SON XƏBƏRLƏR
14 il DTX-də işləmiş şəxs həbs edildi – BU ƏMƏLƏ GÖRƏ

Yazının dərc olunma Tarixi: 24/5/2021

14 il DTX-də işləmiş şəxs həbs edildi – BU ƏMƏLƏ GÖRƏ
Bakı Ağır Cinayətlər Məhkəməsində özünü Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli əməkdaşı kimi təqdim edən 1980-ci il təvəllüdlü, ali təhsilli Süleyman M. barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə S.M Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 312.2-ci (rüşvət vermə) maddələri ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilib.

İstintaq zamanı məlum olub ki, Süleyman M. 2020-ci ilin avqust ayında Bakıxanov qəsəbəsində yerləşən parkdakı çay evində tanışı Emin V-ni Dövlət Təhlükəsizliyi Xidmətində gizir kimi işə düzəldəcəyini, və həmin şəxsin aylıq 1600 manat maaş alacağını bildirərək 15000 manat pul alıb.

Belə ki, işə düzəlmək istəyən Emin əvvəlcə Ədliyyə Nazirliyinə müraciət etsə də, onun yaşının 30-u keçməsi əsas gətirilərək mənfi cavab verilib. Bundan sonra o, Süleyman vasitəsilə işə düzəlməyə çalışıb. 2004-2018-ci illərdə DTX-da çalışan Süleyman isə yüksək vəzifəli şəxslərlə münasibətinin olmasını bildirərək 20000 manat qarşılığında bu işi həll edəcəyini, 6 ay ərzində Emini işə düzəldəcəyini bildirib.

Həmin müddətdə qarşı tərəfdən 15000 manat alan Süleyman verdiyi vədə əməl etməyib. O da bəlli olub ki, pulu alan şəxs artıq həmin qurumda çalışmır.



Fikrini bildir