SON XƏBƏRLƏR
AZTU-nun müəllimləri niyə ictimaiyyətə müraciət etdi?

Yazının dərc olunma Tarixi: 7/1/2022

"Biz, Azərbaycan Texniki Universitetinin təcrübəli müəllimlərindən bir qrupu yenə də ictimaiyyətə müraciət etmək məcburiyyətindəyik"

Bu barədə AzTU-nun bir qrup müəllimi adından qəbul edilən müraciətdə deyilir.
AZTU-nun müəllimləri niyə ictimaiyyətə müraciət etdi?
Müraciətdə daha sonra bildirilir: "Azərbaycan Texniki Universitetinin (AzTU) başına gələnlər, daha doğrusu, başına gətirilənlər azmış kimi, indi də AzTU Azərbaycanın iki böyük regional klanının arasında rəqabət meydanına çevrilməkdədir ki, bu da universitetə yaxşı heç nə vəd etmir. AzTU-nun keçmiş 71 illik tarixində nə var idisə, regionçuluq və yerliçilik yox idi. Məsələ bundadır ki, AzTU-nun rektoru Vilayət Vəliyev bu regional klanların birinin, universitetdə vəzifəcə ikinci şəxs sayılan Tədris işləri üzrə prorektor Nurəli Yusifbəyli isə digər, daha möhtəşəm klanın nümayəndəsidir və həmin rəqabət onların arasında N.Yusifbəyli 2021-ci ilin yanvar ayında prorektor təyin edilən vaxtdan başlamışdır. Etik mülahizələrdən həmin klanların hansı regionları təmsil etdiyini demirik, anacaq bu, onsuz da hamıya məlumdur. N.Yusifbəyli universitetə gələn gündən bilərəkdən, ya bilməyərəkdən informasiya sızdırmışdır ki, o, buraya yaxın vaxtlarda rektor təyin edilmək üçün göndərilmişdir və bu vaxtın çatmasını gözləyir. Hamı görür ki, hazırkı rektor universiteti necə xaosa çevirmiş, idarə edə bilmədiyini sübuta yetirmişdir və onun vəzifədən kənarlaşdırılacağı artıq zaman məsələsidir. Onda, N.Yusifbəyli universitetdə ikinci adam kimi dərhal onun yerini tutacaq və sonra onun bu vəzifəsi təsdiq ediləcək. Buna görə də universitetdə vəziyyətin daha da kəskinləşdirilməsi, daha da pisləşdirilməsi, dözülməz dərəcəyə çatdırılması N.Yusifbəylinin də marağındadır və o, bunun üçün “öz zəhmətini” də əsirgəmir. Əlbəttə ki, AzTU-da “xəbərçilik xidməti” yüksək səviyyədə təşkil edildiyindən, bu xəbər rektora çatmamış deyil. Bütün bunlar isə Texniki Universitetin başında çatlayır və onu dağıdır. Rektor Vilayət Vəliyev universitetdə işlədiyi bu iki ildə tədricən prorektorların dəyişdirilməsinə nail olmuş və bu vəzifələrə öz adamlarını gətirmişdir. Ancaq, bu məsələ təkcə onun səlahiyyətində deyil və bu, Təhsil Nazirliyindən də asılıdır. Belə ki, prorektorlarda ikisi – Tədris işləri üzrə prorektor N.Yusifbəyli və Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Kamran Rəsulov AzTU-ya Təhsil Nazirliyi tərəfindən, rektorun iradəsinin əksinə olaraq təyin edilmişlər və V.Vəliyev onları heç cür "həzm edə bilmir". Həm də Kamran Rəsulov rektorun bu yaxınlarda vəzifəsindən uzaqlaşdırılmasına nail olduğu və yerinə öz adamını gətirdiyi keçmiş Təsərrüfat işləri üzrə prorektor Abuzər Mirzəliyevin doğma kürəkənidir. Görünür, Kamran Rəsulovun başqa, daha güclü himayədarı vardır. Ancaq, bu elə də (hər halda universitet üçün) əhəmiyyətli məsələ deyil. Daha əhəmiyyətli və rektoru narahat edən məsələ isə Nurəli Yusifbəylinin prorektor təyin edilməsidir və belə görünür ki, rektor N.Yusifbəylinin nəfəsini özünün arxasında və yaxınlığında daim hiss etməkdədir. Belə ki, N.Yusifbəyli texnika üzrə mütəxəssisdir, mühəndis təhsili alıb, texnika elmləri doktorudur, istehsalatda kifayət qədər yüksək vəzifələrdə çalışıb, bununla yanaşı, nominal da olsa təhsil sahəsində də işləyib. O, istehsalatda işləməklə bərabər, 10 ildən artıq müddətdə elə AzTU-nun özündə 0,5 ştat üzrə dərs deyib, sonra isə 2-3 il Azərbaycan Dövlət Neft və Sənaye Universitetində hətta kafedra müdiri olub. Ancaq, buna baxmayaraq, o da professional təhsil işçisi deyil və təhsil sistemində nominal olaraq işləyib. N.Yusifbəyli AzTU-ya gəldiyi ilk gündən digər prorektorlardan fərqli olaraq, "burada mən də varam" prinsipi ilə işləməyə başladı. Bu da aydın göründüyü kimi, avtoritar idarəetməyə adət etmiş rektor V.Vəliyevi narahat etməyə bilməzdi. Görünür, bu narahatlığın nəticəsi olaraq, bu ilin iyun ayında belə bir əhvalatın şahidi olduq. Rektor təklif edib ki, onun Türkiyədən dəvət etdiyi AzTU-nun Elm və innovasiyalar üzrə prorektoru Elmas Çətin AzTU-nun professor müəllim heyətinə mühazirə demək qaydaları, mühazirə üçün əyani vasitələrin, elektron təqdimatların (yəni, prezentasiyaların) necə tərtib edilməli olduğu haqqında onlayn rejimdə "təlimat" keçirsin, yəni onları öyrətsin.. Sonra məlum oldu ki, bu, tədris işləri üzrə prorektorun başı üzərindən, onunla əlaqələndirilmədən edilmişdi və o, birinci iclasda iştirak etmədi.

"Təlimatın" birinci iclası nisbətən sakit şəraitdə keçdi, lakin, AzTU müəllimləri tərəfindən ironiya ilə qarşılandı. "Təlimatın" ikinci iclası isə daha canlı və konfliktli şəraitdə keçdi və AzTU-nun təcrübəli müəllimlərindən bir neçəsi sonda öz narazılıqlarını bildirdilər ki, yəni biz 30-40 ilin müəllimləri bunları bilmirik ki, bizə bunları öyrədib, adını da "təlimat" qoyursunuz, "bizə təlim keçmək lazım deyil". Bu iclasda artıq prorektor N.Yusifbəyli də iştirak edirdi və o da çıxış edərək, anlatdı ki, bu, tədrisə aid məsələdir və mənim səlahiyyətimdədir və işarə vurdu ki, əgər mənə kömək etmək istəyirsinizsə, buna görə çox sağ olun. İş o yerə çatdı ki, iclasda iştirak etməyən rektor onlayn "təlimata" təcili qoşularaq, iştirakçıları sakitləşdirməyə çalışdı".

Prorektor N.Yusifbəylinin AzTU-ya gəlişi onunla əlamətdar oldu ki, o, son iki ildə universitetdə həddən artıq dərəcəyə çatmış bürokratik sistemi daha da bürokratikləşdirməyə başladı. Özünü tədris işinin rəhbəri kimi göstərərək, tədris materiallarını yenidən təftiş edərək, onsuz da universitetdə geniş vüsət almış kağız-kuğuz işini dözülməz dərəcəyə çatdırdı. Məsələn, əvvəllər 3-4 səhifə həcmində olan sillabuslar indi artırılaraq, bəzən 20 səhifəyə çatdırılıb, lazımsız informasiya ilə doldurulub. Bu tədris ilinin payız semestrində isə sillabuslar yalnız semestrin sonuna yaxın, artıq öz əhəmiyyətinin itirdikdə təsdiq edilib. Sillabusları təsdiq etdirmək böyük bir problemə çevrilib, onları kiçik bir bəhanə ilə düzəliş edilmək üçün geri qaytarırlar və kafedralarda qalaq-qalaq lazımsız sillabus nüsxələri yığılıb, qalıb. Başqa tədris sənədləri də bunun kimi. AzTU-nun tarixində ilk dəfədir ki, tədris ili üçün professor müəllim heyətinin tədris yükü dekabr ayında, yəni tədris ilinin yarısı keçdikdən sonra təsdiq edildi. Rektorun bəyənmədiyi keçmiş AzTU-da isə tədris yükləri iyul ayında, müəllimlər məzuniyyətə çıxmazdan əvvəl təsdiq edilərdi. Bunda isə rektorun “günahı” daha böyükdür, nəinki prorektorun. Bütün bunlar isə tədris prosesində xaos yaradır, onu normal məcrasından çıxarır. Müəllimlər dərs deyə-deyə onların tədris yükləri dəyişdirilir.

İndi müəyyən əhəmiyyətli vəzifələrə öz kadrlarını yerləşdirmək uğrunda rektorla prorektor N.Yusifbəyli arasında rəqabət başlamışdır. Belə ki, N.Yusifbəyli universitetə gələn kimi dərhal “Energetika və avtomatika” fakültəsinin dekanı və iki kafedranın birləşdirilməsi ilə yaradılmış, bir əndrəbadi adla adlandırılmış “Enerji effektivliyi və yaşıl enerji texnologiyaları” (???) kafedrasının müdiri vəzifələrinə öz adamlarını gətirdi. Artıq hiss olunur ki, N.Yusifbəyli rektorun adamlarını sıxışdırmağa başlamışdır. Ancaq bu məsələdə bəzi müsbət məqamları da qeyd etmək lazımdır. Məsələn, N.Yusifbəylinin təkidi ilə rektorun “kadrlarından” olan ibtidai sinif müəlliməsi təhsili almış Qəmər İsayeva universitetdə tədrisi faktiki olaraq idarə etməli olan Tədris hissəsinin müdiri vəzifəsindən kənarlaşdırıldı ki, bunu da yalnız müsbət hal kimi qiymətləndirmək olar. Qeyd etmək lazımdır ki, rektor V.Vəliyevin AzTU-da işlədiyi iki ildə yeni təyin edilən müdir artıq 4-cü Tədris hissə müdiridir. Müxtəlif rəhbər vəzifələri tutan şəxslər iki il ərzində artıq 3-cü, 4-cü dövrə üzrə dəyişdirilir.

Ümumiyyətlə, son iki ildə AzTU-da kadr siyasəti fəlakətli həddə çatmışdır və bunun səbəbləri haqqında ətraflı danışmaq lazımdır. Bu kadr siyasətinin səbəblərini universitet rəhbərliyinin arxasında duran regional klanların və onların şəxsi himayədarlarının təsirində axtarmaq lazımdır. Rektor V.Vəliyevin şəxsi himayədarı kimdir? Onun himayədarı Nazirlər Kabinetində kifayət qədər yüksək vəzifə tutur və hələlik onun adını demək istəmirik. Belə bir adamın dəstəyini hiss edən V.Vəliyev heç nəyə məhəl qoymayaraq, öz dağıdıcı fəaliyyətini davam etdirməkdədir. Və heç də qəribə deyil ki, bunu bilən universitetlərin fəaliyyətinə nəzarət etməli olan müxtəlif təşkilatlar da onun xətrinə dəymirlər.

Ancaq bundan daha böyük bəla bizdə olan regionçuluq siyasətidir. Bu regional klanların daxili qayda-qanunlarının heç də hamısı bizə məlum deyil. Ancaq bəzilərini deyə bilərik. Əgər məsələn, V.Vəliyev hansısa bir regionun nümayəndəsidirsə, onun məxsus olduğu regional klan onu vəzifəyə gətirir, onun arxasında durur və lazım gələndə onu müdafiə edir. Əvəzində isə V.Vəliyev həmin klanın göstərişlərini yerinə yetirməlidir. Göstəriş isə əsas etibarilə onun rəhbərlik etdiyi universitetdə həmin region nümayəndələrini yerləşdirmək, işlə təmin etməkdən ibarətdir. V.Vəliyev AzTU-ya rəhbərlik etdiyi iki ildə yüzlərlə yeni adamı işə götürmüşdür, onların sayını yəqin indi heç özü də bilmir. Bunların arasında, mətbuatda konkret adları göstərilən onun yaxın qohumları və hətta ailə üzvləri də vardır. Ancaq aydındır ki, bir adamın yüzlərlə qohum-qardaşı, dostu-tanışı ola bilməz. Məsələ bundadır ki, onun universitetə yerləşdirdiyi digər adamlar onun klanının onun yanına göndərdiyi adamlardır. Onların çoxunu yəqin ki, V.Vəliyev heç şəxsən tanımır da. Həmin regiondan olan şəxslər və ya onların əkmə-törəmələri işlə təmin olunmaq üçün klana müraciət edirlər, klan isə onları V.Vəliyevin yanına göndərir və o da onları işə qəbul etməyə borcludur. Əks halda klanın dəstəyindən məhrum edilə bilər. Buna görə də V.Vəliyev yəqin ki, özü də başa düşsə də daim lazımsız struktur dəyişiklikləri aparmalı, köhnə işçiləri müxtəlif yollarla sıxışdırıb, əvəzinə yenilərini qəbul etməlidir. Bunun nəticəsində isə AzTU-nun strukturu başqa heç bir universitetə bənzəməyən eybəcər bir şəklə düşüb, həddən artıq şişirdilib və yenə də dəyişdirilməkdə davam edir. Universitetin ştat tərkibinin sayı isə qeyri-məhdud deyil. Həm də onların hamısına maaş vermək üçün vəsait lazımdır. Rektor V.Vəliyevin yerlipərəstliyinin sübutu kimi bir də bunu göstərmək olar ki, universitetdə əvvəlki prorektorlardan vəzifəsində yalnız Beynəlxalq əlaqələr üzrə prorektor Sübhan Namazov qalıb ki, o da V.Vəliyevlə eyni regionun nümayəndəsidir".

(DAVAMI VAR)

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri mövqeyini dərc etməyə hazırıq.



Fikrini bildir