazar günləri işləməsi barədə olub:
“İnsanlar işlədiyindən ancaq bazar günləri hansısa vacib işlərini görmək istəyirlər. Bəzi vacib xidmət sahələri isə həmin gün fəaliyyət göstərmədiyindən vətəndaşlar işlərini görə bilmirlər. Misal üçün, avtomobillərin texniki baxışdan keçirilməsi bazar günü işləmədiyindən vətəndaşlar ciddi problemlərlə üzləşirlər. Ona görə də təklif edirəm ki, vacib xidmət sektoru üçün bazar günü iş günü elan edilsin, əvəzində isə iş günlərinin birində istirahət verilsin”.
İclasda “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişiklik üçüncü oxunuşda təsdiqlənib. 3-cü maddəyə edilən dəyişiklik vəkil olmaq istəyən şəxslərə yazılı test imtahanında müvəffəqiyyət qazanmadıqda həmin il ərzində yenidən ixtisas imtahanında iştirak etmək imkanı verir.
Vəkillərin İxtisas Komissiyası ilə bağlı müddəları özündə ehtiva edən həmin maddənin hazırda qüvvədə olan variantında deyilir:
“İxtisas imtahanını verə bilməyən şəxs bir ildən tez olmamaqla İxtisas Komissiyasının rəyi əsasında təkrar imtahana buraxıla bilər”.
Bu maddəyə əsasən, vəkilliyə qəbulla bağlı test imtahanında lazımi balı (60 bal) toplamayan namizədlərin bir il ərzində təkrar imtahan verməsi üçün İxtisas Komissiyasının rəyi tələb olunurdu.



Fikrini bildir