30 İLDƏN SONRA HALALLIĞINI ALDIĞIM, MƏNİ BAĞIŞLAYAN ŞUŞA!

Yazının dərc olunma Tarixi: 30/12/2021

30 İLDƏN SONRA HALALLIĞINI ALDIĞIM, MƏNİ BAĞIŞLAYAN ŞUŞA!
...Şuşaya düz 30 ildən sonra ayaq basırdım... 1991-ci ilin yayında “Azərbaycan” qəzetindən ezamiyyəyə göndərilmişdim.
Şuşanın icra başçısı Mikayıl Gözəlovun rəhbərliyi ilə Gorusa qədər bütün erməni kəndləri boşaldılmışdı... Ermənilər perik düşmüşdü, Xankəndidən də qaçırdılar... O vaxt isə SSRİ-nin, əslində isə Rusiyanın, sülhməramlıları bizi Ağdamdan olmaqla, Xankəndidən keçirərək Şuşaya çatdırırdılar... Tarixin ironiyasına baxın: indi ermənilər Ermənistandan Xankəndiyə Rusiya sülhməramlıların müşaiyəti ilə gedib-gəlir... O vaxt Xocalı tikilirdi, indi Xocalıya hələki əlimiz çatmır, səsimiz yetmir, amma yetəcək, mütləq yetəcək!
Nə isə... 30 il idi Şuşanın yanında üzüm qazan qarası kimi qapqara idi, çünki Şuşa mənsiz, sizsiz, hamımızsız... idi. Şuşa bizsiz dözürdü, biz də Şuşasız 30 il idi başıaşağı, könlü qırıq, utana-utana gəzib-dözürdük...
***
...30 il idi Şuşanı yuxularımda görürdüm. Bir mən, bir Allah bilir ki, Şuşanı yuxuda da utana-utana, xəcalət çəkə-çəkə görürdüm. Yuxudan ayılıb hər dəfə "Şuşa, sənə qurban olum, noolar, bizi bağışla! Vallah, gələcəyik, mütləq gələcəyik!" deyib özümə təsəlli verirdim, ovundururdum...

İndi Şuşadayam! ŞUŞA Azərbaycandır... Və Şuşa bizi ağappaq qarı çölünə-düzünə- Cıdır düzünə halal süfrəsi kimi sərib, qucaq açıb qarşılamışdı... Şuşanın öz havası olduğu kimi, həm də öz dili var, bununla demək istəyirdi ki, yanınızda üzüm ağdır, balalarım, zamanın çox sınağına dözmüşəm, dözmüşük, dözəcəyik... Əsas odur ki, siz bu gün mənimləsiz, mən də sizinlə! Gəlin qoynuma, sizi sinəmə sıxım-döyüşdən qayıtmış oğlunu qarşılayan əsgər anası kimi...
***
Əziz, Şuşa, biz səndəyik... Və səndə səndən yazırıq... Şəxsən 30 il idi səndən Bakıda yazırdıq... Utana-utana yazırdıq, xəcalət çəkə-çəkə yazırdıq, indi sevə-sevə yazırıq və yazacayıq...

Bakıdan Şuşaya uzanan arzularımızın Zəfər Yolu!

Azərbaycan Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə təxminən 70-ə yaxın media təmsilçiləri ilə Bakıdan Şuşa adı ilə yola düşürük. Hamı həyəcan içindədir. Hətta Salyan rayonu ərazisində dayanıb səhər yeməyi yeyəndə belə çoxumuzun boğazından çay belə düyünlənib keçmir. Axı 30 ildir qoyub gəldiyimiz, gedə bilmədiyimiz Şuşaya indi halallıq almağa gedirik... Bu hallığın halal yolu ilə-Zəfər yolu ilə! Və hamı həyəcanlıdır. O dərəcədə ki, hətta sərt qayalıqlardan keçən, dərin dərələrin, sıldırımlı keçidlərin bağrını yaran təzə çəkilmiş Zəfər Yolunu Horadizdən ta Şuşaya kimi az qala ildırım sürəti ilə gedən “Mersedes” markalı mini-avtobuslarımızın ikisinin radiatorunun suyu Şuşaya çathaçatda “boğazında” ilişib qaldı, sanki udquna bilmədi, radiatoru qaynatdı... Yolda iki yerdə dayanıb dərindən nəfəs aldıq, özümüzə gəldik. Dilsiz-ağızsız avtomobillər də elə bil həyəcan içində idi ki, Şuşaya nə tövr ayaq basacayıq, Şuşa bizi necə qarşılayacaq?!
Qısa olaraq deyim ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə igid əsgərlərimizin türk dünyasının mədəniyyət paytaxtı elan olunan Şuşanı mənfur düşməndən azad edərkən istifadə etdiyi cığırların və yolların əbədiləşdirilməsi niyyətilə çəkilən və Prezidentin “Zəfər Yolu” adlandırdığı avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təxminən bir ilə başa gəlib. Hər birimiz sıldırım qayalarıın bağrından, dərin dərələrdən, çay vadilərindən keçən bu şanlı və indi hər birimiz üçün qürur mənbəyi olan dolanbac avtomobil yolunun qısa müddətdə necə çəkilib istifadəyə verildiyini heyranlıqla seyr edir. Bu möhtəşəm əl işidir, zəhmət, hünər meydanıdır. Yolda sənədlərimizi nəzərdən keçirən hərbçilərimizlə həmsöhbət olanda onların da dilindən “Bu yolu bu qısa müddətdə çəkənlərin zəhmətinə, ustalığına heyranıq!” sözlərini eşidəndə çox təsirləndim... Məlum olurdu ki, Prezidentin tapşırığı ilə Zəfər Yolunun təməli 2020-ci ilin noyabr ayının 16-da qoyulub. Uzunluğu 101 km-dir, Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-ci texniki dərəcəyə uyğun inşa edilib. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə Zəfər yolu Şuşaya kimi uzanır. Yol boyunca 4 yerdə körpü tikilib, hazırda bir neçə yerdə isə hazırda dağların altından tunellər çəkilməkdədir. Körpülərin uzunluğu 45, 80 və 90 metr olmaqla yolun 26.9-cu, 37.2-ci, 37.5 və 57.3-cü km-lik hissələrində qurulub. Yeri gəlib deyim, bütün bu möhtəşəm tikinti işlərini qısa müddətdə “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”nin “16 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC, “7 N-li Magistral Yolların İstismarı” MMC, “23 N-li Yol İstismarı” MMC və “43 N-li Yol İstismarı” MMC, eləcə də ölkəmizdə artıq bir neçə layihənin müəllifi olmuş Türkiyənin “KOLİN” İnşaat Turizm San. və Tic. Anonim Şirkəti, bir də “Azvirt” MMC və “Körpü Bina Tikinti” MMC başa çatdırıb.
Hazırda gələcəyin daha bir qısa yolunun çəkilişinə hesablanmış tunel tikintisini həyata keçirənlərlə eksklüziv söhbətimdən aydınlaşdırdım ki, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”nin sədri Saleh Məmmədov daim bu tikinti işlərinin inşasına nəzarət edib, hava şəraiti nəzərə alınmaqla işlər maksimum tezliklə başa çatdırılıb... Zəfərimiz, Zəfər Yolumuz mübarək!
30 İLDƏN SONRA HALALLIĞINI ALDIĞIM, MƏNİ BAĞIŞLAYAN ŞUŞA!
Şuşaya giriş həyacanı...

Budur, nəhayət, 30 ildən sonra Şuşaya qədəm basırıq. Şuşa bizi ağappaq qarı və dekabrın son günlərinə xas olmayan isti-günəşli havası ilə qarşılayır. Zamanında dəfələrlə olduğum Şuşada təqvimin bu günündə həqiqətən də belə hava şəraitinə rast gəldiyimi xatırlamıram. Ümumiyyətlə, təqvim üzrə payız və qış öz sözünü Şuşada dumanlı, çiskinli və qarlı havası ilə deyib. İndi bir tərəfdə qar, bir tərəfdə parlaq dekabr günəşi! Bu, Şuşanın 30 ildən sonra ondan halallıq almağa gəlmiş bizləri qarşılama mədəniyyəti idi! Axı Şuşa Türk dünyasının Mədəniyyət Paytaxtı elan edilib!
***
Şuşanın giriş nöqtəsi! Yolun o tərəfində iki yerdə pulemyot yuvasında post qurmuş Rusiyalı sülhməramlı hərbçilər dayanıb, bu tərəfdə isə Azərbaycanın 30 illik erməni işğalına cəmi 44 gündə son qoymuş, Şuşada Azərbaycan bayrağını dalğalandıran hərbçiləri. Və məlum oldu ki, bu yoxlama-keçid məntəqəsi bu yaxınlarda ermənilərin qumbara atdığı yerdir. Hərbçilərimizə təbii sual verirəm ki, niyə o murdar ermənini dərhal güllələmədiniz? Cavabı belə oldu: “Bilgimizə görə, Rusiya sülhməramlıları Ermənistandan Xankəndiyə gələn erməniləri bir “Laçın dəhlizi”ndə, bir də onlar geri qayıdanda Xankəndinin çıxışında yoxlayırlar... Həmin gün erməni təxribatçı əvvəlcə bizə aldadıcı tərzdə su butulkası atdı, fikir vermədik ki, rədd olsun... İkinci dəfə isə qumbara atdı. Yəni, erməni murdar bizi bu yolla arxayın salmış kimi etdi, biz ani olaraq atəş açmaq istəyəndə isə araya artıq rus hərbçiləri girmişdi, ona görə belə bir vəziyyət alındı. Yoxsa onların murdar leşi yerdə qalacaqdı...”.
Rusiya sülhməramlıları erməniləri necə yoxlayır ki, avtomobillərində hərbi sursat daşıyırlar? Və biz posta olanda da dəfələrlə Ermənistanın dövlət nömrə nişanlı neçə-neçə yük və minik maşınının Xankəndiyə getdiyinin şahidi olduq. Maraqlı idi, onlar Xankəndiyə nə daşıyırlar, bu yüklər necə yoxlanılır?
...Bu da Şuşa! Şüşə kimi təmiz və incə, saf Şuşa havası! Ürəyimizin döyüntüsü yoxa çıxır, baş ağrısından əziyyət çəkən, qan təzyiqindən gileylənən həmkarlarımız özlərini indi quş kimi hiss etdiklərini maraqla danışırlar... Hamı quş olub günəşli havada az qala ayağımızın altında, təxminən iki-üç km-lik məsafədə görünən Pənah Xanın kəndinə-Pənahabada-Xandəndiyə uçmaq istəyir. Amma qanadımız və hələki Rusiya sülhməramlılarından icazəmiz çatmır. Çətin suallı nidadır, deyilmi?! Öz Vətənində vətən torpağına-tarixi şəhərinə 30 ildir həsrətli qal, indi də həsrətlə boylan! Bunu nə Allah, nə də Azərbaycanın igid əsgəri götürməz! Vallah götürməz! Və götürməyəcək!!!

Burda saatlar Şuşa vaxtı ilə işləyir...

...Şuşadakı “Qoç əti” restoranında günorta naharımızın öz dadı və mənası var... Burda əl-üzümüzü və 30 illik həsrətimizi bulaq suyu ilə yuyub təmizlənirik... İçimizə təkcə Şuşanın təmiz dağ havasını çəkmirik, həm də içimizdən- 30 ildir təpəmizdən tüstü çıxartmış Şuşa həsrətini çıxarırıq... Nə gözəl! Şuşa bulağında əl-üzünü yuyan həmkarlarımın həm də əl-üçünü yuduqca yanaqlarından üzü aşağı 30 illik ayrılığın qəhərindən süzülən göz yaşlarını əlləri ilə necə sildiyini görmək həm də ağır mənzərədir! Hamı həm sevincindən, həm də 30 illik ayrılığın kövrək hisslərindən qəhərlidir... Buna da şükür!
Sonra Cıdır Düzünə tələsirik... İstəkli həmkarım, vətənsevər Tapdıq Abbasla, Vüqar Məmmədli, Bəxtiyar Qaraca və Müşfiq Ələsgərli, Gülnaz Qəmbərli... ilə Cıdır Düzünə çatırıq. Bizi müşaiyət edən Şuşa Mədəniyyət Parkının rəsmisinə xahiş edirəm ki, mənə Paşinyanın çaxır içib səndələdiyi, dombalaq aşdığı yeri göstərin... Həmin yerdə dayanıb video-müshibə verirəm: “Nə oldu, Paşinyan??? İndi mən burdayam-sənin çaxır içib yallı getdiyin, otun üstündə sərələndiyin yerdə! Bu yerləri unut! Çünki bura artıq erməni ayağı dəyməyəcək! Çünki bura Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin və Azərbaycan əsgərinin ayağı dəyib! İndi burda biz varıq!”.
30 İLDƏN SONRA HALALLIĞINI ALDIĞIM, MƏNİ BAĞIŞLAYAN ŞUŞA!
Hamı həsrətlə Cıdır düzünü əhatəyə almış sıldırım qayalıqlara baxır, xatirə şəkli çəkdirir... Bu qayalıqlarda, daşlarda 2020-ci ilin noyabrında məhz həmin sıldırımlardan dırmaşıb Azərbaycan bayrağını Şuşaya sancmış Azərbaycanın igid əsgər və zabitlərinin ayaq izləri var...
Sonra Cıdır Düzündə Xankəndinin bizə boylanan, əl edən mənzərəsi fonunda dalğalanan Azərbaycan bayrağının əzəmətinə qürurla tamaşa edib aşağıda əl içi kimi görünən Xankəndini seyr edirik... Təklif edilir ki, hamı əl-ələ tutub yallı getsin... Təxminən qonaqlı-qaralı yüz nəfərlik heyət əl-ələ tutub Cıdır düzündə canlı zümzümə ilə yallı gedir...
...Səfər Proqramımıza uyğun olaraq Vaqifin məqbərəsini, Gövhər ağa Məscidini, Üzeyir bəyin, Natəvanın və Bülbülün güllələnmiş büstlərini ziyarət edirik... Nəhayət, əzəmətli, tarixin çox imtahanından başı uca çıxmış, yadellilərə heç zaman baş əyməmiş Şuşa qalasına baş əyirik! Doslarımıza-həmkarlarımıza təklif edirəm ki, gəlin hamılıqla sıralanıb, müqəddəs Həcc ziyarətindəki kimi, əlimizi Şuşa qalasının daşına qoyub, Allaha duamızı edək... Hamı Vətənin cəm əsgəri kimi əlini Şuşa qalasının divarları üzərinə qoyub ürəyindən keçən ən böyük arzusunu deyir. Mən susa bilmirəm, ucadan “Dostlar, günahımdan keçin, mən arzumu ürəyimdə pıçıltı ilə deyə bilmərəm, Allahım, bizi Şuşadan ayırma! Qoy bu nida dalğalanıb Xankəndidə müvəqqəti məskunlaşmış araiklərə, aşotlara, hamparsumlara, sarkisyanlara, köçəryanlara çatsın: Qarabağ, Şuşa... Azərbaycandır!!!”.
Sonra hamılıqla Şuşa Qalasının önündə xatirə şəkli çəkdiririk...
***
Şuşada iki məqam xüsusi olaraq diqqətimi çəkdi: Şuşada 30 il əvvəlki dönəmlərdə çox olmuşdum. İndi 30 il keçib, yenidən Şuşadayam. Ermənistanın Şuşanı işğal etmiş başsız, ağılsız, yaramaz... rəhbərləri bu şəhərdə heç bir quruculuq işləri görməyib. Şəhərin mərkəzi belə 30 il əvvəl qoyub getdiyimiz gündən də betər vəziyyətdədir. Hər yer uçub, dağılıb, yaxud dağıdılıb... Bu yaramaz və işğalçı düşmən bilib ki, Şuşa onun ola bilməz, çünki onun deyil... Və Azərbaycanın da səbri tükənməz deyil və bir gün öz şəhərinə -bura qayıdacaq!
İkincisi, neçə yerdə Azərbaycanla yanaşı, Türkiyənin, Pakistanın və İsrailin dövlət bayraqlarını birgə dalğalanan gördüm. Qürurlu və sevindirici hadisədir!!!

Şuşa vaxtı ilə saat 17:00-dır...

30 İLDƏN SONRA HALALLIĞINI ALDIĞIM, MƏNİ BAĞIŞLAYAN ŞUŞA!
...Burda artıq saatımızı Şuşa vaxtı ilə nizamlayırıq. Həmkarlarımızdan kimsə deyir ki, saat beşi keçir, qaranlıq düşür, tez getmək lazımdır ki, yollar buz bağlaya bilər... Deyirəm, qardaşım, sizin saat səhv göstərir.... İnadkarlıqla deyir ki, yox, Bakı vaxtı ilə saat 17:00-dır... Təkrar deyirəm ki, əzizim, niyə unutmusunuz, axı Şuşaya daxil olanda dedim ki, burda saatlarınızı Şuşa vaxtına kökləyin, burda Şuşa xaxtı ilə hələ səhər indi açılır-zaman 30 ilimizi bizə qaytarmalıdır...
***
Bəli, burada hamı Şuşa vaxtı ilə nəfəs alır, Şuşa vaxtı ilə çalışır, qurur, işləyir, xatirə yazır... Bir qalır Şuşa vaxtı ilə yaşamaq! Gördüklərimdən bu qənaətə gəldim ki, buna da çox az qalıb... Çünki Şuşada hər yer Azərbaycandır, hər yer Azərbaycan əsgəridir!!! Burda meşələrdə, dağlarda, cığırlarda... hara baxırsan, Azərbaycan əsgəri bitib!!! Çünki əkən belə əkib...
Asif MƏRZİLİ
P.S.Bu müqəddəs ziyarəti qismət etdiyininə görə Ali Baş Komandana, Ordumuza, xalqımıza, nəhayət, Medianın İnkişafı Agentliyinin rəhbərliyinə sonsuz minnətdaram...
(Bakı-Şuşa-Bakı)



Fikrini bildir