SON XƏBƏRLƏR
“Baş redaktorlar jurnalistlərin mükafatlandırılması prosesindən kənarlaşdırılmalıdır”

Yazının dərc olunma Tarixi: 3/7/2020

“Baş redaktorlar jurnalistlərin mükafatlandırılması prosesindən kənarlaşdırılmalıdır”





Asif Mərzili: “Acı təsrübə göstərir ki, bircə oxunaqlı məqaləsi olmayanlar Əməkdar jurnalist oldu, “Şöhrət” ordeni, “Tərəqqi” medalı aldı...”
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan milli mətbuatının 145 illik yubileyi ölkəmizdə geniş qeyd olunacaq. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tapşırılıb ki; "- koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejiminin tələbləri və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınmaqla yubiley tədbirlərinin keçirilməsini təmin etsin; - jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təklifləri bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin”.
“Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin də bu mənada maraqlı təklifləri var. O, “Pravdainfo.org”a bu barədə danışdı:
-Ötən illərimizin acı və təəssüf hissi doğuran təcrübəsi var ki, əsasən, peşəkarlar jurnalistlər deyil, qohum-tanışlar... mükafatlandırılıb, mənzillə təmin edilib....
-Tamamilə doğrudur. Prezidentin sərəncamında da mükafatlandırılmada “Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlər”dən söhbət açılır. Bilirsiniz ki, bütün sahələrdə peşə bayramları ilə bağlı rəsmi mükafatlandırılmalar olur. Heç biri jurnalistlərinki qədər mübahisə yaratmır, müzakirələrə, narazılığa yol açmır. Niyə? Ona görə ki, son 10-12 ildə KİV sahəsində biabırçı addımlar atıldı, mətbuatı aşağılayan və cəmiyyətin gözündən salan yalnış siyasət yürüdüldü, qərarlar verildi. Hamısı da şəxsi niyyətlərin və istəklərin təmini məqsədli idi. Jurnalistikaya “reket” ləkəsini gətirənlərin indi səsi niyə çıxmır? KİVDF ətrafında baş verənlər göstərdi ki, “reket”çiliklə deyil, gerçəkdən reketçiliklə, korrupsiya ilə kimlər məşğul olubdur. Fəxri adları, mənzilləri jurnalist adı altında kimlərə veriblər, bilməyən yoxdur. Nə yaxşı ki, indi yaxşılığa doğru addımlar atılır, ümid var ki, itirdiklərimizi onsuz da itirmişik, heç olmasa, bundan sonra itirilməyənləri qoruyaq, itirilmişləri bərpa edək. Amma açıq deyirəm, ötən 10 ilik zaman jurnalistikamızın qara ləkəsi kimi tarixdə qalacaq. Bu ləkə kimlərin adına və ayağına yazılacaq, bilirsiniz... Mən buna təəssüf edirəm...
-Prezidentin sərəncamında jurnalistlərin mükafatlandırılması üçün təkliflərin verilməsi qeyd edilir...
-Bu məsələ sosial şəbəkələrdə, mətbuatda az da olsa müzakirə edilir, amma konkret təklif verilmir. Mənim mövqeyim belədir ki, ötən Milli Mətbuat günlərində Prezident Administrasiyasının karandaş siyahısı əsasında, telefon zəngləri ilə, KİVDF rəhbərliyinin tanış-bilişləri də əlavə olunmaqla, tədbirlər keçirilirdi, mükafatlandırılmalar olurdu. Bu tədbirlərə Azərbaycanda tanınmış jurnalistləri yox, məhz Vüqar Səfərlinin və onun daxil olduğu komandanın tanıdıqları dəvət edilirdi. Ən pisi odur ki, az-çox tanıdığımız baş redaktorlar isə bir dəfə də olsun məsələ qaldırmırdılar ki, ay filankəs müəllim, axı belə olmaz, bəsdir katibələr, nazirliklərin mətbuat katibləri... bu tədbirlərə çağırıldı, axı jurnalistikamızda zəhmət çəkənlər var, nə olsun ki, onlar sizlərin “doğanağından” keçmirlər... Onlar susurdular. Siz “Əməkdar jurnalist”lərin son 10 ildəki siyahısına baxın, sizə hər şey aydın olacaq. Və jurnalist adı altında da belələrinə mükafatlar verildi. Qısası, təklif edirəm ki, bu dəfə baş redaktorların təqdimatları qadağan olunsun. Çünki hər bir baş redaktor ona yaxın şəxsləri siyahıya saldıracaq. Qoy, özünü gerçəkdən jurnalistikamızın peşəkarı sayanlar özləri lazımi sənədləri Prezident Administrasiyasına göndərsinlər. Onsuz da orda kimin kim olduğunu, jurnalistikamızdakı az-çox rolunu yaxşı bilirlər. Tanış-biliş ənənəsinə bununla da son verilər...
-İndi sənədlər necə toplanır?
-Prezident sərəncamında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tapşırılıb ki, jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təklifləri bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Lakin hələki bizlərə belə bir tövsiyə, təlimat, istiqamət verilməyib. Yəqinki tezliklə bu təlimat verilər, biz də yazılı surətdə təkliflərimizi verərik. Bir daha təkrar edirəm, jurnalistikamızın peşəkarlarının gözləri bu dəfəki təqdimatlara dikilib. Ümidlər böyükdür ki, ötən 10 ilin acı təcrübəsi artıq arxivə veriləcək, öləzimiş ümidlər dirçələcək...
Qələmə aldı: R.Əhmədoğlu



Fikrini bildir