SON XƏBƏRLƏR
3 HƏRBÇİMİZ QUBADLIDA ÖLDÜRÜLDÜ, BİRİ KƏLBƏCƏRDƏ MİNAYA DÜŞDÜ

Yazının dərc olunma Tarixi: 3/1/2022

3 HƏRBÇİMİZ QUBADLIDA ÖLDÜRÜLDÜ, BİRİ KƏLBƏCƏRDƏ MİNAYA DÜŞDÜ
Ermənistanın basdırdığı ölüm minaları zaman keçdikcə üzə çıxır, can alır... Belə ki, bu gün Kəlbəcər rayonu ərazisində N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Yusif Eyniyevin piyada əleyhinə minaya düşməsi ilə bağlı araşdırma aparılır. Bu barədə "Təzadlar"a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd edilir ki, yanvarın 2-si saat 17 radələrində Kəlbəcər rayonu ərazisində N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Yusif Eyniyevin piyada əleyhinə minaya düşməsi nəticəsində xəsarət alması barədə məlumat daxil olub. Müəyyən edilib ki, hərbi qulluqçuya təxliyyə edildiyi hərbi tibb müəssisəsində partlayış travması, sol baldırın aşağı 1/3-nin travmatik amputasiyası diaqnozu qoyulub. Hazırda faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.
***
Bununla bağlı, Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının öldürülməsi ilə bağlı cinayət işi başlanılıb. Baş Prokurorluğun Mətbuat xidmətindən "Təzadlar"a bildirilib ki, bu gün yanvarın 2-də, saat 18 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində 3 nəfər hərbi qulluqçunun öldürülməsi ilə bağlı məlumat daxil olub. Məlumat əsasında Hərbi Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərə­findən hadisə yerinə baxış keçirilib, o cümlədən digər zəruri prosessual istintaq hərəkətləri həyata keçirilib.
İlkin araşdırmalarla müəyyən edilib ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amil Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qəsdən öldürüb, daha sonra silahını ataraq hadisə yerindən qaçıb.
Hazırda E.Əvəzlinin axtarışı üzrə tədbirlər davam etdirilir. Faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. İstintaqın gedişatı barədə əlavə məlumat veriləcək.



Fikrini bildir