SON XƏBƏRLƏR
SUMQAYITDA KÖÇKÜNLƏR ÜÇÜN TİKİLƏN QƏSƏBƏ ŞƏHİD VƏ QAZİ AİLƏLƏRİNƏ VERİLƏCƏK!

Yazının dərc olunma Tarixi: 5/11/2021

SUMQAYITDA KÖÇKÜNLƏR ÜÇÜN TİKİLƏN QƏSƏBƏ ŞƏHİD VƏ QAZİ AİLƏLƏRİNƏ VERİLƏCƏK!
Bir müddətdir ki, KİV-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Sumqayıt şəhərində tikilən 1242 ailəlik qəsəbənin tikintisi müzakirə mövzusudur.
Sual ondadır ki, artıq işğal altında olan torpaqlar alınıbsa, dövlət niyə külli miqdarda vəsaiti həmin yurd yerlərinin bərpasına deyil, Sumqayıtda, yaxud başqa bölgələrdə köçkünlər üçün yeni tikinti sahələrinə xərcləsin ki!
Məsələyə Komitənin mətbuat xidmətindən açıqlama özünü çox gözlətmədi. «Təzadlar»a göndərilən açıqlamada bildirilir ki, «…Tikintisi 2021-ci ilin ortalarında başlayan qəsəbənin, 2022-ci ilin ortalarında istifadəyə verilməsi gözlənilir. Dövlət Komitəsi tərəfindən 2019-2020-ci illərdə ağır vəziyyətdə yaşayan məcburi köçkünlər üçün inşa edilmiş yaşayış kompleksləri Prezident İlham Əliyevin tapşırığına əsasən, Vətən müharibəsi iştirakçılarına, Qarabağ əlillərinə, şəhid ailələrinə, əlillərə verildiyi kimi, 1242 ailəlik qəsəbənin də tikintisi başa çatdıqdan sonra, həmin kateqoriyadan olan insanlara verilməsi nəzərdə tutulub. Onu da qeyd edək ki, Azərbaycanda qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində sistemli dövlət siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Prezident İlham Əliyev məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsinə daim diqqət göstərir. Məcburi köçkünlər üçün yeni qəsəbələr salınıb, onlara mənzillərin verilməsində ədalət və şəffaflıq təmin edilib. Bildirilib ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların problemlərinə həssaslıqla yanaşan Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ən ağır vəziyyətdə və qəzalı şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı tapşırığının icrası davam etdirilib. Bu günədək məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Bakı şəhəri ilə yanaşı, respublikanın müxtəlif şəhər və rayonlarında 116 müasir qəsəbə salınıb. Qəsəbələr bütün zəruri sosial-texniki infrastrukturla təchiz edilib. 300 mindən çox məcburi köçkünün, yəni 62 mindən çox məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Azərbaycanın ötən ilin payızında Ermənistanı məğlubiyyətə uğradaraq, öz tarixi ərazilərini işğaldan azad etməsi nəticəsində yaranan yeni reallıqlar, o cümlədən məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışına hazırlıq başlayıb. Təhlükəsizlik şəraiti, kommunikasiya təminatı yaradıldıqdan, yaşayış sahələri bərpa olunduqdan və yenidən tikildikdən sonra məcburi köçkünlərin, beynəlxalq normalar əsasında, həmin ərazilərə köçürülməsinə başlanacaqdır».
Bəli, dövlətin bu istiqamətdə həyata keçirdiyi strateji siyasətin tərkib hissəsi kimi, bundan sonra əsas diqqət də köçkünlərin öz doğma yurdlarına qayıtmasının təmin edilməsinə yönəldilməkdədir. Bu, düşmənə daha bir mənəvi-psixoloji zərbə vurmağın ən yaxşı formasıdır!
A.Məmmədli



Fikrini bildir