YAP-dan Eldar Sabiroğlunun oğlu ilə bağlı açıqlama

Yazının dərc olunma Tarixi: 20/12/2015

Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəisi, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sabiq funksionerlərindən biri Eldar Sabiroğlunun prokurorluq orqanlarında çalışan oğlu Rüfət Səfərov sensasiyalı bəyanatla çıxış edib.
Qeyd edək ki, Rüfət Səfərov Zərdab rayon Prokurorluğunun müstəntiqi olub. O, Baş Prokurorluğa ünvanladığı sərt məzmunlu istefa ərizəsinin surətini “Azadlıq”a göndərib. Rüfət Səfərov ərizəsində yazır ki, ölkədə olan qanunsuzluqlara etiraz əlaməti olaraq tutduğu vəzifədən istefa verir.
Rüfət Səfərov daha da irəli gedərək müxalifətə keçdiyini bəyan edib.
YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə Modern.az- saytına açıqlamasında prokurorluq orqanlarında çalışan şəxsin bu cür çıxış etməsinə təəssüfləndiyini bildirib.
“Təəssüf edirəm ki, vaxtilə Yeni Azərbaycan Partiyasında mühüm vəzifə tutmuş şəxsin övladı belə fikirlər söyləyir. Hansısa işdən uzaqlaşmağı siyasiləşdirmək düzgün deyil. Bu gün hüquq-mühafizə orqanlarımızda şəffaflıq var, qanuna hörmət mühiti var. Bu baxımdan kimlərinsə işdən getməsini mütləq siyasətə bağlamağın və yaxud da nə iləsə ittiham etməyin özü də düzgün deyil. Hüquqşünas yaxşı bilməlidir ki, dediyi hər bir sözü təsdiqedici faktlarla ortaya qoymalıdır.
Ümumi şəkildə ittiham etməyin özü həmin ittihamın düzgün olmadığını göstərir. Çox istərdim ki, gənclərimiz hər bir məsələyə hüquqi, dövlətçilik baxımdan, özlərinin dövlətçiliyə verdiyi töhfə konteksindən baxaydılar”.
Aydın Mirzəzadə keçmiş YAP-çı deputatın oğlunun müxalifətə keçməsi məsələsinə təəccüb etdiyi deyib.
“Onun müxalifətə keçməsi həqiqətdirmi?! İnana bilmirəm ki, Eldar Sabiroğlunun oğlu müxalifətə keçib. Çünki YAP-ın fəaliyyətində fəal iştirak etmiş bir şəxsin övladının müxalifətə keçməsi halları Azərbaycanda indiyə kimi olmayıb. Buna inana bilmirəm. Hər halda, sonrakı addımlarına görə fikir bildirmək olar”.



Fikrini bildir