NAZİR FİKRƏT MƏMMƏDOV QALMAQALLI VƏKİL ADƏM MƏMMƏDOVU QƏBUL ETDİ-ŞOK

Yazının dərc olunma Tarixi: 17/12/2015

NAZİR FİKRƏT MƏMMƏDOV QALMAQALLI VƏKİL ADƏM MƏMMƏDOVU QƏBUL ETDİ-ŞOK
Adəm Məmmədov: "Cənab nazir Fikrət Məmmədovla görüşümdə bir daha yəqin oldum ki, Azərbaycanın ədliyyə sistemində uğurlu islahatlar davamlıdır"
Xəbər verdiyimiz kimi, tanınmış vəkil Adəm Məmmədov məhkəməyə hörmətsizlik maddəsi ilə istintaqa cəlb olunub... Bu gün ona istintaqa məcburi gətirilmə ilə bağlı aidiyyəti polis şöbəsindən çağırış da gəlmişdir. Bəs, əslində, nə baş verir? Ötən həftə “Təzadlar”a müsahibə verən vəkil Adəm Məmmədov dünən əməkdaşımızın bəzi suallarını yenidən cavablandırmışdı. Sitat: "Ədliyyə Nazirliyinin müstəntiqi Malik Səfərov mənim istintaqa məcburi aparılmağımla bağlı qərar da qəbul etmişdir. Mən bu istintaqın hərtərəfli və ədalətli, qanun çərçivəsində araşdırılmasını istəyirəm. Amma çox maraqlıdır ki, bütün bu şounun mahiyyətində o durur ki, 29.06.2015-ci il tarixində Yasamal rayon Məhkəməsində Cəbrayılın icra başçısı Mahmud Quliyevin şərəf və ləyaqətin müdafiəsi ilə bağlı Habil Vəliyevə və onun redaktoru olduğu “Gündəlik Bakı” qəzetinə qarşı qaldırdığı bir mülki iddia üzrə məhkəmə baxışı keçirilirdi… Peşə fəaliyyətimi yerinə yetirərkən, birbaşa məhkəmə zalındaca heç bir əsas olmadan, Habil Vəliyev məni söyüb təhqir etməyə başladı. O, təhqiramiz ifadələr işlətməyə davam etdi, o cümlədən birbaşa olaraq mərhum atamı təhqir etdi. Mən bütün bunlara görə məhkəmədən xahiş etdim ki, baş verənlər protokola yazılsın və icra məmurlarının prosesdə iştirakı təmin edilsin... Lakin bu qalmaqal uzandı, üstündən 5 ay keçməsinə baxmayaraq indiyə qədər Habil Vəliyevə qarşı heç bir tədbir görülmədi... Lakin bu yaxınlarda mən həbs olunmuş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalovun hüquqlarını müdafiə etmək üçün araşdırma aparan zaman MTN şəbəkəsinin hələ açılmamış xeyli cinayətlərini üzə çıxardım. Şok detallar barədə aidiyyəti dövlət qurumlarına müraciətlər göndərdim ki, nə qədər gec deyil, tədbirlər görülsün. Bu müraciətdə, həmçinin ədliyyə nazirinin hələlik adını çəkmək istəmədiyim bir müavinin də adı var idi. Bundan bir neçə gün sonra Ədliyyə Nazirliyinin istintaq idarəsinin müstəntiqi Malik Səfərov mənə zəng edərək bildirdi ki, guya mən 5 ay əvvəl “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevi döyüb, söyüb, təhqir etmişəm... Mənə qarşı Az. CM-nin 289-cu maddəsi ilə (Məhkəməyə hörmətsizlik) cinayət işi başlandı... Mən baş bu qurama və sifarişli işlə bağlı Prezident İlham Əliyevə, ədliyyə naziri Fikrət Məmmədova, milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Quliyevə, Baş prokuror Zakir Qaralova, Daxili işlər naziri Ramil Usubova müraciət yazdım. Bundan sonra isə mənə qarşı təzyiqlər daha da artdı. Təsəvvür edin ki, mənim tərəfimdən məhkəmə zalında qayda yaradılması üçün dəvət etdiyim icra məmurları, hansı ki, bildirmişəm ki, Habil Vəliyev məqsədli şəkildə, heç bir səbəb olmadan məni məhkəmə zalında söyüb və təhqir edib, söyüş söyüb, ona qarşı tədbir görülsün, əksinə, onlar sonradan akt tərtib edirlər ki, guya mən Habil Vəliyevi döymüşəm, məhkəməyə hörmətsizlik etmişəm. Habil Vəliyev bilirdi ki, mənim atam dünyasını dəyişib. Və Habil Vəliyev mənim xəbərim olmadan Məhkəmə Tibb Ekspertizasına müraciət edib ki, guya ona xəsarət yetirilib, rəy versinlər. Lakin ekspert rəy verib ki, onun heç bir xəsarəti yoxdur. Mən bundan istintaq materialları ilə tanış olanda xəbər tutdum… Bu günlərdə isə açıqlama verir ki, mən ona qələm atmışam… Təsəvvür edirsinizmi, istintaq sənədləşmə aparır ki, mən onu döymüşəm, “döyülən” isə açıqlama verir ki, yox, mən ona məhkəmə zalında qələm tullamışam. Vəfat etmiş valideyni məhkəmə zalında söyüb təhqir etmək cinayətdir, yoxsa bu söyüşü edənə qələm tullamaq??? Hansı ki, heç bu da olmayıb...".
Vəkil, həmçinin bildirmişdi ki, bu sifarişli işin arxasında ədliyyə nazirinin müavinlərindən biri durur və bu münaqişənin kökü çox dərinliklərə gedib çıxır... Uzun illər Ədliyyə Nazirliyi sistemində çalışan vəkil Adəm Məmmədov "Təzadlar"a dünənki müsahibəsində bildirmişdi ki, o, nazir Fikrət Məmmədovla görüşmək istəyir və inanır ki, cənab nazir bu ədalətsizliyə son qoyacaq.
Bu gün vəkil Adəm Məmmədov ədliyyə naziri Fikrət Məmmədovla görüşüb. Vəkil əməkdaşımıza bunları dedi:
-Cənab nazirlə görüşüm yüksək səviyyədə keçdi... Cənab nazir Fikrət Məmmədovla görüşümdə bir daha yəqin oldum ki, Azərbaycanın ədliyyə sistemində uğurlu islahatlar davamlıdır və bu uğurlar Fikrət müəllimin sayəsindədir. Onun dövlətçiliyimizə necə bağlı insan olduğunu da bilirdim. Mən cənab nazirə başıma gətirilənləri təfsilatı ilə danışdım... Hələki görüşün başqa detallarının açıqlanmasına ehtiyac görmürəm... İnanıram ki, tezliklə haqq öz yerini tapacaq, "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevin özü ilə bağlı yaşanan istintaq şousuna son veriləcək. Mən bir daha cənab nazir Fikrət Məmmədova səmimi qəbul üçün minnətdarlıq edirəm...
(Tezadlar.az)



Fikrini bildir