SON XƏBƏRLƏR
Abbas Abbasovun qardaşını Ramazan Abdulatipov buraxdırıb?

Yazının dərc olunma Tarixi: 6/9/2016

Abbas Abbasovun qardaşını Ramazan Abdulatipov buraxdırıb?
Baş nazirin keçmiş 1-ci müavini barədə daha bir maraqlı iddia: Abbas Abbasov Erdoğanla Putinin barışdırılmasında da iştirak edib...
Baş nazirin keçmiş 1-ci müavini Abbas Abbasovla bağlı “Təzadlar”a maraqlı məlumat daxil olub. Adının çəkilməsini istəməyən mənbə tərəfindən redaksiyaya göndərilmiş məktubda diqqəti çəkən iddialar yer alır. Onlardan biri budur ki, ötən ilin payızında Abbas Abbasovun qardaşı Nadir Abbasov DİN-nin Baş MCQMİ əməkdaşları tərəfindən Beynəlxalq Bankın kredit qalmaqalı ilə bağlı saxlanılır...
Belə ki, ötən ilin oktyabrında Gəncədən Abbasovlara yaxın mənbənin “Təzadlar”a verdiyi məlumatdan bəlli olurdu ki, Baş nazirin keçmiş 1-ci müavini Abbas Abbasovun qardaşı Nadir Abbasov həbs edilib. Nadir Abbasov Gəncənin keçmiş polis rəisi olub, istefada olan polkovnikdir. Onun bir müddət əvvəl Gəncədə keçmiş “Yeyinti Ticarəti İdarəsi”nə məxsus olmuş ərzaq bazalarında ərzaq və yeyinti məhsulları üçün nəzərdə tutulan soyuducular tikmək üçün kredit götürdüyü bildirilirdi. Lakin sonradan onu DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıblar və krediti dərhal qaytarması tələb olunub və sair...

Abbas Abbasovla Ramazan Abdulatipovun yaxın münasibəti kara gəlir...

Diqqətli oxucu yəqin xatırlayır ki, vaxtilə Azərbaycan hökumətində vəzifəsinə uyğun söz sahibi olan Abbas Abbasovun Rusiyaya köçüb getməsindən sonra Ümumrusiya Azərbaycanlıları Konqrestində ikitirəlik əmələ gəldi. Ölkə mətbuatı yaranmış narazılığa siyasi rəng qatmaqla məsələni şişirtməyə cəhd edirdi... Elə bu ərəfədə Abbas Abbasovun qardaşı Nadir Abbasov Gəncədə saxlanıldı... Sonradan Abbas Abbasovun oğlu, Millət vəkili Aydın Abbasovun növbəti parlament seçkilərində yenidən deputat olacağı ümidlərinə son qoyuldu. Belə ki, Aydın Abbasov 2 oktyabr 2015-ci ildə, yəni seçkilərə təxminən 2 həftə qalmış seçicilərinə müraciət edərək daha deputat olmayacağını bəyan etdi: “Əziz dostlarım. Son zamanlar millət vəkililiyinə namizədliyimlə bağlı çox saylı zənglər və mesajlar alıram. Hər kəsə cavab vermək imkanım olmadığından, yazılı şəkildə cavab verib, suallara son qoymaq istəyirəm. 10 ildir ki, aktiv siyasətdəyəm, millətimə, dövlətimə xidmət edirəm. Hər zaman da xidmət edəcəyəm. Lakin daha milət vəkili olaraq deyil”. Bu o dövr idi ki, bəzi KİV-lərdə açıq-gizli şəkildə artıq Abbas Abbasovun əleyhinə təbliğat aparılırdı və s. Həmçinin onun qardaşı Nadir Abbasovun həbsinə hazırlıq gedirdi...

Ramazan Abdulatipovun Naftalanda müalicə olunacağı zərurəti yarandı...

Ola bilsin və bəzən bu belə də olur ki, həyatda heç nə təsadüfən olmur... Nadir Abbasovun həbsindən təxminən bir müddət sonra Azərbaycan Prezidenti İlham Əliyevin yaxın dostu (ümumiyyətlə, hələ SSRİ zamanında SSRİ Ali Sovetində yüksək vəzifə tutan Ramazan Abulatipovun ölkəmizə xüsusi rəğbəti olub... Hətta onun sonradan Dağıstan Respublikasının rəhbəri təyin edilməsindən sonra Dağıstanla Azərbaycanın işgüzar əlaqələri yüksək səviyyədə olması ilə diqqəti çəkib) Ramazan Abdulatipov qəflətən Azərbaycana qeyri-rəsmi səfərə gəlir. Onun Abbas Abbasovla da hələ SSRİ dönəmlərindən yaxın dostluq əlaqələrinin olduğunu çoxları bilir.
Azərbaycanın rəsmi KİV-i 2015-ci ilin 15 oktyabrında yazır: “Rusiya Federasiyasının Dağıstan Respublikasının prezidenti Ramazan Abdulatipov Azərbaycanda səfərdədir. Prezident bu gün Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb.
Prezidentə Nizami Gəncəvinin “Xəmsə”si hədiyyə olunub. Görüşdən sonra açıqlama verən R. Abdulatipov səfərinin qeyri-rəsmi xarakter daşıdığını bildirib: “Azərbaycanda qeyri-rəsmi səfərdəyəm. Səfərimin məqsədi müalicə almaqdır. Naftalan şəhərində müalicə olunacağam. Səfər çərçivəsində Gəncə şəhər Heydər Əliyev Park kompleksində oldum. Çox möhtəşəm mərkəzdir. Mən Heydər Əliyevi həmişə özümə müəllim hesab etmişəm”.
Və Ramazan Abulatipovun Naftalanda uzun müddətə müalicədə qalmaması da diqqəti çəkir və o, bir müddətdən sonra ölkəsinə qayıdır...

Abdulatipovun Azərbaycanı tərk etməsindən bir həftə sonra Abbas Abbasovun qardaşı azadlığa buraxıldı

Ramazan Abdulatipovun Azərbaycana gəlişinin ardınca Azərbaycan baş nazirinin sabiq birinci müavini Abbas Abbasovun həbsdə saxlanılan qardaşı Nadir Abbasov azadlığa buraxılır. Həmin dövrdə virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat vermişdilər. Sayt yazır: “Məlumata görə, Abbas Abbasov bir neçə gün əvvəl Azərbaycan prezidenti İlham Əliyevə tövbə məktubu yazaraq bağışlanmasını xahiş edib. Bizdə olan məlumata görə, A.Abbasov dövlət başçısını əmin edib ki, bundan sonra o heç vaxt və heç bir halda ictimai və siyasi fəaliyyətlə məşğul olmayacaq, ələlxüsus da Azərbaycan əleyhinə yönəlik siyasi oyunlara qoşulmayacaq.
Xatırladaq ki, Nadir Abbasov bu il iyunun 26-da Beynəlxalq Bank və qaytarılmayan kreditlər işi ilə bağlı DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı” və sair...

Baş Prokuror və daxili işlər naziri Nadir Abbasovla görüşürlər...

Mənbə “Təzadlar”a bildirir ki, “...Ramazan Abdulatipovun Azərbaycana qeyri-rəsmi səfərindən bir neçə gün sonra Azərbaycanın Baş Prokuroru və daxili işlər naziri istintaq altında saxlanılan Nadir Abbasovla görüşürlər... Və bir gün sonra Nadir Abbasov azadlığa çıxır...”.
Azərbaycanın hüquq mühafizə orqanı rəhbərlərinin Nadir Abbasovla görüşünün bəzi detalları mətbuat üçün olmadığından bu mövzuya toxunmuruq. Amma hələ də sual olaraq qalır ki, Prezident İlham Əliyevin yaxın dostu, Abbas Abbasovla isə yaxın münasibətdə olan Ramazan Abdulatipovun Azərbaycana qeyri-rəsmi səfərindən bir neçə gün sonra Nadir Abbasovun həbsdən buraxılması təsadüf idimi?
Bunu deyə bilmərik, amma faktdır ki, elə Azərbaycan-Dağıstan Respublikaları arasındakı mehriban dostluğun təzahürü idi ki, Prezident İlham Əliyev bu ilin avqustun 8-də Ramazan Abdulatipovu “Dostluq” ordeni ilə təltif etdi...
R.Abdulatipov Azərbaycanla Rusiya, həmçinin Azərbaycan və Dağıstan xalqları arasında dostluq, əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə təltif edilmişdir...

Erdoğanla Putinin barışdırılmasında Abbas Abbasov da iştirak edib?


Bu arada Abbas Abbasovla bağlı başqa bir maraqlı məlumat dünya KİV-lərində yer alıb... “Təzadlar” həmin qaynaqlara istinadla qeyd edir ki, “...Rusiya prezidenti Vladimir Putinlə Türkiyə lideri Recep Tayyip Erdoğan arasında rəsmi barışıq avqustun 9-da Sankt Peterburqda baş verib. Hadisənin üstündən az qala bir ay keçməsinə baxmayaraq Rusiyanın dövlət mediaları bu barışığın məhz Türkiyənin israrlı ricalarından sonra baş tutduğuna dair müxtəlif materialların dərcinə ara vermir. Təşviq edilən əsas ideya budur ki, məhz “səhvini başa düşüb peşman olan Türkiyə başçısı “əziz hörmətli dostu Vladimirin” ayağına gəlib”. Təhlilçilər bunu onunla izah edirlər ki, Rusiya cəmiyyətinin millətçi-vətənpərvər zümrəsi bu barışıqdan, “Erdoğanın lazıçınca cəzalandırılmamasından” narazı qalıb. Bundan əvvəl Türkiyə-Rusiya barışıq missiyasında əsas və aparıcı rolu Qazaxıstan prezidenti Nursultan Nazarbayevin oynadığını Putinin özü təsdiq etmişdi. Bundan sonra Rusiya və Türkiyə mediası məsələni bir az da dərin qazıb ikinci dərəcəli aktyorların adlarını ortaya çıxarmışdı. Onların arasında Rusiyada böyük biznes maraqları olan iri türk sahibkarı Cavit Çağların və Dağıstan prezidenti Ramazan Abdulatipovun adları çəkilirdi.
İndi isə Rossiya-24 xəbər telekanalında yayınlanmış yeni qısametrajlı sənədli filmdə biznesmen bildirir ki, onun Abdulatipovla kommunikasiyasında Azərbaycanın keçmiş baş nazirinin mavini Abbas Abbasov da iştirak edib...
Anna Afanasyevanın “Gizli diplomatiya” reportajında Abbas Abbasovun barışdırma missiyasındakı rolu xırdalanmayıb. Hələlik Abbas Abbasovun özündən də bu xəbərə hər hansı reaksiya səslənməyib. 1992-2006-cı illərdə Azərbaycanın Baş nazirinin Birinci müavini olan Abbas Abbasov hazırda Rusiyada yaşayır. Onun bizneslə məşğul olması, Putin administrasiyası ilə yaxınlığı barədə mediada məlumatlar yayılır. Abbas Abbasov bir müddət Rusiyadakı azərbaycanlıların “Azərros” adlı qurumunda da Ağsaqqallar Şurasında təmsil olunub. Bu reportajda Çağların özü də keçmiş SSRİ-dəki dostlarını xatırlayır və onların arasında Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin də adını çəkir. Lakin konkret olaraq bu missiyada Azərbaycanın hər hansı bir rol oynadığını dilə gətirmir. Cavit Cağların özünə gəlincə isə, bu ziddiyyətli şəxs haqqında Azərbaycan mediasında kifayət qədər söhbət açılıb...”.

“Təzadlar” Abbas Abbasova sorğu göndərdi...


Məsələyə aydınlıq gətirilməsi üçün “Təzadlar” Abbas Abbasova yaxınlığı ilə seçilən və Moskvada onun çevrəsində olan şəxslərdən biri vasitəsilə sorğu göndərib... Hələlik Ərdoğan-Putin yaxınlaşmasında Abbas Abbasovun nə dərəcədə rolunun olması sualına qarşı tərəfdən cavab yoxdur. Əgər Abbas Abbasovun bu məsələyə dair cavabı olarsa, oxuculara təqdim olunacaq...
Azad



Fikrini bildir