SON XƏBƏRLƏR
Səfər Mehdiyev Baş Gömrük İdarəsindəki həbslər haqda

Yazının dərc olunma Tarixi: 24/5/2021

Səfər Mehdiyev Baş Gömrük İdarəsindəki həbslər haqda“İslahatların reallaşdırılmağa başlandığı andan kimliyindən və tutduğu vəzifədən asılı olmayaraq qanunazidd əməllərə yol verən gömrük əməkdaşlarının qanunvericiliyə uyğun olaraq cəzalandırılacağı dəfələrlə tərəfimizdən bəyan edilib. Bu istiqamətdə gömrük orqanlarının aidiyyəti strukturları tərəfindən aşkar edilən faktlar üzrə təqsirli bilinən şəxslər cəzalandırılıb və bu barədə də ictimaiyyət mütəmadi olaraq məlumatlandırılıb”.

Məlumata görə, bunu yerli mətbuata verdiyi müsahibədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev son günlərdə yüksək rütbəli gömrük müfəttişlərinin həbslərinə münasibət bildirərkən deyib.

“Bakı Baş Gömrük İdarəsində qeydə alınan fakt da birbaşa Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən nəzarətə götürülüb, müvafiq prosedurlar aparıldıqdan sonra araşdırmanın qanunvericiliyə uyğun şəkildə həyata keçirilməsi məqsədilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edilərək birgə əməliyyat həyata keçirilib. Hazırda fakt üzrə araşdırma aparılır və gömrük orqanları gömrük işinin təşkili prosesində ortaya çıxan neqativ halların qarşısının alınmasında təşəbbüskar və maraqlı olan tərəfdir.

Lakin çox təəssüflə qeyd etməliyəm ki, bəzi dairələr məsələni konteksdən çıxarmağa, bu qəbildən olan neqativ halların gömrük orqanlarında guya kütləvi hal aldığına dair rəy formalaşdırmaqla gömrük xidmətinin fəaliyyətinə kölgə salmağa çalışırlar.

Fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, bunlar bizi hədəfimizdən yayındıra bilməz, bundan sonra da bütün səylərimizi səfərbər edərək ölkədə münbit sahibkarlıq mühitinin formalaşdırılmasına, xarici ticarət fəaliyyətinin asan, sürətli və şəffaf şəkildə həyata keçirilməsinə öz töhfəmizi verməyə çalışacağıq”, - deyə S.Mehdiyev vurğulayıb.

***
16:00

Bakı Baş Gömrük İdarəsinin daha bir əməkdaşı həbs edilib.

APA-nın məlumatına görə, Binəqədi rayon Məhkəməsində Bakı Baş Gömrük İdarəsinin maliyyə inspektoru Azər Baxşıyev barəsində istintaq orqanın təqdimatına baxılıb.

Təqdimat təmin edilib və A. Baxşıyev barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi mayın 17-də Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirib.

Nəticədə idarənin vəzifəli şəxsləri - Elmar Mirzəyev, Emin Xəlilov, Mirağa Ağayev, Ceyhun Şabanov və Aydın Eylazov şübhəli şəxs qismində tutulublar.

Daha sonra Binəqədi rayon Məhkəməsində həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilibb.

Onu da qeyd edək ki, Azər Baxşıyev 20 il Naxçıvan Muxtar Respublikasının Baş naziri olmuş Əlövsət Baxşıyevin qardaşı oğludur.



Fikrini bildir