SON XƏBƏRLƏR
BAKININ NİZAMİ RAYONUNUN BAŞÇISI YÜZLƏRLƏ SƏRV AĞACLARINI MƏHV EDİR-FOTOLAR

Yazının dərc olunma Tarixi: 5/5/2020

BAKININ NİZAMİ RAYONUNUN BAŞÇISI YÜZLƏRLƏ SƏRV AĞACLARINI MƏHV EDİR-FOTOLAR
...Prezident İlham Əliyev bu ilin martın 10-da İcra başçılarının korrupsiya əməllərinə görə həbsindən danışarkən ictimaiyyətə xitabən bəyan etdi ki, məmurların özbaşınalığı ilə bağlı mənə məlumat verin: “...Mən indi vətəndaşlara ictimai nəzarət haqqında daim müraciət edirəm ki, bu proses yavaş gedir, hələ öyrəşməmişik. Hələ hesab edirik ki, bəli, hansısa icra başçısı bir ağadır, xandır, istədiyini edə bilər, insanları qul kimi işlədə bilər, insanlar da buna dözməlidirlər. Deyirəm ki, verin bu məlumatı, göndərin məktubları. İndi Prezident Administrasiyasında tam başqa bir vəziyyət var. O məktubları əvvəllər bəziləri gizlədirdilər. Əvvəllər kimdən ki, şikayət edirdilər, ona göndərirdilər. O da sonra həmin şikayətçini əzirdi orada. İndi buna son qoyulur. Düzdür, vaxt lazımdır, amma bu, artıq meyildir. Ona görə camaat da ictimai nəzarət işində daha fəal olmalıdır. Bir çox məsələlər haqqında məlumatı əvvəllər mən mətbuatdan alırdım, mənə çatmırdı, gizlədirdilər, malalayırdılar və demək olar ki, bu, böyük çətinliklər yaradırdı.“
Bu gün qanunsuz əməllər müəllifi- İmişlinin icra başçısı Vilyam Hacıyevin və müavinlərinin bu gün həbs edilməsi fonunda daha bir icra başçısının qanunsuz əməli barədə məlumatı cənab Prezidentin diqqətinə çatdırmaq istəyirik: Bakının Nizami rayonu, Şərifli-25 ünvanında yaşayan sakinlər təxminən bir aydır "Təzadlar"a şikayət göndərib, İcra Hakimiyyətinin başçısı Arif Qasımovun yaşı 50-60 il olan, təxminən 1 ha ərazidə 200-dən çox küknar, Eldar şamı və sərv ağacları olan meşəliyi (metronun "Neftçilər" stansiyasından "Razin" istiqamətinə gedəndə məsciddən Ağ Ciyər Xəstəlikləri İnstitutuna tərəf) dəmir lövhələrlə çəpərə alınıb. Sakinlərin yazdığına görə, həmin ərazi başçının yaxın qohumlarından biri olan iş adamına külli miqdarda (rəqəm göz qamaşdırır) pula satılıb. Hazırda girəvə gözləyirlər ki, gecələrin birində ağaclar yox edilsin.
"Təzadlar" bununla bağlı bir aydır Nizami RİH-ə informasiya sorğusu göndərib, hələ də susurlar. Həmçinin bu vandalizm barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də məlumat vermişik, nazirliyinin Ərazi İdarəsinin Şakir adlı rəisi əməkdaşımızla görüşərək ərazidə olub, araşdırılıb məlumat veriləcəyini bildirib. Lakin... Belə anlamaq olar ki, Ekologiya Nazirliyinin də İcra başçısına gücü çatmır, qeyd olunan dəmir çəpər sökülmür, yüzlərlə qiymətli ağaclar mühasirədən qurtarılmır.
BAKININ NİZAMİ RAYONUNUN BAŞÇISI YÜZLƏRLƏ SƏRV AĞACLARINI MƏHV EDİR-FOTOLAR


Bəs Bakı şəhər İcra Hakimiyyətinin prinsipiallığı ilə tanın başçısı Eldar Əzizov bu məsələyə necə baxır? Bizə məlumat verilib ki, guya ora hansısa (yuxarıda qeyd edilən) iş adamına sərəncamla verilib. Bu doğrudanmı belədir, deyə bilmərik. Amma inanmırıq ki, kim olsa da, Eldar Əzizov yüzlərlə qiymətli ağacların qətliamına sərəncam vermiş olsun.
Əməkdaşlarımızın ərazidən çəkdiyi qanqaraldıcı video və fotolar təqdim ediləcək... İnanırıq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi Nizami rayonunda yüzlərlə çoxillik qiymətli ağacları təhlükə altına qoymuş Nizami RİH-nin başçısının bu hərəkətinə aydınlıq gətirəcək.
Eləcə də Baş Prokuror Kamran Əliyevin təbiətə qarşı bu qanunsuz, vəhşi hərəkətin müəlliflərinin əməllərinə hüquqi qiymətin verilməsini təmin etmək üçün aidiyyəti tapşırıqlarını verəcək. Çünki sakinlərin söylədiyinə görə, yazın bu çağında həmin ağaclara qulluq lazımdır, su verilməlidir. Amma dəmir lövhəli hasar (çəpər) bunu mümkünsüz edir, ekoloji sahəyə məsul şəxslər isə susur.
Əlavə məlumat veriləcək.
SƏBUHİ
BAKININ NİZAMİ RAYONUNUN BAŞÇISI YÜZLƏRLƏ SƏRV AĞACLARINI MƏHV EDİR-FOTOLAR



Fikrini bildir