SON XƏBƏRLƏR
JURNALİST NAZİR VİLAYƏT EYVAZOVA MÜRACİƏT ETDİ

Yazının dərc olunma Tarixi: 15/8/2019

JURNALİST NAZİR VİLAYƏT EYVAZOVA MÜRACİƏT ETDİ
Asif Mərzili: «Cənab nazir, hələ də inana bilmirəm ki, qeyri-aşkar şəraitdə törədilmiş ən ağır cinayətlərin üstünü isti izlərlə açan müstəntiqlərimiz niyə 3 il 5 aydır sifarişçiləri bəlli olan bu cinayətin üstünü aça bilmirlər…»
«Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzili Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova müraciət göndərib. Müraciəti aşağıda təqdim edirik:
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazova!
Çox hörmətli cənab general!

Öncə Sizi Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə daxili işlər naziri təyin edilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm və inanıram ki, Azərbaycan polisi məhz Sizin nazir olaraq rəhbərliyinizlə dövlətçiliyimizin qorunmasında, ən ağır cinayətlərin üstünün açılmasında sabiq nazir Ramil Usubovun müəllifi olduğu şərəfli ənənələri bundan sonra da uğurla davam etdirəcək.
Cənab Nazir!
Bildiyiniz kimi, peşə fəaliyyətimlə əlaqədar olaraq 2016-cı ilin martın 13-dən 14-nə keçən gecə, saat 03:20 radələrində şəxsi mənzilim, 2016-cı ilin iyulun 7-də isə şəxsi avtomobilim naməlum şəxslər tərəfindən eyni üsulla- benzin tökülərək qəsdən yandırılmışdır. Mənzilimiz benzinlə yandırılarkən ailəlikcə evdə yatmış vəziyyətdə olmuşuq və əgər tam təsadüfən bu yanğından xəbər tutan qonşunun bizi duyuq salması olmasaydı, yəqinki bütün ailəmiz yanaraq məhv olmuşdu. Elə bunun özü həmin cinayəti sifariş verənlərin nə dərəcədə ləyaqət hissini itirdiyini, qisasçı olduğunu sübut edir. Hansı ki, əgər rəhbəri olduğum qəzetdə hansısa jurnalistin həmin sifarişçilərin mənafeyinə toxunan hər hansı bir məqaləsi dərc edilmişdisə, bunun qanuni həlli yolu var idi. Və onu da deyim ki, həmin sifarişçilərdən biri əməkdaşlarımızdan birini iki dəfə xüsusi ittiham qaydasında məhkəməyə vermişdi və uduzmuşdu.
Beləliklə, hadisənin ağırlıq dərəcəsi nəzərə alınaraq hər iki cinayət hadisəsi ilə bağlı qaldırılmış 160110484 saylı cinayət işi həmin vaxt Xətai rayon Polis İdarəsindən alınaraq Bakı şəhər Baş Polis İdarəsinin İstintaq Şöbəsinə verilmişdir (xüsusilə mühüm işlər müstəntiqi Nizami Əbilov) və mən istintaqın qərarı ilə zərərçəkmiş kimi tanınmışam. Ötən dövrdə sabiq daxili işlər naziri cənab Ramil Usubov, eləcə də o vaxt daxili işlər nazirinin 1-ci müavini kimi Siz-Vilayət Eyvazov, DİN-nin Baş Cinayət-Axtarış İdarəsinin rəisi Arzu Daşdəmirov, Bakı şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov, Bakı şəhər Prokurorluğunun rəhbərliyi... məni dəfələrlə qəbul etmişlər və cinayətin üstünün tezliklə açılacağına söz vermişlər.
Lakin üstündən 3 il 5 ay ötsə də hələki heç bir nəticə yoxdur. Sonuncu dəfə DİN-nin Baş İstintaq İdarəsinin rəisi, general Emin Usubovun imzası ilə mənə göndərilən rəsmi cavabdan məlum olur ki, istintaq icraatı dayandırılmışdır və şübhəli şəxslərin ətrafında əməliyyat-istintaq hərəkətləri davam etdirilməkdədir. Hansı ki, prosessual qanunvericiliyin tələblərinə görə istintaq icraatı o zaman dayandırılır ki, müstəntiq daha vacib istintaq hərəkətlərinin üzərində işləyir, əlavə məlumatları öyrənir, araşdırır. Axı bu işdə hər şey ortadadır, nəyi araşdırmalıdırlar? Sonuncu dəfə müstəntiq Nizami Əbilova 6 ay əvvəl zəng vurmuşam və həmişə olduğu kimi cavabı belə olub: «Allaha and olsun qalmışam belə…».
Cənab nazir! Hesab edirəm, aşkar şəraitdə törədilmiş bu qeyri-adi, sözlə ifadəsi mümkün olmayan dəhşətli cinayət hadisələrinin üstünün açılması üçün kifayət qədər mötəbər maddi sübutlar vardır: kamera görüntüləri, əl izləri, sifarişçilərin telefon danışığını əks etdirən DVD disk, hədələyici elektron məktub, mətbu yazılar və s. Cinayətin törədilməsində şübhəli şəxslər də məlumdur, etiraf etməliyəm ki, onlar yüksək maddi imkana malik şəxslərdir. Sadəcə, istintaq sirri olduğundan bəzi xüsusatları qeyd edə bilmirəm, lakin onların adları istintaqa və Sizə məlumdur. Onlardan biri keçmiş icra başçısıdır və hazırda iş adamıdır, bizneslə, restoranlar şəbəkəsi ilə məşğuldur. Digəri isə milyonçu kimi tanınanın birisidir və s. Mən bunları ortada olan mötəbər maddi sübutlara söykənərək məsuliyyətlə deyirəm. Azərbaycan CPM-də ibtidai istintaqın başa çatdırılmasının müddəti vardır və artıq 3 il yarımdır ki, müstəntiq Nizami Əbilov yalnız vaxt udmaqla məşğuldur, istintaqa nəzarət edən prokurorluq orqanları isə müstəntiqin bu qanunsuz hərəkətini hələki seyr edirlər.
Çox hörmətli Vilayət müəllim! Mən əvvəllər də sabiq nazir Ramil Usubova teleqramlar vurmuş, məktub və ərizələr göndərmişəm. Lakin cavab verilməyib. Hiss etmişəm ki, DİN-də məlum cinayətlərin sifarişçilərini dəstəkləyənlər vardır və bu məktub və müraciətlərin nazirə çatdırılmasına imkan verməyənlər var. Təxminən iki həftə əvvəl Sizə də bu məzmunlu məktubu göndərmişəm, reaksiya olmadığından məcburən mətbuat vasitəsilə Sizə müraciət etməli oldum.
Mən Sizin əməliyyat-istintaq sahəsindəki yüksək təcrübənizi və prinsipiallığınızı bildiyimdən inanıram ki, Azərbaycanın istintaq tarixində ilk olan bu qeyri-adi cinayət hadisələrinin üstü tezliklə açılacaq. Siz sonuncu dəfə məni DİN-nin Baş CAİ-nin rəisi Arzu Daşdəmirovla birgə qəbul edəndə də söylədiniz ki, bu cinayət hadisələrini ən ağır cinayət hesab edirsiniz, jurnalistin yazısına görə onun əmlakının və ailə üzvlərinin yandırılaraq məhv edilməsinə hesablanmış cinayəti törədənləri heç vaxt bağışlamaq olmaz. Və məndən xahiş etdiniz ki, bu cinayət hadisəsi barədə susum, mətbuatda məlumat yaymayım.

«Müstəntiqin bu qədər maddi sübutların mövcud olması fonunda hərəkətsizliyi və susqunluğu mənə başqa seçim imkanı da vermir…»


Mən Sizin bu tövsiyyənizi yüksək qiymətləndirmişəm, başa düşürəm ki, beynəlxalq qurumlar, Azərbaycanın xarici düşmənləri jurnalistə qarşı belə bir hadisənin baş verməsi faktından əleyhimizə sui-istifadə edə bilərlər. Elə bunları nəzərə alaraq xarici auditoriyanın diqqətinə çatdırılası hər hansı müraciətdən uzaq dururam. Mənə qarşı 2009-cu ildə fərqli bir hadisə olmuşdu və mən keçmiş ABU rektoru E.Abdullayevin əsassız şikayəti əsasında peşə fəaliyyətimə görə qanunsuz olaraq həbs olunmuşdum, bir gün sonra cənab Prezident İlham Əliyevin sərt reaksiyasından sonra məhkəmə qərarı ilə azad edildim. Hələ də həmin hadisə Beynəlxalq Human Rights Watch Təşkilatının Azərbaycanla bağlı hesabatında yer alır, həbsdən dərhal azad olunmağımla bağlı ATƏT rəsmlərinin cənab Prezident İlham Əliyevin atdığı humanist addım söz və mətbuat azadlığına verilən ən yüksək dəyər kimi qiymətləndirilir. Təkrar edirəm, bunlar beynəlxalq təşkilatların bütün rəsmi yazışmalarında əks olunmuşdur. Mən bunları başa düşürəm, amma müstəntiqin bu qədər maddi sübutların mövcud olması fonunda hərəkətsizliyi və susqunluğu mənə başqa seçim imkanı da vermir. Vurulmuş maddi və mənəvi ziyan bir kənara, bəs daha neçə il gözləməliyik ki, redaksiya əməkdaşlarının həyəcan və qorxu içində işə gəlməyinə son qoyulsun???
Cənab Nazir, bir daha qeyd edirəm, bütün mötəbər maddi sübutlara baxmayaraq müstəntiq prossesual qanunvericiliyin tələblərinə zidd olaraq istintaq icraatını dayandırmışdır. Hesab edirəm ki, o, bununla da baş vermiş cinayətin üstünün açılmasında hansısa tapşırığı icra etdiyini ortaya qoymaqdadır. Belə ki, Bakı şəhər Baş Polis İdarəsinin xüsusilə mühüm işlər müstəntiqi, polis polkovnik-leytenantı Nizami Əbilov kifayət qədər maddi sübutlar (kamera görüntüləri, əl izi, telefon danışıqları, cəzasız qalmış cinayətkarlar tərəfindən redaksiya əməkdaşlarının ölümlə hədələnməsinə dair bizə göndərdikləri elektron məktub və s. maddi sübutlar və dəlillər) olmasına baxmayaraq, ötən 3 il 5 ay müddətdə 3 şübhəli şəxs qiymində olan sifarişçiləri prosessual qanunvericiliyin tələbləri səviyyəsində hələ də dindirməmişdir, dindirmək istəmir, hər dəfə bir bəhanə gətirir. Hansı ki, hər iki cinayəti eyni şəxslər-iki nəfər icra edərək törədib (kamera görüntüləri vardır), sifariş verənlər və bu işə rəhbərlik edənlər isə məlumdur. Bilirsiniz ki, əvvəlcə mənzili benzin tökərək yandırdılar, müstəntiqin aşkar hərəkətsizliyindən ruhlanaraq iki ay sonra isə həmin sifarişçilər cəzasızlığı və müstəntiqin susqunluğunu görərək istintaqa meydan oxuyurmuş kimi, bu dəfə şəxsi avtomobilimi, özü də Bakının mərkəzində, yenə də benzin tökərək yandırdılar. Anlamaq olmur ki, qeyri-aşkar şəraitdə törədilmiş cinayətlərin üstünü isti izlərlə açan istintaq orqanlarımız necə olur ki, kifayət qədər maddi sübutlar olduğu halda, aşkar şəraitdə törədilmiş bu cinayətin üstünü 3 il 5 aydır aça bilmirlər. Həmin sifarişçilər o qədər arxayındırlar ki, hətta iki dəfə ardlıcıl olaraq ağır cinayəti törədəndən sonra belə, 3-cü dəfə daha ağır cinayəti törədəcəklərini bəyan edərək, redaksiyanın elektron poçtuna hədələyici məktub da göndərmişlər. Bütün mötəbər maddi sübutlar istintaq orqanına təqdim edilmişdir.
Cənab Nazir!
Sizin 1 iyul 2019-cu ildə Polis Günü münasibətilə şəxsi heyətə təbrikinizdə söylədiyiniz "...Eyni zamanda polis vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur", -fikirlərinizi müraciətimin bu yerində xatırlatmağım inanıram ki, lap yerinə düşür və Siz tamamilə haqlısınız. Bu mənada, biz 26 ildir fəaliyyət göstərən bir qəzetin əməkdaşları da Sizin peşəkarlığınıza və prinsipiallığınıza arxalanaraq, həmişə olduğu kimi, fəaliyyətimizi dövlətçiliyimizə xidmət üzərində qurmuşuq, Azərbaycan həqiqətlərinin cəmiyyətimizə, eləcə də dünyaya çatdırılması istiqamətində əlimizdən gələni etməyə çalışmaqdayıq. Lakin baş verən məlum cinayət hadisələri sərbəst və rahat, təhlükəsiz fəaliyyətimizə təbii olaraq ciddi maneədir, təhlükədir, eləcə də tənqidi jurnalistikamızın bu yoldan çəkindirilməsinə bir təpkidir. Redaksiya əməkdaşları hələ də qorxu içindədir, daha ağır cinayətin baş verməyəcəyindən sığortalanmayıblar. Çünki cinayətkarlar hələ də cəzalandırılmayıbdır. Belə çıxır ki, biz jurnalistlər həmin dəhşətli cinayət hadisələrinin üstünün açılmasınadək fəaliyyətimizi dayandırmalıyıq. Çünki başqa yolumuz və seçim imkanımız da yoxdur.
Odur ki, Sizdən artıq dərəcədə xahiş edirəm, baş vermiş cinayət hadisələrinin üstünün tezliklə açılması və günahkarların cəzalandırılması üçün aidiyyəti üzrə göstəriş verəsiniz və məni qəbul edəsiniz.
Dərin hörmətlə:
Asif Mərzili
Baş redaktor
Bakı şəhəri, 14 avqust 2019-cu il



Fikrini bildir