SON XƏBƏRLƏR
MƏTBUAT ŞURASINDA NƏ BAŞ VERİR?

Yazının dərc olunma Tarixi: 25/4/2019

"TƏZADLAR" QƏZETİNİN BAŞ REDAKTORU ƏFLATUN AMAŞOVA MÜRACİƏT ETDİ
MƏTBUAT ŞURASINDA NƏ BAŞ VERİR?
Niyə məmurların şikayətinə özlərinin və ya nümayəndələrinin iştirakı ilə geniş müzakirə edilib xeyrinə baxılır, amma jurnalistlərin şikayəti olanda isə özlərinin iştirakı olmadan, gizli baxılıb əleyhinə qərar verilir?

Xəbər verildiyi kimi, Azərbaycan Mətbuat Şurası aprelin 24-də redaksiyanın rəhbərliyinin iştirakı olmadan Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun şifahi şikayətinə baxaraq «Təzadlar» qəzetinə qarşı qanunsuz və əsassız qərar çıxarmışdır. İctimai təşkilat olan şuranın KİV-ə qarşu belə davranışı başadüşülən deyil. Birmənalı olaraq tənqidi jurnalistikaya qarşı belə mövqe tutulması illərdir davam edir. Bəhanələr isə budur ki, niyə hansısa məmur barədə bir neçə dəfə yazı dərc olunub. Heç bir qanunda, heç bir standartda nəzərdə tutulmayan bu cür mövqe yolverilməzdir.

Ən maraqlısı isə budur ki, KİV sorğusu cavablandırılmadıbı halda, yazı dərc edilirsə, Mətbuat Şurasında sorğunu cavablandırmayan məmur deyil, KİV günahkar çıxarılır. Konkret halda, «Təzadlar» qəzeti professor və doktorluq diplomunun saxta olması ilə bağlı redaksiyaya daxil olmuş şikayətlər əsasında rektor Ədalət Muradova sorğu göndərmişdi. Sorğu cavablandırılmamışdı və bundan sonra yazı dərc edilmişdir. Mətbuat Şurasında isə Vüqar Rəhimzadənin rəhbərlik etdiyi komissiya isə təqdim edilən sübutları deyil, Ədalət muradovun xahiş və sifarişini əsas tutaraq qərar vermişdir.

Bu ilin martın 28-də isə «Təzadlar»ın rəhbərliyi Vüqar Rəhimzadənin bu hərəktəindən qaynaqlanan vəziyyətlə bağlı Azərbaycan Mətbuat şurasının sədri, deputat Əflatun Amaşova müraciət edərək təqdim edilmiş müvafiq sənədlərə yenidən baxılaraq MŞ İdarə Heyətində məsələnin müstəqil media ekspertləri və hüquqşünasların iştirakı ilə müzakirəsini xahiş etmişdi. Lakin aprelin 24-də keçirilən müzakirədə İdarə Heyət üzvlərinin yetərsayı olmadığı halda, redaksiyanın xəbəri olmadan, nümayəndəmizin iştirakı təmin edilmədən və apellyasiya şikayətimiz və sübutlarımız araşdırılıb baxılmadan qərar qəbul olunmuşdur.

Aşağıda bir əy əvvəl MŞ rəhbərliyinə yazılmış apellyasiya şikayətini təqdim edirik:

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili cənab Ə.Amaşova!

APELLYASİYA ŞİKAYƏTİ

Hörmətli Əflatun müəllim!


Bildirirəm ki, Azərbaycan Mətbuat Şurası şikayətlər komissiyasının 1 mart 2019-cu il tarixli iclasında “Təzadlar” qəzetinin adının Azərbaycan Mətbuat Şurasının “qara siyahısı”na salınması barədə qərar qəbul edilmişdir. Həmin qərarı aşağıdakı səbəblərdən qanunsuz və əsassız, sifarişli hesab edərək, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin genişləndirilmiş iclasında müstəqil vəkillərin, hüquqşünasların və müstəqil media ekspertlərinin birgə müzakirəsinə çıxarılaraq ləğv olunmasını xahiş edirəm:

1. Azərbaycan Respublikasının Konstitusiya Qanununda və “Şikayətlərə baxılması Qaydaları”ında göstərilir ki, hər bir vətəndaşın (dövlət və ya özəl təşkilatın rəhbərinin) hüquqlarının müdafiəsi üçün yuxarı dövlət (özəl) orqanına şikayət vermək hüququ vardır. Ərizə ərizəçi tərəfindən imzalanır.

Eləcə də şikayətlərə məhkəmə qaydasında baxılmasını tənzimləyən digər qanunvericilik aktlarında, həmçinin Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində bu məsələ konkret göstərilib. Belə ki, həmin Məcəllənin 12-ci Fəslinin 149.1 maddəsində (Maddə 149. İddia ərizəsinin forması və məzmunu) yazılır: “149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır”.

Bildiyiniz kimi, Mətbuat Şurasının yuxarıda qeyd edilən qərarına səbəb Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovdur. Həmin iclasda rektor Ə.Muradovun barəsində qəzetdə dərc olunmuş məqalələrin müzakirəsi, həmçinin MŞ-ın 15.01.2019-cu il tarixdə «Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib” başlığı ilə yaydığı məlumatı (Sitat: “İclasda Azərbaycan Dövlət İqtisad Universitetinin - UNEC-in professor-müəllimlərinin “Tezadlar.az” saytına qarşı şikayətləri də araşdırılıb» və s.) bir daha sübut edir ki, şikayətçi (iddiaçı) ADİU rəhbərliyi, konkret halda isə rektor Ədalət Muradovdur.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 5-ci Fəslinin 46-cı və 50-ci maddələrində şikayətçi ilə cavabdehin hüquq və vəzifələri göstərilir. Konkret desəm, qanunvericiliyin tələblərinə görə, barəsində şikayət verilən “Təzadlar” qəzetidirsə, deməli, şikayət verən də rektor Ədalət Muradov olmalıdır. Lakin çox maraqlıdır ki, MŞ-ın 1 mart 2019-cu il tarixli məlum iclasında şikayətçi rektor Ədalət Muradovun nəinki özü iştirak etmişdir, əksinə, mübahisələndirilən məsələyə qətiyyən aidiyyəti olmayan, həmin universitetdə rəsmi işçi olmayan, barəsində hər hansı tənqidi məqalə dərc edilməyən sabiq millət vəkili Şahlar Əsgərovun, Konstitusiya Araşdırmaları Fondunun sədri Əliməmməd Nuriyevin, “Trend” İA-nın direktor müavini Arzu Nağıyevin, təksil üzrə ekspert hesab edilən Etibar Əliyevin, həmçinin Məlahət Mürşüdlünün Mətbuat Şurasına ünvanladığı müraciətinə baxılmışdır. Axı “Təzadlar” qəzetində həmin şəxslərin mənafelərinə toxunan hansısa konkret bir məqalə dərc edilməmişdir. Üstəlik, onlar rektor Ədalət Muradovun vəkili və ya səlahiyyətli nümayəndələri də deyildilər. Onlar ADİU-unun ictimai əsaslarla İctimai Nəzarət Şurasının üzvləridirlər, rəsmi statusa malik deyillər. Elə isə rektor Ədalət Muradovun barəsində dərc edilmiş məqalələrin şikayət doğuran hallar üzrə müzakirəsində onların iştirakı və ya tələbi hansı qanunvericiliklə tənzimlənir?

2. MŞ-ın məlum iclasında aparılan müzakirələr zamanı rektor Ədalət Muradovun barəsində yazılmış məqalələrin sayı, eləcə də onun «Differensial əmək haqqı», əməkdaşlara Yeni İl ərəfəsində soğan paylaması və s. ilə bağlı yazılar müzakirə edildi və mən «KİV haqqında» Qanunun tələblərinə uyğun olaraq sübutları təqdim etsəm də, qarşı tərəfin şikayətini təsdiqləyən heç bir sübutları ortaya qoyulmadı. Və təəssüf hissi doğuran həm də budur ki, MŞ-ın həmin iclasının qərarı barədə yaydığı məlumatında rektor Ədalət Muradovun adı belə çəkilmədi, gizli saxlanıldı. Bu isə ciddi şübhələrə yol açmaqla MŞ-ın məlum qərarının sifarişli olmasına əsas verən haldır.

3. “KİV haqqında” Qanunun 8-ci maddəsinin tələblərinə görə, redaksiya hər hansı məqaləni çapa hazırlayarkən zərurət yarandıqda yazılı və ya şifahi sorğu verə bilər. Jurnalistlərin Peşə Davranışı Kodeksinin tələblərinə görə isə, redaksiya barəsində yazı hazırlanan maraqlı şəxsin mövqeyini öyrənməlidir. Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun barəsində dərc edilmiş araşdırma məqalələri çapa hazırlanarkən redaksiyaya daxil olmuş material tam şəkildə şəxsən rektorun özünə təqdim edilmişdir, o, tezliklə mövqeyini bildirəcəyini söyləmişdir. Hətta sonradan ona elektron və ənənəvi poçt vasitəsilə yazılı sorğu da göndərilmişdir (qəbz və sorğu təqdim edilir). Lakin qanunvericiliyin yol verdiyi müddət başa çatsa da, bu baş verməmişdir. Əksinə, rektor Ədalət Muradov müxtəlif şəxslərin nüfuzundan istifadə edərək həmin məqalənin çap edilməməsi üçün şəxsən mənə və əməkdaşlarımıza zənglər etdirmiş, təsir göztərməyə başlamışdır (sübutları təqdim edirəm). Redaksiyanı qeyd edilən araşdırma məqalələrinin çap olunmasından imtinaya məcbur edən bu cür cəhdləri edənlər sırasında Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvləri də vardır (adlarını təqdim edirəm). “KİV haqqında” Qanunun 59-cu maddəsi bir daha göstərir ki, (“Maddə 59. Kütləvi informasiya azadlığının və jurnalist hüquqlarının pozulmasına görə məsuliyyət”) «…KİV-in təsisçilərinin, naşirlərinin, redaksiyalarının (məsul redaktorlarının), jurnalistlərin qanuni fəaliyyətinə vətəndaşlar, dövlət orqanları, bələdiyyələr, idarə, müəssisə və təşkilatlar, siyasi partiyalar, habelə ictimai birliklər və ya vəzifəli şəxslər tərəfindən hər hansı müdaxilə, o cümlədən: senzura tətbiq etmək; peşə müstəqilliyini pozmaq; jurnalisti informasiyanı yaymağa və ya informasiyanı çap etdirməkdən imtinaya məcbur etmək; jurnalistə informasiya verilməsi üzərinə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan məlumatlar istisna olmaqla, məhdudiyyətlər qoymaq və ya informasiya verməkdən imtina etmək; jurnalist sorğusuna Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş müddətdə cavab verməmək; qanunvericiliyə müvafiq surətdə mülki, inzibati, cinayət və digər məsuliyyətə səbəb ola bilər». Məncə, əlavə şərhə ehtiyac yoxdur.

4. Redaksiya rektor Ədalət Muradovun bu cür təzyiqlərindən sonra mübahisəyə səbəb olmuş informasiyanın əldə edilməsi üçün mübahisələndirilən məsələ üzrə məsul dövlət orqanı Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr əvəzi Vəli Hüseynova sorğu göndərmişdir. Lakin cənab V.Hüseynov da “KİV haqqında” Qanunun 8-ci və 59-cu maddəsinin tələblərini kobud surətdə pozaraq, sorğunu cavablandırmamışdır. Redaksiya V.Hüseynovun hərəkətsizliyindən qanunvericiliyin tələblərinə uyğun olaraq 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə şikayət vermişdir. 1 ildən çox müddətdə məhkəmə çəkişməsi oldu, işə Bakı Apellyasiya Məhkəməsində də baxıldı. Bu ərəfədə MŞ İdarə Heyətinin üzvü, şikayətlər komissiyasının sədri (hazırda rektor Ədalət Muradovun mənafeyini müdafiə edən) Vüqar Rəhimzadə şəxsən dəfələrlə mənə zəng edərək hədə-qorxu tonunda bu barədə yazıları dayandırmağı tələb etmişdir (sübutları təqdim edirəm). Sonradan bu və ya qanunsuz əməllərinə görə Vəli Hüseynov tutduğu vəzifəsindən azad edildi.

Redaksiya baş verənlər barədə məsələnin qəzet səhifəsində və digər elektron KİV-lərdə ictimailəşdirilməsini məqbul saydı, eləcə də rektor Ədalət Muradov və Prezident yanında AAK-ın sədr əvəzi Vəli Hüseynovun qanunsuz hərəkətləri barədə Prezident İlham Əliyevə, Baş Prokuror Zakir Qaralova müraciətlər hazırladı, onların qanunsuz hərəkətlərini sübut edən müvafiq sənədlər tədbir görülməsi üçün göndərildi. Bir daha təkrar edirəm, yenə də belə bir vəziyyətdə Azərbaycan Mətbuat Şurasının Şikayətlər Komissiyasının sədri, MŞ İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə şəxsən mənə zəng vuraraq bu yazıları dayandırmağı tələb etdi, hətta bu tələblər təhdid səviyyəsində, hədələmə formasında edilirdi. Halbuki V.Rəhimzadə bununla da “KİV haqqında” Qanunun 59-cu maddəsinin tələblərinə uyğun olaraq mülki, inzibati, cinayət və digər məsuliyyət daşıyırdı. Mən isə ona xahişini etdiyi şəxslərin qanuna əməl edərək sorğunu cavablandırmasını bildirmişəm və onun sonuncu dəfəki xahişindən imtina etmişəm (O, dəfələrlə müxtəlif vəzifəli şəkslər, xüsusən də SOCAR-la bağlı yazıların saytdan silinməsini, çapının dayandırılmasını tələb edib, etiraf edirəm ki, məcburən yerinə yetirmişik, çünki əks halda, qəzetin barəsində süni şikayətlər təşkil ediləcəyindən ehtiyatlanmışıq, bunun dəfələrlə şahidi olmuşuq).

Nəzərə alın ki, son 10 il ərzində “Təzadlar” qəzeti barədə Mətbuat Şurasına şikayətlər edilmədiyi halda, Vüqar Rəhimzadənin həmin təhdidlərindən və qanunsuz tələblərini yerinə yetirmədiyimizdən sonra birdən-birə Mətbuat Şurasına barəmizdə dərc edilən məqalələrə aidiyyəti olmayan şəxslər tərəfindən əsassız şikayətlər axmağa başladı. Hətta Mətbuat Şurasında bu barədə məsələ müzakirə ediləndə mən bu şikayətlərin xüsusi olaraq təşkil edildiyini bildirmişəm və həmin iclasın Mətbuat Şurasının adından yayılan press-relizində də mənim bu qənaətim öz əksini tapmış, səsləndirdiyim həmin fikir mətndə ifadə edilmişdir. Bu barədə Şuranın 15.01.2019-cu il tarixdə «Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib” başlığı ilə yaydığı məlumatında yazılıb Sitat: “İclasda Azərbaycan Dövlət İqtisad Universitetinin - UNEC-in professor-müəllimlərinin “Tezadlar.az” saytına qarşı şikayətləri də araşdırılıb... Asif Mərzili cavabında bildirib ki, bu şikayətlərin çoxu məqsədli şəkildə maraqlı şəxslər tərəfindən təşkil etdirilib...”.

Qəzetə qarşı qərəzli mövqe onunla təsdiqini tapır ki, MŞ-ın əksər KİV-lərdə yayımlanan həmin məlumatında “İclasda Azərbaycan Dövlət İqtisad Universitetinin - UNEC-in professor-müəllimlərinin “Tezadlar.az” saytına qarşı şikayətləri də araşdırılıb” kimi fikirlər qeyd edilsə də, Şikayətlər Komissiyasının sədri Vüqar Rəhimzadə modern.az saytına açıqlamasında tamamilə əks fikir söyləyərək belə deyir: ““Təzadlar” qəzeti ilə bağlı Mətbuat Şurasına UNEC-in rektorluğu tərəfindən heç bir müraciət daxil olmayıb”.

Yəqinki əlavə şərhə ehtiyac yoxdur. Halbuki redaksiya qanunvericiliyin tələblərinə uyğun olaraq rektor Ədalət Muradova rəsmi qaydada elektron və ənənəvi poçt vasitəsilə, eləcə də əlbəəl verilməklə, sorğular göndərib, lakin qarşı tərəf sorğunu cavablandırmayıb, mövqeyini bildirməyib. Redaksiya bundan sonra nə etməli idi? Hətta o, bizə müraciət edərək həmin yazıları dayandırmağı xahiş edən dostlarına, o cümlədən Sizə, söz versə də ki, müsahibə verərək həmin sorğuya bu formada cavab verəcək, buna da əməl etməmişdir. Əksinə, rektor həmin ərəfədə özünə yaxın olan və universitetdə İctimai Nəzarət Şurasının üzvü seçdirərək diplom, mükafat verdiyi yaxın dostu Etibar Əliyev adlı şəxsin imzası ilə redaksiyanı şantaj edən, böhtan atan yazılar dərc etdirmiş, işgüzar nüfuzumuza ağır zərbə vurmuşdur.

5. Diqqətinizə onu da çatdırıram ki, “Təzadlar” qəzetində dərc edilmiş tənqidi məqalələrin həqiqət olduğunu Azərbaycan Dövlət İqtisad Universitetinin uzun illər kafedra müdiri olmuş, hazırda ADİU-nun professoru, iqtisad elmləri doktoru Mirələm Həsənli, ADİU-nun uzun illər kafedra müdiri olmuş, hazırda professoru, Əməkdar müəllim, iqtisad elmləri doktoru Əlican Abbasov, ADİU-nun dosenti, iqtisad elmləri namizədi Aslan Məmmədov, ADİU-nun müəllimi Zərifə Mansurova və başqaları təsdiqləyən müsahibə və açıqlamalar verərək universitetdə baş verən qanunsuzluqlarla bağlı Prezident İlham Əliyevə neçə müddət əvvəl göndərdikləri müraciətlərini, müvafiq sənəd və sübutlarını redaksiyaya təqdim etmişlər (təqdim edilir).

6. Diqqəti çəkən məqam bundan ibarətdir ki, ictimai təşkilat olan Azərbaycan Mətbuat Şurasının ”ictimai qınaq” adı ilə tətbiq etdiyi məlum qərarı, əslində, ciddi sanksiya xarakteri daşıyır, bu isə KİV olaraq qəzetin və əməkdaşların Konstitusiyada nəzərdə tutulmuş məlumat azadlığının məhdudlaşdırılması, eləcə də jurnalistlərin sosial müdafiə hüquqlarından məhrum edilməsi ilə nəticələnmişdir. Belə ki, Prezident yanında KİV-ə Dəstək Fondunun elan etdiyi yazı müsabiqəsi elanlarında tətbiq edilən qadağalar jurnalistlərin Konstitusion hüquqlarının (adı “qara siyahı”da olan jurnalistlər yazı müsabiqəsinə buraxılmır, dövlət təltiflərindən məhrum edilir, jurnalistlər üçün tikilmiş binadan mənzil almaq hüququndan kənarlaşdırılır və s. Bax: KİVDF-nin yazı müsabiqəsi və mənzil almaqla bağlı elanlarının şərtləri) əlindən alınması ilə nəticələnir.

7. Bundan başqa, Mətbuat Şurasının “qara siyahısı”nı əsas tutan millət vəkili Hikmət Babaoğlu 7 mart 2019-cu il tarixdə ictimai rəydə hökumətyönümlü informasiya agentliyi kimi qəbul edilən “Report”a açıqlamasında deyir: “Dövlət qurumları, müxtəlif təşkilatlar adı “qara siyahı”da olan çap mediası ilə əməkdaşlıq etməkdən çəkinməlidir”. Bu isə KİV-in Konstitusiyanın 50-ci maddəsində nəzərdə tutulan informasiya və məlumat azadlığının məhdudlaşdırılmasına çağırışdır. Hansı ki, belə hal KİV üzərində senzuranın tətbiqidir və “KİV haqqında” Qanunun 8 və 59-cu maddələrinin tələblərinin kobud surətdə pozulmasıdır.

8. Xatırladıram ki, Beynəlxalq «Human Rights Watch» təşkilatının illik hesabat jurnalının 3 səhifəsi “Təzadlar” qəzetinə qarşı belə əsassız cəza və qadağalar, təzyiqlərə həsr edilmişdir (təqdim edirəm). Arzulamazdım ki, adı çəkilən Beynəlxalq Təşkilatın növbəti hesabatında yenidən bu barədə bəhs edilsin.

Hörmətli Əflatun müəllim!

Mən qeyd edilən halları təsdiq edən sübutları sonuncu müzakirələrdə Sizə və iclas iştirakçılarına təqdim etsəm də, lakin heç biri bizə məlum olmayan səbəbdən bunları nəzərə almadılar. Həmin sənəd və sübutları bir daha Sizə təqdim edirəm.

Beləliklə, Azərbaycan Mətbuat Şurası Şikayətlər Komissiyasının 1 mart 2019-cu il tarixli qərarını yuxarıdakı səbəblərdən qanunsuz və əsassız, sifarişli hesab edirəm və Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin genişləndirilmiş iclasında müstəqil vəkillərin, hüquqşünasların və müstəqil media ekspertlərinin birgə müzakirəsinə çıxarılaraq yenidən baxılıb ləğv edilməsini Sizdən xahiş edirəm.

Hörmətlə:
Asif Mərzili
Baş redaktor
27 mart 2019-cu il
Bakı şəhəri


Redaksiyadan: Çox maraqlıdır ki, Azərbaycan Mətbuat Şurası İdarə Heyəti aprelin 24-də redaksiya rəhbərliyinin, xüsusən də şikayət verən baş redaktorun iştirakı olmadan iclas keçirmiş, təqdim olunan ərizə və ona əlavə edilmiş sübutlar araşdırılıb müzakirə edilmədən qiyabi qərar qəbul edilmişdir. Ən maraqlısı budur ki, Mətbuat Şurasının yaydığı məlumatında qəzetin adının “qara siyahıya qaytarılması” ifadə yer alır. Məgər qəzet hansısa ağır cinayət törətmişdir və üzərində azadlıqdan məhrumetmə cəzasımı vardır?

(Tezadlar.az)



Fikrini bildir