Lənkəranın icra başçısı “Azəriqaz” sədrinin rəis qohumunu rayondan niyə qovub?

Yazının dərc olunma Tarixi: 29/6/2016

Lənkəran Regional Qaz İstismar İdarəsinin ali təhsili olmayan rəisi Elçin Məmmədov bu vəzifəsindən bir günün içində kənarlaşdırılsa da, hazırda Bakı Regional Qaz İstismarı İdarəsində başqa bir məsul vəzifəyə təyin edilib...
Ötən gün “Təzadlar”a adını çəkmək istəmədiyimiz şəhər (rayon) qaz idarələrinin birindən daxil olan məlumatı qəzetin rəsmi saytında yerləşdirmişdik... Məlumatda bildirilirdi ki, artıq iyulun 1-dən ölkə ərazisində əhaliyə və sənaye müəssisələrinə verilən qaz 2 dəfə bahalaşır. Yəni, indiyədək 1 kubm. qaz 10 qəpiyə idisə, bundan onra 20 qəpiyə satılacaq.
Mənbə bunları dedi: “Artıq idarəyə “Azəriqaz”dan telefonoqrama gəlib və işçilər bütün abonentlərin qalıq borcunu müəyyənləşdirməklə məşğuldur...”.
Məsələyə aydınlıq gətirmək üçün “Azəriqaz”ın rəhbərliyi ilə əlaqə saxlamışdıq. Lakin həmin vaxt qeyri-iş günü olduğundan telefon zəngimizə cavab verən olmamışdı. Sonra Bakının iki rayon qaz idarəsinə də yoxlama zəngimiz olmuşdu və bu zənglər də cavabsız qalmışdı.

Bəs Lənkəran qaz idarəsinin rəisi İcra başçısı Taleh Qaraşovu niyə qəzəbləndirmişdir?

Həmin məlumatın yayılmasından sonra redaksiyanın elektron poçtuna xeyli məktublar daxil olmuşdur. Məktubların birinin müəllifi Lənkəran Regional Qaz İstismar İdarəsinin işçisi Z.Mürsəlovdur. O, yazır:
“Salam, hörmətli redaksiya! Çox istərdim ki, bu faktı qəzetinizdə və ya saytınızda dərc edəsiniz. Söhbət “Azəriqaz”dan gedir. Məlum məsələdir ki, hər gün saytlar hansısa rayonda qazın kəsildiyini və neçə gün olmayacağı barədə məlumatlar yazır. Bu qazkəsilmələrini həmişə təmirlə bağlayırlar. Amma sizə deyim, bunlar əsassız səbəblərdir. Adi təmir işləri olsa da heç bir təmir isləri aparılmır. Sadəcə, qaz itkilərini ört-basdır etmək üçün və uçotun düzgün qurulmaması, sayğac göstəricilərinin şişirdilməsi, növbəti ayda qaz çatişmamazlığına səbəb olur. Buna görə də baş qatmaq üçün qazın kəsilməsini təmirin adına bağlayırlar. Çünki təmir vaxtı borularda olan qazı təbii itki kimi sənədləşdirmək olur... Bu yaxınlarda Lənkəran Regional Qaz İstismar İdarəsinin xidmət sahəsi olan Lənkəran-Cəlilabad və Masallı xidmət sahələrində əsassız olaraq 5-6 kəndin qaz təchizatının dayandırılması Lənkəran RQİİ-nin rəisi Elcin Məmmədova baha başa gəldi. Belə ki, rəis Lənkəran şəhəri, Gərmətük, Aşağı Nüvədi, Rvo, Avrora, Şilavar ərzailərinin hec bir səbəb olmadan qaz təchizatını dayandırmışdı və Lənkəran şəhər İcra hakimiyyətinin nümayəndələri tərəfindən Elçin Məmmədova zəng olunur ki, qaz niyə kəsilib? Elçin Məmmədov, ümumiyyətlə, gələn zəngləri qəbul etmir. İcra nümayəndələri başqa nömrə ilə zəng edənədə E.Məmmədov telofonu qaldırır və deyir ki, “Məni niyə narahat edirsiz, siz mənə bir də zəng etsəniz umumiyyətlə, Lənkəran şəhərini qazsız qoyacam, mənim müvinim var, siz onunla əlaqə saxlayın”.
Bu sözlər belə də Lənkəran RİH başçısı Taleh Qaraşova çatdırılır və o da Rövnəq Abdullayevə zəng edərək 1 gün vaxt verir, deyir ki, “Lənkərana təyin etdiyiniz bu naşını bir gün ərzində burdan aparmasanız, polis orqanlarına müraciət edib onu həbs etdirəcəyəm...”. Rövnəq Abdullayev isə bu barədə “Azəriqaz”ın sədri Əkbər Hacıyevə göstəriş verərək Elçin Məmmədovu bir gecədə Lənkəranı tərk etməsi göstərişini verir... İndi onun əvəzinə Tərtər RQİİ-nin rəis müavini, əslən Ağdamdan olan Rəfail Novruzov təyin edilir... Əkbər Hacıyevin yaxın qohumu olan Elçin Məmmədov isə Baki Regional Qaz İstismarı İdarəsində başqa bir vəzifəyə göndərilir. Maraqlıdır ki, Elçin Məmmədovun heç ali təhsili belə yoxdur, orta ixtisas təhsili olan Elçin Məmmədov Baki Neft Energetika kollecinin məzunudur... Ali təhsili olmayan şəxs yüksək və məsul vəzifələrdə necə çalışır??? Xahiş edirəm, bu faktı araşdırın...”.

“Azəriqaz” ləğv edilir?


Oxucumuz məktubunda daha sonra yazır: Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2009-cu il tarixli 366 nömrəli “Neft və qaz sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında” Sərəncamı ilə “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin maddi texniki bazasında “Azəriqaz” İstehsalat Birliyi yaradılmışdır. Yaxın günlərdə 7 yaşını qeyd edəcək “Azəriqaz” çox çətin durumdadır. Bir çox funksiyaları əlindən alınan birliyin vəziyyəti heç də ürəkaçan deyil. Yaxın günlərdə birliyin tamamilə ləğv edilməsı artıq gündəmə gətirilib. “SOCAR-ın bütün müəssisələrində olduğu kimi, “Ernst&Young Holdings” (CIS) B.V. beynəlxalq audit şirkətinin “Azəriqaz” İB-də də aparılan audit yoxlaması da başa çatıb. Yoxlamanın nəticəsi olaraq qurumun fəaliyyəti qeyri-kafi qiymətləndirilib. Qeyd edək ki, “Azəriqaz” yarandığı gündən ölkə rəhbərliyi qarşısında Respublika ərazisinin 95 % -nin qazlaşdırılmasını öhdəlik götürsə də hazırda bu rəqəm hec 60 faiz təşkil etmir. Yarandığı gündən 4-5 dəfə struktur dəyişikliyinə məruz qalan (özünü doğrultmadıqca) “Azəriqaz”ın indiki sədri Əkbər Hacıyev artıq nə edəcəyini belə bilmir. “Ernst&Young Holdings” Audit şirkətinin audit yoxlamasına əsasən qurumda 30 faiz mühəndislər, 60 faiz fəhlə və 10 faiz digər vəzifə və peşələri tutur. Şirkətin yekun aktında o da qeyd olunub ki, mühəndis vəzifəsini icra edən qulluqçuların 12 faizdən çoxu ixtisasca mühəndis deyil. Məlum məsələ idi ki, Azəriqaz QSC ləğv edildikdən sonra zaman-zaman onun yetişdirdiyi kadrlar birlik və onun struktur bölmələrindən uzaqlasdırıldı, amma onların əvəzinə isə nəinki ixtisaslı kadrlar gətirildi, hətta ali təhsili olmayan şəxslər vəzifəyə gətirildi.

Ciddi səbəblər olmadan qazın kəsilməsi niyə Bakıda adi hal alıb?

Elə ekspertlər də “Azəriqaz” İB-də ciddi islahatların aparılmasını vacib hesab edirlər. Son bir neçə ildir ki, “Azəriqaz” müntəzəm olaraq “təmir-quraşdırma, profilaktika və ya yeni xətlərin birləşdirilməsi” kimi standart səbəblər göstərərək az qala hər gün bir neçə rayonun, yaxud yaşayış məntəqəsinin qaz təchizatını məhdudlaşdırır. Səbəb isə eynidir: qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması! Lakin nə sirdirsə, abonentlər qaz təchizatının kəsildiyi həmin saatlarda yaşadığı ərazidə heç bir “təmir-quraşdırma” işlərini müşahidə edə bilmir. Bəs “Azəriqaz”ın hər gün bu və ya digər rayonda, yaşayış məntəqələrində hər dəfə eyni səbəb göstərərək qaz təchizatını kəsməsinin sirri nədədir? Doğrudanmı “Azəriqaz”ın təmir-quraşdırma briqadaları bu cür intensiv işləyir və paytaxt Bakıda, rayonlarda “gözəgörünməz” təmir-quraşdırma işləri bu cür intensiv xarakter alıb? “Azəriqaz” isə bunu qışa hazırlıqla izah edir. Absurd səbəb! Hər il qışa belə hazırlaşmaqmı lazımdır? Halbuki qaz təchizatı haqqında qanunda xidməti yay və qış variantları barədə danışılmır. Qanunda aydın deyilir ki, şirkət fasiləsiz və keyfiyyətli təchizatı təmin etməlidir. “Azəriqaz” sistemində maxinasiyalar, pis qaz təminatı və mövcud qaz itkiləri ilə barədə mətbuatda dəfələrlə məlumatlar yer alıb. “Azəriqaz”ın bu cür yarıtmaz fəaliyyəti nə vaxtadək davam edəcək? Tez-tez baş verən “təmir” işləri, rayonlara verilən qazın kəsilməsi, təzyiqin həddən artıq azaldımasının səbəbləri nə ola bilər? Hökumətin qaz infrastrukturunun yeniləməsinə iri həcmdə vəsaitlər xərclədiyi halda abonentlər niyə hələ də qaz təminatında bu cür problemlərlə üzləşir?
Ümumiyyətlə, Azərbaycanın qaz operatorunun işi heç prezidenti də qane etmir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı çıxışında “Azəriqaz”ın və Dövlət Neft Şirkətinin bu istiqamətdə apardığı işlərin qəbuledilməz olduğunu bəyan etmişdi.
Hörmətli oxucu, yazının vaxtında mətbuata veriləsinin yubadılmasını üzürlü sayın, çünki bu, müəyyən subyektiv amillərdən irəli gəlmişdir...
***
Beləliklə, problemlər içində başını itirən abonent indi də iyulun 1-dən qazın qiymətinin iki dəfə artırılması sürprizinə hazır olmalıdır...
Qələmə aldı: Səbuhi



Fikrini bildir