SON XƏBƏRLƏR
Parlamentdə “Media haqqında” qanun layihəsinin ictimai müzakirəsi keçirilib

Yazının dərc olunma Tarixi: 31/12/2021

Parlamentdə “Media haqqında” qanun layihəsinin ictimai müzakirəsi keçirilib
Dekabrın 28-də Milli Məclisdə İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Media haqqında” qanun layihəsinin ikinci oxunuşdan sonra geniş ictimai müzakirəsi keçirilib.
Ölkənin aparıcı media orqanlarının və qurumlarının rəhbərlərinin və nümayəndələrinin iştirak etdiyi iclası açan Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, “Media haqqında” qanun layihəsi birinci və ikinci oxunuşlarda çox geniş müzakirə olunub, deputatlar çoxlu sayda təkliflər irəli sürüblər. Bu layihənin birinci oxunuşu yenə bu komitələrin birgə iclasında ictimai müzakirə formatında olmuşdu. Bundan sonra işçi qrupunun üzvləri və biz media nümayəndələri ilə 10-a yaxın görüş keçirmişik. İş üslubumuza uyğun olaraq oxunuşlar arasında belə görüşlər keçirilir. Qərara gəldik ki, üçüncü oxunuş ərəfəsində də aparıcı media nümayəndələri ilə bir daha görüşək, sual-cavab formatında müzakirəmizi davam etdirək. Bizim bu gün üzrlü səbəblərdən burada iştirak edə bilməyən media nümayəndələri ilə də işçi qaydasında görüşlərimiz olub, onları dinləmişik, təkliflərini dəyərləndirmişik, müvafiq açıqlamalar vermişik.

İclasda Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, bu qanun medianın konstitusiyasıdır, təməl qanunudur. Komitə sədri iştirakçıları müzakirələrdə bu qanunun qəbulundan sonrakı dövrlə bağlı, bundan sonrakı addımların nə olması ilə bağlı fikirlərini bildirməyə üstünlük verməyə çağırıb.

Müzakirələr zamanı “Haqqın.az” saytının rəhbəri Eynulla Fətullayev, “APA Group”un baş direktoru Vüsalə Mahirqızı, RealTV-nin baş direktoru Mirşahin Ağayev, “Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov, “Sputnik-Azərbaycan”ın əməkdaşı Ülkər Abdullayeva, “Moderator.az” saytının baş redaktoru Zülfüqar Hüseynzadə, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmmədov, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili, “1 news.az” saytının baş redaktoru Kəmalə Məmmədova, “Oxu.az” saytından Pərvin Abbasov, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev, “Vision” internet televiziyasının icraçı direktoru Şöhrət Eldəniz, “Region plus” jurnalının baş redaktoru Namiq Mailov, “Bakı-Xəbər” qəzetinin baş redaktorunun müavini Tahir Tağıyev, “Olaylar” qəzetinin əməkdaşı Alim Hüseynli çıxış ediblər.

Media nümayəndələri çıxışlarında vurğulayıblar ki, “Media haqqında” qanun layihəsi heç bir halda söz, fikir və mətbuat azadlığı kimi əsas hüquqların məhdudlaşdırılmasına xidmət etmir. Bu hüquqlar Azərbaycan Konstitusiyasının verdiyi hüquqlardır və məhdudlaşdırılması mümkün deyil. Sənədin media sahəsində nizam-intizam yaradacağına, media subyektinin adından, jurnalist vəsiqəsindən sui-istifadə hallarını aradan qaldıracağına əminlik ifadə olunub. Həmçinin qeyd edilib ki, qanun layihəsində yer alan imtiyaz və güzəştlər media subyektlərinin və jurnalistlərin peşəkarlığının artırılmasına zəmin yaradacaq.

Tədbirdə səslənən fikirlərə münasibət bildirən Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov dövlətin media sahəsində həyata keçirdiyi islahatların yeni mərhələsinin üç əsas istiqamətindən danışıb. O, media sahəsində normativ-hüquqi bazanın yenilənməsi, media subyektlərinin iqtisadi müstəqilliyinə nail olunması, bu sahədə peşəkarlığın artırılması istiqamətlərində uğurların əldə olunması üçün normativ hüquqi bazanın yenilənməsinin zərurətini vurğulayıb. Bu zərurətdən irəli gələrək Hərtərəfli əsaslandırma nəticəsində hazırlanmış “Media haqqında” qanun layihəsinin tənqidlərə dözümlülüyünü qeyd edən Əhməd İsmayılov sənədin hazırkı reallıqları əks etdirdiyini bildirib. Diqqətə çatdırıb ki, layihə qəbul olunacağı təqdirdə media sahəsində bütün istiqamətlər üzrə islahatların həyata keçirilməsi üçün zəruri hüquqi platforma rolunu oynayacaq və prosesin sürətlə həyata keçirilməsinə, boşluqların aradan qaldırılmasına zəmin yaradacaq.
Media sahəsində hüquqi çərçivəni müəyyən edəcək qanunun qəbulundan sonra müvafiq normativ aktların qəbul olunacağını bildirən Əhməd İsmayılov bu sənədlərin də tezliklə müzakirəyə çıxarılacağını qeyd edib.
Parlamentdə “Media haqqında” qanun layihəsinin ictimai müzakirəsi keçirilib
Vurğulanıb ki, media subyektlərinin və jurnalistlərin fəaliyyətinin hüquqi müstəvidə tənzimlənməsinə imkan yaradacaq sənəd, həm də mediadakı qeyri-müəyyənliklərə son qoyacaq, KİV-lərin peşəkarlığının artırılmasını stimullaşdıracaq.
İclasda iştirak edən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, müzakirəyə çıxarılan layihənin ölkənin milli qanunvericilik sistemində fundamental hüquqi bazası mövcuddur. Bu sahədə hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” və “Televiziya və radio yayımı haqqında” qanunlar uzun müddət Azərbaycanda media sahəsində fəaliyyəti tənzimləyən faydalı sənədlər olub. Bu qanunlar əsasında vahid bir sənədin hazırlanması zamanın tələbindən irəli gələn zərurətdir. Şöbə müdiri bildirib ki, geniş spektri əhatə edən qanun layihəsində heç bir məhdudlaşdırıcı norma mövcud deyil. Sənəddə media subyektlərinin təmsilçilərinin hüquqları vəzifələrindən daha çox təsbit edilir, eyni zamanda, bu sahəyə hüquqi nəzarəti həyata keçirən dövlət qurumlarının vəzifələri hüquqlarından daha çox təsbit olunur və bu, qanunun müvəffəqiyyətini şərtləndirən əsas amillərdən biri olacaq.
Diqqətə çatdırılıb ki, qanuna edilən bir çox konstruktiv təkliflər nəzərə alınıb. Belə ki, 13.3-cü maddə yeni redaksiyada verilib. Sənədə internet üzərindən audiovizual proqramların yayımlanması ilə bağlı məsələlərin əks olunduğu 30.8-ci maddə əlavə olunub. 39-cu maddədə tütün məmulatlarının açıq nümayişi ilə bağlı tənzimləmə aparılıb. Layihədə, habelə 26-cı maddəyə dair siyasi partiya mənsublarının ümumiləşdirilmiş təklifi nəzərə alınaraq, siyasi partiyalar və dini qurumlarla bağlı normaların hüdudları müəyyən edilib və yeni redaksiyada hazırlanıb.
Sonra davam edən müzakirələrdə çıxış edən “Demokrat.az” saytının baş redaktoru Vasif Həsənli, Mətbuat Şurası sədrinin müavini Ümid Mirzəyev, “Yeni Azərbaycan” qəzetinin əməkdaşı İlhamə Rəsulova, Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli qanun layihəsinin mükəmməl hazırlandığını, demokratik prinsiplərə uyğun olduğunu söyləyiblər, media subyektlərinin fəaliyyətini tənzimləyən sənəd olaraq bu sahədə fəaliyyət göstərən peşəkar jurnalistlərin hüquqlarının qorunması baxımından əhəmiyyətindən bəhs ediblər.
Sonra Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov qanun layihəsi ətrafında aparılan müzakirələr barədə danışıb və nəticədə konsensusun əldə edildiyini deyib. Sənədin geniş şəkildə müzakirələrinin keçirilməsi, bununla bağlı ictimaiyyətin məlumatlandırılması üçün şərait yaratdığına görə işçi qrupu adından Milli Məclis rəhbərliyinə təşəkkürünü ifadə edib.
Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli iclasda çıxış edərək bildirib ki, qanunda insan hüquqları baxımından hər hansı məhdudlaşdırıcı norma mövcud deyil. Əvvəlki qanuna müsbət rəylər verilib, yeni qanunda həmin normalar qorunub saxlanılıb, yeni normalar isə tənzimləyicidir, məhdudlaşdırıcı deyil. Bildirilib ki, bizim Avropa təsisatları ilə insan hüquqları sahəsində əməkdaşlığımız uğurla davam edir və bu qanun da bunun ən yaxşı nümunələrindən biridir.
İclasda çıxış edən parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Media haqqında” qanun layihəsi ilə bağlı müxtəlif platformalarda aparılan müzakirələr, səsləndirilən fikirlər barədə statistik məlumat verib. O, ölkədə həyata keçirilən islahatlarda şəffaflıq baxımından medianın rolundan bəhs edib. Qeyd edib ki, qanun təkcə media subyektlərini deyil, mediadan kənar strukturları da canlandırıb, maraqlı diskussiyaların aparılmasına səbəb olub. Sənədə siyasi partiyaların təmsilçiləri, sosial şəbəkə istifadəçiləri tərəfindən bir çox şərhlər və rəylər bildirilib. Komitə sədri güclü medianın dövlətin də güclənməsində vacib rol oynadığını söyləyib. O, qanun layihəsinın media azadlığının gücləndirilməsi, sağlam jurnalistikanın inkişafı, xaricdən asılılığın aradan qaldırılması nöqteyi-nəzərindən əhəmiyyətini qeyd edib, qanun layihəsinin hüquqi cəhətdən yaxşı hazırlandığını bildirib.
Bununla da “Media haqqında” qanun layihəsinin ictimai müzakirəsi başa çatıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Fikrini bildir