SON XƏBƏRLƏR
Sarsılmaz müqavimətçi və tarixi dəyişikliklər müəllifi

Yazının dərc olunma Tarixi: 2/6/2021

İmam Xomeyni (r) din üçün başqa rol və missiyalar - hökumət qurmaq, sivilizasiya yaratmaq, cəmiyyəti və insanı tərbiyə etmək kimi hədəflərin tərifini verdi
Sarsılmaz müqavimətçi və tarixi dəyişikliklər müəllifi
İyunun 4-ü İran İslam İnqilabının banisi Seyid Ruhullah Musəvi Xomeyninin (r) vəfatının 32-ci ildönümüdür. Hər il bu təqvimdə İmamın (r) vəfatının ildönümü kütləvi tədbirlərlə qeyd olunub. Lakin koronavirus pandemiyası ilə əlaqədar ötən ildən İranda kütləvi tədbirlər qadağan edilib. Bu səbəbdən İslam quruluşunun memarının əbədiyyətə qovuşmasının 32-ci ildönümü ilə əlaqədar bütün tədbirlər onlayn şəkildə keçiriləcək və ya televiziya vasitəsilə yayımlanmacaq. Ancaq buna baxmayaraq, dahi dövlət və din xadimi bu gün cismən həyatda olmasa da, o, İran xalqının qəlbində əbədi məskən salıb…

İran İslam Respublikasının qurucusu Ayətullah Xomeyni 1902-ci ildə anadan olub. Gənc yaşlarında dini təhsil alaraq İranda şah rejiminə qarşı çox ciddi mübarizəyə başlayıb. Bir neçə dəfə həbs olunub. Lakin böyük nüfuz sahibi olması şaha onu uzun müddət həbsdə saxlamaq imkanı verməyib. Siyasi baxışlarına görə Xomeyni əvvəlcə İraq, Türkiyə və Fransada siyasi mühacir həyatı yaşayıb. Uzun sürən sürgündən sonra 1979-cu ildə İrana qayıdaraq inqilaba rəhbərlik edən İmam, Pəhləvi rejimini yıxdıqdan və referendum vasitəsilə xalqın istəyinə əsasən İslam idarəçiliyi qurduqdan sonra İranın Ali Rəhbəri seçilib.
İranda hakimiyyəti ələ aldıqdan sonra İslam dininin əsaslarına uyğun cəmiyyət yaradaraq Qərb həyat tərzini tənqid atəşinə tutub. İranda, regionda və dünyada geniş dini və siyasi nüfuza malik olan dahi inqilabçı 1989-cu il iyunun 4-də 87 yaşında vəfat edib.

Bu gün İran İslam Respublikası məhz İmam Ruhulla Xomeyninin əsəri kimi qəbul edilir. İslam reformatoru əhval-ruhiyyəsi, təfəkkürü və davranışından bəhrələnmə İnqilabın dahi memarının verdiyi böyük dərsdir desək, yanılmarıq. Çünki İran xalqı İmamın cəlbedici hədəf və ideyaları sayəsində, eyni zamanda inqilabın hədəflərinin həyata keçirilməsi işini əsl inqilabçı kimi davam etdirir. Bir məqamı xüsusilə vurğulamaq vacibdir ki, o Həzrət belə əzəmətli dəyişikliyə İnqilabın qələbəsi ilə nail oldu. Halbuki vaxtilə çıxışları zamanı İslam İnqilabının elə maksimal hədəflərini bəyan edirdi ki, hətta bəzi təcrübəli və mübariz siyasətçilər belə, onların reallaşacağına şübhə ilə baxırdılar. Lakin İran İslam İnqilabı qarşıya qoyulan bütün hədəfləri həyata keçirməyi bacardı.

Ona görə ki, hərəkatın lideri Ayətullah Xomeyni (r) şəxsiyyət baxımından çox möhkəm, çətinliklərə sinə gərə bilən, sözdə və əməldə Allaha təvəkkül edən, imanlı, şəffaf və düz adam idi.

Bu baxımdan, ulu öndər fiziki baxımdan həyatda olmasa belə, illər keçsə də əsərləri, baxış, tələb və tövsiyələri yaşayır, İran xalqı onun varlığından, mənəviyyat, məfkurə və istiqamətlərindən faydalanılır.

Diqqətçəkən məqamlardan biri, dəyişikliklərə can atmaq və tərəqqi yaratmaq İmamın ən qabarıq xüsusiyyətlərindəndir. Bu gün dahi rəhbərin mühüm keyfiyyətləri haqda danışarkən əlbəttə ki, hərtərəfli şəxsiyyətə, çoxsaylı güclü cəhətlərə malik olması xüsusi vurğulanmalıdır.

Maraqlıdır ki, İmam həm mənəvi cəhətdən daim dəyişikliklərə can atmağı, həm də yeniliklər yaratmağı bacarırdı. Özü də dəyişiklik yaratmaq baxımından öz rolunu yalnız bir müəllim, ustad, yaxud dərs deyən kimi oynamırdı. O, əməliyyatı daxildən yüksək səviyyədə idarə edən bacarıqlı komandan, həqiqi mənada dahi lider idi. Nəticədə, öz zəmanəsində cürbəcür sahələrdə çoxsaylı uğurlara imza atdı.

Bu barədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin fikirləri olduqca maraqlı və dəyərlidir: «O böyük insanda dəyişikliklərə can atmaq ruhiyyəsi çoxdan var idi. Bu onda islami hərəkatın başlanğıcında – 1341-ci ildə yaranmış bir şey deyildi. O hələ gəncliyindən dəyişikliklər arzulayan biri olmuşdu. İmamın gənc ikən – təxminən 30 yaşlarında mərhum Vəziri Yəzdinin dəftərində yazdığı bir qeyd bunun bariz göstəricisidir. Mərhum Vəziri İmamın öz dəst-xəti ilə olan yazını mənə göstərmişdi. Sonralar çap da olunub, çoxları o yazı ilə tanışdır. Həmin yazıda İmam Xomeyni camaatı qalxıb Allah yolunda iş görməyə dəvət edən şərif “Allah xatirinə (məni dinlədikdən sonra məclisimdən) iki-iki, bir-bir durun (durub gedin)...”(“Səba” surəsi, 46-cı ayə) – ayəsini qeyd edir. Onda belə bir ruhiyyə var idi. İmam bu ruhiyyəsini əmələ çevirdi və qeyd etdiyim kimi, böyük dəyişikliklərə imza atdı. İmam təkcə sözdə, göstərişlər verməklə yox, meydanda olub iş görməklə dəyişikliklər yaratdı. Qumda bir qrup gənc tələbənin ruhiyyəsində dəyişiklik yaratmağından tutmuş – bütövlükdə İran xalqında genişmiqyaslı dəyişiklik yaratmağına qədər... Dediyim Qum məsələsi İmamın orada keçdiyi əxlaq dərslərindən ibarətdir. Hələ inqilabi hərəkata başlamazdan on illər əvvəl İmam illərlə Qumda fiqh, üsuliddin və fəlsəfə dərslərindən əlavə, əxlaq dərsi də demişdi, əxlaq mövzusunda söhbətlər aparmışdı. Əlbəttə, biz Quma gedəndə artıq o dərslər bir neçə il idi ki, dayandırılmışdı, keçilmirdi. Amma əxlaq dərslərinin şahidi olanlar danışırdılar ki (İmam Xomeyni həftədə bir dəfə “Feyziyyə” mədrəsəsinə gedir, gənc din tələbələri toplaşıb onun söhbətlərini dinləyirdilər) o nitqinə başlayanda məclisi tamamilə dəyişir, iştirakçılar mənən tamamilə başqa vəziyyətə düşürmüş. Əlbəttə, fiqh və üsul dərslərində biz də bunun şahidi olmuşduq. Yəni hətta fiqh və üsul dərslərində də yeri düşdükcə əxlaq mövzusunda haşiyə çıxanda tələbələr zar-zar ağlayırdılar. İmam əxlaqi söhbətlər edəndə tələbələr göz yaşı tökürdülər. Onun danışığı bu qədər təsirli idi və insanda inqilabi ruhiyyə yaradırdı. Bu elə peyğəmbərlərin metodudur. Bütün peyğəmbərlər də öz hərəkatlarına insanlarda ruhi-mənəvi inqilab yaratmaqla başlayıblar… Əxlaq dərsləri ilə, qəlbləri əvvəlcədən hazırlamaqla hərəkat yaratmaq, insan fitrətini, insanların mənəvi instinktlərini oyatmaq dahi İmam Xomeyninin metodu idi. O, buradan başlayıb bütöv bir xalq səviyyəsində genişmiqyaslı dəyişikliklər etdi. İstər inqilabi mübarizənin getdiyi dövrdə –istərsə də inqilabın qələbəsindən sonra İran xalqında sözün əsl mənasında bir dəyişiklik yaratdı...

Dəyişikliklərdən biri də xalqın ruhiyyəsində oldu: xalqımız təslimçilik, boyun əymə psixologiyasından qurtuldu. Bizim gəncliyimizdə, bu hərəkatın başladığını xatırladığımız vaxtlarda İran xalqı öz müqəddəratı ilə bağlı önəmli məsələlərə qətiyyən müdaxilə etmirdi, xalq əyilmişdi, təslim olmuşdu, öz həyatına qarşı iradəsiz idi. Xalqımızın davranışında, xarakterində o dinamika, meydanda olub öz tələblərini, özü də böyük və mühüm tələbələrini irəli sürmək kimi bir cəhət əsla yox idi. Bunu İmam yaratdı. O, əyilən və təslimçi xalqı dəyişib tələbkar bir xalqa çevirdi. İmamın o alovlu və üsyankar nitqləri bu xalqı elə silkələdi ki, tələbkar bir xalqa çevrildi. Bunun bariz nümunəsi 1341-ci ildə baş verən olaylar (inqilabi hərəkat da elə həmin ildən start götürdü), müxtəlif şəhərlərdə baş verən və sonradan 15 xordad hadisəsi ilə nəticələnən kütləvi xalq mitinqləridir. Hakim rejim 15 xordadda törətdiyi qırğına baxmayaraq, hərəkatı durdura bilmədi. Mübarizənin sonuna qədər mitinqlər yenə də keçirilməkdə davam edirdi. Bu, İmamın yaratdığı heyrətamiz bir dəyişiklik idi…

İmam Xomeyninin yaratdığı digər dəyişiklik dinə olan yanaşmada idi. O vaxta qədər camaat dini yalnız şəxsi məsələlər, ibadət, uzağı şəxsi vəziyyət üçün bir vasitə kimi görürdü; yalnız namaz, oruc, maliyyə məsələləri ilə bağlı dini vəzifələr, nikah, talaq və sair üçün lazımlı hesab edirdilər. Vəssalam, bu qədər. Dinin rolunu, məsuliyyətini, missiyasını yalnız həmin çərçivədə görürdülər. İmam Xomeyni din üçün başqa rol və missiyaların tərifini verdi; hökumət qurmaq, sivilizasiya yaratmaq, cəmiyyəti və insanı tərbiyə etmək və sair missiyalar. Xalqın dinə yanaşması tamamilə dəyişdi.

Digər bir dəyişiklik isə gələcəyə baxışda idi. İnqilabi hərəkatın başladığı, İmamın meydana ayaq basdığı dövrdə bəzi azsaylı partiya və fraksiyalar müəyyən şüarlar irəli sürdüklərinə baxmayaraq, xalq öz gələcəyini görmürdü. Yəni xalqın gözləri önündə bir üfüq, perspektiv yox idi. Vəziyyət yeni İslam sivilizasiyasının yaradılması hədəfi ilə əvəzləndi. Yəni bu gün İran xalqına baxdığınız zaman gördükləriniz məhz İmam Xomeyninin qüdrətli əli vasitəsilə ərsəyə gəlib. Xalqımız yeni İslam sivilizasiyası yaratmaq, nəhəng müsəlman birliyinə nail olmaq, İslam ümməti təşkil etmək amalı ilə yaşayır. Ümumilikdə xalqın, kütlənin yanaşması budur.

Bəli, İmam Xomeyni bura qədər saydığım bütün dəyişiklikləri yaratdı, lakin onun yaratdığı digər mühüm dəyişiklik – və bəlkə də, sadaladıqlarımdan daha mühümü – dünya dövlətlərinə və super-güclərə yanaşmada baş verənlərdir. O vaxt heç kəs təsəvvür etməzdi ki, Amerikanın sözünün üstünə söz demək, iradəsinin əksinə nə isə bir iş görmək olar. İmam elə bir iş gördü ki, Amerikanın başında duranlar özləri: “Xomeyni bizi təhqir etdi”, – dedilər. Doğrudan da, elə belə idi. İmam göstərdi ki, supergüclər zərbə ala, məğlub edilə bilər».

İmam Xomeyninin (r) unikal şəxsiyyəti haqqında danışan Ali Rəhbər bildirib ki, şücaət, hikmət, təqvalı olmaq, zülmlə mübarizə, ədalətsevərlik və sədaqət onun özəl xüsusiyyətlərindən və cazibələrindəndir: “İmam Xomeyninin daha bir xüsusiyyəti müqavimətli olmasıdır. Onu bir məktəb, bir düşüncə, bir ideologiya, bir yol kimi tanıdan müqavimət xüsusiyyətinə sahibliyidir”.

Problemlərlə və maneələrlə üzləşəndə göstərdiyi müqavimət bütün dünyanı təəccübləndirirdi: “Xomeyninin İran xalqına və vəzifəli şəxslərinə ən böyük dərsi məhz müqaviməti idi. Bu düşüncə və cəlbedici yol hər gün xalqları özünə cəlb edir. İran xalqı və məsul şəxslər iqtisadi, siyasi, hərbi, ictimai və mədəni sahələrdə bu aydın yoldan istifadə edərək zirvəyə kimi yüksələcəklər”.

İslam İnqilabının qələbəsindən sonra da Xomeyninin müxtəlif təzyiqlərlə üzləşdiyini, lakin yenə müqavimət göstərdiyini bildirən Ayətullah Xamenei hədə, qorxu, razısalma, aldatma kimi vasitələrin İmama heç vaxt təsir etmədiyini vurğulayıb.

ABŞ-ın Qüds və Fələstin məsələsini unutdurmağa çalışığını bildirən Seyid Əli Xamenei əlavə edib ki, Qüds Günü etirazları dünyanın yüzlərlə ölkəsində təşkil olunur və İmam Xomeyninin müdrik tövsiyələrinin unudulmamasına bariz nümunədir.

Ayətullah Xamenei müxtəlif vasitələrdən istifadə edərək İranın müqavimətini sarsıtmağa çalışan qüvvələrdən də söz açıb. Bildirib ki, onlar bəzən hədələyirlər, bəzən maraq oyadaraq razı salmağa çalışırlar. O, misal kimi sabiq ABŞ prezidentinin sözlərini xatırladıb: “Trampın son sözü belə oldu ki, İran indiki rəhbərləri ilə də böyük nailiyyətlər əldə edə bilər. Yəni İranın hazırkı rəhbərləri! Biz sizi devirmək istəmirik, sizi qəbul etməyə hazırıq, ona görə narahat olmayın”.

Ayətullah Xamenei ABŞ-ın bu addımını “siyasi zirəklik” adlanıdırıb və qeyd edib ki, əlbəttə bu söz düzdür: “Əgər İranın hazırkı rəhbər və məsul əxsləri çalışsalar, cihad etsələr, gecə-gündüzləri olmasa, bir olsalar, imkanlardan yaxşı istifadə etsələr, əminliklə və heç şübhəsiz, böyük nailiyyətlər əldə edə bilərlər. Lakin inkişafın şərti budur ki, ABŞ yaxına buraxılmasın”.

“Belə “siyasi zirəkliklər” İranın vəzifəli şəxslərini və xalıqnı aldatmayacaq. ABŞ-ın yaxın gəlməsinə izn verilməməlidir. Onların qədəmləri mübarək olmayan qədəmlərdir. Hər yerə ayaq basdılar, müharibə, qardaş qırğını, fitnə, müstəmləkəçilik, təhqir və istismar yaradırlar. Xalqımız səhnədədir və bu iştirakı davam edəcək. Çünki xalqın Qüds günü kimi bir gündə iştriakı düşmənin bütün hesablamalrını pozur”, - deyə Ali Lider vurğulayıb.

Və nəticə olaraq İran İslam Respublikası tarixinin 42 illik dövrü məhz Seyid Ruhullah Musəvi Xomeyninin (r) adı ilə bağlıdır. Böyük ictimai-siyasi xadim və din aliminin mənalı ömrünün əsas qayəsi vətənə, xalqa məhəbbətdir. Məhz bu keyfiyyətlərinə görə Ayətullah Xomeyni İran xalqının qəlbində əbədi məskən salıb. Onun qurduğu dövlət indi qüdrətli dövlətdir və bu dövlətin bugünkü sahibləri yeni reallıqlar, sosial rifah, elmi kəşflər, iqtisadi inkişaf, bütün sahələrdə tərəqqi və digər nailiyyətlər üzərində işləyirlər.

M.MƏMMƏDLİ



Fikrini bildir