SON XƏBƏRLƏR
"Hesab edin ki, jurnalistikamız da torpaqlarımız kimi müvəqqəti işğal olunub…"

Yazının dərc olunma Tarixi: 21/7/2019

"Mətbuatımız ələbaxımlığa öyrədilmiş dişsiz, şikarından qorxan canavar günündədir"
"Hesab edin ki, jurnalistikamız da torpaqlarımız kimi müvəqqəti işğal olunub…"






















"Təzadlar"ın baş redaktoru Asif Mərzilinin pravdainfo.org saytına müsahibəsini təqdim edirik:

- Azərbycan mətbuatı sabah əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş və bu günümüzə gəlib çıxmış milli mətbuatımızın 144 illiyini qeyd edəcək. Bu günün mətbuatı 144 il əvvəl qoyulmuş ənənələri özündə daşıyırmı?
- Yaxşı deyirsiniz ki, “bu günümüzə gəlib çıxmış”. Maraqlı ifadədir, hər halda, adı daşıyırıq… İki gün əvvəl Həsən bəy Zərdabinin 1-ci Fəxri Xiyabandakı heykəlini ziyarət etdim və orada ustada müraciətlə dedim: bizi bağışla, ustad, nankor çıxdıq, yaltaq olduq, doğrunu yaza bilmədik… Hələki cəmiyyəti aldatmaqla məşğuluq! Neyləyək, aşağı baxırıq saqqal, yuxarı baxırıq bığdır. Bağışla, baba, qarşında üzümüz qaradır. Bir dəstə sənin yaratdığın o mətbuatı özü üçün qazanc və sığınacaq yeri seçib. Torpağımızı işğal etmiş erməniləri məğlub etməyə çalışırıq, amma içimizdəki düşmənə boyun əyirik…
- Nədir, kimdir içimizdəki o düşmən?
- Yaltaq olmağa meyilli olmağımız, yalan danışmağa, gözə kül üfürməyə hazır olmağımız…
- Bəlkə bunlar bəhanələrimizdir ki, belə yazsam, elə olar və sair…
- Əksər hallarda belədir… Mən rəhbəri olduğum “Təzadlar” qəzetinin nümunəsində deyə bilərəm ki, siyasi hakimiyyət senzuranı ləğv edibsə, deməli, KİV üzərində istənilən nəzarət yolverilməzdir. Qısası, jurnalistdə və jurnalistikada cəsarət olmalıdır… Üstəlik, hakimiyyətə hansı mətbuat lazımdır: dişsiz, super yaltaq, yalan danışan, yoxsa, Azərbaycan adı gələndə susmayan, müstəqil düşüncəli, cəsarətli mətbuat? Elə bil hamının başı üzərində 21 il əvvəl ləğv edilmiş senzuranın hansısa bir formada ilğımı dolaşır… Dövlət 10 il əvvəl KİVDF yaratdı. İndi demək olar hamı tərəfindən sərt tənqid olunur. Söhbət bu dövlət qurumundan yox, onun idarə olunmasından gedir. Özünüz müayisə edin: 10 il geri tariximizin mətbuatı ilə 10 ildən bərinin mətbuatının vəziyyətini müqayisə edin… Bir tərəfdə nisbi müstəqil, az-çox cəsarətli mətbuat, digər tərəfdə reanimasiyada yatan naxoş xəstə halında olan mətbuat! Yardım kömək məqsədlidir, ayağa durmaq və irəliyə getmək niyyətli maliyyə köməyi deməkdir. Bizim KİVDF-dən maliyyə alanlar üçün isə bu geriləmək və susmaq demək oldu. Adını çəkmək istəmirəm, KİVDF-dən maliyyə alan bəzi qəzetlərin jurnalistləri azacıq tənqid olan yazılarını başqa imza ilə bizə təqdim edirlər. Bəzilərindən xəbər alıram ki, bu adi bir şikayət məktubunun əsasında yazılan məqalədir, niyə özünüzdə vermirsiniz? Deyirlər ki, tənqid yazsaq, yardımı kəsərlər… Təsəvvür edirsinizmi, bütün yardım alan qəzetlər bu gündədir. Deməli, KİV-ə Dəstək fondunun “Əsasnamə”sində ciddi dəyişikliyin olmasına qərar verilməlidir, ya bu layihə ləğv olunmalıdır, ya da yeni mahiyyətli proqram olmalıdır.
- Hansı formada?
- Əgər maliyyə yardımı 10 ildir Azərbaycan mətbuatını bu kökə salıbsa, onun istiqamətini dəyişmək gərək. Adi bir missal: Azərbaycan Dünya Bankından hər il yardım alıb. Bu maliyyə yardımı hansısa konkret sahənin inkişafına yönəldilib və nəticə də olub. Bizim mətbut isə maliyyə yardımını alıb və əksinə, zəifləyib, ölü vəziyyətə gəlib. Yəqinki mənim bu fikirlərimlə razılaşmayanlar da olacaq. Misal çəkirəm: bu yaxınlarda ayda 20 min manat yardım alıb AzərTAC-ın, digər informasiya agentliklərinin xəbərlərini çap etməklə məşğul olan, yaxud müxbirlərinin primitiv, ictimai əhəmiyyət daşımayan mövzularda adi məqalələrini tirajlayan qəzetlərin layihə adı altında çıxardıqları səhifələrinin monitorinqini etdik. Təsəvvür edirsinizmi, bu tip məqalələri yazan müxbirlərə yazığım gəldi. Bəzilərinin qələmi var, amma cəsarəti yoxdur…Görün jurnalistin qələmi-zehni, potensial enerjisi nəyə sərf olunur. O cür bəsit, gərəksiz, heç kimin oxumayacağı məqaləni yazmaq və altından imza qoymaq həmin müəllif üçün ən pis işgəncə, aşağılanma hesab edirəm. Mən hələ demirəm ki, bir nəfər 5-10 imza altında plagiat yazılar yazır. Bunu ətrafda biz jurnalistlər görürük və bilirik. Bəs bu cür maliyyələşmə ideyasını layihələndirənlər başa düşmürmü ki, zaman gələcək, Azərbaycan mətbuatının bu dövrünü təhlil edəndə bizlərə nə deyəcəklər? O ki qaldı təklifə, istərdim ki, KİVDF bu maliyyəni konkret dost-tanışlar üçün deyil, bütün mətbuat üçün açıq elan etsin. O qədər işsiz, heç bir yerdə işləməyən müstəqil, sərbəst jurnalistlər var ki, onlara da şans verilməlidir. Maliyyə yardımı ən yaxşı araşdırma yazılarına, xarici dildə yazılmış məqalələrə verilməlidir. Fondun belə bir layihəsi var, yazı müsabiqələr üçün. Amma orada da hər dəfə ya katibələr birinci yer tutur, ya da ərköyün, adı bəlli qəzetlərin əməkdaşları. Mən bir dəfə təklif də vermişdim ki, 10 ildir 1-ci yer tutan həmin jurnalistlərin kursunu təşkil edin, bizlər gəlib onlardan öyrənək görək ingilis, rus, alman, fransız… dilində məqalələri necə yazmaq olar? Bu cür saxtakarlığın meydan suladığı mətbuatda təbii ki, peşəkarlar nifrətlə kənara çəkilirlər. Bəzən sevinclə, yəqinki bu dəfəki bayram törənində də deyəcəklər ki, Azərbaycanda 5 mindən çox KİV var. Qaradaşlar, əgər uşaq doğulubsa, onun qayğısına qalınmalıdır. Özü də ayrı-seçkilik, fərq qoyulmadan. Necə demək olar ki, bu uşaq yaxşıdır, mənim yerlimdir, qohumumdur, katibəmdir, qardaşım oğludur, ona çörək verin, qalanları rədd edin?! Bu harda yazılıb? Yaxud harda yazılır? Ya bu KİV-ləri bağlatdırın, ya da yiyə durun. Dəfələrlə demişəm, saytlar açılanda domenlərə nəzarət edin ki, yerindən duran sayt açıb sonra da həbsxanaya düşməsin. Bu gün həbsxanalarda xeyli sayda müxtəlif cinayətlərə görə yatan belələri var. Onların ora düşməsinin baiskarı bizlərik. Biz KİVDF-dən ayda 20 mini alıb yeyirik, qalanlara isə deyirik ki, kənarda dur. Azərbaycanda qədimdən milli adətdir, evdə çörək, yaxud yemək bişirilərsə, ilk pay qonşuya verilər… Bunlar isə düşünmədən qamarlamaqla məşğuldurlar.

“Ümidsiz olmayaq, hesab edin ki, jurnalistikamız da torpaqlarımız kimi müvəqqəti işğal olunub…”

- Çap mediasının durumu necədir?
- Xalqımızın durumu kimi… Xalq Qarabağ pobleminə, düşmənimiz erməni həyasızlığına necə susursa, çap mediamız da xalqın bu durumuna eləcə susur… Yəni, hər şey bir-birini tamamlayır… Çap mətbuatı bütün dünyada qorunub saxlanılır, çünki yazılı arxivdir. Bəlkə nə zamansa, elektron arxiv bu funksiyanı etibarlı əvəzləyə biləcək, amma mən dünya praktikasına istinad edərək deyirəm ki, çap mediası, yazılı kitab ənənəsi uzunömürlüdür…
- Mətbuatımıza və jurnalistlərimizə nə arzu edərdiniz?
- Şeyx Şamil deyib: “Aqibətini düşünən əsgərdən igid çıxmaz”. Jurnalist aqibətini düşünürsə, onun yazısının və sənətinin, sonar da özünün axırı yoxdur. Mətbuatımızı da jurnalistlər formalaşdırır. Eyni sözü mətbuatımıza da ad edirəm. Qorxaq mətbuatı olan millətin aqibəti necə ola bilər ki?! Jurnalistlərimiz yaltaqlıqdan və yalandan uzaq olmalıdır. Yazarkən özündən əvvəl xalqı və dövləti fikirləşmək lazımdır. Əgər bu yazı sənə qarın otarmaqdan başqa, nəyəsə lazım deyilsə, onu yazmamaq daha vacibdir. Təbrikə gəlincə, içində müstəqilliyi, sərbəstliyi, vicdanlığı qoruyub saxlayan, məcburən, sifarişlə yazmayan jurnalistlərimizi təbrik edirəm. Ümidsiz olmayaq, hesab edin ki, jurnalistikamız da torpaqlarımız kimi müvəqqəti işğal olunub… Ümid edək ki, inşallah, tezliklə peşəkarlarımızın, vicdanlılarımızın dəstəyi ilə mətbuatımız “işğaldan” azad olunacaq, qaçqın və məcburi köçkün jurnalistikamız öz dogma yurduna-milli mətbuatımıza qayıdacaq… Bu gün mətbuatımız ələbaxımlığa öyrədilmiş dişsiz, şikarından qorxan canavar günündədir.Canavar ələbaxımdırsa, o heç vax tov ardınca getməyəcək, şikarını ovlamaq vərdişindən uzaq düşəcək… İndi bizdə vəziyyət belədir…

Mahmud Məmmədli
(Pravdainfo.org)



Fikrini bildir