SON XƏBƏRLƏR
REKTOR ƏDALƏT MURADOVUN PROFESSOR DİPLOMU İLƏ BAĞLI PREZİDENTƏ MÜRACİƏT EDİLƏCƏK

Yazının dərc olunma Tarixi: 7/3/2019

Pravdainfo.org ictimainezaret.com-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Cəlal oğlu Muradovun professor diplomunun qanusuz əsaslarla əldə etməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət ediləcək. "Buna səbəb Ədalət Muradovun rektor təyin edilərkən bir qrup şəxslə birləşərək Prezident Adminstrasiyasına göndərdiyi sənədlərdə qanunsuz əlavələr edərək belə əsaslarla əldə etdiyi professor diplomunu təqdim etməsidir. Bu barədə "Təzadlar" qəzeti redaksiyasına göndərilmiş şikayətlərlə bağlı özünə rəsmi sorğu göndərilsə də, Ədalət Muradov nəinki sorğunu cavablandırmış, əksinə, sonradan bu barədə çap edilmiş məqalələrə görə bizdən ictimai qurum olan Mətbuat Şurasına şikayət edərək qəzetin işgüzar nüfuzuna xələl gətirən addımlar atmışdır. Belə ki, redaksiya ona bu qanunsuz sənədi-diplomu vermiş Prezident yanında AAK-ın sədr əvəzi olmuş Vəli Hüseynova da oxşar sorğu göndərsə də, V.Hüseynov da Ədalət Muradovun müdafiəsinə qalxmış, Vəli Hüseynovun MŞ-dakı yaxın adamı və həmyerlisi Vüqar Rəhimzadənin vasitəsilə bu məzmunlu yazıların saytdan silinməsi, yazının çapının dayandırılmsı üçün bizə təzyiqlər etdirmişdir. "KİV haqqında" Qanunun 59-cu maddəsində isə jurnalisti iradəsinin ziddinə məcbur etmək cinayət məsuliyyəti yaradır... Halbuki V.Hüseynovun saxta diplomlar verilməsinə dair hərəkətlərinə AAK-ın 6 professorunun imzası ilə redaksiyamıza, Prezident İlham Əliyevə ünvanlı şikayət daxil oldu. Həmin şikayət dərc ediləndən və Prezidentin rəsmi saytına, eləcə də akademik Ramiz Mehdiyevə göndəriləndən sonra o, vəzifəsindən çıxarıldı. İndi isə Ədalət Muradov Azərbaycan Dövlət İqtisad Universitetinə Heydər Əliyevin adının verilməsi təklifi ilə çıxış edən ADİU-nun professoru, sabiq kafedra müdiri Mirələm Həsənlinin həmin müraciətini ictimailəşdirdiyimiz üçün Mətbuat Şurasında olan yaxın adamları vasitəsi «Təzadlar» qəzetini təhdid edir, Etibar Əliyev adlı "təhsil eksperti" vasitəsilə (müxalifət partiyalarından birinin sədr müavini olduğu deyilir.Red.) bizi şantaj edən məqalələr yazdırır. Cənab Prezidentə saxta sənəd təqdim edən rektorun bu hərəkətlərindən dövlət başçısı İlham Əliyevə müraciət ediləcək", "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzili bildirib.
Baş redaktor saytımıza bildirdi ki, baş verənlərlə əlaqədar mətbuat konfransı keçirmək niyyətindədir: "Buna ciddi ehtiyac var. Çünki cəmiyyətdə Ədalət Muradovun ADİU-da rüşvət və korrupsiyanın kökünü kəsdiyi barədə yalnış təsəvvürlər var. Lakin əslində isə bizə təqdim edilən sənədlər və konkret şikayətlər və s. əksini təsdiqləyir. Ən vacibi, bunlarla bağlı rektora göndərilən sorğular da cavabsız qalır ki, bu da həmin əsasların təsdiqidir. Rektor isə var gücü ilə bu barədə tənqidi yazılar dərc edən KİV-ləri susdurmaq yolu tutub. Odur ki, bütün bunlar barədə mətbuat konfransında ictimaiyyətə ətraflı məlumat veriləcək. Konfransda vəkillər, media ekspertləri və tanınmış QHT rəhbərlərinin də iştirakı nəzərdə tutulub...".
***
Xatırladırıq ki, "Təzadlar" qəzeti redaksiyası redaksiya daxil olmuş məlumat və şikayət əsasında, aparılmış jurnalist araşdırması nəticəsində Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Cəlal oğlu Muradovun professor diplomunun qanusuz əsaslarla əldə etməsini müəyyən etmişdir. Araşdırılıb tədbir görülməsi üçün sənədlər Baş Prokurorluğa göndərilmişdir. Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin rəis müavini, kiçik ədliyyə müşaviri Valeh Ələkbərovun (sonralar isə eyni cavabı idarənin rəisi yazmışdır) 04.07.2018-ci il tarixli №-18-0090-01-01-045915 saylı cavab məktubundan görünür ki, həmin sənədlər Prezident yanında AAK-a göndərilmişdir. Hansı ki, məlum, mübahisələndirilən professor diplomunu həmin AAK vermişdir. Bundan sonra redaksiya təkrarən Baş Prokuror Zakir Qaralova müraciət etmişdir. "Hələ də görülən tədbirlər barədə redaksiyanın sorğusuna cavab verilməyib. Bununla bağlı da Prezident İlham Əliyevə müraciət göndəriləcək. Mətbuat Şurası isə Prezidenti aldadanı müdafiə edir, dövlət başçısını aldadandan yazan KİV-i cəzalandırmaq niyyətindədir...", -deyə Asif Mərzili qeyd edib.
SADİQ



Fikrini bildir