SON XƏBƏRLƏR
Soğan satan "Topaz"da 180 manat uddu, başına iş gəldi

Yazının dərc olunma Tarixi: 9/2/2017

Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluq və xuliqanlıqda təqsirləndirilən Vüsal Süleymanlının cinayət iş üzrə məhkəmənin baxış iclası keçirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, V.Süleymanlı saç ustası işləyən şəxsi döyüb, daha sonra isə soğan satan şəxsə hədə-qorxu gələrək onun pulunu əlindən alıb. Hər iki hadisə Sumqayıtda baş verib.
V.Süleymanlı elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və peşman olduğunu söyləyib.
Məhkəmədə sərbəst ifadə verən V.Süyemanlı ilk hadisəni qisas məqsədi ilə törətdiyini deyib.
O, zərərçəkmiş Fuad Əliyevi iş yerində döyməsinin səbəbini belə danışıb: "Qardaşım Fuadın qardaşının maşınında qəzaya düşmüşdü. Maşını Faudın qardaşı sürürdü. Mən də ondan qisas almaq istəyirdim. Fuadın yanına gedib qardaşının yerini soruşdum. Demədiyi üçün əsəbləşdim. Əlimdəki taxta parçası ilə ona bir neçə zərbə vurdum".
Zərərçəkmiş qismində tanınan Fuad Əliyev məhkəmədə bildirib ki, Süleymanlını bağışlayıb: "Cavanlıqdır. Hər kəs səhv edə bilər. Mən onu bağışlayıram. Ərizə də yazmışam".
Törətdiyi əməllərdən peşman olduğunu deyən V.Süleymanlı soğan satan Elçin Ələkbərovu necə qarət etməsini də məhkəmədə danışıb: "Məhlədə idim. Elçinin "Topaz"da 180 manat pul udduğunu eşitdim. Ondan 20 manat borc pul istədim. Dedim ki, ehtiyacım var. Lakin o, mənə pul vermədi. Dedim ki, heç olmasa 10 manat ver. Yenə də verməyəcəyini dedi. Onun pul kisəsini əlindən aldım. 95 manat götürüb 50 manatın qaytardım. Özünə də dedim ki, halallığın versin. 50 manatı da ona görə qaytardım ki, şikayət etməsin. Elçin də polisə gedib. Axşam polis rəisinin müavininin yanından mənə zəng elədi ki, pulumu nə vaxt qaytarırsan? Sonra da mənim haqqımda şikayət etdi. Mən maşının üstünə çıxıb, onun pul kisəsin oğurlamamışam".
Hakim Azad Məcidov təqsirləndirilən şəxsdən narkotik vasitə istifadəçisi olub-olmadığını soruşub.
V.Süleymanlı cavabında "yox" deyib.
Hakim fikrinin davamında bunları əlavə edib: "Əsasən narkoman, ağılı başında olmayan insanlar bu hərəkəti edir. Qisas üçün kimisə döyür, kiminsə əlindən zorla plunu alır".
Bildirək ki, ittihamda o da yazılır ki, V.Süleymanlı Elçin Ələkbərovun pulunu əlindən alarkən tək olmayıb. Amma istintaq həmin şəxslərin kim olduğunu müəyyən edə bilməyib.
Zərərçəkmiş Elçin Ələkbərov məhkəmə prosesində iştirak etməyib. Məhkəmə prosesi fevralın 15-də davam edəcək. (musavat.com)



Fikrini bildir