SON XƏBƏRLƏR
Komitə sədri: "Azad edilən ərazilərin ümumi planının hazırlıqları bitmək üzrədir"

Yazının dərc olunma Tarixi: 5/10/2021

Komitə sədri: "Azad edilən ərazilərin ümumi planının hazırlıqları bitmək üzrədir"

"Möhtərəm cənab Prezident, ilk növbədə, Cəbrayıl şəhərinə keçməmişdən əvvəl mən işğaldan azad edilmiş ərazilərlə bağlı aparılan işlərə qısaca toxunmaq istərdim. Sizin tapşırığınıza uyğun olaraq, işğaldan azad edilmiş ərazilərin ümumi planı üzərində iş gedir, artıq bitmək üzrədir".

"Pravdainfo" xəbər verir ki, bunu Prezident İlham Əliyevin oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündə Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

O bildirib ki, bu, regional inkişaf sxemində şərti olaraq əsas nəqliyyat vektorları, paytaxtdan gedən vektorlar göstərilib və işğaldan azad olunmuş ərazidə cənub inkişaf vektoru, sənaye, logistika, kənd təsərrüfatı bu istiqamətdə əsas sahələrdən biri olacaq: "Mərkəzi hissədə daha çox mədəniyyət, turizm, təhsil sahələrini, Laçın, Şuşa şəhərlərini birləşdirən vektordur. Yuxarı hissədə isə Tərtər, Kəlbəcər, daha çox şimal inkişaf vektoru - turizm, yenə də kənd təsərrüfatı və sənaye".

"Cəbrayıl rayonunun gələcəyi haqqında danışanda təbii ki, iqtisadiyyatı, sosial-iqtisadi inkişafı ən önəmli məsələdir və Siz də qeyd etdiyiniz kimi, nəqliyyat dəhlizinin böyük bir hissəsi Cəbrayılın ərazisindən keçir. Burada üç magistral - iki avtomobil yolu və bir dəmir yolu üzərində hazırda iş aparılır. Eyni zamanda, bu gün təməlini qoyduğunuz “Araz Vadisi İqtisadi Zonası” burada göstərilib. Biz hazırda Əlaqələndirmə Qərargahı çərçivəsində alternativ enerji resursları üzərində də işləyirik. Artıq bu hissələrdə 240 kilovat gücü təmin edə biləcək günəş enerjisi təsərrüfatının təşkili planlaşdırılır. Növbəti sxemdə iqtisadi dayanıqlıqla bağlı bir neçə məqam əksini tapıb. Cəbrayıl rayonu faydalı qazıntılarla da kifayət qədər zəngindir, burada göstərilib. Kavdar qumundan yataqlar və sair" - deyə A.Quliyev vurğulayıb.

Söhbət belə bir dialoqla davam edib:

Sakin: Kavdar bizim kəndimizdir. Buradan 5 kilometr o tərəfədir.

Prezident İlham Əliyev: Burada qum karxanası var?

Anar Quliyev: Bəli, qum yataqları var, Kavdar qumu.

Sakin: Balaca kənddir, adı qalıb, kənd yoxdur.

Anar Quliyev: Həmin məkanda 5 milyon kubmetrdən artıq qum yataqları var. Bununla yanaşı, vulkan külü tikinti materiallarının istehsalı üçün faydalıdır - daş, gəc, əhəng və s. Eyni zamanda, təbii ki, böyük turizm potensialı var. Burada tarixi abidələr də əhəmiyyət kəsb edir. Əsas istiqamətlər isə faydalı qazıntıların çıxarılmasıdır.

Prezident İlham Əliyev: Kənd təsərrüfatı nəyin üstündə idi?

Sakinlər: Üzümçülük, taxılçılıq, heyvandarlıq, baramaçılıq.

Sakin: Baramaçılıqda ən böyük 10 rayonun içərisində idik, 300 tona yaxın barama istehsal olunurdu.

Prezident İlham Əliyev: 300 ton, Azərbaycanda indi 500 ton barama istehsal olunur.

Sakin: Bəli, Arazboyu kəndlərin hamısı barama istehsal edirdi. Tut ağacları var idi, indi biri də qalmayıb.

Prezident İlham Əliyev: Onun hamısını əkəcəyik. İndi yeni növ ağaclar var, yarpaqları da böyükdür.

Sakin: Biz onlardan qəsəbələrdə əkmişdik.

Anar Quliyev: Üzüm bağları əsasən cənub hissədə, Arazboyu yerləşir və iqtisadiyyatın bunun üzərində qurulması planlaşdırılıb. Qeyd olunduğu kimi, sonra taxılçılıq, heyvandarlıq.

Əli Həsənov: Cəbrayıl ərazisinin ən yaxşı dövrü, yaşayış tərzi üzümçülüklə bağlı olub.

Sakin: 64 min ton üzüm yığılırdı.

Prezident İlham Əliyev: Gəlir gətirib?

Sakinlər: Bəli.

Prezident İlham Əliyev: Onda gərək biz üzüm bağlarını bərpa edək. Yerlər müəyyən olunub? Həmin yerlərdir?

Anar Quliyev: Biz harada ənənəvi bağlar olub, o yerləri bu xəritədə göstərmişik. Artıq növbəti müddət ərzində bu, tətbiq olunacaq.



Fikrini bildir