SON XƏBƏRLƏR
Bəhram Xəlilov: “Ən böyük problemlərdən biri vakant vəzifələrin təqdim edilməməsi ilə bağlıdır”

Yazının dərc olunma Tarixi: 14/2/2017

“Azərbaycanda dövlət qulluğu sahəsində mühüm işlər görülüb. Dövlət qulluğuna qəbulun şəffaf keçirilməsi işində bir çox nailiyyətlər əldə edilib və bu sahədə etimada nail olunub”.

APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı yeni Tvinninq layihəsinin açılış mərasimində bildirib. Onun sözlərinə görə, dövlət qulluqçularının reyestrinin formalaşdırılması bu sahədə hesabatların əldə edilməsi şərait yaradıb.
Mövcud sahədə ən böyük problemlərdən birinin vakant vəzifələrin təqdim edilməməsi ilə bağlı olduğunu deyən B.Xəlilov qeyd edib ki, reyestrdən sonra bütün vakant vəzifələr görünür və onların müsabiqə əsasında tutulmasına şərait yaradılır: “2006-cı ildən başlayaraq dövlət qulluqçularının dövləti fəaliyyətinin qiymətləndirilməsi aparılıb. Nəticədə dövlət qulluqçularının vəzifədə yüksəlişi, karyera qurması, motivasiya edilməsi həyata keçirilib. Dövlət qulluqçularının etik davranış qaydaları qəbul edilib. Hər il bütün dövlət orqanlarının əməkdaşlarının etik davranışı barədə hesabatlar təhlil olunub. Bununla yanaşı hər bir dövlət orqanında etik müvəkkillər institutu yaradılıb”.
B.Xəlilov vurğulayıb ki, bu sahədə beynəlxalq əməkdaşlıq çox önəmlidir. Onun sözlərinə görə, gələcəkdə də dünya təcrübəsini öyrənərək uyğun olan yeni standartlar Azərbaycanda tətbiq ediləcək. Onun sözlərinə görə, bu günə kimi 4 dövlətlə - Türkiyə, Ukrayna, Monteneqro və Qırğızıstanla hökumətlər arası müqavilələr imzalanıb.



Fikrini bildir