Mühakimə olunan dələduz Çingiz Abdullayevin ondan kitab yazmasını istəyir

Yazının dərc olunma Tarixi: 2/11/2016

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1978-ci il təvəllüdlü Alim İbrahimov və 1987-ci il təvəllüdlü Tərlan Comərdovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. "Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Adil Həsənov ifadə verib.

O bildirib ki, bina tikintisi ilə bağlı T.Comərdova pul verib: "Bina tikintisi zamanı dedilər ki, Vergilər Nazirliyi ilə danışmaq üçün tanış adam tapmaq lazımdır. Qaynım Tərlanı tanıdığını bildirdi. Alim və Tərlanla görüşdük. Tərlan işi həll edəcəyinə söz verdi. Alimə 49 min manat və 2 min avro pul vermişəm. Onlara hissə-hissə ümumilikdə 127 min manat pul vermişəm".
A.İbrahimov isə A.Həsənovla görüşdüyünü təsdiqləyib, lakin həmin şəxsdən pul almadığını söyləyib.
Daha sonra digər zərərçəkniş Fikrət İbrahimov dindirilib. O, ifadəsində A.İbrahimovun ondan 120 ton armatoru 94 min manata verdiyini bildirib: "Mənə armatoru başqa adam üçün aldığını dedi. Həmin pullardan hazırda 28 min manat verəcəyi var. Digər pulları isə qaytarıb".
A.İbrahimov da zərərçəkmişin düzgün danışdığını və həmin şəxsi aldatdığını vurğulayıb: "Armatoru Fikrət müəllimdən alıb, 20 manat bahasına Elsevər Səmidova satdım. Lakin Elsever yoxa çıxdı və pulumu qaytarmadı. Onu məhkəməyə verdim. Məhkəmə də bununla bağlı qətnamə çıxardı".
Məhkəmə prosesində A.İbrahimov bildirib ki, yazıçı Çingiz Abdullayevin onun tutduğu əmələ görə kitab yazmasını istəyib.
Məhkəmənin növbəti iclası noyabrın 10-na təyin edilib.
Qeyd edək ki, hər iki şəxs Feyzulla Qasımova, Fikrət Qurbanova, Aydın Həsənova və Həsən Yaqubova qarşı dələduzluq etməkdə təqsirli bilinirlər.
Zərərçəkmiş F.Qasımov "Baku Medical Plaza" klinikasında həkim işləyir.
T.Comərdov və A.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham olunub. T.Comərdov Sumqayıt sakinlərindən pul alıb qaytarmadığı üçün daha əvvəl 9 il müddətinə azadlıqdan məhrum edilib.



Fikrini bildir