SON XƏBƏRLƏR
«ABŞ demokratiya yolu ilə ələ keçirə bilmədiyi bölgələrdə xaos yaratmaq istəyir»

Yazının dərc olunma Tarixi: 10/1/2022

«ABŞ demokratiya yolu ilə ələ keçirə bilmədiyi bölgələrdə xaos yaratmaq istəyir»
Medianın yazdığına görə, Soros Fondu Qazaxıstandakı QHT-lərə dəstək məqsədilə 100 milyon dollardan çox ianə verib. Siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyevin Qazaxıstanda baş verən son olaylarla bağlı geniş fikirlərini oxucularımıza təqdim edirik:
-Azad müəllim, KİV-də Qazaxıstan hadisələri barədə müxtəlif şərhlər verilir, ölkə rəhbərliyi, mütəxəsislər baş verən hadisələrin xaricdən qaynaqlandığını bəyan edirlər. Siz necə hesab edirsiniz, Qazaxıstan hadisələrinin mənbəyi hardan qaynaqlanır?
-Qeyd edim ki, dünyada iki super dövlət var, bu dövlətlərdən biri ABŞ, digəri isə Rusyiyadır. Dünyanın müxtəlif bölgələrində hərbi, siyasi böhran və ya xaos bu iki dövlətin maraqlarının toqquşmasından qaynaqlanır. İstər yaxın şərqdə, istər Ukrayna, istər Cənubu Qafqazda, istərsə də bu yaxınlarda Qazaxıstanda baş verənlər bu iki super gücün maraqlarının kəsişməsindən asılı olmuşdur. Bildiyiniz kimi, ABŞ-ın siyasi dairələri rəsmi şəkildə Rusiyanı və Çini özünə düşmən elan edib, bu baxımdan Rusiya dövlətinə yaxın olan ölkələrdə rəngli inqlablar edərək hakimiyyəti devirir və özlərinə münasib adamları hakimyyətə gətirirlər. Bir sözlə, demokratiya bayrağı altında həmin dövətləri işğal edirlər, demokratiya ideyasının girə bilmədiyi bölgələrə isə ABŞ xaos yaradaraq girir. Məqsəd birdir: həmin dövlətləri işğal edib, onlardan Rusiya əleyhinə alət kimi istifadə etmək! Bu ABŞ-ın hərbi-siyasi strategiyası və taktikasıdır. Qazaxıstan həm Rusiya ilə, həm də Çin ilə həmsərhəd ölkədir. Qazaxıstan hər iki ölkə ilə yaxşı qonşuluq münasibəti ilə əməkdaşlıq etməkdədir. ABŞ isə nə Rusiya, nə də Çinlə birbaşa münaqişəyə girmək istəmir, bu baxımdan həmin dövlətlərin qonşuluğunda münaqişə, gərginlik ocağı yaratmaqla məqsədinə çatmağı planlaşdırır. Qeyd etmək yerinə düşər ki, Türkdilli xalqların inteqrasiyası nəticəsində Türk Dövlətləri Təşkilatının (TDT) yaranması, bunun fonunda Türkiyə dövlətinin də regional güc mərkəzinə çevrilməsi, o cümlədən Türkiyə-Rusiya münasibətlərinin yaxşı olması ABŞ dövətini və onun siyasi beyin mərkəzləriniciddi narahat edirdi. ABŞ-da gözəl anlayırlar ki, Türkdilli xalqlarla Slavyan xaqlarının birliyi dünyada yeni güc mərkəzi ola bilər ki, bu da ABŞ üçün fəlakət ola bilər. Belə olan təqdirdə Rusiyanı parçalamaq, dünyanın siyasi arenasından götürmək onlar üçün mümkünsüz bir şey olacaqdır.
Bundan başqa, ABŞ slavyan birliyini parçalamaq üçün Ukraynanı demokratiya bayrağı adı altında işğal etdi və onlardan Rusiya əleyhinə istifadə etməkdədir. Bildiyiniz kimi, türkdilli xalqların lokomativ dövləti Türkiyədir. Prezident Ərdoğanın türkdilli xalqların birliyi üçün gördüyü işlər, eyni zamanda bu dövlətlərin Rusiya ilə münasibətlərinin yüksələn xətlə inkişafına nail olması, Rusiya prezidenti Putinlə şəxsi dostluğu ABŞ-ın narahatlığına səbəb olmuşdur.
2016-cı ilin 15 iyulunda hərbi yolla prezident Rəcəb Tayyib Ərdoğanı devirmək cəhdini planlaşdıranlar ABŞ tərəfindən himayə edilən şəxslər olmuşdu. Məqsəd türkdilli xalqların gələcəkdə baş tuta biləcək birliyinin qarşısını almaq, eyni zamanda Rusiya ilə Türkiyənin əlaqələrini kəsmək idi.
ABŞ analitiqləri yaxşı anlayır ki, Orta Asiya Respublikalarında Rusiyanın siyasi nüfuzu kifayət qədər güclüdür, eyni zamanda bu bölgədə Türkiyə dövlətinin nüfuzu artmaqdadır, bu hadisələr ABŞ rəsmilərini radikal addımlar atmağa sövq edirdi. Bu baxımdan Orta Asiya Respublikalarında hərc-mərcliyin yaranması ABŞ-ın maraqlarına uyğun gəlir. Beləliklə, ABŞ demokratiya yolu ilə ələ keçirə bilmədiyi bölgələri xaos yaratmaqla ələ keçirməyi planlaşdırır.
Bir haşiyə çıxmaq istəyirəm: ABŞ-ın Taliban liderləri ilə gizli sövdələşmələrinin nəticəsi olaraq silahlı qüvvələrini Əfqanıstandan tələm-tələsik çıxarması, milyardlarla dollar dəyərində silah- sursatı, müasir hərbi texnikanı terrorçu kimi tanıdığı Talibançılara verməsi onu deməyə əsas verir ki, ABŞ digər Orta Asiya ölkələrində radikal dini cərəyanların əli ilə yeni xaos yaradacaq. Qazaxıstan Orta Asiya ölkələrindəki siyasi proseslərdə fəal iştirak edən dövlətlərdən biridir. Bu dövlət istər MDB, istər Avrasiya İqtisadi Birliyində, istər Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində, İstərsə də Türk Dövlətləri Təşkilatında siyasi fəallığı ilə seçilən oyunçulardan biridir. Qazaxıstan qonşusu Rusiya ilə ən yaxın mütəfiqlərindən biridir, bu müttəfiqlik həm siyasi, həm hərbi, həm də iqtisadi sahəni əhatə edir. Eyni zamanda Türk Dövlətləri Təşkilatı çərçivəsində strateji hədəflərini müəyyən etmiş bir dünyəvi dövlətdir.
Qazaxıstanda mütəşəkil şəkildə təşkil edilmiş xaos-ixtişaş kimin və hansı dövlətin maraqlarına uyğun gəlir? Yuxarıda qeyd etdiyim kimi, iki super dövlətlərdən biri Rusiya ilə Qazaxıstan arasında münasibət ikitərəfli və çoxtərəfli əlaqələr çox yaxşıdır, bu baxımdan Qazaxıstanda xaosun olması Rusiyanın maraqlarına uyğun deyil. Qazaxıstan xaos və ixtişaşı təşkil edən mütəşəkkil dəstəni idarə edənlərin məqsədi kütlənin enerjisindən maksimum istifadə edərək dövləti sarsıtmaq, hakimiyyət böhranı yaratmaq və nəticədə dövlət çevrilişi həyata keçirməli idi. Təşkilatçıların niyyəti baş tutsaydı bu zaman Qazaxıstan siyasi hakimiyyət anti-Rusiya və anti-Türkiyə istiqamət alacağı şübhəsiz olacaqdı. Qazaxıstanı Rusiya və Türkiyə əleyhinə istifadə etmək ABŞ-ın maraqlarına uyğun gəlir. Belə bir məlumat verilir ki, Amerikanın Qazaxıstanın qeyri-kommersiya təşkilatlarına demokratiyanın inkişafı üçün ayırdığı qrantlar bu ölkədəki hazırkı etirazların təşkilində müəyyən rol oynaya bilər. Təsəvvür edin, bu sözləri ABŞ-ın Avrasiya Mərkəzinin vitse-prezidenti Erl Rasmussen deyib. Britaniyanın 85-dən çox qeyri-kommersiya təşkilatı Qazaxıstanda fəaliyyətdədir və vətəndaş cəmiyyəti və hüququn aliliyi üçün kifayət qədər vəsait ayırır.
«Keçmiş energetika naziri Muxtar Ablyazov Qazaxıstandakı aksiyalara rəhbərlik etmək istədiyini də açıqlayıb…»
ABŞ və Avropa ölkələrinin maliyyələşdirdiyi vətəndaş cəmiyyəti təşkilatlarının sayının 38 min olduğu deyilir. Hamı bilir ki, "Oyan Qazaxıstan” hərəkatı dünyanın bir çox yerində xaos və münaqişələrin maliyyəçisi kimi görünən Soros Fondundan dəstək alır. Qazaxıstanda 1995-ci ildən fəaliyyət göstərən Soros Fondu ölkədəki QHT-lərə dəstək məqsədilə 100 milyon dollardan çox ianə verib. “Oyan Qazaxıstan” hərəkatının təsis bəyannaməsinin də dördü Soros Fondunun və digər xarici mərkəzin fəal üzvü olan 5 şəxs tərəfindən təqdim edilib. Artıq Soros fondu ABŞ xüsusi xidmət orqanları ilə bağlılığı sirr deyil. Soros Fondu ilə əlaqəsi olan daha bir şəxs keçmiş energetika naziri Muxtar Ablyazovun adı hallanmaqdadı. O, Qazaxıstandakı aksiyalara rəhbərlik etmək istədiyini də açıqlayıb. Keçmiş nazir bildirib ki, məqsədləri Nazarbayev rejimini tamamilə devirməkdir. Bildiyiniz kimi, Nazarbayev Rusiya ilə münasibəti çox yaxşı olub, bunu prezident Putin dəfələrlə bəyan etmişdi. Qazaxıstan prezidentinin KTMT-yə müraciəti onu deməyə əsas verir ki, orduya inamsızlıq olub. Görünür, Qazaxıstan prezidentinin onu devirmək istəyən xarici qüvvələrin ordu içərisində də əvvəlcədən işlər gördüyünü bilib. İxtişaşı yatırtmaq üçün Qazaxıstan rəhbərliyi ordunun gücündən istifadə etməli idi. Görünür, prezident ordunun ixtişaşçılar tərəfə keçəcəyindən ehtiyat edib. Əgər ordu ixtişaşçılar tərəfə keçsəydi, bu halda hərbi çevrilişin olacağı şübhəsiz idi, ona görə də prezident KTMT-yə müraciət etmək məcburiyyətində qalıb.
-Bəzi ekspertlər qeyd edirlər ki, Qazaxıstan prezidenti Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciəti səhv qərar idi və Rusiyanın silahlı qüvvələrini işğalçı kimi qələmə verirlər…
-Tamamilə yanlış məntiqdir. Qazaxıstanda xaricdən idarə edilən mütəşəkkil dəstə hakimiyyətin devrilməsi an məsələsi idi. Bildiyiniz kimi, ABŞ dövləti Suriya Prezidenti Bəşər Əsədi devirmək və Suriyanı işğal etməyi planlaşdırmışdı. Amerikanın planının baş tutmamasına səbəb Prezident Bəşər Əsədin Rusiya dövlətindən hərbi yardım istəməsi olmuşdu. Bildiyiniz kimi, Əsədin müraciəti ilə 30 sentyabr 2015-ci ildə Rusiyanın silahlı qüvvələri bu və ya digər formada Suriya ərasisində terrorçularla mübarizəyə cəlb edildi. Bu illər ərzində Rusiyanın silahlı qüvvələri Əsəd hökumətini dəstəkləmiş, həmçinin terrorçu qruplaşmaların mövqelərinə zərbələr endirmişdi… Qazaxıstanda mütəşəkil dəstəni idarə edənlərin ilkin məqsədi dövləti sarsıtmaq, hakimiyyət böhranı yaratmaq idi, qisməndə olsa onlar məqsədlərinə nail olmuşdular, hakimiyyəti ələ keçirmək an məsələsi idi. Həmin qüvvələr hakimiyyəti ələ keçirsəydi o zaman Qazaxıstanın xarici siyasəti tamam fərqli istiqamətə yönələdiləcəkdi. Bu baxımda Qazaxıstan prezidenti xarici qüvvələrin ölkədə çevriliş edəcəyini anlamış və KTMT-yə müraciət etmək məcburiyyətində qalmışdı. Dövləti qorumaq birbaşa prezidentin vəzifə borcudur, bu baxımdan Qazaxıstan prezidentinin atdığı addım tam məntiqlidir. İlkin məlumatlara görə, ixtişaşı yatırtmaq üçün təxminən 2,5-3 min nəfərdən ibarət sülhməramlı qüvvələrin kontingenti cəlb edilib, bu qüvvələr Rusiyanın, Belarusiyanın, Qırğızıstanın, Tacikisstanın və Ermənistanın silahlı qüvvələrindən ibarətdir. Bu prosesdə Rusiyanı işğalçı kimi təqdim etmək ABŞ-dan qaynaqlanır, bu təbliğat birbaşa Amerkanın maraqlarına uyğun gəlir. ABŞ-ın dövlət katibi Entoni Blinken isə CNN telekanalına müsahibəsində Qazaxıstandan hakimiyyət orqanlarının ölkədə vəziyyəti sabitləşdirmək üçün KTMT-dən kömək istədiyindən narahat olduqlarını açıq şəkildə ifadə edib… Görünür, KTMT-nin sülhməramlı qüvvələri ABŞ-ın Orta Asiyada, o cümlədən Qazaxıstanda planlarını pozdu. Hesab edirəm ki, Qazaxıstanda stabillik, əminamanlıq bərpa edildikdən sonra sülhməramlı qüvvələr öz ölkələrinə qayıdacaq...
Dinlədi: A.Məmmədli



Fikrini bildir