SON XƏBƏRLƏR
“İcra başçısı istəyir deyə 50 min verdim”

Yazının dərc olunma Tarixi: 28/1/2017

Bakıda vəkil bir neçə nəfərə qarşı dələduzluq etməkdə təqsirli bilinərək həbs edilib. Hazırda da Vəkillər Kollegiyasının üzvü olan Tahir Qurbanovdan zərərçəkmişlərdən biri də məmurdur. Məhkəmədə məlum olub ki, bu işdə vəkil tək olmayıb. Onlar üç nəfər olub. Həmin şəxslərdən biri ölkəni tərk edib və indi də axtarışdadır.

Bakı Ağır Cinayətlər Məhkəməsində Vəkillər Kollegiyasının üzvü olan Tahir Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinən T.Qurbanovun məhkəmə prosesində zərərçəkmişlər ifadə veriblər.
Məhkəmə prosesində prokuror ittiham aktını elan edib. İttihama görə, T.Qurbanov bir neçə şəxsdən həbsdə olan yaxınlarını azadlığa buraxılmalarına kömək edəcəyi, cəzalarının azaldılmasına nail olacağı adı ilə pul alıb. Zərərçəkmişlərdən biri olan SOCAR-da tikinti trestində müdir müavini Allahyar Mirzəyevdən isə iş qurmaq adı ilə 50 min manat alınıb. Bu əməldə T.Qurbanov tək olmayıb.
Tahir Qurbanov tanışları Adil Musayev və Xanlar Məlikovla əlbir olaraq müdir müavininə sözün əsl mənasında kələk gəliblər.

Məmura 50 min atdılar...

Bu işdə adı çəkilən Adil Musayev hazırda axtarışdadır. Onun ölkəni tərk etdiyi bildirilir.
Xanlar Məlikov isə həbs edildikdən sonra dəymiş zərəri ödədiyi üçün Bakı Ağır Cinyətlər Məhkəməsinin hökmü ilə barəsində 3 il şərti cəza təyin edilərək azadlığa buraxılıb. Xanlar Məlikov müdir müavini Allahyrar Mirzəyevdən alınan 50 min manatın 20 minini ödədiyi üçün azadlığa çıxa bilib.
Zərərçəkmiş Allahyar Mirzəyev dələdzuluğun qurbanı olmasını məhkəmədə ifadə verərkən danışıb. O, 2013-cü ildə hazırda axtarışda olan Adil Musayevi tanıdığını deyərək ifadəsinə bunları əlavə edib: “Adili dostlardan birinin vasitəsi ilə tanımışam. Mənim “Alyans” MMC adlı şirkətim var və tikinti işləri ilə də məşğul oluram. Günlərin birində Adillə söhbət edəndə iş gördüyüm bir adamdan pulumu ala bilmədiyimi dedim. Adil də məsləhət gördü ki, bununla bağlı şikayət etmək olar. Vəkil kimi də Tahir Qurbanovu məsləhət gördü ki, bizə kömək etsin.
Bu söhbətlərdən bir müddət sonra Adil mənə Qubada iş olduğunu və bu işi görə biləcəyimizi dedi. Görülməli olan iş də Qubada avtomobil yollarının təmiri olmalı idi. Adil bu işi görmək üçün dost olduğu Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Abidovla danışdığını dedi. Məni Yusif Abidovla görüşdürəcəyini də söylədi. Xanlar Məlikovu mənə icra başçısının müavini kimi təqdim etdi. Sonradan bildim ki, bu yalan imiş.
Adillə birlikdə Qubaya gedəndə yolda telefonla yalandan başçının müavini ilə danışırdı. “Gəlirik, müəllim”, “çatırıq” deyə-deyə bizi Qubanın bütün kəndlərində gəzdirdi. Axırda Xanlar Məlikov gəldi. Onunla icra başçısının müavini adı ilə danışdıq. Həmin vaxt Tahir Qurbanov da Xanların maşınında idi. Söhbət edib razılaşdıq. Bir müddət sonra Adil zəng elədi ki, icra başçısı 50 min istəyir. Mən də verdim. Yolların təmiri ilə bağlı tender keçirildiyini, pulun mütləq çatmalı olduğunu bildirdi”.

Kələyin üstü necə açılıb?

Müdir müavini məhkəmədə deyib ki, əvvəl də iş gördüyü adamlardan biri onu aldatdığı üçün 50 mini Adil Musayevə notarius vasitəsi ilə verdiyini deyib. Amma bu da onun aldadılmasının qarşısını almayıb.
“Mən, Adil və Tahir notariusa getdik. Müqavilə imzalayanda məlum oldu ki, Adilin şəxsiyyət vəsiqəsinin vaxtı keçib. Tahir dedi ki, Adilə zamin dura bilər. Yəni, pulu mən müqavilə ilə Tahirə versəm də Adil götürüb öz maşınına qoydu. Ancaq mən indi pulumu Tahirdən də tələb edirəm. Çünki o da bütün bu işləri bilirdi və mənə qarşı dələduzluq ediblər. Mən pulu bunlara verdikdən sonra yoxa çıxdılar. Gündə bir nömrə dəyişirdilər”,- deyə zərərçəkmiş ifadəsində əlavə edib.
Allahyra Mirzəyev onu aldadan şəxslərdən birinin icra başçısınmın müavini olmamasının üstünün necə açılmasını da məhkəmədə danışıb: “Bir gün SOCAR-dakı işimlə bağlı yolum Qubaya düşdü. Dedim elə gəlmişkən icra başçısının müavini ilə danışım. İcra hakimiyyətinə gəlib başçısının müavini ilə görüşmək istədiyimi dedim. Mənə otağı göstərdilər. Başçının müavinin otağının qapısını açanda gördüm ki, başqa adamdır. Başa düşdüm ki, məni aldadıblar”.

“4 min manat maaş alıram”

Məhkəmədə həbs edilən Tahir Qurbanovun vəkili Çingiz Heydərovun suallarını cavablandıran Allahyar Mirzəyev deyib ki, məhkəmə istintaqı zamanı ona dəymiş 50 min manat ziyanın 20 mini qaytarılıb. Həmin məbləği də Xanlar Məlikov qaytarıb.
“Xanlar pulun bir hissəsini qaytardı. Onu bağışladım. Qalan 30 mini də Tahirlə Adil qaytarmalıdır”- deyə Allahyar Mirzəyev suallara cavabında qeyd edib.
Təqsirləndirilən şəxsə “moşennik” deyən Allahyar Mirzəyevə vəkil Çingiz Heydərov və Tahir Qurbanovun zalda olan yaxınları etiraz edib.
Vəkil Çingiz Heydərov onu da əlavə edib ki, məmurun iş görmək məqsədi ilə 50 min rüşvət təklif etməsinə də hüquqi qiymət verilməlidir.
Allahyar Mirzəyev vəkil Çingiz Heydərovun “Siz məmursunuz. Açıqlayın görək 50 min manatın mənbəyi haradır? 600-700 manat maaş alırsınız”, sualını da cavablandırıb.
Müdir müavini Allahyar Mirzəyev bu suala qısa olaraq belə cavab verib: “Mən 600 yox, 4 min manat maaş alıram”.

70 yaşlı kişinin başına açılan oyun...

Məhkəmədə digər zərərçəkmiş Samir Tahirov da ifadə verib. O, oğurluğa görə həbs edilən qardaşının azadlığa çıxmasına kömək etmək üçün vəkil kimi tanıdığı Tahir Qurbanova 6200 manat pul verdiyini söyləyib.
Məhkəmədə Tahir Qurbanovun Zaur Əliyevdən həbsdə olan qardaşının azadlığa çıxmasına kömək etmək üçün 3 min manat, eyni məqsədlə Zahid Əliyevdən oğlunun işinə kömək üçün 4500 manat pul aldığı məlum olub.
Tahir Qurbanovun əməllərindən zərərçəkənlərdən biri də 70 yaşlı M.Allahrzayev olub. O da oğurluğa görə tutulan oğlunun işi üçün T.Qurbanova 5300 manat pul verib.
M.Allahrzayev deyib ki, vəkil ondan alınan 5300 manatla dəymiş zərəri ödəməklə oğlunun işinin azaldılmasına kömək edəcəkmiş. Ancaq nə zərəri ödəyib, nə də oğlunun cəzasının azlmasına kömək edib. Yaşlı adam vəkilin daha bir kələyindən son anda xilas olub.
M.Allahrzayev başına gələnləri belə danışıb: “Tahir dedi ki, əlavə 200 min lazımdır. Moskvada Bəxtiyar adlı adamdan bu pulu alıb gətirməli olduğumu söylədi. Mənə 300 manat yol pulu verdi. Mən də razılaşdım. Moskvaya gedəndə sərhəddə birdən ağlıma gəldi ki, mən nə edirəm? Öz-özümə dedim ki, hara gedirsən? Başın xarabdır? Kim mənə 200 min dollar verər? Geri qayıtdım. Sonra da Tahiri tapa bilmədim”.
Məhkəmənin növbəti iclasında digər zərərçəkmişlər ifadə verəcək. (musavat.com)



Fikrini bildir