Rusiya Qarabağın açarının kimdə olduğunu bəyan etdi

Yazının dərc olunma Tarixi: 30/6/2016

Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerin Cənubi Qafqaza səfər etdiyi bir vaxtda Rusiyanın ATƏT yanındakı daimi nümayəndəsi Aleksandr Lukaşeviç Qarabağ bəyanatı verib.
Rusiya nümayəndəsinin Ştaynmayerin Qarabağ üçün Cənubi Qafqaza səfəri zamanı belə açıqlama verməsi diqqət çəkir. Belə ki, "Rossiya-24" telekanalının efirində Lukaşeviç deyib ki, rəsmi Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında aparıcı rol oynayır. Onun sözlərinə görə, Qarabağ münaqişəsinin həlli ilə bağlı ən böyük potensiala Rusiya tərəfi malikdir.
"Vyanada Minsk qrupu həmsədrləri vasitəsi ilə Azərbaycan və Ermənistan prezidentləri ilə razılıq əldə etmək cəhdi nəyəsə təkan versə də, ən böyük potensiala Rusiya tərəfi malikdir", - Lukaşeviç bildirib.
Rusiyanın ATƏT yanındakı daimi nümayəndəsi ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerin Bakı və İrəvana səfərlərindən də danışıb.
O bildirib ki, Ştaynmayerin Azərbaycan və Ermənistana səfəri zamanı hər hansı bir inqilabi qərarın qəbul ediləcəyi gözlənilmir.
Hər şeyi iştirakçı dövlətlərin həll etdiyini vurğulayan Lukaşeviç münaqişənin həll edilməsində Ştaynmayer sözsüz ki, mühüm rol oynayır, amma o hərəkətverici qüvvə deyil, bu qüvvə üç həmsədri olan Minsk qrupudur.
Ötən gün axşam saatlarında Ştaynmayer erməni həmkarı Edvard Nalbandyan ilə keçirdiyi mətbuat konfransında bildirib ki, Dağlıq Qarabağ münaqişəsində status-kvonu uzun müddət saxlamaq mümkün deyil.
"Düşünürəm ki, hamı - təkcə münaqişə tərəflərinə deyil, həm də ATƏT aydın başa düşür ki, uzun müddət status-kvonu saxlamaq mümkün deyil. Hesab edirik ki, münaqişənin davamı hərbi əməliyyatların başlanma riskini artırır. Münaqişənin uzunmüddətli həlli üçün səyləri artırmaq lazımdır”, - Ştaynmayer deyib.



Fikrini bildir