SON XƏBƏRLƏR
“Təpədən dırnağa Azərbaycanlıyam!”-TEHRANDA MƏDƏNİYYƏTİMİZİN BAYRAMI

Yazının dərc olunma Tarixi: 19/11/2019

“Təpədən dırnağa Azərbaycanlıyam!”-TEHRANDA MƏDƏNİYYƏTİMİZİN BAYRAMI
Asif Mərzili Tehranda keçirilən festivalın mükafatçısı oldu, diploma layiq görüldü...
İran və Azərbaycan KİV-lərinin məlumatına görə, İran Mədəniyyət Nazirliyi və İran Aşıqlar Birliyinin təşkilatçılığı və dəstəyi ilə noyabrın 11-də İranın paytaxtı Tehran şəhərində “Aşıq Qəşəm” Beynəlxalq mədəniyyət festivalı keçirilib. Möhtəşəm mədəniyyət və dostluq, həmrəylik bayramı olan festivala dövlət səviyyəsində diqqət ayrılmışdır. Festival Tehran şəhərinin ən böyük saraylarından birində baş tutmuşdur. Dünyanın bir çox ölkələrindən aşıq sənətinə bağlı olan qrupların və mədəniyyət bilicilərinin, folklorşünasların iştirak etdiyi mərasimdə daha çox Azərbaycanın təbliğatı aparılıb, mədəniyyətlərarası dialoqda mühüm rol oynayan aşıq sənəti tərənnüm edilib. Hər il baş tutan bu məzmunlu festivalların dövlət səviyyəsində qeyd olunması təqdirəlayiq haldır və İran Aşıqlar Birliyinin bu sahədə zəhməti olduqca böyükdür.
Onu da qeyd edək ki, Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili də festivalda iştirak edib. Jurnalist festivalın mükafatçılarından olub və o, İran Mədəniyyət Nazirliyi və İran Aşıqlar Birliyinin təsis etdiyi, üzərinə festivalın simvolu həkk olunmuş bürünc aşıq heykəli və diplomla təltif edilib.
Asif Mərzili festival iştirakçıları qarşısında çıxış edərək Azərbaycan mədəniyyətinin tərkib hissəsi olan, böyük tarixi ənənələrimizin bu günümüzə qədər məsuliyyət yükünü daşıyan aşıq sənətinin qoruyucularına, bu nümunədə ustad aşıq və şair, vətənpərvər mədəniyyət işçisi, İran Aşıqlar Birliyinin sədri Səlcuq Şahbaziyə dərin minnətdarlığını çatdırıb.
Asif Mərzilinin bu barədə pravdainfo.org saytına eksklüziv müsahibəsini təqdim edirik:
- Səfəriniz necə keçdi? Ümumiyyətlə, İranda yaşayan Azərbaycanlılarla görüşünüz barədə təəssüratınızı bölüşməyinizi istərdik...
- Təbii ki, ilk növbədə ustad aşıq və şair, mədəniyyət işçisi, İran Aşıqlar Birliyinin sədri, vətənpərvər ziyalı Səlcuq Şahbaziyə dərin minnətdarlığımı çatdırıram. Festivalın keçirildiyi sarayın tutumu, mənə bildirildiyinə görə, təxminən 8-10 min nəfər olardı. Bundan başqa, yüzlərlə tamaşaçı bayırda qoyulmuş monitorlarda, bir çoxu isə ayaq üstə festivalı izləyirdilər. Mənim üçün qürurverici hal bu idi ki, təxminın 6 saat davam edən söz-sənət bayramında, demək olar Azərbaycanın adına, ünvanına xoş sözlər, alqışlar səsləndi və bu müddətdə səhnəni Azərbaycan bayrağı bəzədi... İranın ayrı-ayrı bölgələrindən gələn izləyicilər bayrağımızın önündə sevinc və kövrək göz yaşları içində şəkil çəkdirirdilər. Bütün bunlar isə ustad Səlcuq Şahbazinin xidmətləri sayəsində olmuşdu. Onun (eləcə də mənim) çıxışında və söhbətlərində Azərbaycan prezidenti İlham Əliyevin, mədəniyyətimizin hamisi Mehriban xanım Əliyevanın ünvanına söylədiyi xoş sözlər isə ayrıca bir mövzudur... Onu da deyim ki, festivalda İranın ən yüksək səviyyədə rəsmi şəxsləri təmsil olunurdular, təbrik çıxışları etdilər... Məsələn, İran Mədəniyyət Nazirliyinin Departament müdiri Müştəba Hüseyni festivalda çıxış edərək nazirin təbrikini çatdırdı. Nazir özü festivalda mütləq iştirak edəcəkdi, lakin həmin gün Prezident Həsən Ruhaninin rəhbərliyi ilə açılışı olan bir mədəniyyət obyektinin törəninə getdiyi üçün təəssüf hissini bildirmişdi. Festivala diqqət o dərəcədə idi ki, hətta İranın Sənət və İncəsənət Nazirinin müavini Ağayi Hüseynzadə həyat yoldaşı və nazirliyin 10-dan çox rəsmi nümayəndələri ilə birgə təşrif buyurmuşdu. Biz onunla yaxından tanış olduq, mehriban söhbətimiz oldu. Bundan başqa, İran Milli Məclisinin Tehran şəhərindən deputatı, “Etimad” qəzetinin baş redaktoru və təsisçisi, Parlamentin iqtisadiyyat komissiyasının sədri, dəyərli şəxsiyyət İlyas Həzrəti, Mədəniyyət Nazirliyinin Qərbi Azərbaycan bölgəsinin (Urmiya) naziri Ağayi Mühəndis Ucari, Parlamentin deputatı Eliyas Həzrəti, İran Səhiyyə Nazirinin 1-ci müavini, cənab Doktor Əminli festivalı sonadək izlədilər. Parlamentin deputatı Xanım Ağapur isə ailəsi ilə birgə festivalda iştirak edirdi. Həmçinin Tehran Bələdiyyəsinin Mədəniyyət İdarəsinin rəisi Zəndi Vəkili, eləcə də Tehran Musiqi Mərkəzinin rəhbəri Babək Rəbux və digər rəsmi şəxslər “Aşıq Qəşəm” Beynəlxalq mədəniyyət festivalında iştirak edirdilr. Onların demək olar hamısı çıxış edərək Azərbaycanın aşıq musiqisi kimi mədəniyyət incisinin tarixi yolundan, insanların ünsiyyət məclisindən danışdılar. Xüsusi olaraq İran Milli Məclisinin Tehran şəhərindən seçilmiş deputatı, “Etimad” qəzetinin baş redaktoru və təsisçisi, Parlamentin iqtisadiyyat komissiyasının sədri, istəkli İlyas Həzrətiyə minnətdaram ki, o, bu bayram tədbirinin baş tutmasına əlindən gələn töhfəni vermişdi, eləcə də Aşıq Səlcuq Şahbaziyə dəstək göstərmişdi... Festivaldakı çıxışında da bir peşəkar kimi, Azərbaycanın aşıq sənətinə, söz xiridarlarına dəyərini verdi, bir sözlə, mədəniyyətlərimizin dünyaya tanıdılmasında aşıqların rolundan danışdı, festivala uğurlar arzuladı.
“Təpədən dırnağa Azərbaycanlıyam!”-TEHRANDA MƏDƏNİYYƏTİMİZİN BAYRAMI
- Bəs festivalın əsas yükü kimin çiynində idi?
- Təbii ki, İran dövləti Azərbaycanın bu qədim tarixə malik şeir-sənət bayramının keçirilməsinə lazımi şərait yaratmışdı... Amma dəqiq bilirəm ki, belə bir möhtəşəm festivalın maddi yükünün bütün ağırlığı İran Aşıq Aşıqlar Birliyinin sədri, ictimai xadim, şair Səlcuq Şahbazinin üzərində idi. Türkiyədən, Gürcüstandan, Azərbaycandan, eləcə də İranın Azərbaycan bölgəsindən, Təbrizdən... gəlmiş yüzdən çox qonağın qarşılanıb yola salınmasını, oteldə yerləşdirilməsini, təyyarə biletini, hamısını özü yoluna qoymuşdu. Ona dəstək verən dostlarına Azərbaycanın sənətsevərləri adından böyük təşəkkür düşür.

- Bəs festivalda Azərbaycandan rəsmi şəxslər var idimi?
- Açığı deyim, yəqin kimsə məndən inciməz, Azərbaycan mədəniyyətini dünyaya tanıdan Mehriban xanım Əliyevanın fəaliyyətinin o boyda festivalda təqdim edilərək yüksək səviyyədə təriflənməsi qürurverici idi. Düşünürdüm ki, Azərbaycanın İrandakı səfirliyindən, yaxud Təbriz konsulluğundan, eləcə də Azərbaycanın Mədəniyyət Nazirliyindən nümayəndələr bu festivalda mütləq iştirak edərlər. Amma yanılmışdım. Bilirsiniz ki, Azərbaycan Mədəniyyət Nazirliyindəkilərin başı hələ ki xalq və əməkdar artist adlarının siyahılarının tutulub bu adın paylanılmasına qarışıb. Hesab edirəm ki, o yüksək adlardan biri həm də Səlcuq Şahbaziyə verilməlidir. Bizdə o qədər Rusiyanın, Özbəkistanın, Gürcüstanın, Dağıstanın xalq artisləri var ki... Bu olsa, pismi olar? Ümumiyyətlə, Səlcuq Şahbaziyə nazirlik səviyyəsində dəstək lazımdır. Elə məsələlər var, deyə bilmirəm... İkincisi, Azərbaycan Aşıqlar Birliyi ilə Səlcuq Şahbazi arasında “soyuq müharibə” gedir. Səbəbini danışmağı ayıb bilirəm... Məhərrəm Qasımlı bircə dəfə orada festivalda olub Azərbaycan bayrağının səhnənin ən fəxri guşəsində olduğunu, Azərbaycan türklərinin hayqırtılarını eşitsə, Azərbaycan haqqında rəsmi çıxışlarda deyilən yüksək fikirlərin canlı şahidi olsa, inanıram ki, Səlcuq Şahbaziyə minnətdar olar. Mən bunların canlı şahidi və iştirakçısıyam... Bir vacib məqam: Səlcuq Şahbazinin rejissorluğu ilə yaradılmış kompozisiyalarda Üzeyir Hacıbəyovun bəstələrindən və operettolarının musiqilərindən, xalq mahnılarımızdan elə məharətlə, ustalıqla istifadə edilmişdi ki, bütün salon “Azərbaycan” deyərək hayqırıb ayaq üstə rəqs edirdi...Xüsusən də “Arşın mal alan” operettosının qəhrəmanlarının “Mən gedərəm o oğlana onun pulu çox olsun!” deyişməsini bütün iştirakçılar sürəkli alqışlarla, ayaq üstə dəstəkləyirdilər...
“Təpədən dırnağa Azərbaycanlıyam!”-TEHRANDA MƏDƏNİYYƏTİMİZİN BAYRAMI
- Bildiyimizə görə, Azərbaycan bayrağını festivala aparan siz olmusunuz...
- Bəli... Səlcuq Şahbazi mənə məktub yazmışdı ki, gələndə böyük bir bayraq gətir, səndən yadigar olsun... Mən də seçim edərək iri bir bayraq alıb aparmışdım. Fotoşəkillərdən də gördünüz ki, səhnədə yalnız Azərbaycanın və İranın bayrağı dalğalanırdı. Bu mənim bir jurnalist kimi, vətəndaşlıq borcum idi, hesab edirəm ki, onu da uğurla icra etdim. Bir daha deyirəm, mənim üçün qürurverici idi ki, 6 saatdan çox davam edən söz, musiqi bayramında, demək olar daim Azərbaycanın adı çəkilib, dövlətimizin ünvanına xoş sözlər, alqışlar səslənib. Mən bir daha Azərbaycana dəli bir sevginin, istəyin şahidi oldum. Təbii ki, bütün bunların müəllifi həm də Səlcuq Şahbazi idi. İranın ayrı-ayrı bölgələrindən gələn qardaşlarımız bayrağımızı öpüb göz göz yaşları içində önündə şəkil çəkdirirdilər. İstər ustad Səlcuq Şahbazi, istərsə də mən özüm insanlarla söhbətlərimizdə, çıxışlarımızda Prezident İlham Əliyevin, mədəniyyətimizin hamisi Mehriban xanım Əliyevanın fəaliyyətindən necə lazımdır danışırdıq, bu Azərbaycanın gələcəyinə inamın təzahürü idi.

Onu da xarıladım ki, Aşıq Qəşəm yaradıcılığı təkcə Güney Azərbaycanda deyil, Quzey Azərbaycanda da çox geniş yayılıb, onun sadə xalq dilində yazmış olduğu şeirləri dillər əzbəridir. Aşıq Qəşəm Cəfərinin daim dillər əzbəri olmuş bu bir bənd şeiri onun yaradıcılığındakı milli ruhun bələdçisidir:

Anam mənə lay-lay deyib,
Elim Türkdür, mən də Türkəm.
Süd verib məni bəsləyib,
Dilim Türkdür, mən də Türkəm.


Onu da deyim ki, festivalda Azərbaycandan etnoqrafçı gənc alim, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, eləcə də aşıq Elxan Əliyev, Borçalı aşıq məktəbinin üzvü aşıq Qara Süleymanov iştirak edirdilər. Bizlər festivalın mükafatçılarından olduq, diplom və bürünc aşıq heykəli mükafatına layiq görüldük. Bu mükafatı mənə İran Səhiyyə Nazirinin 1-ci müavini, cənab Doktor Əminli təqdim etdi...Azərbaycanımız var olsun!
Dinlədi: Mahmud



Fikrini bildir