SON XƏBƏRLƏR
Maşallah Əhmədova 8 illik həbs cəzası: O, məhkəmə zalında həbs edildi

Yazının dərc olunma Tarixi: 30/1/2017

Bu gün dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə M.Əhmədova hökm oxunub.
Zərərçəkmiş Yusif Əzizova olan 125 min borcunu ödəmək üçün yanvarın 30-na qədər vaxt istəyən M.Əhmədov son sözlə çıxış edib.
O, Yusif Əzizovla İrandan satmaq üçün daş gətirdiklərini, amma sözləri düz gəlmədiyi üçün işlərinin alınmadığını deyib. İç alınmadığı üçün Y.Əzizova öz torpaq sahəsini verdiyini deyən M.Əhmədov yenə də şəriki ilə razılaşmadığını deyib: "Sonra gəldi ki, torpağı istəmirəm. Gətirdiyimiz daşları istədi. Şantaj elədi ki, guya daşları oğurlamışam. Halbuki qarşılığında torpağı vermişdim. Amma Yusif nə istəyir bilmirəm. Ev istəyir, maşın istəyir bilmirəm. Bunu kimlər öyrədir, nə etmək istəyir bilmirəm. Ev istəyirdi, verdim, amma istəmədi. Dirənib ki, 125 mini verməlisən. Daşları verdim, ev də verdim. Deyirdi ki, mənə kompensasiya da verməlisən. 20 min də kompensasiya verdim. Məni tutdurmaqmı istəyir? 57 yaşımda başıma ilk dəfədir belə bir iş gəlir. Məni şantaj edirlər".
M.Əhmədov son sözündə zərərçəkmişə dəymiş zərəri ödəməkdən imtina etmədiyini deyib: "Daş istəyir verirəm. Oğlumun maşınını satdım. Ev də verirəm. Cırmaq-cırmaq ordan-burdan pul tapmışam. 3 maşın daşa görə məni şantaj edir. 3 maşın daş 17 min edir. Gömrüyə ödənilən rüsumla bərabər 52 min pul alıb. 3 maşında 15 min pul qalırdı. 52 mini də götürdü, indi də 125 min istəyir".
M.Əhmədov son olaraq Y.Əzizova 30 min pul və 70 min dəyəri olan ev təklif etdiyini deyib. Ancaq zərərçəkmiş Yusif Əzizov məhkəmənin sualına cavab olaraq bu təkliflə razılaşmadığını bildirib.
M.Əhmədov məhkəmədən ədalətli qərar çəxarmasını istəyib və sona qədər mübarizə aparacağını deyib: "Bu kimlərinsə sifarişidir. Mən sona qədər savaşacam. Oğluma da deyirəm ki, narahat olmasın. Allahdan başqa heç kimdən qorxmuram. Allah bilir ki, bu şər və böhtandır".
Məhkəmə yekun qərar üçün müşavirəyə yollanıb. Məhkəmə heyəti müşavirədən sonra qərarı elan edib.
Elan olunan hökmdə qeyd edilir ki, Yusif Əzizovdan şərikli olaraq gətirdiyi daşları mənimsəməklə yanaşı oğlunu işə düzəltmək adı ilə 15 min manat da pul alıb. Yusif Əzizov İrandan daş gətirmək üçün Maşallah Əhmədovla şərik olmaq üçün 58 min manat pulunun olduğunu deyib.
Onlar şərik olaraq 3 maşın daşı satmaq məqsədi ilə Azərbaycana gətiriblər. Şəriklər "Baksol" yolunda icarəyə sex götürüblər. Daşların bir hissəsi satıldıqdan sonra şəriklər arasında narazılıq yaranıb və Yusif Əzizov polisə şikayət edib.
Bundan başqa Maşallah Əhmədov Əzimov Fikrət adlı şəxsdən İmişli rayonunda abadlıq işləri görmək üçün sement alıb. Bunun üçün də Fikrət Əzimova 4 min manat borcu qalıb. Maşallah Əhmədov bunu etiraf edərək borcunu ödəyəcəyini deyib.
Maşallah Əhmədovun başqa şəxslərin də etibarından sui-istifadə edərək onları aldatdığı hökmdə qeyd edilir. Hökmə əsasən Maşallah Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror M.Əhmədovun törətdiyi əməllərə görə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, M.Əhmədov 2015-ci il dekabr ayının 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. M.Əhmədovun sözünə əməl etmədiyi və həmin şəxslərin pulunu qaytarmadığı deyilir.
Binəqədi Rayon Məhkəməsi M.Əhmədov barəsində seçilmiş həbs-qətimkan tədbirini ləğv edib. Tanınmış futbolçu ev dustaqlığına buraxılıb.
Məlumat üçün bildirək ki, Əhmədov 1977-ci ildən "Neftçi" klubunda oynayıb. M.Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir. (musavat.com)



Fikrini bildir