SON XƏBƏRLƏR
ƏDALƏT MURADOV HEYDƏR ƏLİYEVİN AD GÜNÜ KONFRANSINA 15 MANATDAN PUL YIĞDIRIR-ŞOK

Yazının dərc olunma Tarixi: 22/4/2019

Azərbaycan Dövlət İqtisad Universitetinin rəsmi saytında yer alan elan bunu deməyə əsas verir…
«Mayın 7-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümummilli Lider Heydər Əliyevə həsr edilən TEDxUNEC konfransı keçiriləcək».
Bu sözlər Azərbaycan Dövlət İqtisad Universitetinin rəsmi saytında aprelin 19-da yerləşdirilmiş elanda qeyd edilib. Dünən bu barədə «Təzadlar»a zəng edərək bildirən ADİU tələbələrindən bir neçəsi məlumat verdi. «Biz mayın 7-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümummilli Lider Heydər Əliyevə həsr edilən TEDx UNEC konfransında iştirak etmək istəyirik. Lakin rektor Ədalət Muradov konfransda iştirakçılıq üçün 15 manat məzənnə qoyub. Buna isə aldığımız tələbə təqaüdü imkan vermir. Başa düşmürük, konfrans zalının tutumu təxminən 350-400 nəfər ola bilər. Bu təxminən 5500-6000 min manat edir. Məgər universitetin bu qədər pulu yoxdurmu ki, Ulu Öndərin ad gününə həsr edilmiş tədbiri yola versin? Hansı ki, elandan da görürük ki, konfransın keçirilməsində başqa məsrəf tələb olunmur. Məsələn, konfransda Ulu Öndərə böyük məhəbbəti olan AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı və Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc çıxış edəcəklər. Bir də konfrans TEDx proqram layihəsi əsasında yayımlanırsa, tərcümə xərci gərək ola bilər. Ulu Öndərin ad günü xatirinə bu tərcüməni də təmənnasız edənmi yoxdur? Elə hər şeyə kommersant gözü ilə baxmaq nə dərəcədə ədalətli yanaşmadır? Bəlkə adı çəkilən məruzəçilər edəcəkləri çıxışlara görə Ədalət Muradovdan pul istəyiblər? Necə ola bilər ki, Heydər Əliyev bütün mənalı həyatını Azərbaycana təmənnasız olaraq həsr edib, amma Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov isə Ulu Öndərin təhsil aldığı bu binadakı konfrans zalında onun ad gününə həsr edilmiş konfransı 15 manatdan pul yığmaqla həyata keçirmək istəyir??? Heydər Əliyev kimi bir unudulmaz dahi şəxsiyyətin ad gününə həsr olunmuş konfransdan pul qazanmaq, artıq sözün bitdiyi yerdir. Olmasın universitetin Türkiyəyə gedən bəzi müəllimlərinin, elə rektorumuz Ədalət Muradovun bir ezamiyyət xərci. Bəlkə Mübariz Qurbanlı, Zahid Oruc, yaxud akademik Vaqif Abbasov ABŞ-dan, Avstraliyadan, Fransadan… Bakıya dəvət edilib elmi məruzə ilə çıxış edən əcnəbi alimlərdirlər, dünya şöhrətli siyasi məruzəçilərdir? Hörmətli «Təzadlar» xahiş edirik, bu məsələni araşdırın, kimlərdir Ulu Öndərin ad günü tədbirindən 15 manatdan pul yığdıranlar??? Bu rəzalətdir! O boyda dahi şəxsiyyətin ad gününə bir konfrans keçirə bilmirlərsə, daha o adamlar hansı üzlə buradakı islahatlardan danışa bilərlər? Hesab edirik ki, bu rektor və onun ətrafı tərəfindən Ulu Öndərin ad günü tədbirinə təxribat hərəkətidir…».
ƏDALƏT MURADOV HEYDƏR ƏLİYEVİN AD GÜNÜ KONFRANSINA 15 MANATDAN PUL YIĞDIRIR-ŞOK
ƏDALƏT MURADOV HEYDƏR ƏLİYEVİN AD GÜNÜ KONFRANSINA 15 MANATDAN PUL YIĞDIRIR-ŞOK
Xatırladırıq ki, həqiqətən də deyildiyi kimi, Azərbaycan Dövlət İqtisad Universitetinin rəsmi saytında aşağıdakı məzmunda rəsmi elan yerləşdirilib: «Mayın 7-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümummilli Lider Heydər Əliyevə həsr edilən TEDx UNEC konfransı keçiriləcək. Konfransın mövzusu “Azərbaycan. Lider. Tərəqqi”dir. Konfrans Azərbaycanda Ulu Öndərə həsr olunan ilk TEDx tədbiridir. TEDxUNEC konfransında AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov “Liderlik fəlsəfəsi”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı “Azərbaycanın Lideri”, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc “Liderin Azərbaycanı” mövzuları ilə çıxış edəcəklər. TEDx konfransı may ayının 7-də UNEC-in əsas tədris binasının (İstiqlaliyyət küçəsi, 6) böyük akt zalında saat 10:00-da təşkil olunacaq. Konfransda iştirak haqqı 15 AZN-dir. Ödənişlər asanpay.az portalında “Təhsil ödənişləri” - “Azərbaycan Dövlət İqtisad Universiteti” bölməsini seçməklə online həyata keçirilir».

Məsələyə aydınlıq gətirilməsi üçün rektor Ədalət Muradovun şəxsi elektron poçtuna məktub yazaraq mövqeyini bildirməsini xahiş etdik, lakin yazı çapa gedənədək heç bir reaksiya olmadı. Eləcə də onun ADİU-nun rəsmi saytında yer alan iş telefonuna dəfələrlə zəng etsək də cavab verilmədi.
Həmçinin məsələyə dair mövqeyini öyrənmək üçün millət vəkili Zahid Orucun Milli Məclisdəki iş telefonuna zəng etdik, lakin onun da telefonuna cavab verən olmadı.
Dini Komitənin sədri Mübariz Qurbanlının isə köməkçisi bildirdi ki, «Mübariz müəllim tədbirdədir…».
Onu da qeyd edək ki, ilk dəfədir Azərbaycanda Ulu Öndər Heydər Əliyevin ad günü və ya xatirəsi ilə bağlı keçirilən tədbirə təşkilatçı tərəfindən pul yığılır.
Yazıda adı çəkilən maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq.
***
Ümumiyyətlə, “TED konfransı” nə məna kəsb edir? Elmi ədəbiyyatda aşağıdakı məlumata rast gəldik: «TED (ing.Technology Entertainment Design; Texnologiya, Əyləncə; Dizayn) - 1984-cü ildən keçirilən illik konfransları ilə tanınan, şəxsi qeyri-kommersiya fondudur. İntellektual konfransın məqsədi unikal ideyaları paylaşmaqdan ibarətdir. İdeyaların mövzuları fərqlidir: elm, incəsənət, dizayn, mədəniyyət, biznes, qlobal problemlər, texnologiyalar və əyləncələr. Konfransın kuratoru və daimi aparıcısı Kris Andersondur. Konfrans ilk dəfə 1984-cü ildə baş tutmuşdur. 1990-cı ildən etibarən TED konfransı hər il keçirilir. 2001-ci ildən isə TED konfransının keçirilmə hüquqları "Sapling Foundation"-na və bu fondun qurucusu Kris Andersona məxsusdur. TED konfransında keçirilən hər bir çıxış TED Talk adlanır. Hazırda onlayn rejimdə 15 milyonluq auditoriya tərəfindən 100 milyondan çox baxılan 400 video vardır. TEDx TED layihəsi olaraq, fərqli insanlara və ya kollektivlərə müxtəlif ölkələrdə, şəhərlərdə, universitetlərdə müstəqil TED tipli konfranslar təşkil etməyə icazə verir. TEDx, TED lisenziyası əsasında təşkil olunur».
Nəhayət, Azərbaycanda isə TEDx ilk dəfə olaraq 2010-cu ildən etibarən keçirilməyə başlanmışdır (TEDxBak).
Beləliklə, TEDx-in mahiyyəti bəlli oldu. Olsun! Amma məsələyə intellektual prizmadan və humanizm prinsipləri ilə ədalətli yanaşsaq, bir halda ki, bu konfrans (dünyanın hansı ölkələrində virtual olaraq yayımlanmasından asılı olmayaraq) ömrünü Azərbaycanın, deməli, həm də Ədalət Muradovun rektor olduğu Azərbaycan Dövlət İqtisad Universitetinin daha da inkişafı və burada çalışanların xoşbəxt gələcəyi üçün həsr etmiş Ulu Öndər Heydər Əliyevin ad günü ilə bağlıdır, deməli, 5-6 min manat pulu universitetin büdcəsindən də ödəmək olardı, nəinki ianə toplayıb konfrans keçirmək…
Məsələyə dair Prezident Administrasiyasının, eləcə də H.Əliyev Fondu rəsmlərinin, həmçinin YAP rəhbərliyinin və tanınmış ziyalıların mövqeyini ayrıca təqdim edəcəyik…
Səbuhi
P.S.Daha ətraflı yazı və rəsmi mövqelər "Təzadlar"ın sabah satışda olacaq sayında dərc ediləcək...



Fikrini bildir