SON XƏBƏRLƏR
Jurnalistlər Bərdə-Ağdam-Xankəndi dəmiryol xəttinin ilkin hazırlıq işlərini görüntülədilər

Yazının dərc olunma Tarixi: 2/5/2021

Jurnalistlər Bərdə-Ağdam-Xankəndi dəmiryol xəttinin ilkin hazırlıq işlərini görüntülədilər
Bu gün bir qrup jurnalist Bərdə-Ağdam-Xankəndi dəmiryolu xəttinin təməlqoyma tədbirlərinin və hazırlıq işlərinin gedişini izləmək üçün Ağdamda olublar. Onlar son dövrlərədək fəaliyyət göstərmiş Köçərli və Təzəkənd stansiyalarına da baş çəkiblər. Azərbaycan Dəmiryolu QSC- nin rəsmiləri Ağdam-Xankəndi dəmiryolu xəttinin qurulmasına hazırlıq işləri ilə bağlı jurnalistlərə ətraflı məlumat veriblər, jurnalistlər son vaxtlar görülən işlərlə də tanış olublar.
Xatırladırıq ki, bu xətt 1992-ci ilədək, yəni Ağdam rayonu erməni silahlı birləşmələri tərəfindən işğal edilənədək fəaliyyət göstərib.
Onu da qeyd edək ki, jurnalistlər həm də Ağdam şəhər mərkəzində olublar, erməni vandallarının törətdikləri vəhşiliyi öz gözləri ilə görüblər. Səfərdə Trtajans-ın Azərbaycan nümayəndəliyinin məsul redaktoru Yasəmən Məmmədli, "Təzadlar"ın baş redaktoru Asif Mərzili, "Modern.az" saytının məsləhətçi redaktoru Pərviz Rəhimoğlu, "Modern.az" saytının redaktoru Vüqar İsmayılov, eləcə də "Xəzər-TV"nin əməkdaşı İbrahim Mikayılov və başqaları iştirak ediblər.
Azərbaycan Dəmir yolları tikintiyə nəzarət idarəsinin laboratoriya müdiri Azər Məmmədov Ağdam da gedən dəmiryolu tikintisi ilə bağlı jurnalistlərə daha bir məlumat verərək bildirib ki, “Bərdə-Ağdam dəmir yolu layihəsi 50 km-dən ibarətdir. Layihə iki mərhələyə ayrılıb. Birinci mərhələ Bərdə-Köçərli və Təzəkənd stansiyalarıdır, 21 km-dən ibarətdir. İkinci mərhələ isə 29 km-dən ibarət olan Təzəkənd-Ağdam stansiyasıdır. İlk mərhələ də üç stansiya, 50 su ötürücü qurğu olacaq. Bunlardan iki ədəd körpü, 34 ədəd suötürücü qurğular və 14 ədəd eyni səviyyəli yol keçidin tikintisi nəzərdə tutulur. Hazırda birinci mərhələyə aid olan torpaq işlərinin 65% görülüb, suötürücülərin 40%-i yekunlaşıb. İkinci mərhələyə aid olan Təzəkənd-Ağdam ərazisində minadan təmizlənmə işləri və layihələndirmə davam etdirilir”.
Eldar Əzizli



Fikrini bildir